isa Qəmbər Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

img

30-12-2009 [12:24]


Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Hörmətli həmvətənlər! 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə hamınızı təbrik edirəm. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığımız mübarizə illərində- 31 dekabr 1989-cu ildə cənublu soydaşlarımızla bizi ayıran sərhəd dirəklərinin sökülməsi təqvimimizin ən əziz günlərindən birinə çevrilib. İndi 31 dekabr bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız Azərbaycanın gələcəyi naminə səmərəli işlər görür. Lakin ürəkaçan işlər olsa da, diaspor fəaliyyətimiz istənilən səviyyədə deyil. Ona görə də biz bu sahəyə diqqəti daha da artırmalı, xalqımızın, onun ayrı-ayrı nümayəndələrinin potensialından ümummilli hədəflərə çatmaq üçün daha səmərəli istifadə etməliyik. Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təəssüf ki, yola saldığımız 2009-cu il ölkəmizin tarixində, xalqımızın həyatında heç bir əlamətdar hadisə ilə yadda qalmadı. Neçə illərdən bəri ölkəni bürüyən ictimai-siyasi, iqtisadi və mənəvi böhran daha da dərinləşdi. Əliyev rejiminin səriştəsiz və yarıtmaz siyasəti nəticəsində xalqın güzəranı daha da ağırlaşdı, korrupsiya, rüşvətxorluq, milli sərvətlərin azğınlıqla talan edilməsi, soyğunçuluq rəsmi dövlət siyasətinin əsas prioriteti olaraq qaldı. Demokratiya, insan hüquqları, söz və mətbuat azadlığı sahəsində mövcud olan vəziyyət daha da ağırlaşdı. Bu gün Azərbaycan əsl jurnalist həbsxanasını xatırladır. Ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların ardıcıl tələblərinə baxmayaraq haqsız ittihamlarla həbs olunmuş Qənimət Zahid, Eynulla Fətullayev, gənc blogerlər Emin Milli və Adnan Hacızadə azadlığa buraxılmayıb. Təəssüflə demək lazımdır ki, bütün nüfuzlu beynəlxalq təşkilatların bu il müxtəlif sahələr üzrə hazırladığı hesabatlarda Azərbaycanın adı ən geridə qalmış ölkələrin siyahısında yer alıb. İlin sonunda keçirilən bələdiyyə seçkiləri isə bir daha sübut etdi ki, bu hakimiyyət ölkədə demokratiyanın bütün işartılarını birdəfəlik məhv etmək kursu götürüb. Azərbaycan xalqı mübariz və öz problemlərini həll etməyə qadir bir xalqdır. Bu gün bu ölkənin dirçəlişinə, cəmiyyətin demokratikləşməsinə əngəl olan bir qüvvə varsa, o da mövcud iqtidardır. Neçə illərin təcrübəsi göstərir ki, nə qədər ki, Əliyev rejiminin yarıtmaz idarəçiliyi hökm sürür, heç bir sahədə inkişafdan danışmaq mümkün deyil. Odur ki, biz bütün xalqımızı, hər bir Azərbaycan vətəndaşını qarşıdakı 2010-cu ildə fəal siyasi mübarizəyə çağırır, öz taleyinə sahib olmağa səsləyirik. Yalnız köklü siyasi dəyişikliklər nəticəsində biz, problemlərdən yaxa qurtara bilərik. Hörmətli soydaşlarım! Bir daha bayramınızı təbrik edir, hamınızı xoşbəxt gələcəyimiz naminə sözün əsl mənasında birliyə, həmrəyliyə çağırıram. Tanrı Azərbaycanımızı qorusun! Hörmətlə, İsa Qəmbər, Müsavat Partiyasının Başqanı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA