17-01-2010 [05:50]
[b]"İnanıram ki, parlament seçkiləri ərəfəsində Müsavat-AXCP birliyi olacaq. Eyni zamanda inanıram ki, seçkidən sonra bu birlik dağılacaq və bir-birlərini ittiham etməyə başlayacaqlar" [/b]
Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar 2009-cu ildə intensiv oldu. Amma prezidentlərin ard-arda bir neçə görüşü keçirilsə də, hansısa razılıq əldə edilmədi. Yaxın günlərdə Rusiya prezidenti Dmitri Medvedevin təşkili ilə növbəti üçtərəfli - Azərbaycan-Ermənistan-Rusiya prezidentlərinin görüşü gözlənilir. Bəs, 2010-cu ilin ilk görüşü nə vəd edir? Bu və ya digər suallarımızı Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə cavablandırır:
- 2009-cu ildə Dağlıq Qarabağ probleminin həllində çox böyük dəyişikliklərin olduğunu hamı kənardan sezə bildi. Rusiya prezidenti Medvedevin təklifi ilə prezidentləri bir neçə görüşü təşkil olundu. Rusiya tərəfinin diplomatik aktivliyi və problemin həllinə qonşu dövlət mövqeyindən yanaşması problemi ölü nöqtədən tərpədə bildi. Şübhəsiz ki, burada digər faktorlar da var. Dünyada dəyişən geopolitik vəziyyət, Azərbaycanın ötən dövr ərzində qüdrətlənməsi, Ermənistanın isə bir dövlət kimi çökməsi burada müəyyən qədər rol oynadı. Bu baxımdan, Medvedevin iştirakı ilə yenidən prezidentlərin görüşünə müəyyən ümidlərlə baxıram. Gözləmək olar ki, problemin həllini əvvəlki mövqedən daha da irəliyə aparmaq olar.
[b]- Son dövrlər Türkiyənin Qarabağ məsələsi ilə bağlı bir qədər də önə çıxması, bu istiqamətdə müəyyən addımlar atılmasını göz önünə alaraq, münaqişənin həlli istiqamətində hansı irəliləyişlər ola bilər? [/b]
- Türkiyə tarixən Qafqazda gedən proseslərin iştirakçısı olub. Ərazicə bu regionda yerləşməsə də, bir böyük dövlət kimi buradakı proseslərin müsbət məcraya yönəlməsinə öz təsirini göstərməyə çalışıb. Dağlıq Qarabağ problemi qızışanda da buna ilk obyektiv reaksiya verən və problemin həllinə öz köməkliyini göstərən Türkiyə olub. Bu müddət ərzində müxtəlif hökumətlər dəyişsə də, Türkiyə birmənalı mövqe tutub. Ermənistanla sərhədləri bağlamaq problemin dərinləşməsinə, tarixcə uzanmasına böyük maneçilik törədib. Kənardan təzyiqlərin olmasına baxmayaraq, Türkiyə Ermənistanla sərhədlərin açılmasını Qarabağ məsələsi ilə bağlayır. Şübhəsiz ki, Türkiyənin mövqeyi problemin həllinə kömək edir. Bununla həm Rusiya, həm ABŞ kimi böyük dövlətlərin diqqəti bir daha bu məsələyə yönəldi. Türkiyə göstərir ki, Ermənistanın xilası torpaqların işğaldan azad edilməsi və Türkiyə ilə sərhədlərin açılmasındadır. Nə qədər ki, Ermənistan bunları etməyib, sərhədlərin açılması gözlənilməyəcək, getdikcə iqtisadi və siyasi cəhətdən çökməyə başlayacaq. Hesab edirm ki, Türkiyənin bu məsələyə fəal yanaşması problemin tezliklə çözülməsinə kömək edə bilər.
[b]- Aydın müəllim, diqqətinizi ölkədaxili məsələlərə də yönəltmək istərdim. Bildiyiniz kimi, bu il seçki ilidir, müxalifət isə proporsional seçki sisteminin bərpasını istəyir. Opponentlərinizin bu tələbi barədə nə düşünürsünüz? [/b]
- Seçki sisteminin mövcudluğunu Konstitusiya müəyyənləşdirir. Konstitusiyamıza 2002-ci ildə edilən dəyişikliyə görə Azərbaycanda mojaritar seçki sistemi tətbiq olundu. Proporsional seçki sisteminin tətbiq edilməsi üçün mütləq referendum keçirilməli və bu dəyişiklik Konstitusiyada öz əksini tapmalıdır. Referendum bu yaxınlarda keçirildi və Konstitusiyaya müvafiq dəyişikliklər edildi. Cəmiyyətdə isə proporsional seçki sisteminin bərpası ilə bağlı çağırışlar eşidilmədi. Müxalifət təkid edir, çünki müxalifət liderləri seçkiyə mojaritar sistemlə getməyə çəkinirlər. Mojaritar seçki sistemi hər bir qapını döyüb, seçicinin dili ilə bacarmaq tələb edir. Bizim müxalifətdə çox təəssüf ki, bu yoxdur. Müxalifət yalnız ümimi tənqidlərlə yaşayır, hələ də 90-cı ilin əvvəllərinin ab-havasındadır. İndi cəmiyyətin böyük hissəsi iqtidarın apardığı siyasətin müsbət təsirlərini öz həyatında görməkdədir. Bu baxımdan, müxalifət dəyişməkdənsə, yeni dövrün tələblərinə uyğunlaşmaqdansa, yenə də köhnə ab-hava ilə yaşayır. Ona görə də mojaritar seçki sistemindən ehtiyat edir. Hesab edirlər ki, əgər proporsional seçki sistemi olarsa, ancaq kabinetdə müsahibə verməklə, bir-iki telekanala çıxmaqla, ölkə üzrə yığılan müəyyən səs etibarı ilə parlamentə düşə biləcək. Açığını deyim ki, hətta proporsional seçki sistemi tətbiq olunsa belə, müxalifətin çox səs toplamaq imkanı yoxdur. Seçkilər göstərir ki, müxalifətin bütün ölkə üzrə 15-20 faiz səs toplamaq imkanı var. Bunların içərisində ənənəvisi də, sağçı da, solçu da, radikal da var. Hətta nəzərə alsaq ki, bir neçə qütb birləşir, yenə də onların parlamentə düşmək imkanları azdır. Müxalifət liderlərini isə bir şey maraqlandırır: nə olur-olsun parlamentə düşsünlər.
[b]- O fikirlər də səslənir ki, mojaritar seçki sistemi partiya sistemini sıradan çıxarır və insanlar getdikcə siyasi partiyalardan uzaqlaşır... [/b]
- Artıq 8 ildir ki, Azərbaycanda mojaritar seçki sistemi təbiq edilir. Hansı partiyalar sıradan çıxıb? Düzdür, sıradan çıxan partiyalar var, amma bu, proporsional seçki sisteminin ləğvi ilə bağlı deyil. Bir də ki, heç bir partiya əbədi deyil. Kim cəmiyyətin nəbzini daha yaxşı tutursa, həmin partiya gündəmdə qalır.
[b]- Elə YAP-ın özü ilə bağlı misal çəkim. Əvvəllər parlamentdə YAP ierarxiyasında olanlar daha çox təmsil olunurdular, indi isə bu tendensiya bir qədər zəifləyib. Bəs bu nə ilə bağlıdır? [/b]
- YAP-ın müxalifət partiyalarından fərqi ondan ibarətdir ki, YAP ümumən parlamentdə çox təmsil olunmağa çalışır. Bu gün partiyamız sayca genişlənir, keyfiyyətcə zənginləşir, yeni simalar, gənclər gəlir. Onların da potensialından istifadə etmək lazımdır. Bu gün partiyada tanınmaq parlamentdə olmaqla bərabər ölçülmür. YAP-ın İdarə Heyətinin üzvləri var ki, partiya həyatında, ictimai-siyasi proseslərdə fəaldırlar.
[b]- Müxalifət 2009-cu il bələdiyyə seçkilərinin nəticələrinin də saxtalaşdırıldığını və analoji vəziyyətin bu il keçiriləcək parlament seçkilərində yaşanacağını bəyan edir. Belə iddialarla razısınızmı? [/b]
- Qədim bir rus misalı var: "Pis oyunçu həmişə səhnənin narahat olduğunu bəhanə gətirir". Müxalifət bütün seçkilər öncəsi seçkilərin saxtalaşdırılacağını bildirir, seçkilərdə qələbə qazandığı dairələrdə demokratik keçdiyini, uduzduğu dairələrdə isə seçkinin qeyri-demokratik keçdiyini elan edir. Digər tərəfdən, müxalifət liderləri kabinetdən çölə çıxmır, cəmiyyət arasında olmur, heç öz rayon təşkilatlarının üzvləri ilə görüşmürlər. Cəmiyyətə yeni ideyalar təklif etmək əvəzinə, faktsız və arqumentsiz fikirlərlə iqtidarı tənqid etməklə məşğuldurlar. Bu siyasətlə nə dərəcədə ətraflarına elektorat toplamaları artıq seçkilər vasitəsiylə özünü göstərməkdədir. Ümumiyyətlə, bu gün müxalifətin geniş sosial baza toplaması üçün şərait yoxdur. Müxalifət o zaman güclənir ki, orada iqtidar zəif olur, işləyə bilmir, sosial-iqtisadi vəziyyət pisləşir, siyasi vəziyyət gərginləşir. Yəni iqtidarın buraxdığı səhvləri narazı təbəqənin, müxalifətin güclənməsinə səbəb olur. Məsələ ondadır ki, bunların heç biri Azərbaycanda yoxdur. Düzdür, nöqsanlar var, amma onlar ümumi görülən işlərin fövqündə həddən artıq azdır. Buna görə də müxalifətin etdiyi ümumi tənqid özünə böyük tərəfdarlar tapa bilmir. Müxalifətin də seçkidə məğlubiyyəti saxtakarlıqlarla deyil, özünün fəaliyyətsizliyi ilə bağlıdır.
Son vaxtlar maraqlı bir tendensiya müşahidə edirəm. Hakimiyyət nümayəndələri müxalifətin fəaliyyətini təqdid edir. Amma müxalifət liderləri çıxıb cavab vermək əvəzinə, nəzarətlərində olan qəzetlərdəki 20-25 yaşlarında köşə yazarlarını önə verirlər. Həmin cavan uşaqlar iqtidara küçə psixologiyası ilə müxalifət adından cavab verməyə başlayıblar. Amma onların nə potensiallırı, nə təcrübələri, nə də nüfuzları var. Təzad yaranır ki, müxalifət kimdir. Ona görə də hesab edirəm ki, müxalifət açıq mübarizədən qaçır. Bu da müxalifətin hakimiyyətə gəlməyə hazır olmadığı göstərir.
[b]- Ötən həftə qəzetimizə müsahibə verən Eldar Namazov isə seçki institutunun sıradan çıxarıldığı üçün ölkədə inqilabi dəyişikliklər əhval-ruhiyyəsinin artdığını deyir... [/b]
- Deyəsən, Eldar Namazovla ənənəvi müxalifət liderləri mövqelərini dəyişiblər. Əvvəllər bir qayda olaraq, ənənəvi müxalifət liderləri inqilab şəraitinin yetişdiyini, Eldar Namazov isə demokratikləşmənin təkamül yolu ilə getməsini bildirirdi. İndi isə mövqelər dəyişib, Eldar Namazov ənənəvi müxalifət fuknsiyasını yerinə yetirməyə çalışır. Onun dediyinə konkret cavab verə bilərəm: Azərbaycanda inqilabi şərait yoxdur, ölkədə bütün məsələlər təkamül yolu ilə həll edilir.
[b]- Bu kimi fikirlərin ardı olaraq bildirirlər ki, hakimiyyət bu siyasətlə çox getməyəcək. Bölüşürsünüzmü bu fikirləri? [/b]
- Belə fikirləri artıq 17 ildir ki, eşidirik. Mənə elə gəlir ki, hələ uzun müddət də eşidəcəyik. Çünki müxalifətin bundan başqa deyəcəyi söz yoxdur.
[b]- Hakimi partiyanın nümayəndəsi kimi opponentlərinizin 2010 seçkilərində perspektivini necə görürsünüz? [/b]
- Demokratik ölkə olduğumuza görə böyük percpektivini görmürəm. Müəyyən qrup müxalifət nümayəndələrinin parlamentə seçiləcəyi gözləniləndir. Onu demək çətindir ki, kimlər seçiləcək, hardan seçiləcək. Harda Yeni Azərbaycan Partiyası zəif təbliğat aparacaqsa, harda müxalifət namizədinin tərəfdarları bizim namizəddən üstün olacaqsa, onlar da seçiləcəklər. Amma bununla belə hesab etmirəm ki, onlar çoxsaylı olacaq. Gözləyirəm ki, hazırlığına, sosial bazasına, daima yeniləşdiyinə görə Yeni Azərbaycan Partiyası yenə parlamentdə çoxluq təşkil edəcək. Onu da gözləyirəm ki, partiya üzvü olmasa da, vətəndaş mövqeyi olan xeyli sayda ziyalılar seçiləcək. Gənclərin, qadınların sayının parlamentdə çox olacağını gözləyirəm. Yəni parlament seçkilərinin nəticələrini təxmini bu konturlarla görürəm. Kimin seçiləcəyini isə indidən demək bir qədər çətindir, bu, artıq seçicinin işidir.
[b]- Müxalifətin bu seçkidə müəyyən birliyinin yaranacağı bildirilir...
[/b]
- İnanıram ki, parlament seçkiləri ərəfəsində Müsavat-AXCP birliyi olacaq. Onların ətrafında xırda partiyaların da olacağına tam inanıram. Eyni zamanda inanıram ki, seçkidən sonra bu birlik dağılacaq və bir-birlərini ittiham etməyə başlayacaqlar. Çünki sxem Azərbaycanda parlament seçkilərində dəfələrlə sınaqdan keçirilib.
[b]- Bənəniyar kəndi baş verənlərlə bağlı mövqeyinizi öyrənmək istərdik. Çünki həm beynəlxalq aləmdə, həm ölkə daxilində narahatlıqlar ifadə olundu... [/b]
- Təəssüf edirəm ki, orada baş verənlərlə bağlı tam məlumatım yoxdur. Çünki birincisi o regiondan deyiləm, heç təsəvvürüm yoxdur. İkincisi isə bu barədə çox ziddiyyətli məlumatlar verilir. İnanıram ki, hakimiyyət orqanları bu məsələ barəsində lazımi addımlar atacaq. Əgər qanunazidd nəsə baş veribsə, günahkarlar cəzasını alacaq, anlaşılmazlıq baş veribsə, aydınlıq gətiriləcək.
Beynəlxalq təşkilatlara gəlincə, onların narahatlığına əsas yoxdur. İstənilən məsələ hüquq çərçivəsində və demokratiya prinsipləri əsasında həll edilir. Məni narahat edən ölkəmizdəki xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işinə qarışmasıdır. Səfirliklərin vəzifəsi öz dövlətlərinin mənafeyini burda təmsil etməkdir. Ona görə də xarici ölkə səfirliklərinin bu məsələlərlə bağlı verdiyi bəyanatlardan ancaq və ancaq təəssüflənirəm. Hesab edirəm ki, bu kimi məsələləri həll etmək üçün Azərbaycan cəmiyyətinin və iqtidarının potensialı kifayət qədərdir.