"Seçki barrikadasının bir tərəfində iqtidar, digər tərəfində müxalifət və Azərbaycan xalqı dayanmalıdır"

img

24-01-2010 [05:24]


[b]Əvəz Temirxan: "Çox istərdim, Müsavat doğrudan da o gücə malik olsun ki, Yeni Azərbaycan Partiyasına təkbaşına qalib gəlsin. Təəssüf ki, bu belə deyil" [/b] Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd olmayacağını bəyan etsə də, lideri olduğu qurum bu marafona qatılacaq. Ölkədəki ictimai-siyasi vəziyyət, seçki hazırlıqları, müxalifətin birliyi və digər məsələlərlə bağlı suallarımızı cavablandıran ALP-nin sədr əvəzi Əvəz Temirxan 2010 parlament seçkilərinə ciddi şəkildə hazırlaşdıqlarını deyir: - ALP Lalə Şövkət başda olmaqla, seçkilərdə iştirak edəcək. Lalə xanımın deputatlığa namizəd olmaması mübarizədən çəkinmək kimi başa düşülməməlidir. O, özünün mandatı uğrunda deyil, partiyanın, blokun, müxalifətin, Azərbaycan xalqının haqları uğrunda mübarizə aparacaq. Yəni Lalə xanım öz enerjisini müxalifətin və Azərbaycan xalqının bu rejimin siyasətinə qarşı mübarizəsinə həsr edəcək. [b]- Bəziləri, konkret olaraq, Sərdar Cəlaloğlu Lalə xanımın bu addımının pessimist əhval-ruhiyyə yaradacağını düşünür... [/b] - Ola bilsin ki, Sərdar bəyin fikirləri mətbuat orqanları tərəfindən kontekstdən çıxarılıb. Sərdar bəy, əksinə, Lalə Şövkətin seçkilərə getməməsini başqa arqumentlərlə izah edib və bildirib ki, o, prezident seçkilərinə hazırlaşır. Düzdür, Lalə xanım prezident seçkilərinə hazırlaşır, amma hələ prezident seçkilərinə çox var. Əgər doğrudan da Sərdar bəy Lalə Şövkətin bu addımının pessimizm yaradacağından narahat olursa, dostlarımız bundan narahat olmasınlar. Lalə Şövkət bu addımla pessimist əhval-ruhiyyəyə köklənməyib, əksinə, deputatlığa namizəd olmamaqla, bütün seçki prosesində daha aktiv iştirak etmək niyyətindədir. [b]- Hazırda parlament seçkilərində iştirakın formatı barədə müxtəlif təkliflər səslənir. Siz müxalifətin hansı formada seçkidə iştirakının tərəfdarısınız? [/b] - Seçki barrikadasının bir tərəfində iqtidar, digər tərəfində isə müxalifət və bütün Azərbaycan xalqı dayanmalıdır. Elə etmək lazımdır ki, bütün xalq seçkidə hakimiyyətə qarşı müxalifət qismində çıxış eləsin. Hesab edirəm ki, daha geniş spektrdə əməkdaşlığa ehtiyac var. 6-7 partiya bir koalisiyada birləşsə, pis olmaz. Mən "Azadlıq" blokunu, Müsavatı, ADP-ni, KXCP-ni nəzərdə tuturam. Ümid Partiyası referendumda bizimlə bərabər mübarizə aparıb. Amma, Müsavat nümayəndələri heç bir halda Ümid Partiyası ilə ittifaqda olmaq istəmirlər. Ancaq bunu faciələşdirməyə ehtiyac yoxdur, bu məsələni də kompromis yolu ilə həll etmək olar. Müəyyən təkliflər də var ki, onların qəbul olunması müxalifəti bu mürəkkəb vəziyyətdən itkisiz çıxara bilər. [b]- Bu gün ortada olan format DUİ-nin təklifi ilə müzakirəyə çıxarılandır. Artıq DUİ rəhbərliyi bu istiqamətdə bir sıra görüşlər də keçirir. Bu barədə nə deyə bilərsiniz? [/b] - DUİ-də olan partiyalar müxalifətin birliyi üçün hansısa təşəbbüs göstərirlərsə, bunu mənfi qarşılaya bilmərik. Hesab edirəm ki, burada qarşılıqlı ittihamlardan imtina edilməli və vəziyyətdən çıxış üçün yollar tapılmalıdır. Liberal Partiyanın bu çıxış yolu ilə bağlı öz təklifləri var. Yəqin ki, müəyyən müzakirələrdən sonra ictimaiyyətə də açıqlayacağıq. [b]- Yəni hər hansı şərtlər irəli sürüləcəkmi? [/b] - Şərt yox, təkliflər ola bilər. Hesab edirəm, biz fevralın ortalarına kimi müəyyənləşdirməliyik ki, hansı partiyalar müxalifətin koalisiyasında iştirak edəcək. Ondan sonra hər dairə üzrə vahid namizədi müəyyənləşdirə bilərik. Onu da qeyd edim ki, 6-7 partiyanın bir blokda seçkiyə getməsi təbliğat, efir imkanı əldə etmək baxımından əlverişsiz ola bilər. Yaxşı olar ki, müxalifət iki müttəfiq blok kimi seçkidə iştirak etsin. Müxalifət iki blokun ittifaqında birləşsə, seçki kampaniyasını uğurla başa vura, hətta qələbə qazana bilərik. [b]- Müsavat Partiyasının yetkililəri açıq şəkildə deyirlər ki, daha çox AXCP ilə əməkdaşlıq etmək istəyirlər. Yəni ALP, VİP və digərlərinin özlərinə tay bilmirlər...[/b] - Mən çox istərdim, Müsavat doğrudan da o gücə malik olsun ki, Yeni Azərbaycan Partiyasına təkbaşına qalib gəlsin. Təəssüf ki, bu belə deyil. [b]- 2003 prezident seçkilərində Müsavat qalib gəldiyini iddia edir... [/b] - Onda da Müsavat tək deyildi. O zaman Müsavatın 30-a yaxın müttəfiqi var idi. Amma bu gün nə Müsavat, nə "Azadlıq" blokundakı partiyalar, nə ADP, nə Ümid, nə də KXCP 2003-cü ildəki gücə malik deyillər. Bu gün Azərbaycandakı siyasi şərait 2003-dəkindən qat-qat ağırdır, söz və mətbuat azadlığı daha amansızcasına boğulur, Azərbaycan seçicilərinin mübarizlik hissi müvəqqəti də olsa, bir qədər zəifləyib. Ona görə də hesab edirəm ki, bizim bəzi dostlarımız "biz hamıdan güclüyük" deyəndə, hətta bu və ya digər partiyalardan qismən güclü olsalar da, bu, o demək deyil ki, onlar iqtidara qalib gəlmək imkanındadırlar. Güc birlikdədir. Biz müxalifət nə qədər zəif olsaq da, Azərbaycan xalqı bu rejimin və onun xarici havadarlarının çoxtərəfli məngənəsində boğulsa da, bizim yeganə arxalanacağımız subyekt xalqdır. Xalqın inamını qazanmaq üçünsə bizim birləşməyimizə ehtiyac var. [b]- Əvəz bəy, Müsavat Məclisinin iclasında İsa Qəmbər ölkə gündəmini dəyişən çıxış elədi, müxalifətdə İrana, Rusiyaya və Azərbaycan hakimiyyətinə işləyənlərin olduğunu bildirdi. Bu fikirlərdən hansı Liberal Partiyaya aiddir? [/b] - Bəri başdan deyim ki, onların heç biri Liberal Partiyaya aid deyil. Ona görə ki, bizim fəaliyyətimiz kifayət qədər şəffafdır. Bir də ki, İsa bəy konkret ad çəkməyib və deməyib ki, hansı partiya hara işləyir. Hər bir partiya və onun lideri öz daxili "mətbəx"lərində istənilən tənqidi, hətta kəskin ifadələri işlədə bilər. Amma mən hesab edirəm ki, İsa bəy kimi təcrübəli və ölkədə ən ciddi vəzifə olan prezident postuna iddialı kimi bir balaca ehtiyatsızlığa yol verib. Gərək, o, nəzərə alaydı ki, orada mətbuat nümayəndələri var. İsa Qəmbərin fikirlərinin sensasiyalaşdırmaq cəhdləri onu göstərir ki, gərginlik yaratmaq istəyənlər var. [b]- Yəni deyirsiniz ki, sözü varsa, üzünüzə desin?[/b] - Xeyr. Biz narahat deyilik. Ona görə də bizə nəsə demək lazım deyil. Sadəcə, hər şeyi açıq deməliydi ki, bundan sui-istifadə olunmasın. İsa Qəmbər çox böyük informasiyaya malik olan siyasətçilərdən biridir və bilir ki, Azərbaycanda müxalifətin birliyini pozmağa çalışan iqtidar var, müxalifət qiyafəsinə girmiş, amma iqtidara xidmət edən siyasi qüvvələr var, müstəqil adı ilə artıq uzun müddətdir ki, iqtidara xidmət edən "Yeni Müsavat" adlı qəzet var, "KQB" agenti olan ata-balalar var, yetənə yetən, yetməyənə bir daş atan, özü agent ola-ola vicdanlı insanlara şər atanlar var. İsa bəy bunu bilməmiş deyil. Bu baxımdan, ya bu fikir mətbuata çıxarılmamalıydı, ya da kimin hara işlədiyi konkret deyilməliydi. Deyilməliydi ki, filan partiya İrana, filan partiya Rusiyaya, filankəs də Ramiz Mehdiyevə işləyir. [b]- Lalə xanım da, Siz də Rusiyada xeyli müddət işləmisiniz. Qeyd olunur ki, İsa Qəmbərin Rusiyaya işlədiyini iddia etdiyi siyasi qüvvə Sizsiniz... [/b] - Əslində xaricdə bütün SSRİ-ni Rusiya adlandırırdılar. Müəyyən mənada Azərbaycan daha çox Rusiya idi. Yəni Sovet "KQB"-sinə agent burda lazım idi, Moskvada yox. Mən hesab etmirəm ki, İsa Qəmbərin fikri Liberal Partiyaya aiddir. Hesab edirəm ki, "Yeni Müsavat" qəzeti hansısa adının çəkilməsini istəməyən, bəlkə də mövcud olmayan mənbəyə istinad edərək bunu ALP-yə aid etmək cəhdində bulunursa, bu, artıq elə birbaşa iqtidara işləmək deməkdir. Əgər biz sözügedən qəzetdə yazıya səbrlə yanaşmasaydıq, onda gərək Müsavatla aramızda ciddi problem yaranaydı. İndi biz səbr nümayiş etdiririksə, bu o demək deyil ki, səbrimizin sonu yoxdur. Kimsə mənbə adı arxasında gizlənirsə və İsa Qəmbərin hansısa partiyanın Rusiyaya işləməsi fikirlərini bizə aid edirsə, həmin mənbənin nəzərinə çatdırıram ki, sən şərəfsizsən. Çünki Rusiyaya, İrana, hansısa bir xarici ölkəyə işləməyin bir adı var - şərəfsizlik, namussuzluq. Kim vicdanlı adamlara, o cümlədən bizə "xarici dövlətə işləyir" böhtanını atırsa, o məxluq şərəfsiz və namussuzdur. [b]- İsa Qəmbər məlum fikirlərinin Sizə aid olduğunu açıqlayarsa, verməyə cavabınız varmı? [/b] - İnanmıram ki, İsa bəy belə bir məsuliyyətsiz fikir açıqlasın. Ancaq kim bizimlə bağlı belə bir fikir səsləndirərsə, onun sərt cavabı olacaq. Əgər İsa Qəmbərdə belə bir fakt varsa, ya cəmiyyətə açıqlasın, ya da MTN-ə məlumat versin. Yeri gəlmişkən İsa bəy 1 ay prezident vəzifəsini icra edən də, yaxud 1 il parlament sədri olanda "KQB" agentlərinin kimliyi açıqlansaydı, indi hamı onları adları və "kliçka"sı ilə tanıyardı. Onu da deyim ki, bu gün bizə qarşı "Yeni Müsavat" qəzetinin apardığı kampaniyanı 1997-ci ildə YAP-ın bəzi funksionerləri aparırdı. Amma biz onları məhkəməyə verəndə aradan çıxdılar. O zaman milli təhlükəsizlik naziri Namiq Abbasov açıqlama verdi ki, belə ittihamlar ən azı qeyri-ciddidir. İndi də bu kampaniyanı "Yeni Müsavat" qəzeti aparır. Xatırlayırsınızsa, yayda da həmin qəzet belə bir informasiya dərc etmişdi. O vaxt bu qəzetin məhkəməyə verilib-verilməməsi haqqında tərəddüd edirdim. Düşünürdüm ki, seçki ilində iqtidar bundan müxalifətin əleyhinə sui-istifadə edə bilər. Amma bu dəfə "Yeni Müsavat" qəzetini və baş redaktoru məhkəməyə verəcəm. Onu da deyim ki, bizim partiyamızın və onun liderinin fəaliyyəti o qədər şəffaf və səmimidir ki, kim bizim əleyhimizə danışırsa, onun özü nüfuzdan düşür. Odur ki, qoy əleyhimizə danışanlar bunu da nəzərə alsınlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA