19-12-2009 [08:19]
[b]"Bu gün hakimiyyətdə çevriliş etmək istəyən qüvvələr var"[/b]
[i]MMP sədri Artur Rəzizadəni, Elçin Əfəndiyevi, Abid Şərifovu, Hacıbala Abutalıbovu, bəzi nazir və komitə sədrlərini sərt şəkildə ittiham etdi [/i]
Xəbər verildiyi kimi, Müasir Müsavat Partiyası (MMP) yeni qərargaha köçüb. Qərargah problemi yarananda partiya rəhbərliyi bunun hakimiyyətdəki əleyhdarları tərəfindən planlaşdırıldığını bəyan etdi. Ölkədəki ictimai-siyasi vəziyyət, hakimiyyət daxilindəki qruplaşmalar barədə qəzetimizə müsahibə verən MMP sədri Hafiz Hacıyevin bu dəfəki çıxışı sərt oldu.
- Bildiyiniz kimi, bələdiyyə seçkiləri öncəsi partiyamızın beş il fəaliyyət göstərdiyi qərargahını əlimizidən alaraq Qarabağ İcmasına verdilər. Partiyamız üç ay idi ki, səyyar fəaliyyət göstərirdi. Əmlak Komitəsindən bizə ayrılan yer isə çox yararsız yer idi. Düzdür, binanın yerləşdiyi ərazi yaxşıdır, amma bina olduqca bərbad vəziyyətdə idi. Artıq təmir işlərini başa çatdırıb yenə qarargaha köçmüşük, normal iş şəraiti bərpa olunub. Düşünürəm ki, bu qərargah daimi yerimiz olacaq. Hakimiyyətdəki bəzi qüvvələr istəyirdilər ki, dövlətçiliyimizə etdiyimiz xidmətlərin üstündən xətt çəksinlər. Burda da məqsəd o idi ki, bizi prezidentlə üz-üzə qoysunlar, amma buna nail ola bilmədilər.
[b]- Hafiz müəllim, hakimiyyətdə kimlər Sizə belə bir problem yaratdılar və bunun səbəbi nə idi?[/b]
- Xatırlayırsınızsa, mən prezident seçkiləri ərəfəsində korrupsiyaya qurşanmış bəzi nazirləri tənqid edirdim. Heydər Babayevi açıq şəkildə tənqid edəndə məni qınaq obyektinə çevirmək istəyən hakimiyyətdəki bəzi şəxslər məndən qisas almaq istəyirdilər. Həmin qruplaşmalar üzdə hakimiyyətin siyasətini dəstəkləyirlərmiş kimi görünsələr də, əslində prezidentə zərbə vurmağa çalışırlar. Zamanı gələndə hər şeyi açıb deyəcəyik, həmin məmurların axırına çıxmaq ciddi işlər görəcəyik. Həmin qüvvələr dövlətin inkişafını istəmirlər, amma buna baxmayaraq, böyük kapital sahibləridirlər. İmkan tapan kimi isə prezidentə xəyanət edir, çalışırlar ki, xalqı prezidentdən narazı salsınlar. Onlar çox yaxşı bilirlər ki, Müasir Müsavat Partiyası həmişə prezidenti müdaifə edib. Ona görə də bizə qərargah problemi yaradaraq, istədilər ki, prezidentin müdafiəsindən əl çəkək. Lakin heç vaxt bu cür təxribatlara uymamışıq, uymarıq da.
[b]- Konkretləşdirə bilərsinizmi, hakimiyyətdəki həmin şəxslər kimlərdir?[/b]
- Hələlik buna ehtiyac yoxdur. Bilirsiniz ki, ilin 12 ayı mənim başım bəlalarda, qalmaqallarda olub. Hakimiyyət daxilində olan, vaxtiylə məndə ötrü həyatından keçmək istəyən qüvvələr də bəzi məsələlərə biganə yanaşırlar. Bu gün Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vuran insanlar çalışırlar ki, ölkə daxilində də qarışıqlıq salsınlar. İndi onların adını çəksəm, gərək gedib xalqı başımıza toplayıb, hamısını kabinetlərindən çölə ataq. Amma az qalıb, onların axırına çıxacağıq. Prezidentin də bunlardan xəbəri var, mənə təzyiq göstərənlərin kimliyi ölkə başçısına bəllidir. Qoy, həmin məmurlar düşünməsinlər ki, bizi incidib, dövlətə qarşı qaldıra biləcəklər. Yəqin ki, yaxın vaxtlarda prezidentlə görüşüb, baş verənləri onun diqqətinə çatdıracağam. Həmin xəyanətkar məmurların bir hissəsini türməyə, bir hissəsini isə vəzifədən kənara atacağıq. Ona görə də hələlik ad çəkməyə ehtiyac yoxdur. Amma ad çəksəm, onlar vəzifədə oturmayacaqlar.
[b]- Bir müddət öncə ciddi kadr islahatlarının olacağını da bildirmişdiniz, amma hələki dəyişiklik yoxdur. Gözlənilirmi? [/b]
- Təbii ki, növbəti kadr islahatları gözlənilir. Çünki problemlər daha da dərinləşir, qarşıdurmalar güclənir. Hakimiyyət daxilində milyarder təbəqə var və onlar düşünürlər ki, Azərbaycanda hər şeyə nail ola, istənilən anda prezidentə təzyiqlər göstərə bilərlər. Amma yaxın vaxtlarda dəyişikliklərin şahidi olacaqsınız. Yəqin ki, ciddi kadr islahatları yeni ildən başlayacaq. Hakimiyyət daxilində elə bir vəziyyət yaranıb ki, prezidentdən başqa işləyən yoxdur. Əksinə, provakasiya ilə məşğul olanlar var ki, onlar köklü islahatların aparılmasına qarşı çıxırlar. Hesab edirəm ki, bu məmur təbəqəsindən qurtulmasaq, Azərbaycanı böyük fəlakətlər gözləyir. Bir neçə naziri çıxmaq şərti ilə hakimiyyətdəkilərin əksəriyyəti köhnə təfəkkürlə işləyirlər, axşama kimi nəvə-nəticələri ilə məşğuldurlar. Düşünürəm ki, prezident özü kimi gənc insanları ətrafında birləşdirib, yeni komanda formalaşdırmalıdır. Bu komanda Azərbaycanı çətin vəziyyətdən xilas edəcək və Qarabağ probleminin həllinə təsir göstərəcək. Təsəvvür edin, hakimiyyətdə olan bəzi məmurlar deyirlər ki, filankəs Qarabağı ala bilmədi, bəs, bu necə alacaq? Görünür, yenə mənim köməyimə ehtiyac olacaq və həmin mənfur məmurlarla üz-üzə gəlib, vidalaşacağıq.
[b]- Kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı tənqidi fikirləriniz var idi... [/b]
- Təkcə İsmət Abbasov deyil ki. İndi deyir ki, mənim yığdığımı əlimdən alırlar. Seçki ərəfəsində İsmət Abbasovla bağlı faktlarla çıxış edəndə, məni Mərkəzi Seçki Komissiyasına çağırıb dedilər ki, filankəs deyir, dəymə ona. Bilirsiz, problem İsmət Abbasovla qurtarsaydı, nə var idi. Hamı bilir ki, kənd təsərrüfatı naziri yerində olmayan, işdən başı çıxmayan, yararsız kadrdır. Onu himayədarları çağırır ki, səninlə bağlı danışırlar, bu qədər pul gətir. Deyəsən, o da bezib. Görürsünüz, indi də öz sahəsində yaranan problemləri Maliyyə Nazirliyinin üzərinə atır. Belələri çoxdur. Bəzi icra başçıları isə xalqı dəridən-qabıqdan çıxarır. Prezident sərəncam verir, amma yerlərdə bunu icra edən yoxdur. Əksəriyyəti rüşvət yığmaqla məşğuldur. Bəzi nazir və komitə sədrləri isə dövlətin işi ilə deyil, yalnız şəxsi biznes şəbəkələri ilə məşğul olurlar.
Onu da deyim ki, bu gün hakimiyyətdə çevriliş etmək istəyən qüvvələr var. Amma biz onların hansı dövlətlərdə və kimlərlə işbirliyində olmalarını, hansı planlar qurduqlarını prezidentin diqqətinə çatdıracağıq.
[b]- Siz hakim komanda da kadr islahatlarının aparılacağını bildirirsiniz, amma son vaxtlar, prokurorun, ombudsmanın və digər məmurların səlahiyyət müddətlərini artırırlar. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Kadr islahatları başlayacaq və özünüz də görəcəksiniz ki, nə ilə nəticələnəcək. Sadəcə olaraq, qoca nəslin nümayəndləri yeniliklərə imkan vermirlər. Üstəlik, prezidentin adı ətrafında mənfi fikir formalaşdırmağa çalışırlar.
[b]- Başqa məsələni soruşuram. Uzun ömürlü nazir, prokuror, komitə sədrlərinin olması nə qədər doğrudur? Yəni bunlar o qədər yaxşı işləyirlər ki, 10-15 il eyni vəzifədə qalırlar? [/b]
- Qətiyyən. Onlar yaxşı işləmirlər, Azərbaycanı dağıdırlar, fəlakətə sürükləyirlər. İstəmirəm ki, onların konkret olaraq, adını çəkib kəllə-kəlləyə gəlim. 15 illik nazirlər var ki, yerlərində deyirlər. Gərək onların özlərinin abır-həyası olsun və çıxıb getsinlər. Ölkə başdan-başa korrupsiyaya qurşanıb. Bu vəziyyəti kim yaradıb? Əlbəttə ki, qeyd etdiyiniz nazirlər.
[b]- Konkret olaraq, bu gün hansı nazirlikdə, komitədə və başqa strukturda kadr islahatı aparılmalıdır? DİN, Prokurorluq, Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa...[/b]
- Hansı sahədə islahatlara ehtiyac yoxdur ki? Vəziyyət elədir ki, hökumət Artur Rəsizadə başda olmaqla istefaya göndərilməlidir. Ona görə ki, bu insanlar vəzifədə qaldıqları hər gün xalqı soymaqla, talamaqla məşğuldurlar. Bu gün Azərbaycanda nümunə üçün normal işləyən nazir yoxdur. O qədər pul yığıblar ki, artıq onları heç nə düşündürmür. İndi də bir-birini qırırlar. Mən deyərdim ki, bu gün hökumətdə yerində olan adam yoxdur. Onlar ərəb şeyxləri kimi özlərinə hərəmxana açıblar, hərəmlərinə villa, xarici maşınlar almaqla məşğuldurlar. Görün, vəziyyət nə yerə gəlib çıxıb ki, "Eurovision"da iştirak edən bir qıza nazir təklif edir ki, gəl, sənə hər cür şərait yaradım. Biabırçılıqdır! Azərbaycanda ictimai rəyə fikir verən yoxdur. Ədalətsizlik olan yerdə gələcək ola bilməz. Ölkədə köklü islahatlar aparmaq lazımdır. Bir-iki körpü, beş-altı hündürmərtəbəli bina tikmək inkişaf demək deyil. Regionlar batıb gedir. Hakimiyyətdəkilərin qarnı toxdur, elə bilirlər ki, hamı toxdur. Bu günlərdə Ramiz Mehdiyev çox gözəl dedi ki, Azərbaycanda kitab yazan yoxdur. Ay qardaş, yazıçının qarnı acdır axı, kitabı necə yazsın?
[b]- Niyə ki, Yazıçılar Birliyinə kifayət qədər pul ayrılır... [/b]
- Təbii ki, orden də verilir, ev də verilir, pul da verilir. Amma yazıçılar məndən inciməsinlər, onların əksəriyyəti yaltaqlığı çox gözəl bacarırlar. Bəzilərinə isə şərait yaratsan, vətəni də satmağa hazırdır. Ölkədə 5-10 jurnalist var, həqiqəti xalqın diqqətinə yalnız onlar çatdırırlar. Nə olub, Azərbaycanda Elçin Əfəndiyevdən başqa bir adam yoxdur? Məgər Artur Rəsizadədən başqa bir adam tapılmır ki, hökumətin başına gətirilsin? Hacıbala Abutalıbov kimi hoqqabazın, nə etdiyini özü də bilməyən bir adamı əvəz edə bilən adam yoxdurmu? Hələ qış gəlməyib, amma Bakının düşdüyü duruma bax. Bu qədər pul ayrılan şəhərin, gərək heç bir problemi olmasın. Amma Hacıbala Abutalıbovun "səyi" nəticəsində hər tərəf bərbad gündədir. Hacıbalanı isə dindirəndə özünü dəliliyə vurur. Deyir ki, mənim yanıma elə adamları qoyublar ki, ancaq pul yığırlar. Mnə bilmirəm ki, bu pul yığan kimlərdir. Bakının rayonlarının icra başçıları isə eyş-işrətlə məşğuldurlar. Bunu çoxları bilsə də, hələlik tədbir görən yoxdur. Azərbaycanı pis günə salıblar. Xalq bir gün qalxar, Artur Rəsizadələri, Hacıbala Abutalıbovları və bu kimi məmurları dənizə atar. Proseslər ona doğru gedir. Hacıbala Abutalıbov avarının biridir. Artur Rəsizadə kimdir, əlindən bir iş gəlməyən, ağzının sözünü danışa bilməyən bir adam. Elçin Əfəndiyev kimdir, vaxtiylə "KQB"-nin agenti olub. Yaxud tikintiyə baxan, Abid Şərifov. Kimlərdir bu adamlar, hakimiyyətin, prezidentin apardığı siyasəti, gördüyü işləri heç nə edən adamlar. Bunların hamısı gələnə əl çalıblar, gedənin arxasınca danışıblar. Amma onlara deyirəm ki, ağızlarına gələni danışmasınlar...