"Azərbaycanda proseslər inqilaba doğru gedir"

img

10-01-2010 [05:08]


[b]Eldar Namazov: "Ölkədə insan haqlarının pozulması, seçkilərin saxtalaşdırılması, qanunsuzluq cəmiyyətdə o fikri formalaşdırır ki, qanuni yolla, seçkilərlə dəyişiklik etmək mümkün deyil"[/b] ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi olan "Stratfor" 2010-cu ilə dair proqnozunu açıqlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-la bağlı olan bu qurumun hesabatında bildirilir ki, Rusiya bu il özünü dünyanın nəhəngi kimi sübut edəcək. ABŞ-ın bütün diqqət və resurslarını İraq və Əfqanıstandakı müharibəyə cəlb etdiyi bir vaxtda rəsmi Moskva keçmiş sovet respublikaları üzərində təsirini gücləndirəcək. Azərbaycanın da 2010-da Kremlin təsiri altına düşəcəyi verilən proqnozlar sırasındadır. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov cavablandırdı. - Mən, həmin təşkilatın bir çox proqnozları ilə mətbuatdan tanış oluram. Açığını deyim ki, bu proqnozların bir çoxu mənim üçün bir o qədər də inandırıcı görünmür. Elə siz dediyiniz proqnoz da həmin o sıradandır. Ona görə ki, son illər bütün dünyada tüğyan edən və hələ də tam sakitləşməyən qlobal iqtisadi böhran nəticəsində ən böyük zərbə alan ölkələrin sırasında məhz Rusiya var. Digər dövlətlər bu böhrandan daha az zərərlə, daha az itkilərlə canlarını qurtara bildilər. Bu səbəbdən də Rusiyanın siyasi rəhbərliyi son aylarda Amerika ilə, Avropa ilə daha çox əməkdaşlıq etməyə, xüsusən də ölkədə köklü iqtisadi dəyişikliklərə nail olmaq, yeni texnologiyaları ölkəyə gətirmək xəttini götürüb. Bunu Rusiya rəhbərliyi də gizlətmir. Bu, özü-özlüyündə ondan xəbər verir ki, Rusiyanın yaxın dövr ərzində beynəlxalq məsələlərdə həlledici rol oynaması müşkil məsələdir. Güman edirəm ki, iqtisadi böhranın vurduğu zərbələri aradan qaldırmaq üçün Rusiyaya ən azı on ilə yaxın vaxt lazımdır. Əgər bu iş düzgün qurulsa, səmərəli olsa, yaxşı nəticə versə, onda artıq siz dediyiniz pronqoza yenidən qayıtmaq olar. [b]- Hesabatda o da qeyd olunur ki, Rusiyanın mövqeyi gücləndikcə Azərbaycan rəsmi Moskvanın nəzarətinə keçəcək...[/b] - Azərbaycan Rusiyanın təsiri altına ona görə düşmür ki, Rusiya elə güclü inkişaf edib, yaxud nüfuzu artıb. Bu, siyasi seçimdir. Azərbaycanda insan haqları ilə bağlı problemlər, azad, ədalətli seçkilərin olmaması Azərbaycanın xarici siyasətinə də təsir etməyə başlayıb. Ona görə ki, Azərbaycana insan haqları ilə bağlı təzyiq edən Qərb ölkələridir. ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlar daim bu problemlərlə bağlı hakimiyyətdən tələblərlər edir. Əgər təzyiqlərdən nəticə çıxarılmırsa və bu siyasət Azərbaycanda davam edirsə, istər-istəməz Azərbaycanın beynəlxalq aləmdə də partnyoru ən çox ya avtoritar rejimlər, ya da Şərq ölkələri olacaq. Meyllənmənin də səbəbi budur. Yəni Rusiyaya meyllənmək onunla bağlıdır ki, rəsmi Moskva Azərbaycan hakimiyyətindən insan haqları və demokratiya ilə bağlı Qərb kimi tələblər etmir. Ümumilikdə isə Rusiyanın inkişaf edib, beynəlxalq aləmdə daha güclü söz sahib olması yuxarıda qeyd etdiyim kimi, yaxın müddət ərzində mümkün olmayacaq. [b]- Eldar müəllim, başqa mövzuya keçək. 2009-cu il başa çatdı. Ümumilikdə ötən ili ictimai-siyasi proseslər kontekstində necə analiz edərdiniz? [/b] - Siyasi proseslər baxımından 2009-cu ildə müsbət bir irəliləyişlər görmədik. İnsan haqlarının qorunması, demokratik prinsiplərin bərqərar olması istiqamətində müsbətə doğru hansısa addım atılmadı. Əksinə, 2009-cu ildə bir sıra mənfi hadisələr baş verdi. Həm fəal gənclərin həbsi, həm bələdiyyə seçkilərinin alternativsiz keçirilməsi, siyasi səhnədə baş verənlər buna əyani sübutdur. Ötən il bizim gözlədiyimiz addımların heç biri atılmadı. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox təhlükəlidir. Onu da deyim ki, hazırda siyasi səhnəmizdə olan prolemlər artıq iqtidar-müxalifət çərçivəsindən kənara çıxıb. Baş verənlər artıq cəmiyyətin bütün təbəqlərinin maraqlarına toxunur. Hazırkı vəziyyət ölkənin gələcək inkişafı üçün çox böyük təhlükələr törədir. Təsadüfi deyil ki, son dövrlərdə hakimiyyət tərəfindən yalnız müxalifət partiyalarına qarşı yox, müxtəlif sosial təbəqlərə qarşı təzyiqlər ortadadır. Ötən il həm mətbuat, həm QHT, həm dindarlar, həm gənclər təşkilatlarının fəalları və digər qruplara olan təzyiqlərlə yadda qaldı. Bu isə onu göstərir ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində bütün sosial təbəqələrin hüquqları pozulur. Əvvəllər biz bunlara iqtidar-müxalifət çəkişməsi kimi yanaşırdıqsa, artıq bu məsələlər daha da dərinləşib. Ən pisi isə odur ki, bu proseslər getdikcə daha da pisə doğru irəliləyir. [b]- Bəs, bu dönəmdə müxalifətin fəaliyyətini necə qiymətləndirmək olar? Müxalif qüvvələr yaranmış situasiyanın aradan qaldırılması istiqamətində lazımi fəaliyyət göstərə bildimi? [/b] - Hazırda müxalifət partiyalarının fəaliyyəti üçün ölkədə minimum şərait yoxdur. Kütləvi aksiyalar faktiki olaraq qadağan edilib, bölgələrdə müxalifətçilər üçün görüşlər keçirməyə imkanlar yoxdur, neçə illərdir telekanallar müxalifət liderlərinin üzünə bağlıdır, söz və mətbuat azadlığı addımbaşı məhdudlaşdırılır. Belə bir şəraitdə müxalifətdən çox şey gözləmək düzgün deyil. Müxalifətin fəaliyyət imkanları elə məhdudlaşdırılıb ki, hər hansı kiçik bir proses yaratmaq imkanından məhrumdur. Ona görə də hazırki problemi iqtidarla müxalifətin yox, cəmiyyətin problemi kimi qiymətləndirirəm. Bu vəziyyətdən çıxmaq üçün yalnız siyasi təşkilatların səyləri kifayət deyil. Bunun üçün heç onların lazımi resursları da yoxdur. Təsəvvür edin ki, son bələdiyyə seçkilərində faktiki olaraq, mübarizə hakimiyyətlə müxalifət arasında deyil, hakimiyyətin və ona yaxın namizədlərin arasında gedirdi. Seçkilərin nəticələrindən narazılığını bildirənlər də ya hakim partiyanın üzvləri, ya da hakimiyyətə yaxın partiyaların nümayəndələri idi. Bu da artıq demokratik prinsiplərin pozulması deməkdir. Yəni ölkədə seçki kimi önəmli, siyasi əhəmiyyətli proses gedir, amma ölkənin siyasi düşərgəsinin digər əsas tərəfi olan müxalifət bu prosesdən kənarda qalır. Təbii ki, bunun da yeganə səbəbi ölkədə demokratik seçki mühitinin olmamasıdır. [b]- Artıq 2010-cu il - parlament ilinin ilk günlərini yaşayırıq. Bəzi müxalifət nümayəndələri bu ili həm parlament seçkiləri, həm də digər məsələlər baxımında ictimai-siyasi proseslər üçün aktivlik ili kimi dəyərləndirir. Sizin fikriniz necədir? [/b] - Azərbaycan kimi ölkələrdə belə proqnozlar vermək çox çətindir, heç düzgün də deyil. Çünki bu, fala baxmaq kimi bir şeydir. Ona görə ki, Azərbacanda siyasi proses getmir. Güclərin balansı dəqiq məlum deyil, güclərin balansını dəqiq bilmək üçün ədalətli seçkilər keçirilməlidir. Hazırda narazılıq açıq şəkildə yox, pərdəarxasında hökm sürür. Bu narazılığın hansı formada üzə çıxacağını isə heç bir siyasətçi proqnozlaşdıra bilməz. Bu məsələlərlə bağlı iki tarixi hadisəni qeyd etmək istəyirəm. Birincisi, vaxtiylə çar Rusiyasında fevral inqilabı olanda ondan bir neçə ay öncə Ulyanov Lenin tələbələr qarşısında məruzə ilə çıxış edirdi, deyirdi ki, gec-tez Rusiyada sosializm qalib gələcək, çar rejimi gedəcək. Onu da deyirdi ki, bunu bizim nəsil görməyəcək, amma siz gənclər bunu görəcəksiniz. Bir neçə aydan sonra Rusiyada inqilab baş verdi. Lenin də tez-tələsik Rusiyaya qayıtdı. İkinci misal daha yaxın tarixlə - SSRİ-nin taleyi ilə bağlıdır. Əgər kimsə 80-ci illərin ortalarında desəydi ki, bir neçə ildən sonra SSRİ çökəcək, hamı deyərdi ki, bu adam dəli olub. Ona görə ki, SSRİ az qala dünyanın yarısını idarə edən hegemon dölət idi. Onun çökməsi üçünsə nə ölkə daxilində, nə də ölkə xaricində hər hansı arqument yox idi. Amma gözlənilməyən çökmə oldu. Bütün bunlar göstərir ki, bu tipli quruluşlar, hansı ki, orada siyasi proses yoxdur, narazılıqlar pərdəarxasında olur, belə ölkələrdə hansısa ciddi dəyişikliklər qəflətən başlayır. [b]- Belə çıxır ki, Azərbaycanda da dəyişikliklər qəflətən ola bilər?[/b] - Mümkündür. Azərbaycana gəldikdə də heç kəs deyə bilməz ki, 2010-cu il necə keçəcək. Ölkədəki siyasi proseslər o qədər gizli və pərdəarxası cərəyan edir ki, bununla bağlı konkret versiyalar irəli sürmək mümkün deyil. Ola bilər ki, 2010-parlament seçkiləri bələdiyyə seçkilərindən heç nə ilə fərqlənməsin. Əgər seçkiqabağı mühitdə heç bir dəyişiklik olmasa, ola bilsin ki, müxalifət qüvvələri bu seçkiləri də boykot eləsinlər, yenə də mübarizə hakimiyyətə yaxın olan qruplar arasında getsin və nəticədə də bu seçkilərlə ölkədə heç nə dəyişməsin. Əksinə, o da ola bilər ki, Azərbaycanda çox ciddi proseslər baş versin və çox şeylər dəyişsin. Amma bu barədə konkret bir söz demək çətindir. [b]- Ciddi dəyişikliklərin reallaşması üçün hansı addımlar atıla bilər? [/b] - Yenə də deyirəm, hətta professional inqilabçılar, SSRİ-nin daxili siyasəti ilə məşğul olan adamlar da bir-iki ilə əvvəl o prosesləri görə bilməyiblər. Qeyd etdiyim kimi, qapalı rejimlərdə o prosesləri ölçmək mümkünsüzdür. Avtoritar rejimlər güclənir, uzun illər özünü qoruyub saxlaya bilir və hamıya elə gəlir ki, bu, artıq əbədi bir şeydir. Bir gün də hər şey sürətlə dəyişməyə başlayanda hamı buna təəccüblənir. Bir politoloq kimi onlarla belə misallar çəkərəm ki, bu cür prosesləri əvvəlcədən proqnozlaşdırmaq olmur. Düşünürəm ki, Azərbaycanda da kimsə məsuliyyəti boynuna götürüb, "bu il belə olacaq, yoxsa başqa cür olacaq",- deyib konkret proqnoz verməz. Kimsə bunu deyibsə, bunu fərziyyə kimi qəbul etmək lazımdır. [b]- Onda belə bir ehtimal irəli sürülə bilərmi ki, ölkədə ciddi dəyişiklik üçün mütləq inqilab olmalıdır? [/b] - İnqilabi dəyişikliklər o zaman olur ki, ölkədə qanuni yolla, seçkilər vasitəsi ilə dəyişikliklərə nail olmaq mümkün olmur. Belə olanda artıq o fikir möhkəmlənir ki, dəyişiklikləri yalnız inqilabi yolla həyata keçirmək mümkündür. Yəni ölkədəki seçkiləri saxtalaşdırmaq intilaba zəmin yaratmaqdan başqa bir şey deyil. Xalq görür ki, davamlı olaraq, seçkilər saxtalaşdırılır, vətəndaşların iradəsi nəzərə alınmır, o zaman qeyd etdiyim situasiya gündəmə gəlir. [b]- Azərbaycandakı vəziyyət belə deyilmi?[/b] - Bəli. Çox təəssüf ki, hazırda Azərbaycanda proseslər inqilaba doğru gedir. Bizim opponentlərimiz anlamırlar ki, azad, ədalətli seçkiləri tələb edəndə biz, şəxsi maraqlar prizmasından, kimisə kürsüdə oturtmaq, mandat almaq deyil, ölkənin sabit inkişafını təmin etməyi istəyirik. Biz də Azərbaycan vətəndaşıyıq və istəyirik ki, ölkəmiz stabil inkişaf etsin, övladlarımız burda rahat yaşasınlar, oxusunlar, işləsinlər, dünyamızı dəyişəndə də uşaqlarımızı qohum-əqrəbaya yox, dövlətə tapşıraq. Azad seçkilər, azad mətbuat, demokratiya bunun üçün lazımdır. Təəssüflər olsun, ölkədə insan haqlarının pozulması, seçkilərin saxtalaşdırılması, qanunsuzluq cəmiyyətdə o fikri formalaşdırır ki, qanun yoluyla, seçkilərlə dəyişiklik etmək mümkün deyil. Bu isə ölkə üçün də, dövlət üçün də təhlükəli tendensiyadır. [b]- Mətbuatda verilən məlumata görə, Siz parlament seçkilərində tanınmış ictimai xadimlərin, nüfuzlu siyasətçilərin namizəd olmasının tərəfdarısınız. Belə bir niyyətiniz varmı ki, bu cür şəxsləri bir təşkilatda birləşdirəsiniz?[/b] - Düzü, son günlər mənim mətbuatla təmaslarım olmayıb. Ona görə də bilmirəm ki, hansı təklifdən söhbət gedir. Öz fikrimi deyə bilərəm ki, hər şeydən öncə ölkədə demokratiyanın bərqərar olması üçün çalışmaq lazımdır. Bu məsələni bütün cəmiyyət düşünməlidir və hər kəs çalışmalıdır ki, ölkədə ədalətli seçkilər keçirilsin. Ölkənin davamlı inkişafı üçün əsas şərtlər bunlardır. Bu olmayan yerdə namizədlərin kim olması, seçkidə kimlərin iştirak etməsinin bir o qədər də önəmi yoxdur. [b]- Parlament seçkilərinə hansı formada qatılmaq daha məqsədəuyğundur? Müxalifətin vahid namizəd siyahısı, yoxsa Sizin 2005-ci il seçkilərində yaratdığınız nüfuzlu şəxslər bloku ilə müsbət nəticə əldə olunar? [/b] - Öncə onu deyim ki, parlament seçkilərində hansı formada iştirak etmək, kimlərin seçkiyə namizəd kimi qatılması ilə bağlı indidən konkret fikir söyləmək düzgün deyil. Birincisi, seçkiyə kifayət qədər vaxt var. İkincisi də hələ müzakirəyə ehtiyac olan bir çox məsələlər var ki, yalnız onların müzakirəsindən sonra qəti qərar vermək olar. Güman edirəm ki, hardasa bu ilin yaz aylarında bu mövzuda diskussiyalar olacaq və hər kəsin mövqeyi tam aydınlaşacaq. Bir şeyi əvvəlcədən deyə bilərəm ki, mənim və ya başqasının istəyindən asılı olmayaraq, hər bir seçki sistemi öz şərtlərini diqtə edir. Proporsional siyahı üzrə seçkiyə gedəndə əsas rol partiyanın brendinə, yəni nüfuzuna önəm verilir. Həmin partiyanın nüfuzu, yaxud iki-üç populyar şəxsin olması kifayət edir ki, parlamentdə ən azı 20-30 yerə sahib çıxsın. Yox, əgər seçkilər mojaritar seçki sistemi üzərində qurulursa, onda namizədlərin şəxsi keyfiyyətləri daha önəmli rol oynayır. Azərbaycanda seçkilər mojaritar qaydada keçirilirsə, deməli, burada namizədlərin şəxsi nüfuzları həlledici rol oynayacaq. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində bu amilə diqqət yetirmək lazımdır. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA