ADP hakimiyyəti seçki prosesində ayrıseçkilik siyasətinə son qoymağa çağırır

img

23-11-2009 [05:12]


Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda bələdiyyə seçkilərinin birinci mərhələsinin başa çatması ilə əlaqədar bəyanat da qəbul edib. Bəyanatda deyilir: ADP bələdiyyə seçkilərində partiya kimi iştirak etməsə də fərdi təşəbbüs əsasında partiyanın üzvlərinin bələdiyyələrə namizədliklərini irəli sürülməsini dəstəkləyib. Bələdiyyələrə namizədliyini irəli sürmüş ADP-çilərin bir qismi qeydiyyata alınsa da, əksəriyyəti müxtəlif bəhanələrlə seçki prosesindən uzaqlaşdırılıb. Namizədliyin qeydə alınması, namizədliyin müdafiəsi üçün imzaların toplanması və namizədliyin təsdiq olunması prosesinin hər birində partiyanın bələdiyyələrə namizədliyini irəli sürmüş üzvlərinə qarşı müxtəlif əsassız maneələr yaradılıb. Bu maneələrə bələdiyyə üzvlüyünə namizəd olmaq istəyən partiya üzvünə vəzifə tutan qohumu vasitəsi ilə və yaxud bir başa rayon icra strukturları tərəfindən namizədliyini verməməsi və ya geri götürməsi ilə əlaqədar təzyiqlər, heç bir ciddi əsas olmadan namizədliyin qeydə alınmaması, DSK-nın qərarının qəsdən 3 gündən gec təqdim edilməsi, namizəd olmaq istəyən partiya üzvlərindən qanunvericilikdə tələb olunmayan sənədlərin tələb edilməsi və s. aiddir. Eyni zamanda MSK-ya edilmiş şikayətlərə də vaxtında baxılmır və ADP-çi namizədlərin şikayətlərinə qanunda nəzərdə tutulmuş qaydada cavab verilmir. ADP təəssüflə qeyd edir ki, 23 dekabr bələdiyyə seçkilərinin də əvvəlki seçkilərdə olduğu kimi qeyri qanuni və antidemokratik keçirilməsinə cəhd edilir və bu seçkilər də icra strukturlarının aşkar və qanunsuz müdaxiləsi şəraitində keçirilməkdədir. ADP seçki komissiyalarını Konstitusiya və qanunlara əməl etməyə, siyasi mənsubiyyətinə görə vətəndaşlara münasibətdə ayrıseçkilik siyasətinə son qoymağa çağırır və iqtidardan vətəndaşların seçki hüquqlarının bərpa edilməsi üçün təcili tədbirlər görülməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA