10-01-2010 [05:13]
[b]İqbal Ağazadə: "Bu gün kimsə ağsaqqallıq etmək istəyir, biz onu qəbul etmirik. Müxalifətin anası, atası, balası kimi bölgüləri yığışdırsınlar" [/b]
2008-ci ildə keçirilən prezident seçkilərində nəticələrə görə ikinci yerə çıxan Ümid Partiyasının sədri İqbal Ağazadənin partiyası bu dəfəki bələdiyyə seçkilərində bu yeri itirdi. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müsahibə verən İqbal Ağazadə öncə 2009-cu ilin nəticələri və bələdiyyə seçkilərindəki uğursuzluqlarına aydınlıq gətirdi.
- Biz heç vaxt ikincilik uğrunda çalışmamışıq. Həmişə maksimal dərəcədə yüksək nəticə göstərmək istəmişik. Prezident seçkilərində də ikinci yer uğrunda mübarizə aparmırdıq. Bələdiyyə seçkilərində də qarşımıza elə məqsəd qoymamışdıq ki, biz ikinci yeri tutacağıq. Əgər verilən namizədlərin sayını əsas götürsək, Azərbaycan müxalifətində, ümumiyyətlə, spektrindən asılı olmayaraq, siyasi təşkilatlar arasında YAP-dan sonra ən çox namizəd Ümid Partiyasının idi. YAP 15 mindən çox namizəd irəli sürmüşdü, 3147 nəfər Ümid Partiyasının namizədi var idi. Bundan isə 400-ə yaxını qeydiyyatdan keçdi. Ən çox mübarizəni də biz aparmışıq. Çox təəssüf ki, sonuc yenə də bizim istədiyimiz kimi olmadı. Bu artıq təkcə bizim əldə edə biləcəyimiz nəticə deyildi.
[b]- Müxalifət bu günə kimi keçirilən seçkilərdə uğursuzluqla üzləşir və sonra yalnız bəyanatlar verməklə kifayətlənir. Sizə elə gəlmirmi ki, müxalifətin istədiyinə nail ola bilməməsi öz haqqını sona kimi tələb etməməsi ilə bağlıdır? [/b]
- Çox təəssüf ki, Azərbaycan müxalifəti haqqında düşüncə ondan ibarətdir ki, müxalifət haqqını ala bilmir. Müxalifət qanunların imkan verdiyi çərçivədə mübarizə aparır. Azərbaycanda silahlı, hərbi, üsyançı, qiyamçı müxalifət yoxdur. Belə olan təqdirdə də bəyanatdan və kütləvi aksiyalardan o tərəfə gedə bilən addımlar atılmır. Ola bilsin ki, tarixin müəyyən dönəmlərində kütləvi aksiyalara, müəyyən dönəmlərdə bəyanatlara söykənərək mövqeyini ifadə edir. Bundan o tərəfə müxalifət nə etməlidir? Müxalifətin əlində hansı imkanlar var ki, xalqın, namizədlərin hüquqlarını qoruya bilsin? Yəni müxalifətin bacardığı və imkanları bura qədərdir.
[b]- Əgər bir şeyə nail ola bilmirsinizsə, dəyişlik imkanında deyilsinizsə, çıxıb getmək lazımdır... [/b]
- "Çıxıb getmək" anlayışına gələndə mübarizənin davamlılığı ilə bağlı mövqeyimi bildirmək istərdim. Biz hakimiyyətlə, bir rejimlə üz-üzəyik. Rejimin önündən çəkiləriksə, hesab edirəm ki, yaxşı nəticələrə ümid etməyə dəyməz. Məsələnin mahiyyəti ondadır ki, hakimiyyət uzun illərdir apardığı siyasi xəttdə özünə sərf edən nəticələrin ortaya çıxması üçün bu tipli mübarizə üsulunu seçib ki, insanlar usanıb mübarizədən çəkilsin, seçki institutu prosesdur kimi sıradan çıxsın. Hər bir dövrdə proses eniş dövrünü yaşaya bilir. Bəli, etiraf edək ki, bu gün Azərbaycanda demokratik prosesin eniş dövrü yaşanır. Siyasi təşkilat olaraq, biz də, bütövlükdə Azərbaycanın müxalif cameəsi də fərqli düşüncəyə malik qüvvədir. İndi toparlanmaq, yüksəlişə doğru getmək lazımdır. Bunun üçün də taktiki gedişləri dəyişmək olar. Hazırda bu taktiki gedişlər barədə mübahisə doğuran məqamlar var. Amma ortaq məxrəcə gəlmək üçün siyasi qüvvələrin birliyi ortada yoxdur. Ən başlıcası bir yol var - Azərbaycanın demokratikləşməsi yolu. Bu yolda Azərbaycanın sayca az, qüvvəcə zəif olan hissəsi inamlı addımlayır. İnanırıq ki, açılan bu yolda böyük bir demokratik hərəkat gerçəkləşəcək.
[b]
- İqbal bəy, artıq bələdiyyə seçkiləri arxada qaldı. Qarşıdan 2010 - parlament seçkiləri gəlir. 2010 seçkisindən gözləntiləriniz nədir?
[/b]
- Hər keçən gündən, hər gələn ildən Azərbaycan üçün yaxşı nələrsə gözləyirik və onun uğrunda da mübarizə aparırıq. Bəzən hər seçkidən sonra nəticələr daha ağır olduqca, müxalifəti daha çox qınayırlar ki, heç nə əldə olunmadı. Hesab edirəm ki, hər ağır nəticədən cəmiyyətin yeni yanaşmaları ortalığa çıxır. 2010-cu ildə də biz həm 2008-in, həm 2009-un təcrübəsindən çıxış edərək, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində müsbət elementlər gözləyirik. Bizim üçün bu gün əsas məsələ Azərbaycan cəmiyyətinin demokratikləşməsi, demokratik prosesin səngiməməsi və seçkinin bir prosedur kimi sıradan çıxmamasıdır. Ona görə də nə mümkündürsə, edəcəyik. Burada da cəmiyyətin gücünə, yanaşmasına güvənirik. Hesab edirik ki, cəmiyyət əvvəlki yanaşmalardan fərqli yanaşmalar sərgiləməlidir. 2010-cu ilin də parlament seçkisi ili kimi Azərbaycan cəmiyyətinin qazanc ili olmasını istəyirik. Nəticəyə təbii ki, 2010-cu ilin sonunda qiymət verəcəyik.
[b]- 2010-parlament seçkilərində 100 namizədlə iştirak edəcəyinizi bildirmisiniz. Bu, o anlama gəlmirmi ki, seçkiyə təkbaşına gedirsiz? [/b]
- Biz Azərbaycan müxalifətinin böyük kəsiminin bir yerdə olmasında heç bir problem görmürük və bunu demokratik cəmiyyət quruculuğu istiqamətində müsbət tendensiya hesab edirik. Amma buna fərqli şəkildə də yanaşanlar var. Biz onların yanaşmasını da hörmətlə qiymətləndiririk. Əgər müxalifətin geniş birliyi cəmiyyətin ümumi maraqlarına cavab verən birlik halına gələcəksə, biz böyük birliyin tərədarıyıq. Yox, əgər cəmiyyət sadəcə, görüntü naminə bir birliyə toplanmağı diqtə edəcəksə, orda cəmiyyətimizin və partiyamızın maraqları nəzərə alınmayacaqsa, seçkidə təkbaşına iştirak etmək variantı istisna deyil, hələ bir az da yüksək faizlədir. Biz bu seçkidə əvvəlki ənənələrdən fərqli yanaşmalar istəyirik.
[b]- Nəyi nəzərdə tutursunuz?[/b]
- Partiyaların bir mərkəzdən vahid namizəd müəyyən edərək bir blok şəklində seçkiyə getməsindən daha çox seçki hərəkatının başlanılmasını, çox namizədin prosesə cəlb olunmaqla, müşahidə və seçkiöncəsi mühitin demokratikləşməsi, nəticələrin birgə tanınması istiqamətində dairə bloklarının yaradılması, daha çox adamın prosesə cəlb olunması, mahiyyət etibarı ilə öləziyən seçki prosedurunun geri qaytarılmasını istəyirik. İnsanlara sübut etməliyik ki, onların idarəetmədə seçki yolu ilə iştirak imkanı tükənməyib. Və nəticədə də nəticələrin birgə tanınması istiqamətində əməkdaşlığın tərəfdarıyıq. Bizim üçün daha çox bu, prioritetdir, nəinki 7-8 partiya yığışıb bir namizəd müəyyən eləsin.
[b]- Əslində müxalifətin bir dairədən vahid namizədinin olması, hakimiyyətin namizədinə qarşı vahid qüvvə kimi mübarizə aparması daha məqsədəuyğun deyilmi?[/b]
- Bizim üçün önəmli olan Azərbaycan cəmiyyətinin demokratikləşməsi və bütün sferalarda xalqın səs verdiyi insanların vəzifədə əyləşməsidir. Bu gün insanların seçkiyə ümidi olduqca azdır, insanların seçkiyə gəlmə faizi də aşağıdır. Bütün bunların hamısını gördükdən sonra biz insan resursunun seçkiyə cəlb olunması üzərində düşünməliyik.
[b]- Yəni müxalifət nümayəndəsinin seçilib-seçilməməsi ikinci dərəcəli məsələdir? [/b]
- Seçilmək bizim üçün o qədər də önəmli məsələ deyil. 3-5 nəfər seçilər, amma mahiyyət etibarı ilə heç nəyi dəyişməz. Demokratik prosesi aparmaq lazımdır, bu prosesin önündə də insan resursu dayanır. Bu insan resursu hər seçkidə bir qədər də azalırsa, faizlər aşağı düşürsə, sabah seçki proseduru ümumiyyətlə, sıradan çıxacaq, insanlar seçkiyə gəlmək istəməyəcək, hətta inandıqları namizədlərin arxasınca seçkiyə gəlməyəcəklər. Qoy, birinci mərhələdə biz istəyən adamlar seçilməsin, amma gerçək seçki prosesi olsun.
[b]- Ümumi maraqları təmin edən geniş birlik yaransa, orada təmsil oluna biləcəyinizi deyirsiniz. Müsavat müxalifət düşərgəsində öz yeri və aparıcı olan bir partiyadır. Hazırda belə bir fikir var ki, Müsavat Ümid Partiyası olan yerdə olmayacaq. Belə çıxır ki, iki partiyanın düşmənçiliyi böyük birliyin yaranmasına mane olacaq? [/b]
- Bizim Azərbaycan siyasətində heç kimlə düşmənçilik etmək niyyətimiz yoxdur. Heç bir partiya ilə də şərt dilində danışmırıq. Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamtində müsbət tendensiyaya söykənən hər hansı bir addımı da mənafelərimizdən keçərək, dəstəkləməyə hazırıq. Amma bunun müqabilində qarşı tərəfin hər hansı bir partiya, xüsusiylə də Ümid Partiyası ilə şərt kimi danışmasını qəbul edə bilmərik. Müsavat Partiyası bələdiyyə seçkilərindən öncə çox böyük pafosla KİV-də bizim haqqımızda danışırdı. İndiyə kimi danışdıqlarının nəticəsi sıfırdır, çünki deyilənlər məntiqsiz, mənasız və əsassız idi. Bu cür yanaşma ilə parlament seçkiləri ərəfəsində Azərbaycanın problemlərinin həllinə yönəlik yeni xətmi yeritmək olar?
[b]- Belə çıxır ki, Müsavat Partiyasının bu günkü mövqeyi parlament seçkilərində müxalifətin ümumi qələbəsinə maneçilik törədir? [/b]
- Bəli. Birmənalı olaraq, Müsavatın indiki mövqeyi parlament seçkilərində müxalifətin əleyhinə yönəlib. Bu gün iddialar dövrü deyil. Bu gün ortaya kiçik iddialar qoyub nəyəsə nail olmaq qeyri-mümkündür. Müsavat Partiyası ətrafında istənilən 4-5 partiya ilə blok yarana bilər. Bu, müxalifətin bir bloku olacaq, amma müxalifətin böyük birliyi olmayacaq. Ümid Partiyası olmayan yerdə müxalifətin böyük birliyi ola bilməz. Bu, bir reallıqdır və bu reallığı kimsə qəbul etmək istəmirsə, onun problemidir. Təəssüf edirəm ki, bu gün məsələlərə cığalçı kontekstindən yanaşılır. Bizim Müsavatla bir yerdə olub-olmamaq kimi bir problemimiz yoxdur.
[b]- Siz Müsavatla bir yerdə olmağı qəbul edirsinizmi?[/b]
- Sabah Qarabağ məsələsi gündəmə gəlsə, biz YAP-la da böyük məmuniyyətlə çiyin-çiyinə döyüşə gedərik. Əgər demokratik düşərgə deyilən bir anlam varsa, burada demokratik seçki amalı uğrunda mübarizə aparılırsa, Müsavatla da bir yerdə olmağa hazırıq. Bizim üçün problem deyil. Yetər ki, o məsələdə səmimi olsunlar. Qeyri-səmimi mövqelər, iddialar olan yerdə birlik olmaz. Bu gün kimsə ağsaqqallıq etmək istəyir. Biz onu qəbul etmirik. Hər kəsin yaşına və başına hörmət edirik, amma kiminsə ağsaqqallıq etmək arzularını başımız üzərində görmək istəmirik. Ağsaqqallıqdan söhbət gedirsə, biz də kifayət qədər yaşa, başa malikik. Məsləhətə ehtiyacları varsa, böyük məmuniyyətlə, məsləhət verməyə hazıram. Ona görə də bu məsələlərdə müxalifətin anası, atası, balası kimi bölgüləri yığışdırsınlar. Bu, doğru yanaşma deyil.
[b]Zaur ƏHMƏD[/b]