Fazil Qəzənfəroğlu: "izim hansısa nazirə qızqırmaq deyil"

img

15-11-2009 [06:35]


[b]"İstər nazir müavini olsun, istər hansısa dövlət rəsmisi, mənim kimsədən çəkinəcəyim, qorxacağım heç bir məqam yoxdur" [/b] Bu həftə ərzində bütün diqqət Milli Məclisə yönəlmişdi. Demək olar ki, mətbuat hər gün Milli Məclisdə müzakirə olunan 2010-cu il büdcə layihəsindən yazdı, ekspertlər münasibət bildirdilər, müxalifətçilər büdcəni tənqid etdilər, hakimiyyət mənsubları isə xırda tənqidlər istisna olmaqla, təriflədilər. Nəticə olaraq, Milli Məclis deputatların səsləndirdiyi təklif və iradları nəzərə almaqla büdcə layihəsinə baxılması üçün hökumətə 10 gün vaxt verdi. Ancaq o da məlumdur ki, bu vaxt sadəcə olaraq, kosmetik dəyişikliklər üçün verilib və prinsip etibarı ilə həmin layihə yenidən Milli Məclisə gələcək və təsdiqlənəcək. Müsahibimiz Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da büdcə layihəsinin qüsurlu olduğunu, amma Milli Məclisdə yetərincə çək-çevir edildiyini söyləyir. - Büdcə layihəsi ilə bağlı öz fikirlərimizi ifadə elədik. Azərbaycanın büdcəsi belə olmamalıdır. Vəsaitlərin səmərəsiz xərclənməsi, gəlirlərin lazımi səviyyədə büdcəyə daxil olmaması, əksərən subyektiv amillərdən baş verən bu proseslər Azərbaycanda büdcə şəffaflığına çox ciddi problemlər yaradır. Ona görə də hesab edirəm ki, indiki büdcə ölkənin həqiqi maliyyə potensialını ifadə etməyən, yarımçıq və ideoloji bir sənəddir. İqtisadiyyatla ideologiyanın qarışdırılması keçmiş sovet dövründə ənənəvi bir hal idi. Çox təəssüf ki, Azərbaycanda da bu davam edir. Məsələn, inflyasiyanı olduğu kimi göstərməyə bir təhlükə kimi baxılır. Yoxsulluq, işsizlik və başqa bu kimi məsələlərin reallığa uyğun göstərilməsi sanki böyük bir qəbahət sayılır. Nə qədər ki, bu, davam edəcək, bunlar bizi qane etməyəcək və büdcə layihəsinə də indki potensiala uyğun gəlməyən sənəd kimi baxmaq lazım gələcək. [b]- Bəs, layihə səsə qoyulanda mövqeyinizi necə bildirəcəksiniz? [/b] - Təbii ki, büdcə layihəsinin əleyhinə səs verəcəyəm. Ona görə ki, daha əsaslandırılmış sənəd təqdim etməyə ehtiyac vardı. İnvestisiya proqramlarının büdcə layihəsinə əlavə olunmaması ciddi bir nöqsan idi. Digər tərəfdən, büdcənin kəsirlə tamamlanması, gəlirlər hissəsinin kifayət qədər yetərli olmaması da ciddi problemdir. Sahibkarlığın inkişaf etdirilməməsi nəticəsində özəl sektordan büdcəyə daxilolmalar demək olar ki, minimuma enib. Bunların hamısı ciddi göstəricilərdir ki, ölkədə iqtisadi siyasət düzgün aparılmayıb, bu siyasət kökündən dəyişməlidir. Əslində bazar iqtisadiyyatının xarakterini özündə ehtiva edən bir büdcə təqdim olunmalı idi. Sosial yönümlü tərəflər də zəifdir, nə əmək haqları, nə təqaüdlər artıb, bir sözlə, vətəndaşın cəfası hesabına formalaşan bir büdcə təqdim olunub. [b]- Bəziləri belə bir büdcənin ortaya çıxmasını hakimiyyətin iqtisadi siyasətinin fiaskoya uğrumasının göstəricisi kimi qiymətləndirir. Bu fikirləri Siz də bölüşürsünüzmü? [/b] - Hesab edirəm ki, hakimiyyətin iqtisadi siyasəti düzgün istiqamətdə getmir. Bu, onunla bağlıdır ki, ideologiya iqtisadiyyatdan öndədir. Bütün ideoloji sistemlərdə iqtisadi göstəricilərin reallıqla uyğun gəlməməsi sonradan çox ciddi fəsadları ortaya qoyur. Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər bir çox hallarda reallığı əks etdirmir. Bazarda qiymətlərin vəziyyəti, əhalinin gəlirləri hamıya məlumdur. Bunun müqabilində yaşayış minimumunun həddinin çox aşağı olması, orta aylıq mək haqqının insanların normal yaşamasını təmin etməməsi, bunların hamısı ciddi göstəricilərdir. [b]- Fazil bəy, büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisdə tərəflərin, yəni müxalifətlə hakimiyyət mənsublarının mövqelərini necə qiymətləndirdiniz? [/b] - Hesab edirəm ki, büdcə ilə bağlı kifayət qədər ciddi təkliflər səsləndi, tənqidi iradlar bildirildi. Açığı, builki büdcə müzakirəsi zamanı Milli Məclis rəhbərliyi tərəfindən də şərait yaradıldı ki, daha demokratik müzakirə olsun. Məncə, bu tənqidin də faydası oldu. Biz özümüz də bir çox sahələrlə bağlı tənqidi fikirlərimizi səsləndirdik. Ümid edirəm ki, bizim təkliflər təqdim olunan dəyişikliklər zamanı nəzərə alınacaq. [b]- Kifayət qədər problemi olan büdcə layihəsinə şəxsən Siz lazımi formada etiraz edə bildinizmi? [/b] - Hesab edirəm ki, mən istər büdcə layihəsi, istər Sosial Müdafiə Fondunun büdcəsi, istər yaşayış minimumu ilə bağlı kifayət qədər geniş tənqidi çıxış elədim. Əgər bu çıxışın stenoqramına diqqətlə baxılsa, görülər ki, bizim tənqid rəqəmlərə olan münasibətlə deyil, ümumiyyətlə, konseptual əsaslandırmalardan ibarət çıxış idi. Orda da iqtisadi siyasətimizin yanlışlığının fəsadları çıxışımda vurğulanırdı. [b]- Sizə elə gəlmirmi ki, çıxışınız Müsavat Deputat Qrupunun üzvlərindən, konkret olaraq, Pənah Hüseynin çıxışından sönük görünürdü? [/b] - Xeyr. Məncə, sönük görünmürdü. Ümumiyyətlə, hərənin öz üslubu var. İkincisi, Azərbaycan jurnalistikasında çıxışın mahiyyəti haqqında çox düşünən yoxdur. Hamı xəbərin daha çox hay-küy və özü üçün manşetə çıxara biləcək mahiyyəti üzrə gedir. Ona görə də bizim çıxışlara diqqət yönəlməməsinə mənim günahım kimi baxmıram. Bir də ki, hamının axtardığı obrazda çıxış eləməyi də düşünmürəm. Mənim öz üslubum, yanaşmam, öz proqramım var. Milli Məclisin stenoqramlarına baxsalar görərlər ki, mən həmişə obyektiv, doğruları söyləməkdə çəkinmədən öz fikirlərimi çatdırmağa çalışıram. Ona görə də mən müqayisə edərək çıxış eləmirəm. Hansısa adı da öz üzərimə götürməyə iddialı deyiləm. Mən müxalifət təmsilçisi kimi, müxalif fikrimi Milli Məclisin tribunasından özümün müəyyən elədiyim şəkildə bildirirəm. Bu, hansısa köşə yazarının arzuladığı formaya uyğun deyilsə, artıq onun problemidir. Mən ideyamı özüm müəyyən elədiyimə görə, yaxud da hansısa müxalifət təmsilçisinin bəyəndiyi qışqırıq tonunda çıxış eləmirəmsə, kiminsə sözü ilə üslubumu dəyişəsi deyiləm. Ona görə də hazırda öz mövqeyimdən kifayət qədər razıyam. Öz mövqeyimin dürüstlüyünə, obyektivliyinə tam əmin olduğuma görə rahat danışa bilirəm. [b]- Fazil bəy, spikerlə, hansısa nazirlə, yaxud nazir müavini ilə açıq şəkildə sərt polemikaya girmək cəsarət tələb edir...[/b] - Kimsə bunu cəsarət kimi qiymətləndirirsə, qiymətləndirsin. Amma bizim kiminləsə danışmaqda əsas məqsədimiz onu inandırmaqdır, bizim doğru düşündüyümüzü ona qəbul etdirməkdir. Bizim məqsədimiz kiminsə xoşuna gəlmək naminə, yaxud görüntü naminə kiminsə üstünə qaşqırmaq deyil. Açığı, mənim istədiyim xətt odur ki, təhqir olunmadan və kimsəni təhqir eləmədən siyasətdə öz dünya görüşümü, ideyalarımı cəmiyyətə çatdırım. İstər nazir müavini olsun, istər hansısa dövlət rəsmisi, mənim kimsədən çəkinəcəyim, qorxacağım heç bir məqam yoxdur. Sadəcə, anladığım bir şey var ki, hətta sənə qarşı əks qütbdə olan insanı belə inandırmaq qabiliyyətin varsa, bunu qışqırmadan, məntiqlə, ağıl imkanlarından istifadə edərək həyata keçirəsən. Ona görə də yuxarıda qeyd olunanlar mənim üslubuma ziddir. Hər hansı qiymətləndirməni də əsaslı saymıram. Bilirsiniz, bu gün qəzet köşələri arxasında cəsarət dərsi keçənlərin qorxaqlıqlarını və simasızlıqlarını mən çox görmüşəm. Çox vaxt qəhrəmanlıq nağılları uyduraraq, özlərini bütün bu hadisələrdə süddən çıxmış ağ qaşıq kimi dürüst bir obrazda təqdim eləmələrinə baxmayaraq, onların dürüstlüyünə də, cəsarətlərinə də böyük şübhəm var. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinə kimlər həm cəsartəli söz deyir, həm də normal mədəni ünsiyyət üüslubu ilə mübarizə aparırsa, onların faydası olacaq. Bunu da biz etməyə borcluyuq ki, hakimiyyətin qüsurlu davranışları, eyni zamanda müxalifətin də bir qədər kobud üslubu Azərbaycan cəmiyyətində siyasi davranış standartına, formasına çevrilməsin. Biz bunu dəyişməyə çalışırıq və bu səbəbdən də kimin nə deməsi subyektiv məsələdir. Açığı, bütün bunlar məni çox da maraqlandırmır. [b]- Köşə yazarlarına toxundunuz, amma Sizin statusunuz daha yüksəkdir, əlinizdə olan tribuna da Milli Məclis tribunasıdır...[/b] - Millət vəkiliyəm deyə, nə etmliyəm? Məgər mənim işim hansısa naziri söymək, yaxud hansısa dövlət rəsmisinin üstünə çığırmaqdır? Mənim düşüncəmdə kimisə söymək, çığırmaq məsələsi yoxdur, mənim işim hansısa nazirə qışqırmaq deyil. Məqsədim və məramım problemlə bağlı öz fikirlərimi ortaya qoymaqdır. Hansısa problemlə bağlı mənim mövqeyim qaneedici deyilsə, bunu müzakirə etməyə hazıram. Yoxsa hətta şəxsi həyatında, dost çevrəsində, öz yaşamında heç bir əxlaqi və mənəvi dəyərlərlə nümunə olmayacaq adamlar gəlib bizim üçün yol cızırlar ki, sən belə eləməlisən, belə danışmalısan. Biz belə siyasi həyatı qəbul edən insanlar deyilik. Ola bilsin ki, kimsə hansısa partiyanın üzvüdür, partiyanın təəssübkeşidir və təəssübkeşi olduğu adamın mövqeyindən çıxış edir. Amma kimsə tutaq ki, "Azadlıq" qəzetində özünün xidmət etdiyi obrazını görmək istəyir. Biz özümüzü həmin liderin obrazında görməyi mənəvi cəhətdən alçaqlıq kimi qiymətləndiririk. [b]- Kimi nəzərdə tutursunuz? [/b] [i]- (Sualı dinləmir)[/i] O bunu özünə şərəf hesab edirsə, qoy, özünü həmin liderin obrazına bənzətsin. O baxımdan, bu deyilənlərə əhəmiyyət vermirəm. Bizim yolumuz başqadır. Bu yolda nə iqtidarın bu qaba demokratiyanı məhdudlaşdırmaq üçün atılan addımlarına, nə də müxalifətin hər şeyi inkar eləyərək, müəyyən məqamda ölkədə demokratiya əleyhinə minaların təmizlənməsinə kömək etməyən üslubunu qəbul eləmirik. Hesab edirəm ki, bu doğru yoldur və biz bununla Azərbaycanda normal dəyişikliklərə nail olacağıq. [b]- Başqa mövzuya keçək. Artıq seçki prosesinin bir mərhələsi başa çatdı. Böyük Quruluş Partiyasının seçki ilə bağlı hazırlıqları necədir? [/b] - Partiyanın imkanları tam səfərbər olunub. 635 bələdiyyəyə 800-ə yaxın namizəd irəli sürmüşük. Bu namizədlərin hansının qeydə alınıb-alınmaması məsələsi dəqiqləşəcək. Hələlik əldə olunan məlumata görə, 350-ə yaxın bələdiyyə üzrə namizədlərimiz qeydiyyatdan keçib. Siyahılar ayrı-ayrı bölgələrdən daxil olandan sonra biləcəyik ki, yekun olaraq, bələdiyyə namizədlərimizin sayı nə qədərdir. [b]Z.MƏMMƏDLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA