Əvəz Temirxan:"Azərbaycan çox rəzil durumdadır"

img

22-11-2009 [06:02]


"Transparency İnternational" təşkilatının builki Korrupsiyanı Qavrama İndeksi ilə bağlı hesabatında Azərbaycanın 180 ölkə arasında 143-cü yerdə olmasının açıqlanması ciddi rezonansa səbəb oldu. Onun ardınca Avropa Şurasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qrossun gənclərin həbsi ilə bağlı hakimiyyəti kəskin tənqid etməsi və Azərbaycandakı vəziyyəti rəzalət adlandırması hakimiyyət nümayəndələrinin ciddi etirazı ilə qarşılandı. Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan isə müsahibəsində qeyd olunanlarla tamamiylə razılaşdığını deyir: - Mən, Qrossu obyektiv siyasətçi kimi tanıyıram. Hesab edirəm ki, Azərbaycanda olan vəziyyəti öz fikiri ilə tam obyektiv əks etdirib. Yəni Azərbaycandakı vəziyyəti Qorssdan daha dolğun qiymətləndirmək iqtidarında deyiləm. [b]- Ancaq YAP-ın sədr müavini Əli Əhmədov bu fikrləri qərəzli sayır... [/b] - Əli Əhmədov hakim partiyanın nümayəndəsidir və onun belə cavab verməsi təbiidir. Əslində başqa cür cavab verə bilməz. Başqa cür cavab versə, postu ilə vidalaşa bilər. Amma bu, o demək deyil ki, o, həqiqəti söyləyir. [b]- Ölkənin hazırki durumunu Siz necə dəyərləndirirsiniz? [/b] - Qross yaxşı deyib. Bu gün Azərbaycan çox rəzil durumdadır. Özü də təkcə siyasi mənada yox, həm hərbi, həm diplomatik, həm də mənəvi-psixoloji baxımdan. Azərbaycanın paytaxtı dünyanın 215 iri şəhərləri arasında 215-ci, yəni axırıncı yerdədir, korrupsiyaya görə isə 180 ölkə arasında 143-cü yeri tutur. Hakimiyyətyönlü təşkilatlardan biri rəy sorğusu keçirib ki, guya Azərbaycan əhalisinin 77 faizi bu iqtidarın korrupsiyaya qarşı mübarizəsindən razıdır. Amma əslində biz bilirik ki, belə deyil. Bu iqtidar bilir ki, Azərbaycan xalqı onun arxasında dayanmayıb. Gənc bloqqerlərin - Emin Milli ilə Adnan Hacızadənin internetdə yazışmasına dözməyən iqtidar iddia edə bilməz ki, xalqın yüksək faizi onu dəstəkləyir. Bloqqerlərin həbsi onu göstərir ki, nəinki Azərbaycan xalqı bu hakimiyyətə inanmır, hətta hakimiyyətin özü özünə inanmır. Ona görə də daha çox repressiya maşınını işə salır. [b]- Azərbaycanın rəzil durumda olduğunu deyirsiniz. Belə vəziyyətin yaranmasına səbəb nədir? [/b] - Sözsüz ki, belə vəziyyəti hakimiyyət yaradıb. 1989-cu ildə Azərbaycan xalqı dünyanın ən mübariz xalqı kimi qiymətləndirildi, digər tərəfdən, 1937-ci ildə ziyalılarımız repressiya maşınının kəsib-doğradığı dönəmdə gizli Azərbaycan Xalq Partiyası yaradıb, müstəqillik uğrunda bacardıqları qədər mübarizə aparıblar. Bu iki fakt Azərbaycan xalqının mübarizlik əmsalının göstəricisidir. Amma iqtidar elə bir rəy yaradıb ki, guya Azərbaycan xalqı mübariz deyil. [b]- Elə müxalifət nümayəndələri də deyir ki, xalq passivdir, ona görə də heç nə edə bilmirik...[/b] - Ola bilsin ki, müxalifətdə olan həmkarlarımız bir növ uman yerdən küsürlər. Bu iqtidara qarşı mübarizədə xalqın ümidi müxalifətədir. Bizim arxa biləcəyimiz yeganə subyekt Azərbaycan xalqıdır. Açıq danışaq, biz, xalqsız heç kimik. Xalq arxamızda durmasa, biz heç nə edə bilmərik. Hər bir vətəndaş bilməlidir ki, ona aid hər şey yalnız onun özündən asılıdır. Bir fikri demək istəyirəm, Azərbaycanda təxminən iki milyon ailə var. Təsəvvür edək ki, onun bir milyonu hər şeydən razıdır. Əgər razı olmayan hər bir ailə hansısa siyasi partiyaya ayda bir manat ayırsaydı, bir milyon manat edərdi. Onda bu bir milyondan 230 min manatı müxalifətə çatardı. [b]- Belə çıxır ki, xalq Sizə maliyyə yardımı eləməlidir? [/b] - Mən demirəm ki, kimsə gətirib Liberal Partiyaya pul versin. Amma hər bir siyasi fəaliyyətin büdcəsi olmalıdır. İqtidar bizə sahibkarlıqla məşğul olmağa imkan vermir, iş yerləri üzümüzə qapanıb. Azərbaycan müxalifətçilərindən bir nəfəri - Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bəyan edib. Onun da 5-10 min manatlıq malını gömrükdə saxlayırlar. Əgər belədirsə, müxalifət hansı vəsaitlə hərəkət etməlidir? Əgər qeyd etdiyim kimi, ayda 230 min manat müxalifətə verilsə, bilirsiniz nə olar? Bu, o deməkdir ki, Azərbaycanda hakimiyyət dəyişərdi, insanları insan kimi yaşadan hökumət qurmaq olardı. [b]- Yəni müxalifətin hakimiyyətə gələ bilməməsinin yeganə səbəbi pulsuzluqdur? [/b] - Xeyr, bu yeganə səbəb deyil. Bu, onuncu səbəbədir, amma xalqın müxalifətə münasibətində birinci səbəbdir. Ən əsas səbəb hakimiyyətin repressiv siyasət yeritməsidir. Digər səbəb isə bir sıra beynəlxalq təşkilatların öz maraqları naminə Azərbaycan hakimiyyətinə dəstək verməsidir. Azərbaycan xalqı bilməlidir ki, korrupsiyaya qarşı mübarizə aparan müxalifətə dəstək lazımdır, bu dəstəyi vermirsə, onda nəyə ümid edir? [b]- Əvəz bəy, xalqın müxalifətə dəstək vermədiyini deyirsiniz və belə bir vəziyyətdə müxalifətin özü də bir iş görə bilmirsə, bəlkə siyasəti boykot edəsiniz...[/b] - Kimi boykot edək, xalqı boykot edəkmi? Xalqa vəziyyəti başa salmaq lazımdır. Yeganə ümidimiz bundadır. Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanda korrupsion hakimiyyətin olmasında maraqlıdır. Azərbaycanda belə bir hakimiyyətin olmasında Ermənistan da maraqlıdır. Çünki məhz belə rejimə təslimçi Qarabağ sülhünü sırımaq olar. Bir çox aparıcı Qərb dövlətlərində də elə qüvvələr var ki, bizdə demokratiyanın olmasını istəmirlər. Çünki demokratik qüvvələr hakimiyyətə gələndə istər-istəməz Azərbaycan xalqının maraqlarını müdafiə edəcəklər ki, bu da onların maraqlarına ziddir. [b]- Son illər demokratik dəyişikliklər inqilabla reallaşıb, bəlkə Azərbaycanda da ... [/b] [i]- (Tələsik)[/i] İlk növbədə hər bir inqilabın büdcəsi olmalıdır. Əgər inqilabın büdcəsinin mənbəyi xalq deyilsə, o, mütləq xalqın əleyhinə işləyəcək. Azərbaycan xalqına belə inqilab lazım deyil. Bizə xalqın özünün maliyyələşdirdiyi, özünün həyata keçirdiyi, belə deyərdim, Konstitusion inqilab lazımdır. Mən qanlı inqilab istəmirəm. Bəziləri 2005-ci ildə "narıncı inqilab" deyib dad döyürdü, amma deputat mandatını görəndə inqilab yaddan çıxdı. [b]- Pənah Hüseyni nəzərdə tutursunuz? [/b] - Mən, ümumi danışıram. Həmin şəxsin kimliyini özünüz müəyyənləşdirin. [b]- Ad çəkməkdən niyə çəkinirsiniz? [/b] - Mən heç kimdən çəkinmirəm. Sadəcə olaraq, qərəzli görünmək istəmirəm, ona görə də konkret ad çəkmirəm. Azərbaycan xalqına müxalifət kimi görünmək istəyənlərlə mənim qalmaqalıma ehtiyac yoxdur. [b]- Ancaq bu gün Milli Məclisdə müxalifət adından xalqın sözünü deyən elə Pənah Hüseyndir... [/b] - Gəlin yersiz qalmaqal yaratmayaq. Mən sözü dedim, kim necə istəyir, elə də başa düşsün. [b]- Bəy, artıq bələdiyyə seçkilərinin nəticələrini proqnozlaşdırmaq olar. Demək olar ki, müxalifət bu seçkini uduzub. Bəs, 2010-cu ildə keçiriləcək paralament seçkilərinə necə getmək olar ki, nəticə müsbət olsun? [/b] - Demokratik seçki mühiti olmayan yerdə demokratik seçki mümkün deyil. Demokratik seçki olmayan yerdə müxalifətin seçkidə uduzmasından danışmaq da məntiqli deyil. Əslində bütün bu seçkilərdə Azərbaycan xalqı uduzub. Yəni Azərbaycan xalqı bütün seçkilərdə bu iqtidara "yox" deyib, amma bu iqtidar onların səslərini saxtalaşdırıb, özünə "hə" deyib. Sualınızın ikinci hissəsinə gəlincə, hesab edirəm ki, parlament seçkilərində Azərbaycan müxalifətinin əməkdaşlığına böyük ehtiyac var. [b]- Amma bu məkədaşlıq mümkün deyil...[/b] - Niyə ki, mümkün variantlar var. Mümkün varinatlardan biri bütün müxalifətin hər bir dairə üzrə vahid namizəd müəyyənləşdirməsidir. Burada iki və daha çox blokla da iştirak mümkündür. Yəni müxalifət partiyaları bir neçə blokda birləşir, amma hər dairədən yalnız bir namizəd irəli sürülür. [b]- Siyasi partiyaların yuxarı eşalonunun marağında olmayan bələdiyyə seçkilərində birləşə bilməyən müxalifət, siyasi elitanın marağında olan parlament seçkilərində necə birləşəcək? [/b] - Hesab edirəm ki, parlament seçkilərində müxalifət partiyalarının bir blokda birləşməsi məcbur deyil. Bu, seçki texnologiyası baxımında nisbətən effektsizdir. Daha yaxşı olar ki, iki blok kimi seçkiyə gedilsin və efir vaxtı ala bilək ki, birlikdə iqtidarın nümayəndələri ilə diskussiyalarımızı aparaq. [b]- Həm deyirsiniz ki, iqtidar demokratik seçki keçirmək istəmir, həm də seçki mübarizəsinə qoşulub teleulduz olmaq istəyirsiz... [/b] - Əgər hədəfimiz teleulduz olmaq olsaydı, biz elə iqtidarda qalmaqla bunu reallaşdırardıq. Bizim hədəfimiz Azərbaycan xalqına xidmət etməkdir. Seçkilərdə iştirak etməkdə məqsəd təkcə hakimiyyətə gəlmək deyil, həm də demokratik seçkilər uğrunda mübarizədir. Sözsüz ki, əlimizdən gələni edəcəyik ki, ölkədə demokratik seçki qanunvericiliyi yaradılsın. Bu mümkün olmayacağı təqdirdə, mövcud məhdud imkanlardan istifadə edib, daha geniş demokratik imkanlar uğrunda mübarizə aparmalıyıq. [b]- Söz oyunu artıq effekt vermir. Kütləvi etirazlara əl atacaqsınız, ya yox?[/b] - Kütləvi aksiyalar keçirmək təkcə partiyalardan asılı deyil, bu, həm də vətəndaşın borcudur. Əgər kütləvi aksiyaların keçirilməsi zərurəti kütləvi deyilsə, kütləvi aksiya alınmayacaq. Əgər kimsə deyirsə ki, pul ver mitinqə gəlim, bu biabırçılıqdır. Referendumda müraciət etdik ki, gəlin mitinq keçirək, bizdən pul istədilər. Bu cür insanlar satqın təfəkkürə malikdirlər. İmza yığırıq, deyirlər ki, pul ver. Öz səsini bir toyuğa satan vətəndaş, bununla özünə bir toyuğun qiymətini qoyur. Yəni demək istəyirəm ki, əgər bir çoxları öz haqlarının müdafiəsini dərk etmirsə, onda müxalifət təkbaşına heç nə edə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA