Aydın Mirzəzadə: "Azərbaycanda demokratiyaya yasaq qoyulmayıb"

img

01-11-2009 [05:21]


[b]"Demokratiya kommunizm deyil ki, nəzəriyyəsi bir dəfə işlənib hazırlana və hansısa mərhələdə həmin quruculuğun başa çatdığı elan edilə" [/b] Bələdiyyə seçkilərində iştirak etmək üçün 16 partiyanın nümayəndələri namizədliklərini irəli sürüblər. Ən çox namizəd isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) payına düşür. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müsahibə verən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə seçki mühitindən razı olduğunu bildirir: - Yeni Azərbaycan Partiyası seçkilərə ciddi hazırlaşır. Bu seçkidə rəqabətin də güclü olacağı gözlənilir. Əvvəlki seçkilərdən fərqli olaraq, partiyaların demək olar ki, hamısı bu və ya digər formada bələdiyyəyə öz namizədliklərini veriblər. Bizə rəqib olmalarına baxmayaraq, deməliyəm ki, onlar arasında seçilmək şansları olanlar da var. Buna baxmayaraq, qələbə çalmaq əzmindəyik. [b]- Seçkidə qələbə çalmaq üçün vətəndaşların da rəğbətini qazanmaq lazımdır. Amma son dövrlər ölkədə olan sosial-iqtisadi problemlər, üstəlik, bu günlərdə pensiya yaş həddinin qaldırılması cəmiyyətdə narazılıqla qarşılanıb. Bu mənada hakim partiya üçün hər hansı problem olmayacaq ki? [/b] - Hakim partiya məhz ölkədəki sosial-iqtisadi vəziyyətdən irəli gələrək qələbə çalmaq əzmindədir. Ölkə rəhbərliyi tərəfindən, yerlərdə sosial-iqtisadi inkişafa cavabdeh olan şəxslərin gördüyü işlər sayəsində hakimiyyət dividentlər qazanır. Regionlarda infrastrukturlar yaradılır, sosial sahələrə diqqət yetirilir, yeni iş yerləri açılır. Hər bir vətəndaş ordu ilə bağlı olduğuna görə, ordunun qüvvətləndiyini görür. Hər bir insan az və ya çox dərəcədə bu inkişafı öz həyatında hiss edir. Yəni bu baxımdan, hesab edirik ki, görülən işlər kifayət qədərdir, amma yenə də görəcəyimiz işlər var. Bu gün görüləcək işlərin bir çoxunun mərkəzini bələdiyyələrə keçirmək lazımdır. Ölkədə iki bələdiyyə seçkisi keçirilib, müəyyən qədər təcrübə toplanıb və hesab edirik ki, artıq bələdiyyələrdə keyfiyyət dəyişikliyi olmalıdır. Pensiya yaş həddinin artırılmasına gəlincə, deyim ki, deputat kimi mənim yanıma gələn pensiyaya çıxarıldığını, amma geri qayıtmaq istədiyini bildirən insanlar var. Məsələn, bu gün yanacaq-energetika, təhsil sahəsində çalışan insanlar pensiya yaşının artırılmasını razılıqla qarşıladılar. Çünki birincisi, bu daimi işdir, ikincisi, yüksək əmək haqqının bir hissəsi var, digər hissəsi də artırılmaqdadır. Bu gün 57 yaşında pensiyaya çıxmaq istəməyən qadınlar var, 62 yaşında özündə güc hiss edib işləmək istəyənlər mövcuddur. Bu günlərdə Mingəçevir Qaz İdarəsindən 73 yaşlı bir insan pensiyada olduğu üçün işdən çıxarılmasından şikayət etdi və işə bərpa olunmağını istədi. Göründüyü kimi, bunun əleyhinə çıxanlar oldusa da, razılıq edənlərin də sayı kifayət qədər çoxdur. Biz hesab etmirik ki, həmin qərar yüz faiz hamının ürəyincədir. Ancaq ümumi götürüləndə böyük kütlənin istəyi yerinə yetirilib. [b]- Aydın müəllim, digər qüvvələrin də seçkiyə qatıldığını deyirsiniz, amma müxalifət normal seçki mühitinin yaradılmadığını iddia edir. Opponentləriniz haqlıdırlarmı? [/b] - Müxalifət əvvəlki seçkilərə nisbətən bu dəfə az şikayət edir. İradları azdır, hansısa məqamları şişirtməyə bir o qədər də meyl etmirlər. Bu, müsbət haldır və mən, müxalifət partiyalarının bələdiyyə seçkilərində bu şəkildə fəal iştirak etmələrini alqışlayıram. Hesab edirəm ki, müxalifət də demokratiyanın inkişafına artıq öz töhfəsini verməyə başlayıb. [b]- Digər bir narazılıq isə seçkidə partiya şəklində iştiraka maneələrlə bağlıdır... [/b] - Partiya şəklində seçkidə iştirak məsələsinə gəlincə, YAP da həmin Seçki Məcəlləsi ilə prosesə qatılıb. Bu baxımdan müxalifətin narazılıqları əsassızdır. Bir də ki, əgər kimsə hansısa sənədlərin toplanmasını problem sayırsa, onda müstəqil şəkildə öz namizədliyini verir. Nəzərə almalıyıq ki, bu seçkidə siyasi mübarizədən çox şəxsiyyət mübarizəsi gedəcək. Hansısa partiya nümayəndələrini həmin regionda nüfuzlu hesab edirlərsə, qoy ona istinad etsinlər. Ümumi götürdükdə isə mübarizə üçün meydan genişdir. [b]- Müxalifətin bu narazılıqlarının fonunda ABŞ-ın vitse-prezidenti Bayden Azərbaycanda demokratiya sahəsində problemlərin olduğunu bəyan etdi. [/b] - Mən həmin bəyanatla tanışam, o bəyanatda narazılıq bildirilməyib. Bayden üç ölkənin adını çəkdi, axırda Azərbaycanın adını çəkərək bildirdi ki, bu ölkələrdə demokratiyanın inkişafı üçün çox iş görülməlidir. Mən, vitse-prezidentin Azərbaycanda demokratiyanın inkişafına belə diqqət ayırmasından razıyam. Belə də isə hesab edirəm ki, Azərbaycanda demokratiyaya qiymət vermək üçün mütləq Azərbaycana gəlmək lazımdır. Çox istərdim ki, hörmətli vitse-prezident Azərbaycana səfər edəydi, görüşlər keçirəydi, müxtəlif mövqeləri öyrəyəndi. Əgər bu baş versə, bəlkə də həmin fikirlər bir qədər başqa cür səslənərdi. Onu da deyim ki, Azərbaycanda demokratiyanın inkişafına diqqət yetirən və fikrini bildirən xarici dostlarımıza təşəkkür etmək lazımdır. [b]- Deyirsiniz ki, Baydenin fikirlərində narazılıq ifadə olunmayıb. Bəs, onun "Azərbaycanda demokratiyanın inkişafında çox iş görülməlidir",- deməsi Sizcə, ciddi mesaj deyilmi? [/b] - Bilirsiniz, demokratiya kommunizm deyil ki, nəzəriyyəsi bir dəfə işlənib hazırlana və hansısa mərhələdə həmin quruculuğun başa çatdığı elan edilə. Demokratiya daima gediləsi, genişləndiriləsi və bir çox işlər görüləsi yoldur. Bu gün bizə örnək olan ölkələrin özündə belə, demokratiyanın dərinləşməsi üçün yeni-yeni addımlar atılır. Əlbəttə ki, bu gün Azərbaycan Avropa, ABŞ deyil, amma Azərbaycan 92-93-cü ildəki Azərbaycan da deyil. Biz artıq demokratiya istiqamətində bir çox nailiyyətlər əldə etmişik. Səhvlərimiz də ola, hansısa sahədə qazandıqlarımız da xarici dostlarımızın gözünə az görünə bilər. Əsas odur ki, özümüz-özümüzdən heç vaxt məmnunluq hissi duymuruq. [b]- Maraqlısı odur ki, YAP-çı deputatlar Baydenin açıqlamalarına aqressiv reaksiyalar verdilər. Bu, nə ilə bağlıdır? [/b] - Hərənin bir fikiri ola bilər. Mən öz fikrimi bildirdim. Hesab edirəm ki, Azərbaycanda demokratiya var və ölkədə demokratiyanın olmasına ən çox çalışan da indiki iqtidardır. Dostlarımızın da bu məsələyə münasibət bildirməsini təbii ki, diqqətlə öyrənirik. Tənqiddə hansısa müsbət çalarlar varsa, onu götürməyə çalışırıq. Bir də ki, hansısa məsələylə bağlı ümumi şəkildə bir fikir bildirilirsə, bunu tənqid şəkilində qəbul etməli deyilik. Cənab Bayden əgər Azərbaycanda demokratiya ilə bağlı çox işlər görülməsini istəyirsə, normaldır. Əlbəttə, biz, Amerika səviyyəsinə çatmaq üçün çox işlər örməliyik. Amerikada olan demokratiya bir gündəmi qurulub? Az qala yarım əsr birpartiyalı sistem mövcud olub, qadınlara seçki hüququ gec verilib, qaradərililərə seçki hüququ sonradan verilib, qanundan kənar işlər və s. Amerikada da olub. İndiki iqtidarın Azərbaycanın demokratikləşməsi istiqamətində çalışmaq istəyi var. Bu baxımdan bir məsələyə müxtəlif fikrlərin olmasını da təbii qarşılayıram. Əsas odur ki, Azərbaycanda demokratiyaya yasaq qoyulmayıb. Həm də əsas odur ki, Azərbaycan demokratiya sözünə biganə baxmır. Demokratiya Azərbaycana lazımdır və bunun üçün iqtidar və demokratik qüvvələr həmişə çalışacaq. [b]- Bəzi ekspertlər isə Baydenin bu açıqlamalarını Azərbaycanda inqilabi şəraitin olması ilə əlaqələndirirlər... [/b] - Azərbaycana süni şəkildə inqilab eksportu etmək istəyənlər həmişə tapılıb. Cənab Baydenin bəyanatında bu fikirlər yox idi. Amma bu gün Baydenin dediklərinə başqa don geydirmək istəyənlər də var. Yaxşı olar ki, həmin adamlar ABŞ vitse-prezidentinin dediklərinə bu cür şərhlər verməyə çalışmasınar. Azərbaycan təkamül yolunu gedir. Ona görə də Azərbaycanda inqilab ola bilməz. Azərbaycanda inqilab 93-cü ildə oldu, çünki o dövrə qədər yığılmış problemlər həll edilmədi və partlayış baş verdi, cəmiyyət həmin hakimiyyətdən imtina etdi. 93-dən bəri ölkədə bütün məsələlər təkamül yolu ilə gedir. Mən heç vaxt inqilabın olmasını arzulamamışam, bütün məsələlərin təkamül yolu ilə, mərhələ-mərhələ həllini istəmişəm. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan arzuladığı nəticələrə, güclü, demokratik və hüquqi dövlətə nail olacaq. [b]- O fikirlər də səslənir ki, artıq ABŞ ölkəmizdəki müxalifəti dirçəltməklə, Azərbaycan hakimiyyətinə təzyiqlər etməyi planlaşdırır. Bu iddiaları nə dərəcədə əsaslı sayırsınız?[/b] - Müxalifət o yerdə güclü olur ki, iqtidar orada zəif olsun. Yəni iqtidar vəzifəsini yerinə yetirə bilmirsə, sosial problemlər çoxalırsa, cəmiyyətdə narazılıq artırsa, əhalinin sosial durumu pisləşirsə, o zaman hakimiyyətin elektoratı müxalifətə tərəf keçir. Əgər iqtidar bu gün üzərinə düşən vəzifəni yerinə yetirirsə, pensiyaları artırırsa, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına fikir verirsə, niyə narazılıq olmalıdır? Mənə bir prezident göstərin ki, ayın yarısını regionlarda keçirsin. Regionlarda yaşayan insanların problemlərini köməkçilərin dili ilə deyil, özü birbaşa görərək həll etməyə çalışır. Bu baxımdan sonuncu prezident seçkilərində də cənab İlham Əliyev yüksək səs çoxluğu ilə qalib gəldi. Əlbəttə ki, müxalifət də olmalıdır. İş olan yerdə nöqsan ola bilər və yaxud da kimsə iddialı olacaq ki, prezidentin komandasındakılardan daha yaxşı işləməyi sübut etmək üçün müxalifətdə olacaq. Ancaq bizə güclü yox, səmərəli müxalifət lazımdır. Çox təəssüf ki, Azərbaycan müxalifəti əksər vaxt milli maraqlarımızın əleyhinə işləyir. Bizim müxalifət nümayəndələri xaricdə Azərbaycanı tənqid etməyi özlərinə moda hesab edirlər. Həm də bu gün Azərbaycan müxalifəti çoxqanadlıdır və onun müxtəlif aspektdən hakimiyyətə yanaşan liderləri, qrupları var. Onların hamısına eyni qiymət vermək olmaz. [b]- Sözlərinizdən belə çıxır ki, ABŞ-ın Azərbaycan müxalifətinə dəstək verməsinin heç bir xeyri olmayacaq... [/b] - Hesab edirm ki, mənəvi dəstəkdən başqa, nəsə bir şey ola bilməz. O da müxalifətə dəstək deyil, ümumilikdə demokratiya uğrunda çalışanlara dəstəkdir. Demokratiyanın isə ancaq müxalifətin monopoliyasında olduğunu iddia etmək düzgün olmazdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA