Araz Əlizadə: "YAP-ın ölkə həyatında hər hansı rolu yoxdur"

img

06-12-2009 [05:57]


[b]"Azərbaycanda hakim partiya yox, sadəcə olaraq, iqtidarda olan məmurlar var" [/b] Məlum olduğu kimi, artıq bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Amma buna baxmayaraq, ölkədə aktiv təbliğat kampaniyası getmir. "Reytinq"ə müsahibə verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bələdiyyə seçkilərinə bir o əqədər də önəm vermədikləri üçün prosesdə yaxından iştirak etmədiklərini deyir: - Bizim əvvəlcədən qərarımız var idi ki, bələdiyyə seçkiləri ilə bağlı bütün qərarları rayon təşkilatlarının öhdəsinə buraxaq. Ona görə də rayon təşkilatları seçkini necə keçirəcək, namizədlər necə iştirak edəcək, özləri müəyyənləşdirəcəklər. Nəyə görə? Birincisi, bələdiyyələrin heç bir səlahiyyəti yoxdur. Hamımız da yaxşı bilirik ki, bələdiyyələr yalnız torpaq satmaqla məşğuldur. Ona görə də biz o qədər də çalışmırıq ki, torpaq satmaqla məşğul olan üzvlərimiz olsun. [b]- İndi seçkiyə qatılanlar torpaq satmaq imkanı əldə etmək üçünmü prosesə qoşulublar? [/b] - Bəli. Namizədlərin əksəriyyəti torpaq satmağa görə seçkiyə qatılıblar. Birinci sualınızın davamı olaraq, demək istəyirəm ki, biz daha yaxşı bilə bilmərik ki, Məhəmmədi kəndində kimin daha çox hörməti var, yaxud Danabaş kəndində kim daha nüfuzludur. Bunu yerli təşkilatlar bilirlər. Bu səbəbdən də yerli təşkilatların nümayəndələri öz namizədlərini irəli sürürlər. Ən əsası isə bizim partiyanın o qədər pulu yoxdur ki, kimisə torpaq satmaq üçün harasa qoyanda pul xərcləyək. Çünki partiya şəklində seçkiyə qoşulanda mərkəzi aparat maliyyə ayırlamı idi. Ona görə də biz partiya şəklində seçkiyə getməyi lazımsız bildik. [b]- Digər müxalifət partiyaları da seçkiyə partiya olaraq qoşulmasalar da, namizədlərinə dəstək verirlər... [/b] - İşləri avand olsun. Düşünmürəm ki, onlar bu seçkidə nəsə müvəfəqiyyət əldə edəcəklər. Çünki biz də daxil olmaqla, müxalifətin heç bir gücü yoxdur. Ona görə ki, bu gün müxalifətdə olan əsas qüvvələr 1988-ci ildən xalqı uçuruma aparıblar və xalqa yalan deyiblər. Neçə illərdir onları dilə tuturam ki, tövbə edin, günahlarınızı boynunuza alın, onlar isə deyirlər ki, bizim heç bir günahımız olmayıb. Mən də elə düşünürəm ki, onların elə bir günahı olmayıb, bir hakimiyyət hərisliyindən başqa. Onlar yalnız hakimiyyəti düşünüblər, heç vaxt xalqı düşünməyiblər. [b]- Bu gün iqtidarda təmsil olunanların hakimiyyət hərisliyi yoxdur? [/b] - Öncə onu deyim ki, Azərbaycanda hakim partiya yox, sadəcə olaraq, iqtidarda olan məmurlar var. Mən düşünmürəm ki, Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır. Bəli, prezident Yeni Azərbaycan Partiyasının sədridir. Amma bu gün YAP-ın ölkə həyatında hər hansı rolu yoxdur. [b]- Araz müəllim, budəfəki seçkidə YAP-dan başqa heç bir qurum prosesə partiya olaraq qoşula bilmədi. YAP-ın 15 mindən çox namizədi qeydə alındı, müxalifət partiyaları isə bu qədər namizəd irəli sürə bilmədi. Bu qeyri-bərabərliyi necə qiymətləndirirsiniz? [/b] - Fikir verdinizsə, özünü müxalifət adlandıran partiyalar namizədləri qeydiyyata alınmayanda elə də ciddi iddialar irəli sürmədilər. Çünki bunun əhəmiyyəti yoxdur. Onu da deyim ki, əgər Bakının, Gəncənin, Sumqayıtın merlərinin seçkisi olsaydı, çoxlu-çoxlu nüfuzlu siyasətçilər bu seçkilərdə iştirak edərdilər. Amma bu yoxdur, ona görə də iştirak etmirlər. O məsələ də var ki, bəzi özünü müxalifət adlandıran partiyalar bu seçkidə ona görə iştirak edirlər ki, desinlər, biz də varıq. Amma əslində yoxdurlar. Bu gün Azərbaycanda müxalifət yoxdur, çünki müxalifət olmaq üçün xalqın sənə inamı olmalıdır. İkincisi, müxalifət xalqı o qədər aldadıb ki, xalq ona inanmır, üstəlik, müxalifət də tövbə eləmir. Digər tərəfdən, siyasətin bünövrəsi iqtisadiyyatdır, yəni maddi durumdur. Partiyalar maddi cəhətdən təminatlı deyillər. 80-ci illərin sonlarındakı romantizm ruhu da ölüb. Ona görə də müxalifət partiyaları ölü vəziyyətdədir. İstedadlı gənclər də siyasətə gəlmirlər. Onlar düşünürlər ki, peşə qazanım, karyerımı təmin edib və öz gələcəyimi müəyyənləşdirim. Ən əsası, proporsional seçki sistemi də ləğv edildikdən sonra partiyaların siyasi əhəmiyyəti heçə enib. Çünki əvvəl belə idi, hər hansı bir siyasi partiyanın nümayəndəsi olmalısan ki, seçkilərdə iştirak edə biləsən. Bu gün isə hamı bilir ki, partiyadan namizəd olmaq daha çətindir. Çünki o qədər sənəd istəyirlər ki, seçki yaddan çıxır. [b]- Partiyaların maliyyələşməsi məsələsinə toxundunuz. ALP-nin sədr əvəzi Əvəz Temirxan hər ailənin ayda bir manat siyasi partiyalara yardım etməyi təklif etmişdi. Bəlkə Siz də bu təklifə qoşulasınız.[/b] - Vaxtiylə Lalə Şövkət Hacıyeva Liberal Partiyasının sədri olarkən, demişdi ki, partiyasının 25 min üzvü var və üzvü 25 mindən az olan partiyaların qeydiyyatı ləğv olunmalıdır. O zaman mən bir qədər sərt cavab vermişdim ki, onların heç 25 min bitləri yoxdur. Əgər onların 25 min üzvləri varsa, hər üzv ayda bir manat versə, partiyaları normal fəaliyyət göstərər. O ki qaldı Azərbaycan əhalisinin pul verməsinə, bu gülüş doğurur. Əvəz Temirxan həmişə paradoksal təkliflər verir. Məsələn, bir vaxtlar təklif etmişdi ki, partiya sədrləri imtahan verməlidirlər. Bilmirəm harda, Tələbə Qəbulu Komissiyasında, yoxsa harda? Biz 1995-ci ildə əhalinin sosial vəziyyətini nəzərə alaraq, qurultayda qərar verdik ki, üzvlük haqlarının yığılması rayon təşkilatlarının səlahiyyətidir. İndi mən partiyanı, belə desək, bu vergidən azad edirəmsə, əhalini bu vergiyə niyə məruz qoymalıyam, nədi-nədi kimsə siyasətlə məşğul olsun? [b]- Üzvlərdən istəmirsiz, xalqdan istəmirsiz, bəs partiyanı maliyyə ilə kim təmin etməlidir? [/b] - Dünyada belədir. Parlament seçkilərində iştirak edən partiyalar nə qədər səs toplayırlarsa, ona uyğun olaraq büdcədən pul ayrılır. Azərbaycanda sağ təmayüllü xeyli sayda partiyalar var, hamısı da Xalq Cəbhəsindən çıxıblar. Bunlar da seçici səslərini parçalayırlar. Birləşsinlər, AXCP, KXCP, BAXCP, nə bilim nə CP olmasınlar, bir partiya kimi iştirak etsinlər, büdcədən çoxlu pul alarlar. [b]- Seçkidə müəyyən qədər səs toplayanlara büdcədən nə verirlər ki? [/b] - İndi proporsional seçki sistemi yoxdur. Seçkidə partiyalar yox, fərdlər iştirak edir. Digər tərəfdən, 2005-ci ilə qədər seçkilər saxtalaşdırılırdı, amma ondan sonra deyə bilmərik ki, seçki saxtakarlığı olub. Ona görə ki, artıq pul məsələsi ortaya çıxıb. Kim daha çox pul xərcləyirsə, o da deputat mandatı alır. Artıq partiya mənsubiyyətinin mənası yoxdur. Normal ölkələrdə belədir ki, varlı adam namizəd olur, partiyaya da yardım edir. Bizdə isə vəziyyət başqadır. Parlament seçkilərinə varlı adamlar, məsələn, "Arktika Qapıları" Şirkətinin prezidenti seçkiyə gedir və pulunu verib seçicilərin səslərini alır. Biabırçı haldır ki, Azərbaycan seçiciləri məmuniyyətlə səslərini satırlar. [b]- Yəni hamı da günah var, hakimiyyətdən başqa... [/b] - Bu gün problem xalqın özündədir. 2005-ci il seçkilərində mən əvvəl Oqtay Əsdovla alternativ idim, sonra da Baba Tağıyevlə. İnsanlara inandırmağa çalışırdım ki, səslərinizi satmayın, bununla belə satırdılar. Ona görə də burada hakimiyyəti suçlamaq yersizdir. Çünki bu xalq artıq səsini də satırsa, onun üçün etməyə başqa nəsə qalmayıb. Bu xalq özü vəziyyətini dəyişmək istəmir. Heç kimi də zorla xoşbəxt eləmək olmaz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA