isa Qəmbər: "Hakimiyyətdə olan rejim çürüməkdə davam edir"

img

27-12-2009 [05:25]


2009-cu il il yekunlaşmaq üzrədir. Başa çatan bu il ictimai-siyasi proseslərdə bir çox hadisələrlə yadda qaldı. Ən əsas proseslər isə mart ayında keçirilən referendum və bu günlərdə baş tutan bələdiyyə seçkiləri oldu. Amma ölkənin həyatında ciddi dəyişiklik baş vermədi. Ötən ildə baş verənlər və qarşıdan gələn 2010-cu ildə gözlənilən hadisələrlə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətləşdik. İsa bəy 2009-u itirilmiş il, 2010-u isə aktiv siyasi proseslərin yaşanacağı dövr kimi xarakterizə etdi. - Bütöv qiymətləndirəndə 2009-cu ili də Azərbaycan üçün itirilmiş il hesab etmək olar. Ümumiyyətlə, mən, Əliyev rejimi dövründə keçmiş bütün illəri Azərbaycan üçün itirilmiş illər hesab edirəm. Çünki nə işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində hər hansı bir irəliləyiş var, nə digər köklü problemlərimizin həllində hansısa irəliləyiş olub, azadlıq və demokratiyanın genişləndirilməsində isə bir addım belə irəli gedilməyib. Ona görə də qeyd etdiyim kimi, bu, itirilmiş ildir. Eyni zamanda ciddi problemlər yaşanan bir il oldu. Bunun obyektiv, Azərbaycandan asılı olmayan tərəfləri də var. Çünki ümumdünya iqtisadi böhranı artıq başlamışdı. 2009-cu ildə böhran davam etdi və Azərbaycana da çox ciddi təsirlərini göstərdi. Ancaq Azərbaycan hakimiyyətinin bilavasitə günahı ucbatından baş verən mənfi hadisələr də oldu. İlk növbədə referendum keçirilərək Azərbaycanı orta əsrlərə aparmaq addımı atıldı. Azərbaycanın dünya miqyasında nüfuzdan salınması istiqamətində atılan bu addım çox mənfi qiymətləndirilməlidir. Təbii ki, bu günlərdə yaşadığımız bələdiyyə seçkiləri absurdu ili tamamladı. İlboyu qətllər, terror hadisələri, jurnalistlərə qarşı təqiblər, ümumiyyətlə, azad, müstəqil düşünmək istəyən, bu prinsiplərlə yaşamağa çalışan insanlara təzyiqlər, hədələr, həbslər və bu kimi tendensiyalar təbii ki, mənfi bir mənzərə yaratdı. Xüsusən də ADNA-dakı terror hadisəsi, onlarla gəncimizin, müəllimimizin, ziyalımızın qətli çox böyük bir faciə kimi xatirimizdə qaldı. Yəni bu il kifayət qədər neqativ hadisələrin baş verdiyi bir il kimi tarixə keçdi. [b]- İsa bəy, 2006, 2007, 2008-ci illərə nəzərən 2009-da vəziyyət daha da pisləşdimi? Yəni Azərbaycanda proseslər pisləşməyə doğru gedir, yoxsa əksinə? [/b] - Hakimiyyətin seçdiyi xətt Azərbaycanı bir növ sovet dönəminə qaytarmaq, totalitar ölkəyə çevirmək cəhdləri təbii ki, hər ili əvvəlkindən daha mənif bir ilə çevirir. Amma eyni zamanda hakimiyyət özünün neqativ potensialını da bir növ xərcləyib bitirmək üzrədir. Artıq demək olar ki, hakimiyyət mənasını tamamiylə itirməkdədir. Hesab edirəm ki, bu ötən bir il hakimiyyətin ömrünü daha da gödəltdi və Azərbaycanda köklü dəyişikliklərin başlayacağı anı yaxınlaşdırdı. [b]- 2009-cu ildə müxalifətin fəaliyyətini necə qiymətləndirmək olar? Müxalifət bu il nəyi etdi, nəyi edə bilmədi, nə qazandı, nə itirdi? [/b] - Müsavat Partiyası özünün müəyyənləşdirdiyi proqram üzrə fəaliyyətini davam etdirdi. Təbii, hakimiyyətin tutaq ki, referendum cəhdi, yaxud bu cür Müsavatın proqramında nəzərdə tutulmayan və tutulması mümkün olmayan başqa hadisələri nəzərə almasaq, fəaliyyətimizi proqram üzrə davam etdirdik. Hakimiyyətin də bu cür oyunları olanda cəmiyyəti səfərbər etməyə çalışdıq və bu cəhdlərin qarşısında dayandıq. Bu baxımdan Müsavat Partiyası daha bir çətin mübarizə ilini başa vurmaq üzrədir. Ancaq çətin də olsa, Müsavat Partiyası yüzillik tarixi boyu hər zaman şərəflə, ləyaqətlə mübarizə aparmağa adət edib. Bu ili də çətin və şərəfli mübarizənin bir dönəmi kimi yadda saxlayacağıq. [b]- Bu il keçirilən referendumdan sonra yaranan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı müxalifətin geniş birliyi kimi qəbul edildi. Bu birliklə ciddi dəyişikliklərə, irəliləyişlərə nail olunacağı bildirildi. Amma bu birliyin ömrü uzun olmadı. Birliyin qorunub saxlanılmaması 2009-da müxalifətin itkisi kimi qəbul oluna bilərmi? [/b] - Bu hərəkat 2009-da yaranmış bir hərəkat idi və konkret bir məqsəd üçün yaranmışdı. Bildiyiniz kimi, referendum məsələsiylə bağlı idi. Hesab edirəm ki, hərəkat o mərhələdə öz missiyasını yerinə yetirdi. Çünki bütün cəmiyyətə, ictimai-siyasi təşkilatlara müraciət edərək, onları hakimiyyətin referendum oyununa qarşı birgə mübarizəyə səslədik. Kim də bu çağırışa dəstək verdisə, həmin hərəkatda birləşdi. Bu baxımdan, hərəkat öz missiyasını yerinə yetirmişdi. Referendum məsələsi bitəndən sonra söhbət oldu ki, bu hərəkatın sonrakı mərhələdə də davam edib-etməməsi məsələsini araşdıraq və birgə müzakirələri davam etdirək. Bir müddət müzakirələr davam etdi və sonrakı mərhələdə aydın oldu ki, yeni mərhələ üçün bu format yararlı deyil. Bu, aydın şəkildə göründü, ona görə də ömrünü başa vurdu. Mən burada bir problem görmürəm. Hesab etmirəm ki, bu, Müsavat Partiyasının, yaxud digər real müxalifət qüvvələrinin real gücünə hər hansı bir təsir göstərə bilər. [b]- Son dövrlər mətbuatda yeni bir birliyin yaranması ilə bağlı müzakirələr gedir: "Azadlıq"la Müsavat birliyi. Bu barədə funksionerlər səviyyəsində fikirlər səslənib. Bu birlik barədə Sizin də düşüncələrinizi öyrənmək istərdik. [/b] - İstəyirəm ki, sizin sualınızdan istifadə edərək bir məqamı vurğulayım. Birlik, əməkdaşlıq məsələsində bəzən yanlış şərhlər olur. Bəzən jurnalistlər, bəzən siyasətçilər tərəfindən bu məsələdə müəyyən yanlışlıqlara yol verirlər. Birliyin hədəfindən asılı olaraq, format müxtəlif cür ola bilər. Əgər söhbət ümummilli məsələlərdən gedirsə, tutaq ki, Qarabağ məsələsi olsun, o zaman Müsavat Partiyası bütün qüvvələrlə əməkdaşlığı mümkün hesab edir. Hakimiyyət də buna daxildir. Digər məsələlər var, tutaq ki, referendum məsələsində özünü göstərdi. Konkret cəmiyyətin, dövlətin, ölkənin maraqları ilə bağlı mövqe ortaya çıxır və o mövqedə çağırış veririk. Hansı qüvvələr o mövqeyə gəlirsə, həmin qüvvələrin birliyi ortaya çıxır. Biri də var ki, sırf siyasi mübarizə, hakimiyyətlə mübarizə. Burada artıq başqa prinsiplər tələb olunur. Axı, hakimiyyətin ya bilavasitə yaradıb ortaya atdığı siyasi fiqurlar, quruluşlar, yaxud nə zamansa müstəqil olan, ancaq sonradan hakimiyyətin nəzarətinə keçmiş siyasi quruluşlar olsun, həmin qüvvələrlə, şəxslərlə Müsavatın hansı əməkdaşlığından söhbət gedə bilər? Bir halda ki, söhbət bu hakimiyyətlə mübarizədən gedir. Gülməli olar axı, Müsavat və digər real müxalifət partiyaları hakimiyyətlə mübarizə aparırlar, bu mübarizədə hakimiyyətin bu və ya digər formada nəzarət etdiyi partiyalar da bizimlə olsun. Təbii ki, bu, mümkün olan məsələ deyil. Ona görə də indiki dövrdə yarana biləcək birliklərin, koalisiyaların formatından söhbət gedəndə diqqət etmək lazımdır ki, söhbət məqsəd uğrunda əməkdaşlıqdan gedir. Çünki qeyd etdiklərimin hamısı fərqli məsələlərdir və bu fərqli məqsədlər üçün fərqli formatda birliklərin yaradılmasını tələb edir. [b]- Yəni hakimiyyətlə siyasi mübarizə aparmaq üçün əməkdaşlıq edə biləcəyiniz qüvvə yoxdurmu?[/b] - Niyə yoxdur. Real müxalifət partiyaları var. [b]- Sizin üçün real müxalifət partiyaları hansılardır? [/b] - Zaur bəy, dəfələrlə deyilidi də. [b]- Hamı özünü real müxalifət sayır... [/b] - Biz bunun mətbuatda müzakirəsini o qədər də səmərəli hesab etmirik. Çünki biz mətbuatda deyirik ki, real müxalifət partiyaları ilə əməkdaşlık edərik. Siz soruşursunuz ki, hansılardır. Biz bir-ikisinin adının çəkirik. Siz gedirsiniz onlardan fikir soruşursunuz, onlar da bir fikir deyirlər. Sonra adı çəkilməyənlərin üstünə gedirsiniz ki, bəs Müsavat belə deyir. Onlar da başlayırlar, inciklərini bildirməyə. Gəlirsiz Müsavatın üstünə ki, bəs filankıs sizin haqqınızda belə deyir. Biz də cavabında deyirik ki, deyiblər, sağ olsunlar. Yəni məqsəd qalır bir tərəfdə, elə bil ki, müxalifətdaxili ziddiyyətlərlə bağlı ortaya bir görüntü çıxır. Halbuki müxalifətdaxili ziddiyyət bizi maraqlandırmır. Bizi maraqlandıran konkret siyasi situasiyada, konkret əməkdaşlıq etmək istəyən siyasi qüvvələrdir. Həmin qüvvələrlə də mərhələ-mərhələ, rəsmi, qeyri-rəsmi söhbətləşmələrimiz olur. 2010-cu ildə bizim konkret siyasi hədflərimiz var. Həmin konkret siyasi hədəflərə uyğun şəkildə Müsavatla real müxalifət partiyalarının əməkdaşlığını formalaşdırmağa çalışırıq. [b]- Mən intriqa, ziddiyyət yaratmağa görə demədim. Sadəcə, cəmiyyət üçün məsələlərin aydınlaşmasını istəyirəm...[/b] - Hər şey çox açıqdır, hamı da hər şeyi bilir. Heç kim özünü maymaq yerinə qoymasın. Hamıya hər şey məlumdur. [b]- Aydındır. İsa bəy, 2009 bitdi, fikirlərinizi də öyrəndik. Bəs, 2010-dan gözləntiləriniz nədir? [/b] - Çox gərgin il sayıram. Hesab edirəm ki, 2010 mübarizə ili, dəyişiklik ili olacaq. Mən, 2010-cu ildə Azərbaycanda ciddi dəyişiklik etməyin mümkünlüyünü görürəm. [b]- Bir qədər aça bilərsinizmi, bu dəyişikliklər hansı formada ola bilər? [/b] - Biz yalnız seçki yolu ilə hakimiyyət dəyişikliyini mümkün sayan siyasi qüvvəyik. Ona görə də dəyişiklikləri 2010-cu ilin parlament seçkiləri ilə bağlayırıq. Parlament seçkilərində köklü dəyişikliklərin başlayacağına inanırıq. [b]- Azərbaycan parlamentli respublika deyil. Yəni parlament seçkilərində qalib gəlmək hakimiyyət dəyişikliyi anlamına da gəlmir... [/b] - Bir başa deyil, ancaq elə parlamentdə müxalifət əksəriyyəti əldə etsə, hətta əksəriyyəti əldə etməsə belə, ciddi bir fraksiya ilə mübarizəyə başlasa, bunun özü ölkədə kifayət qədər ciddi dəyişikliklərə gətirib çıxaran bir hadisə olacaq. [b]- Bu fikirləri 2005-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində də səsləndirirdiniz... [/b] - Situasiyada köklü dəyişikliklər yoxdur ki, fərqli də fikir söyləyək. Əgər söhbət bu rejimdən, bu rejimin ölkəni girov vəziyyətində saxlamasından, seçkiləri saxtalaşdırmasından gedirsə, təbii ki, illər dəyişsə də, bizim hədəflərimiz dəyişmir. Ona görə də sözlər oxşar ola bilər. Sözlər süni surətdə orijinal olsun deyə, gerçəkliyə göz yumub, hansısa fərqli fikir söyləməyəcəyik. [b]- Əgər situasiya dəyişməyibsə, hakimiyyət həmin hakimiyyətdirsə, bəs onda nəyə əsaslanaraq 2010-da ciddi dəyişikliklər olacağını deyirsiniz? [/b] - Sovet hökuməti 70 il ömür sürdü, hansısa mərhələdə kimlərəsə elə gəlirdi ki, sovet hökuməti heç beş ildə getməyəcək. 30-cu illər kimi, ağır repressiyalar oldu, zaman gəldi, əksəriyyətin gözləmədiyi onillikdə sovetlər birliyi çökdü. Həmin qayda indi də keçərlidir. Əgər beş il əvvəl biz parlament seçkilərində bu rejimə qalib gələ bilməmişiksə, bu o demək deyil ki, 2010-da bunu etmək mümkün olmayacaq. Tamamiylə mümkündür, hesab edirəm ki, hakimiyyətdə olan rejim çürüməkdə davam edir. Onun bütün hədə-qorxusu, qəddarlığı tükənir və getdikcə "dişləri tökülmə" mərhələsinə daxil olur. Təbii, bu da o demək deyil ki, bu rejimdən hansısa cinayət gözləmək lazım deyil. Bunlardan hər şey gözləmək olar. Elə ilin axırındakı hadisələri xatırlayın. Aryı-ayrı yerlərdə jurnalistlərin döyülməsi, təqib olunması, vətəndaşlara qarşı zorakılıqlar, Ərəstun Orucluya qarşı sui-qəsd cəhdi barədə məlumat yayıldı. Yəni bu hakimiyyətdən istənilən cinayəti gözləmək mümkündür. Ancaq bütövlükdə bu rejimin "dişləri" tökülməkdədir və bu, açıq-aşkar hiss olunur. [b]- 2010 parlament seçkiləri həm Sizin üçün, həm də Müsavat üçün önəmli prosesdir. Yəni Sizin başqanlıq müddətiniz bitir. Parlament seçkilərində İsa Qəmbər seçilməsə, nə olacaq? [/b] - Bunun bir-birinə bilavasitə aidiyyatı yoxdur. Gələn il paralament seçkiləri var və ona hazırlaşırıq. Eyni zamanda yəqin ki, gələn ilin sonunda qurultayımızı keçirəcəyik. Yəqin ki, qurultayda rəhbərliyin dəyişilməsi baş verəcək. Yəni fərqi yoxdur. [b]- İsa Qəmbərin Müsavatın başında olmağı partiyanın monolitliyini təmin edir, bir növ sementləşdirici rol oynayırsınız. Həm parlamentə düşməsəniz, həm də başqanlıqdan getsəniz, onda Müsavatın halı necə olacaq[/b]? - Normal olacaq. Müsavatın halı heç zaman bir şəxsdən asılı olmayıb və olmayacaq. Ona görə də Müsavatla bağlı narahat olmayın, hər şey yaxşı olacaq. [b]- Müsavatda funksionerlər kifayət qədər nüfuza sahibdirlər və eyni zamanda bir-birlərini qəbul etməyən şəxslərdir. O baxımdan soruşuram ki, İsa Qəmbərsiz Müsavat necə olacaq? [/b] - Bunlar xeyli şişirdilmiş mülahizələrdir. Müsavat Partiyası təbii ki, böyük bir partiyadır. Müsavatda çox ciddi, təcrübəli siyasətçilər var. Müsavat kimi böyük partiyada əlbəttə ki, zaman-zaman fikir ayrılıqları da yaşana bilər. Ancaq bunların hamısı normal siyasi prosesdir. Bu baxımdan deyirəm ki, xüsusi bir narahatlığa ehtiyac yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA