ümid Partiyası hakimiyyətdən seçki prosesinə müdaxiləyə son qoymağı tələb edir

img

09-11-2009 [03:52]


Ümid Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə qatılan namizədlərinə qarşı süni əngəllər yaradılmasından narahatdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiya əngəllərlə bağlı etiraz bəyanatı hazırlayıb. Bəyanatda qeyd olunur: Əvvəlki seçkilərdə olduğu kimi yenə də hakimiyyətin ayrı-ayrı qolları seçki prosesinə müdaxilə etməkdədir ki, bu da bələdiyyə seçkilərinin nəticələrinin bəri-başdan şübhə altına alınması üçün çox ciddi əsaslar yaratmaqdadır. Mərkəzi Apparata daxil olan məlumatlardan aydın olur ki, namizədliklərini irəli sürmüş Ümid Partiyası üzvlərinə qarşı yerli icra, bələdiyyə və polis strukturları, habelə işlədikləri təşkilatlar tərəfindən basqılar edilməkdədir. Namizədlər qorxudulur, onların namizədliklərini geri götürmələri üçün hər cür təzyiqlərə əl atılır, hətta qohumları və doğmaları belə təhdid edilir. Yardımlı, Cəlilabad, Saatlı, Ağcabədi, Kürdəmir və digər rayonlarlarda yerli icra nümayəndələri, sahə müvəkkilləri ilə birlikdə namizədlərin yaşadıqları ünvana gedərək onları qorxudur, öz namizədliklərini geri götürmələri barədə imtina ərizələri yazmağa vadar edirlər. Bir sıra rayonlarda isə dairə seçki komissiyalarının sədrləri artıq imzalarını toplayaraq təhvil vermiş namizədlərin qeydə alınmasına süni şəkildə problemlər yaratmaqdadırlar. ?Yuxarı?dan, xüsusən də icra hakimiyyətlərindən gələn tapşırıq əsasında çox az namizədi qeydə alacaqlarını dolayı şəkildə ifadə etməkdədirlər. Bildirək ki, Azərbaycan Ümid Partiyası bu günə kimi 903 bələdiyyə subyektindən 3000-dən artıq namizəd irəli sürüb ki, onların da böyük əksəriyyəti qeydə alına bilmələri üçün tələb olunan imzaları toplayaraq müvafiq strukturlara təqdim ediblər. Bu gün də sözügedən proses davam edir və yaxın 2 gün ərzində bütün namizədlərin imza toplama kampaniyasını başa çatdıracaqları gözlənilir. Baş verən hadisələr isə onu göstərir ki, hakimiyyət nümayəndələri Ümid Partiyasının bələdiyyə seçkilərində siyasi partiya kimi iştirakını əngəlləməklə bağlı seçki dairələrinə xüsusi tapşırıq verməklə onu seçki məcəlləsinin tələblərinə uyğun olaraq ödənişsiz efir vaxtından məhrum etmək istəyirlər. Ümid Partiyası olaraq hakimiyyət nümayəndələrindən, həmçinin MSK və DSK-lardan bu qanunsuz addımlara son qoymağı tələb edir, onları Ümid Partiyasına qarşı süni əngəllər yaratmamağa çağırırıq. Unutmaq lazım deyil ki, bütün seçkilər və həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri də Azərbaycanın demokratikləşməsi yolunda verdiyi sınaqlardan biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA