"Ölkədə müxalifət qüvvəsi qalmayıb"

img

17-01-2010 [05:42]


[b]Qurban Məmmədov: "Əgər Azərbaycan xalqı öz içindən normal müxalif qüvvə yetişdirməsə, vəziyyətini düzgün qiymətləndirib dəhşətlənməsə, məhv olacaq" [/b] Ölkədəki ictimai-siyasi proseslərdə passivlik hələ də davam edir. 2010-cu ilin parlament seçkiləri ili kimi qiymətləndirsələr də, aktivlik hələ də müşahidə olunmur. ADP üzvü, tanınmış hüquqşünas Qurban Məmmədov bu məsələdə daha da pessimist düşüncədədir. - Bu gün Azərbaycanda siyasi proses getmir. Ölkədə bir passivlik, süstlük höm sürür. Özü də bu proseslər hakimiyyətin yürütdüyü siyasət nəticəsində baş verir. Azərbaycanda keçirilən seçkilər ölkədəki bəzi cinayətkar qrupların əməllərinə qanuni don geyindirir. Yəni hakimiyyətin qanunsuz yollarla əldə olunması və əldə saxlanması vasitəsi seçkidir. Ona görə də bu ölkədə seçki anlayışı yoxdur, olanda da formal olur. [b]- 2010 parlament seçkiləri də? [/b] - Bəli. Nəinki parlament seçkiləri, bu proses hələ çox davam edəcək. Ümumiyyətlə, Azərbaycanda heç vaxt seçki olmayacaq. Həmişə sadəcə olaraq, oyunbazlıqlar olur, sənədlər hazırlanır, protokollar yazılır və beynəlxalq aləmə bir illuziya göstərilir. 2010-da da növbəti bir uydurma seçki adında tamaşa olacaq. [b]- Bəs, belə bir şəraitdə siyasi qüvvələr hansı ümidlə seçkiyə gedirlər?[/b] - Mənim Azərbaycanda siyasi qüvvələrin olub-olmadığına çox böyük şübhəm var. Təklifim var ki, xalq desin, seçkiyə, filana ehtiyac yoxdur. Onsuz da Azərbaycanda nə siyasi qüvvə qalıb, nə də xalqın müqaviməti var. Sadəcə olaraq, qanunlara dəyişiklik eləmək lazımdır. Ölkədə seçkini ümumiyyətlə ləğv eləmək lazımdır, qanunlardan çoxpartiyalı sistem və bu kimi anlayışları silmək gərəkdir. Bələdiyyə üzvləri, hakimlər, icra başçıları bir nəfər tərəfindən təyin olunmalıdır. Onsuz da bu xalqın seçmə qabiliyyəti yoxdur. Hətta seçə bilsə belə, seçdiyinin arxasında durma qabiliyyəti yoxdur. Hətta seçdiyinin arxasında dursa belə, sonra onunla birləşib cinayətə gedir. Ona görə bu millətin düzəlməsi üçün hələ 40 il də sürünmək lazımdır. [b]- Bəzi müxalifət nümayəndələri bu il aktivliyin, müəyyən dəyişikliklərin olacağını bildirirlər...[/b] - Hökumət tərəfindən maliyyələşən müxalifətin heç bir sözünə inanmıram. [b]- Söhbət, o biri müxalifətdən - Müsavatdan, ADP-dən, AXCP-dən... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Mən də dedim ki, hakimiyyət, daha dəqiqi, rəqibi tərəfindən maliyyəlşdirilən heç bir müxalifətə inanmıram. Azərbaycanda müxalifət adı altında bir dənə də olsun, müstəqil qüvvə yoxdur. Kim nə deyirsə, yalan deyir. [b]- Onda mən də belə sual verim, qardaşınız Sərdar Cəlaloğlu da, Əli Kərimli də, İsa Qəmbər də Siz dediyiniz sıraya daxildir?[/b] - Hamısı o sıradandır. Mən düşündüyümü deyirəm. Dəqiq bilirəm, Azərbaycanda elə bir müxalifət qüvvə yoxdur ki, bu və ya digər şərtlərlə idarə olunmasın. İndi yalandan xalqı niyə aldatmalıyıq ki? Bilirəm ki, axı belədir. O dünyada da bizdən hesabat soracaqlar ki, bu dünyada neylədiz. Yalandan xalqı aldadıb daha da bədbəxt günə salmaq lazım deyil. Bir kəlmə, Azərbaycanda müxalifət qüvvəsi qalmayıb. Ayrı-ayrı ləyaqətli, müxalif mövqedə dayanan adamlar var. Amma təəssüf ki, Azərbaycanda müxalifət lideri adı altında hakimiyyətlə əməkdaşlıq edib, xalqı aldadan, onun qəzəbini, kinini, kidurətini, potensialını müxtəlif səhv istiqamətə yönəldənlər var. Acı da olsa, bu bir reallıqdır. [b]- Parlament seçkilərində iştirak etməyəcəyini bəyan edən Lalə Şövkət də deyir ki, yalandan xalqa vəd vermək lazım deyil. Belə çıxır ki, Lalə xanımla razısınız? [/b] - Tamamiylə haqlıdır. Bu məsələdə Lalə xanıma şərikəm, eşq olsun! Doğru deyir, yalandan seçkiyə gedib xalqı niyə aldatmalıyıq? Onsuz da hamamız bilirik ki, seçki adından tamaşa olacaq və prosesə qoşulanlar da rol oynayacaqlar. Bu tamaşada iştirak etmək nə müxalifətə, nə də bu xalqa nəsə mütbət şey verməyəcək. [b]- Bəs, bu pessimizmlə Azərbaycan hara gedir? [/b] - Azərbaycan bu cür pessimizmlə məhvə gedir. Burada qeyri-adi heç nə yoxdur. Onsuz da axirətin olacağı Qurani-Kərimdə yazılıb. Görünür, bizim millət üçün axirətin başlanğıcı indidir. Hamımız öləcəyimizi bilirik, narahat olmuruq ki? Azərbaycan xalqı da ölmək üzrədir. Şah damarını kəsiblər, qanı axmaqdadır. Qan axdıqca halsızlaşma artır, Azərbaycan getdikcə halsızlaşır. Bu, həyatın qanunudur, təəccüblənməyə dəyməz. Dünayda elə bir millət yoxdur ki, bizim qədər yaltaq, qorxaq, şərəf və ləyaqətini vəzifə, pul üçün onun-bunun ayağının altına atan olsun. Nə qədər acı da olsa, mən də bu xalqın nümayəndəsi kimi deyirəm ki, çox təəssüf, reallıq belədir. Çünki dünyada elə bir millət yoxdur ki, haqqının bu qədər tapdalanmasına dözsün. Təsəvvür edin, bu gün bütün müəssisələrdən xərac toplanır. Reyestr xidməti adında bir idarə var. Gedin baxın, orada rüşvət vermədən, süründürməçilikdən cana doymadan kim öz haqqını qoruya bilər, heç kim. O binanın qarşısında açıq şəkildə təbliğat aparılır ki, burada yığılan pullar, ora Fərahim adlı bir rəis qoyublar, onun cibinə yox, hakimiyyətdən kimlərəsə, hansısa fondlara yığılır. Məgər bunu MTN, hüquq-mühafizə orqanları bilmir? Gedib yoxlasınlar ki, forma 1-dən, kupça verməkdən yığılan pullar hara gedir? Az pul deyil, 10, 20, 30 min manatdan söhbət gedir. Hələ hündürmərtəbli binalardan alınan milyonlarla pulu demirəm. Bütün görmük məntəqələrində rüşvətxorluq baş alıb gedir. Monopoliya bu ölkənin iqtisadiyyatını məhv edib. Bu üzdən Azərbaycanda hər gün iş yerləri bağlanır, işsizlər ordusunun sıraları günü-gündən genişlənir. Dünyada elə bir xalq yoxdur ki, başına bu qədər müsibət gətirilsin, o da dözsün. [b]- Siz də hər şeyin günahını xalqda axtarırsınız... [/b] - Əslinə qalsa, bu xalq hər şeyə dözən xalq deyil, amma müxalifət adı altında ona liderlik edən adamlar hərəsi bu və ya digər formada satılıb, ələ alınıb, qorxudulub. Ona görə Azərbaycan bu vəziyyətdədir. Əgər Azərbaycan xalqı öz içindən normal müxalif qüvvə yetişdirməsə, vəziyyətini düzgün qiymətləndirib dəhşətlənməsə, məhv olacaq. [b]- Belə görünür ki, Siz də 2005-dən fərqli olaraq, bu dəfə seçkiyə qatılmaq fikrində deyilsiz...[/b] - Nə danışırsan... 2005-ci il seçkilərində mənim iştirakım həyatımın ən böyük səhvi oldu. Yenə də son ümidləri sınmayan insan kimi, hesab elədim ki, bəlkə bu adamlar doğrudan ləyaqətli seçki keçirə bilərlər. Amma qəti əmin oldum ki, bu yönətimin dövründə Azərbaycanda normal seçkilər keçirilə bilməz. Bu gün bütün idarələrdən xərac toplanırsa, pul gətirməyən idarəni dərhal bağlayırlarsa, açıq şəkildə monopoliya varsa, insanların gözünün içinə baxa-baxa onun haqqını tapdalayırlarsa, hansı ədalətdən söhbət gedə bilər? Gəlin, heç kimi aldatmayaq. Hamı onsuz da öləcək. Biri toxluğundan qusub öləcək, biri "donuz qripi"ndən öləcək, biri də öz haqqı uğrunda mübarizədə öləcək. Bizim millətin haqqı uğrunda döyüşərək ölən övladları həddən artıq azdır. Qafqazın ən qorxaq milləti bizik ki, ağ günə çıxmağımız üçün heç nə etmirik. Bir dostum bu yaxınlarda Gürsütanda olub. Deyir ki, polis saxladı, istədim ona pul verim. Mənə dedi ki, bura Azərbaycan deyil, mən də Azərbaycan polisi deyiləm, burada rüşvət yoxdur. Azərbaycanda rüşvət almayan polis yoxdur. Yol polisi yolda dayanıb dilənir, bəziləri də böhtan atıb pul alır. Bax, bunların günahı nə hakimiyyətdədir, nə prezidentdədir, günahın hamısı bizdədir, xalqdadır. Şir, pələng heç vaxt minilməyə imkan verməyib. Mənim xalqımın şirləri, pələngləri pərən-pərən düşüb ölkədən, bəziləri həbsdə, təqib altındadır. Ortalıqdakılar isə tülkü, çaqqallardır ki, ağalıq edirlər. Bu mənada vəziyyətimiz olduqca acınacaqlıdır, ən pisi isə odur ki, hələ bu çox davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA