Razi Nurullayev: ?Qafqaz uğrunda Türkiyə ilə Rusiya arasında gərgin mübarizə gedir?

img

02-11-2009 [02:23]


?AKP protokolların təsdiqlənməsi üçün öz üzvlərinə müəyyən qədər təzyiq göstər bilər. Amma təzyiq yolu ilə ən yaxşı halda partiyadan olan millət vəkillərinin 30-40 faizinin qərarını dəyişmək mümkündür. Mən inanıram ki, AKP üzvü olan əksər millət vəkilləri partiyadan çıxarılmaq təhlükəsiylə üz-üzə qalsalar da, yenə protokolların lehinə səs verməyəcəklər. Türkiyə oturuşmuş, demokratik dövlətdir. Yəni, təzyiq yolu ilə Türkiyədə nəyəsə nail olmaq mümkün deyil. Türkiyə cəmiyyətindəki ab-hava da təzyiq metoduna əl atmağa imkan vermir. Türkiyə parlamentinin üzvləri kifayət qədər müstəqil insanlardır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlmasında politoloq Razi Nurullayev Türkiyə-Ermənistan arasında imzalanmış protokolların Türkiyə parlamentnidə ratifikasiya edilib-edilməyəcəyinə münasibət bildirərkən deyib: ?Türkiyə tarixinə nəzər salsaq görərik ki, bu ölkə hətta ən zəif zamanlarda belə qürurunu hər şeydən üstün tutub. Ümumiyyətlə, Türkiyə özünü dünyada lider dövlət kimi görmək istəyir və daima buna çalışır. Ona görə də onun Avropa Birliyinə üzv qəbul edilməsinə ciddi-cəhdlə maneçilik törədilir?. R.Nurullayev hesab edir ki, Türkiyə parlamentində protokolların təsdiqlənməməsi rəsmi Ankaranı böyük güclərlə üz-üzə qoymayacaq: ?Türkiyə zaman-zaman böyük güclərlə üz-üzə qalıb. Rəsmi Ankara Avropa Birliyi və ABŞ-la mübarizələrdən üzüağ çıxdı. Əlbəttə, Türkiyənin Avropa Birliyinə üzv olması üçün yeni problemlər, maneələr yaradılacaq. Bundan əlavə, onun kreditlər almasını da çətinləşdirə bilərlər. Həmçinin, beynəlxalq güclər Türkiyəyə investisiyaların qoyulmasına da müəyyən problemlər yarada bilər. Amma böyük güclər Türkiyəyə davamlı şəkildə təzyiq göstərə bilməzlər. Çünki nəhəng neft-qaz boru xətlərinin və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin qorunmasında Türkiyənin böyük rolu var. Təzyiqlər davamlı xarakter alsa, Türkiyə öz boğazları və neft-qaz boruları vasitəsilə adekvat addımlar ata bilər?. Amma politoloq düşünür ki, sərhədlərin açılmasının Azərbaycan üçün müsbət tərəfləri də ola bilər: ?Neçə illərdir ki, sərhədlər bağlı olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail ola bilməmişik. Biz heç vaxt torpaqlarımızı müharibə yolu ilə azad edə bilmərik, çünki böyük güclərin maraqları bu məsələdə toqquşur. Sərhədlərin açılması sülh planını bir az da sürətləndirər. İnanmıram ki, Türkiyə belə həssas məqamda Azərbaycanın maraqlarını öz maraqlarına qurban versin. Nəzərə almaq lazımdır ki, Türkiyənin də Qafqazda öz maraqları var. Hələ 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edəndə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ?Qafqaz platforması?nın yaradılması ideyası ilə çıxış etmişdi. Hesab edirəm ki, sərhədlərin açılması ?Qafqaz platforması?nın tərkib hissəsidir. Türkiyənin Ermənistanla sərhəddinin bağlı olması onun regionun lider dövlətinə çevrilməsinə mane olur. Hazırda bu regionun lideri Rusiyadır. Deyə bilərəm ki, Qafqaz uğrunda Türkiyə ilə Rusiya arasında gərgin mübarizə gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA