Yanvarın 14-ü mərhum parapsixoloq Etibar Elkinin xatirə günüdür

  Yanvarın 14-ü mərhum parapsixoloq Etibar Elkinin xatirə günüdür

CƏMİYYƏT

13.01.2010, 06:27

[b]MƏZARLIQ DÜŞÜNCƏLƏRİ[/b] Və ya son cığıraçanımızın tale cizgiləri İlk insan cütlüyünün xətası nəticəsində dünyanın əşrəfi Cənnətdən, bəlkə də Göyün hansısa bir qatından qovulub Yerə göndərildi, cəzalandırıldı. O gündən də qovulduğu Məkanın xiffətini çəkdi, həsrətini yaşadı, nisgilini keçirdi. Gözünü hər açdığında Geri dönmək, Geri uçmaq istədi. O Yeri görən başqa məkan arzulayardımı heç? Tanrının hənirini, mələklərin uçuşunu, əsrarəngiz yaradılışın bihuşedici ətrini görən kimsə fərqli bir yerdə qərar tutardımı heç? Amma Allah andı, Allah qərarı dəyişilməz olduğu üçün insan Geriyə yolun olmadığını, yalnız qəbir evindən sonra - Qiyamət Günü Oraya qayıtmağın mümkünlüyünü anladı. Anladığı üçün də Yerə uyğunlaşmağa, Yer sakini olmağa məhkum edildi. Amma Yerin də öz qaydaları, öz şərtləri olmamış deyildi. Orada hazır və rahat olan hər bir şey təzə məkanda yöndəmsiz, parakəndə, narahat idi. Bu da bir sınaq idi insanın qarşısına çıxan. İşləməliydi insan, nəfsinə hakim kəsilib əziyyətlərə qatlaşmalıydı ki, ilkin günahını yusun, Tanrıdan əfv diləyib bağışlansın. Halbuki saysız qərinələr boyunca bir kimsə Cənnətdə günah işlətməmişdi ki, bu ilk cütlük işlətdi. Elə bu bir suçun bədəlini də bütün insanlıq ödəməliydi - dünya durunca. Dəhşətlər görməliydi insan, əzabları, tənələri, xəstəlikləri, müharibə və ölümləri dadmalıydı. Hələ çox yollar keçməliydi Geriyə qayıtmaq üçün. Üstəlik, İblisin də Yerə qovulması bu məşəqqətləri daha da artırmışdı. Cənnətdə nəfsini cilovlaya bilməyən, bu həngamədə necə davam gətirəcəkdi? Amma... Amma tam şəkildə belə olmadı - davam gətirənlər, şeytana uymayanlar çox oldu. Hətta başqalarını öz arxalarınca aparanlar da tapıldı. Axı göylərin, yerin və dağların daşımaqdan qorxduğu yükü yalnız insan öz üzərinə götürməyi bacarmışdı, çox hallarda bunun günah olduğunu belə bilə-bilə. Yeri Göyə çevirmək istəyənlər hər əsrdə, hər onillikdə zühur etdi. Rəzil olsalar da, didərgin salınsalar da, çarmıxa çəkilsələr də, Allah eşqindən dönmədilər, bədənləri, canları və ruhları ilə gəldikləri və gedəcəkləri Ünvanı yaxınlaşdırmağa çalışdılar, insanları inandırdılar, onların ürəyinə toxtaqlıq, qəlblərinə səbr verdilər. Belələrini yalnız səbri olmayan, kinli, paxıl, imansız və qəddar adamlar, şeytan əsgərləri anlamadılar. Gəlimli-gedimli dünyanın malını, pulunu bərk-bərk qucaqladılar, fəqət, gedəndə heç nə apara bilmədilər. O dünyadan bu dünyaya işıq saçanlar isə daim yaşadılar. Dünyanın əşrəfi Yerə gələndə hər şey yarımçıq idi, heç yollar da yox idi. Hər yeri yabanı otlar, qumsallıqlar, daş-kəsək basmışdı. Allaha sadiq qalanlar otların, qumsallıqların, daş-kəsəyin arasından ilk cığırı açdılar, "Gəlin!" deyib arxalarına boylandılar. Gələn də oldu, gəlməyən də. İkincilərlə işimiz yox... Biz gələnlərdən, bilənlərdən və Sonda gülənlərdən danışırıq (Salam olsun onlara!). Bu cığır onları nicata, rəvanlığa, özünüdərkə, İlahi Nura və ən sonda Tanrı dərgahına apardı. Bu cığır çox əzablı, çox dözülməz oldu. Qaranlığı işığından, suyu qurusundan, şəri xeyrindən çox olan müvəqqəti dünyamızda bu cığırı peyğəmbərlərin bir qismi xaric olmaqla, heç kim axıra qədər gedə bilmədi. Amma bacardıqları qədər, Allahın izn verdiyi qədər gedə bilənlər tapıldı... Bir cığıraçanımız da Cənnətə daha çox bənzəri olan ulu yurdumuzda pərvəriş tapdı, müasirimiz oldu, gördük, ünsiyyət qurduq, sevdik, bir az da öyrənməyə çalışdıq. Özü ilə bütün bir milləti aparmaq istədi, bilə-bilə ki, bu, mümkün deyil. "Hətta şeytanın da imana gəlməsi mümkündür" deyib şeytanın özünü də nura qərq etməyə çalışdı. İrəliyə inamla getdi, keçilməz sədləri aşdı, cığırı geniş açdı, hamını dəvət etdi - günahlını da, günahsızı da, imanlını da, cahili də. Buna rişxənd edənlər, inanmayanlar, ümidsiz yanaşanlar da çox oldu, amma biz onlardan da danışmırıq. Adı Etibar olduğu üçün Tanrıya, insanlara öz etibarını göstərən bu adam nə gecə bildi, nə gündüz; nə rahatlıq bildi, nə də istirahət... Üstəlik, aşkar və gizli elmləri dərindən mənimsədi ki, açdığı cığırla daha çox adamı apara bilsin. Şəfakarlığı öyrəndi, cığırın mahiyyətini dərk elədi ki, getməyə gücü çatmayanlara qüvvət versin, onları xəstəliklərdən, yarıyolda qalmaqdan qorusun. İnsanlığa bundan savayı daha nə lazım idi ki? Etibar öz arxasınca gələnlərə, açdığı yolla gedənlərə Allahın izniylə şəfa verdi, imana çağırdı, ruzisinə bərəkət qatdı. İstəyi isə yalnız o oldu ki, ardıcılları hidayət yolundan çıxmasınlar, şeytanın hədyanlarına, məkr və hiylələrinə tuş gəlməsinlər. Nə qədər mürəkkəb olsa da, bunun mümkünlüyünü isbat etməyi bacardı. "İnsan doğulanda pak və günahsız doğulursa, deməli, günah işlətdiyi zamanlarda onun qurtuluşu da mümkündür" deyən bu ruhani sanki şeytanın özü ilə bəhsə girmişdi. O, nə qədər fitnə-fəsad törədirdisə, bu da sülh və əmin-amanlıq yaradırdı. Şeytanın məkrinə uyub qeybət edənləri, tənə vuranları, mal yığıb onu dönə-dönə sayanları Hütəmə alovundan qurtarmaq üçün dayanmırdı. Hütəmə Cəhənnəmin alt qatlarında mövcud olan Allahın yanar bir odudur ki, oraya düşənə qurtuluş yoxdur. Amma Etibar öz cığırına çəkməklə hələ bu dünyada ikən insanları Hütəmədən qoruyurdu. Allah əsgəri olmaq nə qədər səadət və şərəfdirsə, o qədər də əzablı bir yolun yolçuluğudur. Və zaman-zaman bu ruhani əsgərlərin İblislə üz-üzə gəldiyi məqamlar olur. Etibar da Tanrının Seçilmişi kimi belə bir sınaqla qarşılaşdı, özü də təkbaşına deyil, iki igid oğlu ilə birlikdə. Görəndə ki yaxşılığa mane olunur, hər yerdə çalğı çalınır, aşağı kimsələr söz sahibi olur, sonra gələnlər, əvvəl gələn alimləri savadsızlıqda, cahillikdə günahlandırır, savadlı və ya alim deyilənlərdə zərrə qədər iman yoxdur, hər kəsə yaxşılıq edən axmaq hesab olunur, dinə uymaq, gözəl əxlaqlı olmaq ayıb sayılır, oğullarına car çəkib İblisin qarşısına çıxdılar. Əliyalın olsalar da, açdıqları cığıra boylanıb da bir kimsəni görməsələr də, şəhidliyi gülə-gülə qarşıladılar. Zatən, bütün qərinə və qövmlərdə belə olmuşdu. Axı yol eyni, aqibət eyni idi. Böyük Quranın "əl-İnşirah" surəsinin ilk ayəsində belə adamlar haqqında deyilir: "Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!" Bu gün son cığıraçanımız, son carçımız Etibar Elkinin açdığı cığır boş qalıb. 11 ildir ki, o cığırı ot basmaqdadır, bir az da keçsə, ayaq rədləri də itəcək. Qoy Ulu Yaradan bu rədlərin itməsinə izn verməsin, bu rəddin ardıcılları bol olsun! Amin! Səbuhi RƏHİMLİ, "Qoroskop" qəzetinin baş redaktoru [email protected]

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR