ADP prezidentin əfv fərmanının natamam olduğunu bildirib

img

28-12-2009 [04:37]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər əsas müzakirə obyekti olub. Avropa Parlamentinin Azərbaycanda ifadə azadlığının vəziyyəti ilə bağlı çıxardığı qətnaməyə bir daha münasibət bildirən toplantı iştirakşıları bu qətnamənin beynəlxalq əməkdaşlığın məntiqindən irəli gəldiyini qeyd edib və azərbaycan rəsmilərini bu qətnamənin əleyhinə kompaniya aparmaqdansa mətbuat və fikir azadlığı sahəsində ölkəmizdə yaşanan neqativləri aradan qaldırmağa və Azərbaycann beynəlxalq arenada nüfuzunu qorumağa çağırıb. Dövlət başçısının bugünlərdə imzaladığı əfv fərmanına diqqət çəkən İdarə Heyəti üzvləri bunun humanist bir addım olduğunu bildirməklə yanaşı bu aktın natamam olduğunu və fərmanın əhatə etdiyi siyahıya mütəmadi olaraq beynəlxalq təşkilatların qınaq obyektinə çevrilən mətbuat nümayəndələrinin və siyasi məhbusların salınmamasından narahat olduğunu qeyd edib və dövlət başçısını mümkün qədər tez bir zamanda jurnalistlərin və siyasi əqidəsinə görə həbs edilən şəxslərin də daxil olduğu daha geniş sayda insanların həbsdən azad edilməsi barədə növbəti fərman imzalamağa çağırıb. İdarə Heyəti üzvləri İranda keçirilən prezident seçkilərindən sonra bu ölkədə yaşanan gərginliklərin əhatə dairəsinin genişlənməsindən və yaranmış gərginliklər fonunda İran hakimiyyətinin dinc aksiya iştirakçılarına divan tutmasından narahat olduğunu bildirib və soydaşlarımızın da daxil olduğu demokratik mübarizə tərəfdarlarına qarşı işgəncələr və repessiya faktlarını kəskin şəkildə pisləyib. İdarə Heyəti üzvləri Türkiyə və Azərbaycan arasında imzalanmış hərbi texniki əməkdaşlıq haqqında müqaviləni razılıqla qarşılayıb və bu müqavilənin iki ölkə arasında olan strateji müttəfiqliyi daha da möhkəmləndirəcəyini qeyd edib. Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə əlaqədar məsələyə münasibət bildirən İdarə Heyəti üzvləri bu seçkilərin tamamilə saxtalaşdırıldığını, çoxsaylı qanun pozuntuları və qeyri şəffaf şəraitində keçirildiyini bir daha qeyd edib. Eyni zamanda bələdiyyə seçkilərinə dair partiyanın yekun rəyinin hazırlanaraq yayılması üçün seçki qərargahına müvafiq tapşırıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA