Zərdüzt Əlizadədən zok iddialar

img

24-01-2010 [05:39]


Qanlı yanvar hadisələrinin 20-ci il dönümü daha çox qarşılıqlı ittihamlarla yadda qaldı. Belə ki, AXCP sədri Əli Kərimlinin öz bloqunda yazdığı "Mən necə sağ qaldım" məqaləsi, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun "Azadlıq" radiosuna verdiyi müsahibə hərəkat yoldaşları tərəfindən ittihamlara yol açdı. Qeyd edək ki, Ə.Kərimli "Mən necə sağ qaldım" məqaləsində bu günə kimi ictimaiyyətə açıqlamadığı məqamlardan yazıb. O, bildirib ki, 19-dan 20-nə keçən gecə dostları ilə getdiyi avtomobil rus əsgərləri tərəfindən saxlanılıb. Hətta onlara atəş əmri də verilib, amma möcüzə nəticəsində sağ qalıb. Ə.Kərimli üstündə tutulmasın deyə yoxlama zamanı kənara atdığı Milli Müdafiə Şurasının vəsiqəsinin də sonradan "Krasnoe Zvezda" qəzetində çap olunduğunu yazıb. Sonra isə qeyd edib ki, dostları həmin qəzetin bütün nüsxələrini köşklərdən yığıblar ki, Bakıdakı Hərbi İdarənin əlinə keçməsin. Lakin AXCP sədri bir nüansı unudub ki, Bakıdakı hərbi idarəyə qəzetlər köşklərdən getmir. Məhz həm də bu fikirlər Əli bəyin əleyhdarlarının ona qarşı ittihamlar səsləndirməsinə səbəb olub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun isə 20 yanvar hadisələrində SSRİ dixili işlər naziri Bakatinin ağzına partbiletini soxduğunu deməsi də qıcıq yaradıb. "Reytinq"ə açıqlama verən keçiş hərəkatçılardan olan politoloq Zərdüşt Əlizadə keçiş cəbhədaşlarının açıqlamalarını cəfəngiyyat adlandırdı: "Bakıda fövqəladə vəziyyət yaranmışdı. Azərbaycanda Mərkəzi Komitədən tutmuş, bütün heyəti işdən kənarlaşdırılmışdı. Azərbaycanı Moskvadan gələn adamlar- Primakov və başqaları idarə edirdi. Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsində hamını Vaqif Hüseynov başda olmaqla, işdən çıxarmışdılar. Moskvadan gələn heyət təhlükəsizlik məsələləri üzrə Azərbaycanı idarə edirdi. Bakatin SSRİ-nin daxili işlər naziri idi. O da öz heyəti ilə gəlmişdi. Daxili İşlər Nazirliyinin bütün heyəti işdən kənarlaşdırılmışdı. Eyni proseslər orduda da baş vermişdi. Qırğın törədilmiş, fövqəladə vəziyyət elan edilmiş, tanklar küçədə nərildəyən, camaatın hamısı evlərdə gizləndiyi şəraitdə Bakatin kiminlə görüşə bilərdi? Ən uzağı daxili işlər naziri, onun müavini ilə, yaxud da bir neçə şöbənin müdiri ilə. Bakının 11 rayonu var idi, o rayonların rəisləri var idi, o rayonların idarələrində şöbələri var idi. O şöbələrin arasında ən hörmətsizi Sosialzm Əmlakının Dağıdılmasına Qarşı Mübarizə Şöbəsi idi. Orda da hansısa bir mayor İsgəndər Həmidov var idi. O, Bakatini harda görə bilərdi ki, partbiletini onun ağzına soxsun? İsgəndər Həmidovu Bakatinin yaxınına buraxan kim idi? Hamısı mənasız, uydurma sözləridir. İsgəndər Həmidov kim idi ki, gedib Bakatinin ağzına partbilet soxsun? İllər keçib, indi başlayıblar cəfəng-cəfəng danışmağa". Ə.Kərimlinin yazdıqlarına gəlincə, Z.Əlizadə AXCP sədrinin bəzi məqamları şişirtdiyini və yanlış məlumat verdiyini bildirdi: "Düzü, dəqiq bilmirəm ki, Əli Kərimlidə həmin vəsiqəsi olub, ya yox. Amma bilirəm ki, o vaxt Milli Müdafiə Şurasının beş üzvü var idi. O da qeyri-qanuni hərbi-inzibati orqan idi. Guya Xalq Cəbhəsi dövlət çevrilişi hazırlayırdı. Hesab edirəm ki, bu, Xalq Cəbhəsinə qarşı təxribat idi. Yəni bilməməkdən və nadanlıqdan buna getmişdilər. Özü də Xalq Cəbhəsinin idarə heyətinin iclasında Hüquq fakültəsinin dekanı Firudin Səməndərov açıq demişdi ki, bunu yaratmaq olmaz, çünki bu, AXC-yə qarşı ağır ittihamlara hüquqi əsas verəcək. Amma yaratdılar. İsa Qəmbərin təkdi ilə bu provokasiyaya getdilər. Müdafiə Şurasının üzvləri Əbülfəz Əliyev, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı və Xaliq Bahadır idi. Xaliq Bahadırdan soruşun, Müdafiə Şurası ayın 13-də elan edilib, sonra erməni talanı olub, daha sonra Bakıda dəhşətli qarışıqlıq başlayıb, ondan sonra bunlar necə vəsiqə hazırlayıblar? Özü də Əli Kərimli MMŞ-nin üzvü ola bilməzdi, onun 5 nəfər üzvü var idi, bu, tarixi faktdır. Ola bilər ki, MMŞ fəalı kimi hansısa vəsiqəsi olsun. Soruşmaq lazımdır ki, onlar 13-20 yanvar aralığında vəsiqələr hazırlayıblar, ya yox. Şəxsən mən bu təxribatın qəti əleyhinəydim. Ona görə də o vaxt mən Xalq Cəbhəsini tərk eləmişdim. Başa düşürdüm ki, artıq bu, Xalqın Cəbhəsi deyil, cinayətkar bir qurumdur". Bu cür açıqlamaların nəyə görə 20 ildən sonra ortaya çıxmasına gəlincə, müsahibimiz qeyd etdi ki, artıq təhlükə olmadığı üçün bəziləri özlərindən qəhrəman obrazı düzəldirlər: "Bəziləri 20 yanvarın xalqın qəhrəmanlıq dastanı olduğunu bildirirlər. Mən isə belə düşünmürəm. 20 yanvarı cəhalət nümunəsi sayıram, bu prosesdə xalqımız xeyli uduzdu, Xalq Cəbhəsi də, respublika rəhbərliyi də uduzdu. Qarabağ məsələsində uduzmağımızın əsas səbəblərindən biri də 20 yanvar idi. Bunun bir nəticəsi oldu ki, Vəzirovu vəzifədən kənarlaşdırdılar. İndi isə bizim hakimiyyətlə, "milli müxalifətimiz" eyni nağılı danışırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA