ADP Avropa Şurası müzahidə qrupunun rəhbərini ədalətsizlikdə suçladı

img

11-01-2010 [04:30]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda əsasən ölkədəki ictimai-siyasi proseslər ətrafında müzakirələr aparılıb. Keçən həftənin ən çox ictimai etiraz doğuran hadisəsi kimi yadda qalan Naxçıvan Muxtar Respublikasının Bənəniyar kəndində baş verən olaylara bir daha diqqət çəkən İdarə Heyəti üzvləri bu hadisəni kəskin şəkildə pisləyib və baş verənlərin vicdan azadlığına və beynəlxalq hüququn digər təməl prinsiplərinə zidd olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. İnsanların dini inancdan doğan istəklərinin reallaşdırılmasına hakimiyyət orqanlarının inzibati və digər cəza üsulları ilə müdaxilə edilməsini Azərbaycan konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğunu irəli çəkən İdarə Heyəti üzvləri dinc insanlara aşırı güc tətbiq edilməsindən və günahsız vətəndaşlara müxtəlif adlar altında işgəncələr verilməsindən narahat olduğunu bildirib və dövlət başçısını beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl gətirən bu cür neqativ halların qarşısını almağa və məsuliyyət həddini aşan dövlət strukturları təmsilçilərini cəzalandırmaq üçün tədbirlər görməyə çağırıb. İdarə Heyəti üzvləri həmçinin Sabirabad rayonunun Şəhriyar kəndində son bələdiyyə seçkilərində törədilən seçki saxtakarlığına etiraz olaraq dinc aksiya keçirmək istəyən vətəndaşlara güc tətbiq edilməsindən, onları qanuni hüquqlarını müdafiə etməsinə görə özlərini və qohumlarını təhdid altında saxlanılmasından ciddi narahat olduqlarını ifadə edib və bu cür özbaşınalığın vətəndaş sülhünə və stabilliyə xidmət etmədiyini ölkə başçısının diqqətinə çatdırıb. Ciddi qanun pozuntuları və total saxtakarlıqla müşahidə olunan bələdiyə seçkilərinin nəticələrinə toxunan toplantı iştirakçıları Avropa Şurası müşahidə qrupunun rəhbəri Qaya Doğanoğlunun Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin Avropa Şurası seçki praktikası mexanizminə uyğun olaraq şəffaf və ədalətli keçirilməsi barədə səsləndirdiyi bəyanatın qeyri-obyektiv və digər beynəlxalq müşahidəçilərin rəylərinə zidd olan bir bəyanat kimi dəyərləndirmiş və obyektivliyi şübhə doğuran bu cür missiya rəhbərinin fəaliyyətinin bundan sonra davam etdirilməsi məqsədə uyğun hesab olunmadığı qeyd edilib. İdarə Heyəti Qaya Doğanoğlunun Azərbaycanda keçirilən son bələdiyyə seçkiləri ilə əlaqədar verdiyi qeyri-obyektiv bəyatına etiraz olaraq Avropa Şurasının Azərbaycandakı numayəndəliyinə məktub göndərilməsi barədə qərar qəbul edib. İdarə Heyəti ötən ilin sonlarından əhalinin kasib təbəqəsinə verilən ünvanlı sosial yardımların dayandırılmasının dövlət rəsmləri tərəfindən müxtəlif arqumentlərlə əsaslandırılmasına diqqət çəkib. Toplantı iştirakçıları ünvanlı sosial yardımların dayandırılmasını ötənilki dövlət büdcəsinin hakimiyyətin iddia etdiyi kimi sosial yönümlü olmadığının və ölkədə yürüdülən səhv sosial siyasətin təzahürü kimi dəyərləndirib. İdarə Heyəti həmçinin qeyd edib ki, hakimiyyətin qlobal iqtisadi böhranın ölkəyə vurduğu ziyanları kasib təbəqənin gəlirlərinin azaldılması ilə konpensasiya etmək istəyi ədalətsizlikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA