13-12-2009 [05:28]
[b]Mayis Güləliyev: "ABŞ-ın Cənubi Qafaz siyasətinin əsasında nə demokratiya, nə də insan hüquqları dayanmır" [/b]
Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev Fransanın "Altermondes İnformations" jurnalına müsahibə verib. Müsahibənin tərcüməsini ixtisarla təqdim edirik.
[b]- Cənab Güləliyev, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin gəlirləri və tikintisinin əhəmiyyəti ilə bağlı Sizin tələbiniz nədən ibarət idi? Layihənin əldə etdiyi nailiyyətlərə baxmayaraq, Siz yenə də bu layihənin əleyhinəsinizmi? [/b]
- Əslində bu layihə daha böyük təsirə malik olan "Əsrin Müqaviləsi"nin davamıdır. Odur ki, onun gəlirləri və əhəmiyyəti haqqında danışanda "Əsrin Müqaviləsi"nin bütövlükdə əhəmiyyəti və gəlirləri nəzərə alınmalıdır. Artıq "Əsrin Müqaviləsi"nin fəaliyyətə başlamasından 15 il ötür. Bizi narahat edən əsas məsələ ondan ibarət idi ki, hər iki layihənin əhəmiyyəti haqqında ciddi tədqiqatlar yox idi. Təəssüf ki, hər iki layihələrin imzalanması və maliyyələşməsi dövründə onlar haqqında alternativ fikir söyləmək yasaqlandı. Layihələrə şübhə ilə yanaşanlar təqib edildi. O vaxtlar rəhbərlik etdiyim Vətəndaş Təşəbbüsləri Mərkəzi də Avropanın bir çox QHT və siyasi qurumları kimi BTC boru kəmərinin təsirlərindən narahatlıq keçirirdi. Bizi narahat edən əsas məsələlər ondan ibarət idi ki, bu layihə; 1) nə qədər təhlükəsiz ola biləcək; 2) qlobal iqlim dəyişməsi fonunda regiondakı boru kəmərləri sistemi atmosferə nə dərəcədə ziyansızdır; 3) belə kəmərlərin dövlət vəsaitləri ilə həyata keçirilməsi ciddi siyasi nəticələr yaratmayacaq ki; 4) fəaliyyəti 50 ildən daha çox bir müddətə nəzərdə tutulan BTC-nin yerli icmalara mümkün təsirlərini kompensasiya etmək mümkün olacaqmı və sair.
Əlbəttə, mənim bu məsələlərdən əlavə daha ciddi tələblərim də var idi. Bu tələblər BTC tərəfdarlarının əsassız arqumentlərinə alternativ idi. Belə ki, BTC-ni təbliğ edən dövlət təşkilatları, siyasi partiyalar və QHT-lər belə fikirlər uydururdular ki, guya boru kəməri çəkiləndən sonra Azərbaycanın üzləşdiyi problemlər, xüsusilə də Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll ediləcək. Odur ki, BTC-nin tikintisini və ya maliyyələşməsini hər hansı formada tənqid edənlər hər tərəfdən təzyiqlə üzləşirdilər.
Hələ 2002-ci ildə biz bəyan etmişdik ki, BTC-nin tikintisi baş tutarsa, Dağlıq Qarabağ problemi ən azı 20-25 il "dondurulacaq". İkincisi, deyirdik ki, Azərbaycanda qeyri-neft sektoru bərbad vəziyyətə düşəcək, iqtisadiyyatda "Holland sindromu" yaranacaq. Həm də iddia edirdik ki, Azərbaycanda qeyri-demokratik idarəetmə formalaşacaq, regionlarda sosial vəziyyət və həyat səviyyəsi aşağı düşəcək və sair. Təəssüf ki, bizim proqnozlar özünü doğrultdu.
[b]- Beynəlxalq dəstək kontekstində bu layihənin əleyhinə mübarizə aparmaq və BMİ-na təzyiq göstərmək üçün Sizin hansı vasitələriniz var idi? [/b]
- Layihə ABŞ və Avopanın aparıcı dövlətləri tərəfindən dəstəklənirdi. Layihənin operatoru isə BP şirkətidir. Bir neçə milyard investisiya tutumu olan və Avropanın enerji təminatında mühüm əhəmiyyət daşıyan, neft maqnatlarına milyardlarla dollar gəlir vəd edən layihənin əleyhinə çıxış etmək o qədər də asan deyildi. Mənim üçün ikiqat çətinlik var idi. Çünki BTC-nin əleyhinə çıxış edən qurumların mübarizə motivi ilə mənim mübarizə motivim ciddi fərqlənirdi. Belə ki, bu qurumların əksəriyyətinin əsas hədəfi layihənin dayandırılması yox, onun mənfi təsirlərinin öyrənilməsi və azaldılması idi. Odur ki, onların əsas fəaliyyəti Beynəlxalq Maliyyə İnstitutları ilə işləməyə yönəlmişdi. Onlar Beynəlxalq Maliyyə İnstitutları vasitəsilə layihənin mənfi təsirlərini aradan qaldırmağa ümid edirdilər. Doğrusu, mən, nə Beynəlxalq Maliyyə İnstitutlarına, nə də bəzi monitorinq layihələrini maliyyələşdirən fondların, o cümlədən Soros Fondunun səmimiliyinə inanmırdım. Əksinə, hiss edirdim ki, bizim təqdim etdiyimiz faktlardan həm BP-yə, həm də Azərbaycan dövlətinə təzyiq vasitəsi kimi sui-istifadə edilir. Bizim apardığımız müstəqil monitorinqlər, yerli əhali ilə keçirdiyimiz görüşlər BTC ilə bağlı çoxlu sayda problemlərin olduğundan xəbər verirdi. Biz öz fəaliyyətimizdə həm yerli Azərbaycan məhkəmələrinə müraciət imkanlarından, həm də Böyük Britaniya hökumətinin müxtəlif idarələrinə yazılı şikayətlərin göndərilməsi imkanlarından istifadə edirdik. BP-nin müvafiq idarələri ilə mütəmadi görüşlər təşkil edilirdi və müzakirələr aparılırdı. Lakin bütün bunlar nə BP-nin, nə də yerli hökumətin BTC layihəsi ilə bağlı yarıtmaz fəaliyyətinə əsaslı təsir göstərə bilmirdi. Çünki maliyyə cəhətdən daha güclü olan əks-təbliğat şəbəkəsi qurulmuşdu. BP Azərbaycanın siyasi partiyalarını və QHT-ləri müxtəlif formalarda şirnikləndirərək "BTC-ni dəstək koalisiyası" yaratmışdı.
[b]- Sizin kampaniyanız Azərbaycan hökuməti tərəfindən məhdudlaşdırıldımı və ya beynəlxalq əməkdaşlar tərəfindən müqavimətə məruz qaldımı? [/b]
- Bizim hesabatlar əsasən internet vasitəsilə yayılırdı. Əlbəttə, ilk vaxtlar, az da olsa, yerli televiziya və radionun imkanlarından istifadə edilirdi. Sonralar isə BTC-ni və BP-ni televiziya və radioda tənqid etmək tamamilə yasaq edildi. Hazırda da belədir. Hökumət tərəfindən fiziki təzyiqlərə məruz qalmasam da, təhsil müəssisələrində mühazirə aparmağıma, televiziya və radioda çıxış etməyimə yasaq qoyulub. Azərbaycanda QHT-lərə maliyyə yardımı ayıran qurumlar, o cümlədən Açıq Cəmiyyət İnstitutu (Soros Fondu), Azərbaycan Prezidenti yanında QHT-lərə Yardım Şurası, xarici dövlətlərin səfirlikləri vaxtilə mənim fəaliyyət göstərdiyim Vətəndaş Təşəbbüsləri Mərkəzi ilə əməkdaşlıqdan ehtiyatlanırlar. Odur ki, bu təşkilat maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini xeyli məhdudlaşdırıb. Mən isə artıq 3 ildir ki, Azərbaycan Yaşıllar Partiyasına rəhbərlik edirəm. Lakin bu qurum da siyasi partiya kimi dövlət qeydiyyatından keçə bilmir.
[b]- Müxtəlif NGO-ların, Rusiya müxalifətinin hesabatlarına, terrorizm və regional konfliktlər riskinə baxmayaraq nə üçün bu Maliyyə İnstitutları layihəni dəstəklədilər və onu maliyyələşdirmək qərarına gəldilər? Hansı geosiyasi dəstəklər var idi ki, onların maliyyə yardımlarını izah etsin? [/b]
- Beynəlxalq Maliyyə İnstitutları, xüsusilə BTC-ni maliyyələşdirən banklar ABŞ-ın tam nəzarətində olan qurumlardır. Mənim son 10 il ərzində BMİ ilə olan tanışlığım bunu deməyə əsas verir ki, BP bu qurumlar üzərində geniş imkanlara və təsir gücünə malikdir. Digər tərəfdən, ABŞ-BMİ-neft şirkətləri-?ATO zənciri mövcuddur. Bu layihə BMİ tərəfindən maliyyələşməsəydi də mütləq reallaşacaqdı. Azərbaycan neftinin daşınmasını sürətləndirmək üçün tələb olunan 4-5 milyardlıq investisiyanın tapılması İraq nefti naminə yüz milyardlarla dollar xərcləyən ABŞ üçün ciddi problem deyildi. Bu halda da ABŞ adəti üzrə öz imperialist anatomiyasından çıxış etdi. BTC o vaxt gündəmə gəldi ki, ABŞ-ın Cənubi Qafqazda neft ehtiyatları üzərində hakimliyi artıq reallaşmışdı. Sadəcə, bu ehtiyatların sürətlə və təhlükəsiz daşınması lazım idi. Layihə o vaxt reallaşmaya bilərdi ki, neft ehtiyatlarına sahiblik məsələsində hələ aydınlıq olmasın və ya region müharibə təhlükəsində olsun. "Əsrin Müqaviləsi" də 1994-cü ilin mayında razılaşdırılan atəşkəs rejimində imzalanmışdı. Yəni nə BTC-nin tikintisi layihələşdiriləndə, nə onun maliyyələşməsi müzakirə ediləndə, nə də bu gün, yəni BTC-nin tam gücü ilə fəliyyəti dövründə ABŞ-ın marağına təhlükə ola bilən müharibə riski yoxdur. Lakin region xalqlarının, o cümlədən Azərbaycan xalqının marağına zidd risklər var. Bu da "dondurulmuş" münaqişələrin həll edilməməsi və gələcək nəsillərə saxlanmasıdır.
Digər risk Azərbaycan iqtisadiyyatı və Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlıdır. Təqribən 20-25 il müddətində enerji ehtiyatlarının tükənməsi fonunda Cənubi Qafqaz həm enerji, həm ərzaq, həm də ekoloji problemlərlə üzləşə bilər.
[b]- Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iştirak etmədən bu layihə reallaşa bilərdimi? [/b]
- Dünya Bankı və AYİB nəinki bu layihəni reallaşdırmalı idi, hətta bu layihənin təhlükəsiz və yüksək mənfəətlə fəaliyyət göstərməsi üçün lazım olan addımları atmalı idi. ABŞ-ın Cənubi Qafqazda yeni müstəmləkəçilik taktikası bunu tələb edirdi. Belə ki, 1) SSRİ kiçik "dövlətlərə" parçalanmışdı;
2) etnik qarşıdurmalar və separatizm siyasəti vasitəsilə belə "cırtdan dövlətlər" arasında münaqişələr yaradılmış və onların inteqrasiya imkanları heçə endirilmişdi;
3) "sözəbaxan" yerli hökumətlər formalaşmışdı;
4) yerli hakimiyyətin tam nəzarətdə saxlanması üçün "sözəbaxan" müxalifət yaradılmışdı;
5) bu ölkələrin sərvətləri hüquqi cəhətdən ələ alınmış və müvafiq müqavilələr (o cümlədən "Əsrin Müqaviləsi") imzalanmışdı;
6) sərvətlərin ucuz hasilatı və yüksək mənfəətin əldə edilməsi üçün yerli qanunvericilik formalaşdırılmışdı.
BTC boru kəmərinin tikintisi məhz bu addımlardan sonra məntiqi olaraq gündəmə gəlmişdi. Deməli, növbəti addımların atılması gözlənilən idi. Yəni, sərvətlərin sürətlə daşınması üçün tələb edilən infrastruktur yaradılmalı və nəhayət, nəqliyyat infrastrukturunun (yəni BTC-nin) təhlükəsizliyi üçün müvafiq addımlar atılmalıydı. Bu o deməkdir ki, BTC reallaşmalı və regiona hərbi müdaxilə üçün lazımi işlər görülməliydi. Odur ki, BMİ maliyyələşməni heç cür saxlaya bilməzdi.
[b]- Sizin kampaniyanız ətraf mühitin və insanların problemlərində hər hansı irəliləyişlərin və dəyişikliklərin həyata keçirilməsinə şərait yaratdımı? [/b]
- Son 7 ildə BMİ-yə, BP-yə və Azərbaycan hökumətinə BTC-nin təsirləri ilə bağlı ünvanlanan şikayətlərin heç biri müsbət həll olunmayıb. BTC-nin rəsmi şəxsləri etiraf edirlər ki, biz ətraf mühitə və ya icmalara dəyən min dollarlıq zərəri ödəmək əvəzinə on min dollarlıq başqa xərclər etməyə hazırıq, təki bizim ziyan vurmağımız etiraf edilməsin. Bəli, bu "demokratiya carçısı" olan ABŞ və Böyük Britaniya şirkətlərinə xas olan "humanizmdir". Layihə sənədlərinin öyrənilməsi, layihənin həyata keçirilməsinin auditi, layihənin təsirlərinin tədqiqi və hər hansı mənfi təsirlərin aradan qaldırılması istiqamətində mübarizənin təşkili çox böyük maliyyə və insan resursları tələb edir. Bizim gücümüz isə o həcmdə deyil. Buna baxmayaraq, güman edirəm ki, son 7 ildə BTC boru kəməri ilə bağlı bizim fəaliyyətimiz izsiz ötüşməyib. Biz öz mübarizəmizlə sübut etdik ki, ABŞ-ın Cənubi Qafaz siyasətinin əsasında nə demokratiya, nə də insan hüquqları dayanmır. Bu siyasətin əsas mahiyyəti neft maraqları ilə bağlıdır. Bu işğalçı xarici siysət region ölkələrinə, o cümlədən Azərbaycan xalqına yaxşı heç nə vəd etmir.