15-11-2009 [06:37]
[b]Mirmahmud Mirəlioğlu: "Azərbaycanda həmişə haqqı, ədaləti deyən və həm də özünə sərf edəndə haqq-ədalət yadına düşən müxalifət var" [/b]
Qarşıdan gələn bələdiyyə seçkilərinin bir mərhələsi artıq arxada qaldı. Müxalifət partiyalarının əksəriyyəti partiya olaraq, prosesə qoşulmasa da, nümayəndələri namizədliklərini irəli sürüblər. İmza vərəqələrinin qəbulu, namizədlərin qeydə alınması prosesi də başa çatıb. Bir neçə gündən sonra isə təbliğat kampaniyasına start veriləcək. Bu və ya digər məsələlərlə bağlı "Reytinq"ə müsahibə verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu prosesdə də hakimiyyətin anti-demokratik siyasət yürütdüyünü deyir:
- Hakimiyyət öz vətəndaşından qorxduğuna görə, ötən mərhələdə namizədlərin irəli sürülməsi, qeydə alınması ilə bağlı bacardığı maneəni etdi. Yəni hakimiyyət öz "ənənə"sinə uyğun olaraq, işini gördü. Ötən mərhələ 1999, 2004 bələdiyyə seçkilərindəkindən elə də fərqli olmadı. Fərq yalnız bundan ibarət oldu ki, artıq müəyyənləşmiş bir qayda var və həmin qayda tətbiq olunur. Yaşlı nəslin yadında olar, sovet dövründə, xüsusiylə 70-ci ildən sonra belə bir qayda var idi, seçkilərdə bir sağıcı, bir sürücü, bir komsomolçu olmalı idi. İndi də bunu YAP ideoloqlarının təşəbbüsü ilə tətbiq edirlər. Yəqin, gələnilki parlament seçkilərində də bunu davam etdirəcəklər.
[b]- Mirmahmud bəy, bir məsələ də var ki, budəfəki seçkidə müxalifətin əksəriyyəti partiya şəklində prosesə qoşula bilmədi. Bunun da səbəbi hakimiyyətlə bağlıdır?[/b]
- Mən, özümüzdən deyə bilərəm, başqalarının hansı səbəbi varsa, bilmirəm. Əgər bizim əlimizdə bir az nağd paramız olsaydı, çəkinmədən seçkidə partiya formasında iştirak edərdik. Amma bu para yox idi. Bunun böyük səbəbkarı təbii ki, özümüzük. Amma yer və şəraiti iqtidar təşkil etməlidir.
Bu gün ayağı yer tutan, qafası yerində olan bütün insanlar, yerdə qalanlardan üzr istəyirəm, hamısı Azərbaycandan kənardadır. İndi Azərbaycandan kənarda böyük bir beyin axını var. Burda olanlar isə yalnız gününü sovuşdurmaqla məşğuldur. Yəni hardasa on min manat pulumuz olsaydı, lazımi işləri görəcəkdik. Amma bu olmadı. Ona görə də hesab edirəm ki, bunun səbəbi həm özümüzdə, həm də iqtidardadır.
[b]- Ancaq bu seçki ərəfəsində müxalifətin ümumi birliyi, vahid mövqeyi də olmadı... [/b]
- Ümumi birliyin özü ümumi bir sözdür. Sizin dediyiniz ümumi birlikdə sizin nəzərdə tutduqlarınız var, mənim öz nəzərimdə tutduqlarım var, amma bu müsahibəni oxuyanların özlərinin nəzərdə tutduqları ümumi birlik var. Hər kəs bu birliklərdə öz arzuladıqlarını görmək istəyir. Biri əqidəliləri, biri təcrübəliləri görmək istəyir.... Bu istək və arzular müxtəlif olduğu üçün birlik alınmır. Nə qədər ki, Azərbaycanda haqq-ədalət aparıcı deyil, ictimai rəyə təsir edən adamlar doğru-dürüst siyasət yürüdə bilmir, vəziyyət belə davam edəcək.
[b]- Bir müddət əvvəl də, elə bu günlərdə də İsa Qəmbərlə görüşüb, müxalifətin fəaliyyətinin koordinasiya edilməsi barədə müzakirələr apardınız. Nəticə nə oldu? [/b]
- Əvvəlki görüşlər ayrı bir mərhələ ilə bağlı idi, artıq o mərhələ bitib, indi yeni mərhələ başlayıb. Bu, seçki ilə də bağlı deyil, növbəti mərhələdir. Bilirsiniz ki, bir sıra birliklər var idi, bloklar fəaliyyət göstərirdi, indi onlar yoxdurlar. Təvazökarlıqdan kənar da olsa, deyim ki, bu gün blok şəklində fəaliyyət göstərən yalnız Demokratiya Uğrunda İttifaqdır. Bizim son görüşlərimiz perspektivə hesablanmış görüşlərdir. Bu görüşlər həm də indiyə qədər olanların davamıdır. Vahid bir güc mərkəzi olmalıdır. 2003-cü ildən, həbslər başlayan gündən deyirdik ki, bu vahid milli güc mərkəzini həm yaratmaq, həm də qoruyub saxlamaq lazımdır. Bu ideyaya dəstək verənlərin bir hissəsi ayrı-ayrı partiyalar yaratdılar, deputat oldular. İndi hesab etmək olmaz ki, bu görüşlərin səmərəsi yoxdur, inşallah olar. Hazırki görüşlərdə mövcud vəziyyət və bundan çıxış yolları müzakirə mövzusudur. Bu müzakirələrin nəticəsi olaraq, nə mümkündürsə, ediləcək.
[b]- Hətta Milli Müqavimət Hərəkatının yaradılması təklifi də irəli sürülmüşdü, əksəriyyət də bunu dəstəkləyirdi...[/b]
[i]- (Tələsik)[/i] Adın necə olmasından asılı olmayaraq, vahid milli güc mərkəzi yaranmalıdır. Zamanında, buna ehtiyac olanda, yəqin Mimlli Müqavimət Hərəkatı da bərpa olunacaq. Bunun millətə və ictimai-siyasi həyata həm təsiri, həm də əhəmiyyəti var. Başqa təkliflər də oldu ki, hansısa təşkilatda birləşək, bunlar da aktuallığını itirməyən məsələlərdir.
[b]- Müxalifət nümayəndələri həmişə hakimiyyətin parçalandığını, qruplaşmalara bölündüyünü iddia edir, amma hakim komanda lazımi məqamda monolitləşə bilir, müxalifət isə bunu bacarmır. Bunun səbəbi Sizə məlumdurmu? [/b]
- Hakimiyyətin monolitliyi yalnız bir məsələdədir. Hakimiyyətdə monolitləşmək çox asandır, çünki hakimiyyətdəkiləri korrupsiya, rüşvətxorluq, haramçılıq, ədalətsizlik, zülm, yetimin malını yemək, insanların haqqını mənimsəmək və s. birləşdirir. Bu, çox asan məsələdir. Xatırlayırsınızsa, kimlərsə deyir ki, hakimiyyətdə parçalanma var, nə bilim nə var, bu fikirləri yaxına qoymaq da düzgün deyil. Çünki hakimiyyətdə parçalanma olsa, artıq hakimiyyət o parçalanmanın qarşısını ala bilməz. Azərbaycan hakimiyyətində parçalanma yoxdur. Ona görə ki, Azərbaycanın hakimiyyətində korrupsioner, rüşvətxor prinsipləri ilə işləyənlər də var. Təbii ki, bu onların öz işləridir. Əslində bu hakimiyyətin monolitliyini qoruyub saxlamaq üçün elə də çətinlik çəkməyə ehtiyac yoxdur. Pislik asan birləşir. "Bütün dünyanın düzləri, birləşin",- şüarı ilə birləşmək mümkün deyil. Çünki bütün düzlər, ədalətlilər hətta özləri bir-birini belə kifayət qədər tənqid edə bilirlər. Azərbaycan hakimiyyəti isə yuxarıda qeyd etdiyim formadadır, ona görə də həmişə monolitdir. Müxalifət isə rəngarəng olduğuna görə bir araya gələ bilmir. Biri var doğrudan doğruya müxalifətçi olan, biri də var ki, mərhələli, yaxud mövsümi xarakterli müxalifət olan qüvvələr. Azərbaycanda həmişə haqqı, ədaləti deyən və həm də özünə sərf edəndə haqq-ədalət yadına düşən müxalifət var. Bu da müxalifətçilik deyil. Ona görə də müxalifətin monolitliyini nəinki qorumaq, saxlamaq, hətta qurmaq mümkün olmayıb.
[b]- Belə bir şəraitdə bələdiyyə seçkilərinin gedişatı və nəticəsi barədə nə deyə bilərsiniz? [/b]
- Budəfəki bələdiyyə seçkilərində ötən parlament və prezident seçkilərində, referendumda edilən saxtakarlığı etmək mümkün olmayacaq. Yəni bu seçkilər bir qədər fərqli olacaq. Hakimiyyət bir qism bələdiyyədə heç nə edə bilməyəcək, orada haqq-ədalət qalib olacaq. Çünki adamlar bir-birini tanıyırlar. Bunun qarşısını almaq üçün də hakimiyyət "eksperiment" apardı. Bilirsiniz ki, əvvəlki bələdiyyələrdən fərqli olaraq, indi onları birləşdirdilər, sayları azaldıldı. Əvvəllər deyirdilər ki, hər kəndin öz bələdiyyəsi var, indi isə deyirlər ki, bu daha doğrudur. Bunu ona görə etdilər ki, əvvəllər bir kənddə insanlar öz tanıdıqlarına səs verirdi. İndi isə kənd bələdiyyələrini birləşdirdilər ki, öz istədiklərini həyata keçirə bilsinlər. Yenə də deyirəm, bunu bütün bələdiyyələrdə edə bilməyəcəklər.
Başqa bir məsələni də vurğulamaq istəyirəm ki, insanların bələdiyyə seçkilərində iştirak həvəsi çox zəifdir. Hətta insanlar zorla, siyasi qərarın məcburiyyətində qalıb seçkiyə qatılırlar.
[b]- Hər halda gözlənilən odur ki, seçkidə nəticə etibarı ilə qazanan hakimiyyətin namizədləri olacaq... [/b]
- Təbii ki. Hətta biz desək belə geri çəkiləcəklər, hakimiyyət sözsüz ki, öz bildiyini edəcək. Sizin həmkarlarınızdan biri maraqlı fakt ortaya çıxarmışdı ki, MSK bir cür, YAP isə başqa cür siyahı verirdi ki, bu qədər namizədi var. Yəni rəqəmlər bir-birindən tamamiylə fərqlidir. MSK bu işin sahibidirsə, belə sahiblik olmur. Bu dəfə də çıxıb rəqəmlər elan edəcəklər, amma reallıqda belə deyil. Nəticələrə görə çoxluq yenə də iqtidarın tərəfində olacaq. "Siyasi zəlzələ" olduqda isə seçilmişlərin hamısı millət yolunda, haqq yolunda olacaqlar.
[b]- Başqa bir məsələyə toxunmaq istərdim. Demokratiya Uğrunda İttifaq sosial problemlərlə bağlı aksiyalar keçirmək istəyirdi. Bu məsələ nə yerdə qaldı? [/b]
- Bu məsələlər aktuallığını itirmir. Üzürlü səbəblərdən bu tədbirlərin həyata keçirilməsində iştirak edə bilmədim. Amma bildiyim qədər bu məsələ gündəmdədir və lazımi addımlar da atılacaq. Burada siyasi təşkilatların da mövqeyinin ortada olması istənilir. Yəni bu, təkcə DUİ-nin məsələsi kimi olmasın. Əslində bunlar ümumi xalqın problemidir. Onu da deyim ki, bizim etirazların müəyyən təsirləri var. Məsələn, bayraq məsələsində təsiri böyük oldu. Hakimiyyətin özü ayıq olanda ağıllı siyasət yürüdür. Ancaq hakimiyyət həmişə ayıq-sayıq olmur.
[b]- Qarabağ Forumu ilə bağlı necə, növbəti tədbirlər həyata keçirmək fikriniz varmı? [/b]
- Qarabağ məsələsi həmişə gündəmi tutan məsələdir. Nə qədər ki, problem çözülməyib, hesab edirik ki, bu məsələ ciddidir. Yəni məsələ müsbət həllini tapana qədər DUİ-nin gündəliyində olacaq. Ancaq hələlik növbəti Qarabağ Forumu ilə bağlı konkret vaxt müəyyənləşməyib.
[b]3.MƏMMƏDLİ[/b]