ADP 2009-cu siyasi ilə yekun vurdu

img

29-12-2009 [02:17]


Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti başa vurmaqda olduğumuz 2009-cu ildə ölkədə baş verən hadisə və prosesləri ümumiləşdirərək ilin siyasi yekunlarına dair rəy hazırlayıb. ADP hesab edir ki, martda keçirilən Konstitusiyaya dəyişikliklərə dair referendumda Respublika prezidentinin iki dəfədən artıq seçilməsinə qarşı olan müddəanın ləğv edilməsi ilə Konstitusion demokratiyanın əsasları tamamilə sarsıdılıb. İl ərzində siyasi motivli həbslər həyata keçirilib, siyasi azadlıqlar ? sərbəst toplaşma, ifadə, birləşmə və digər fundamental insan hüquqları sahəsində, o cümlədən demokratik seçkilərin keçirilməsində ciddi geriləmələr davam edib.Vətəndaşların vicdan azadlığı hüququnun reallaşmasında da vəziyyət ürəkaçan olmayıb. Bu il məscidlərin bağlanması, azana qarşı qadağalar, müxtəlif dini icmalara qarşı əsaslandırılmamış hücumlarla yadda qalıb. İlin əvvəlində ən yüksək səviyyədə verilən vədlərə baxmayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə əlaqədar heç bir irəliləyiş əldə olunmayıb, əksinə ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli səmərəsiz olub. İl ərzində vətəndaşların sosial iqtisadi vəziyyəti pisləşməkdə davam edib. Belə ki, təqaüdlərin və əmək haqlarının cüzi artımı müqabilində qiymətlər bir neçə dəfə qaldırılıb, o cümlədən əhaliyə satılan qazın və əhalinin daha çox aztəminatlı hissəsinin istifadə etdiyi metroda gedişhaqlarının qiyməti dəfələrlə artırılıb. Korrupsiyanın miqyasının daha da genişlənməsi və total rüşvətxorluq nəticəsində isə vətəndaşların sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb. İl ərzində ölkədə kriminogen vəziyyət daim gərgin olub, xüsusilə də HHM qoşunlarının komandiri, general R.Rzayevin terrora məruz qalması və ADNA-da baş verən terror hadisəsinin günahkarlarının tapılaraq cəzalandırılmaması başa vurduğumuz ili hüquq-mühafizə sahəsində də uğursuzluq ili kimi qiymətləndirməyə imkan verir. Bu ili həm də Azərbaycanın strateji müttəfiqləri ilə münasibətlərinin korlanması və xarici siyasət sahəsində uğursuzluq ili kimi dəyərləndirmək olar. Ən yaxın müttəfiqimiz olan Türkiyə, o cümlədən xarici siyasətimizin əsas prioriteti elan edilmiş Avropaya inteqrasiya istiqamətində və beynəlxalq iqtisadi layihələrdəki əsas tərfdaşlarımız olan ABŞ və Qərbi Avropa ölkələri ilə münasibətlər ciddi aşınmaya məruz qalıb. İl ərzində Azərbaycanın üzv olduğu Beynəlxalq təşkilatların ölkə ilə bağlı fəaliyyətində də ciddi geriləmələr olub və bu təşkilatlar öz missiyalarının əsasını təşkil edən ideyalara cavab verməyən fəaliyyət göstəriblər. Təkcə Avropa Şurasının ölkəmizdə siyasi məhbuslarla bağlı təyin etdiyi məruzəçinin Azərbaycana bir dəfə də olsun səfər etməməsi və ATƏT-in Bakı ofisinin bələdiyyə seçkiləri ilə bağlı mövqeyi bu qənaətə gəlməyə imkan verir. Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar mart ayında keçirilmiş referendum ərəfəsində yaranmış ?Qarabağ və Respublika uğrunda Hərəkat?ın fəaliyyətini nəzərə almasaq, il ərzində müxalifətin fəaliyyətində də parçalanma və zəifləmə meylləri üstünlük təşkil edib və ölkədəki siyasi vəziyyətin dəyişməsi istiqamətində ciddi addımlar atılmayıb. Nəhayət bu il, ölkədə siyasi münasibətlərin yeni mərhələyə qaldırılması, iqtidar və müxalifət arasında sivil münasibətlərin yaranması, beləliklə də ümumi siyasi inkişafa cəhd olunması ilə əlaqədar Azərbaycan Demokrat Partiyasının təklif etdiyi siyasi dialoq və konstruktivizm ideyasından iqtidarın imtina etməsi ili kimi yadda qaldı. Beləliklə, Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti hesab edir ki, başa vurmaqda olduğumuz 2009-cu ili - durgunluq, siyasi inkişafın dayanması, siyasi, sosial və iqtisadi sahədə geriləmələrin başlanması, hakimiyyətin cəmiyyəti total nəzarətdə saxlaması cəhdlərinin artması və iqtidarın tamamilə deqradasiyaya uğramasının etiraf olunması ili kimi dəyərləndirmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA