Müxalifət Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyi müzakirə etdi

img

22-10-2009 [05:17]


Bu gün Azərbaycan Media Mərkəzində Aydınlar Birliyinin təşəbbüsü ilə son günlər Azərbaycan-Türkiyə arasında yaranmış gərginliklə bağlı dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Aydınlar Birliyinin təmsilçisi Aqil Səmədbəyli Azərbaycan və Türkiyə iqtidarının yanlış seçimlər etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda türkün bayrağına sayqısızlıq Türkiyədə birmənalı qarşılanmır: ?Hamı yaxşı bilir ki, Türkiyədə bayraq son dərəcədə müqəddəsdir. Hərə iki ölkədə atılan addımlar xalqların iradəsindən asılı deyil. Maraqlısı odur ki, bu proseslər türk parlamentərilərin Naxçıvandakı birgə toplanışından sonraya təsadüf etdi. Artıq hakimiyyət tərəfindən ictimaiyyətə təqdim edilir ki, guya Dağlıq Qarabağı Türkiyə işğal edib. Amma Qarabağı işğal edən Türkiyə deyil, Rusiya və Ermənistan birliyidir. Qarabağ Türkiyənin yox, Azərbaycanın torpağıdır və torpaqları işğaldan Azərbaycan dövləti və xalqı azad etməlidir. Qərara almışıq ki, ayın 29-u hər yerdə Türkiyə bayraqları ilə bərabər aksiya keçirək və hər yerdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıraq?. Azərbaycanın İstanbuldakı keçmiş konsulu Abbas Abdullanın sözlərinə görə, Türkiyə iqtidarı Türkiyə xalqı demək deyil: ?Türkiyə iqtidarının protokollara imza atmasının öz elə cinayətdir. Orada bir çox qüvvələr var ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyirlər. Ona görə də indiki proses daha çox onlara sərf edir?. Millət vəkili İlyas İsmayılov isə bildirib ki, Azərbaycan hökuməti və ictimaiyyəti bu məsələdə səbrli olmalıdır: ?Mənə elə gəlir ki, narahatlığa ehtiyac yoxdur. Türkiyə rəsmiləri dəfələrlə istər Türkiyədə, istərsədə Azərbaycana səfərlərində bildiriblər ki, Azərbaycanın bu məsələdə bütün maraqları nəzərə alınacaq. Ona görə də ölkədə hər hansı bir xaos yaratmaq səhv addımdır?. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının qənaətincə, proseslərdən məlum olur ki, regionda bir çox dəyişikliklər baş verəcək: ?Ölkədə Türkiyəyə qarşı təxribatın aparılmasının iki səbəbi var: 1) Azərbaycan hakimiyyəti Qarabağ istiqamətində heç bir uğura nail ola bilmir və bu uğursuzluğa şərik axtarır; 2) Azərbaycan hökuməti Avropa Birliyinin, Amerikanın vasitəsilə Türkiyənin Qafqazda, Ermənistanda və Azərbaycanda möhkəmlənməsindən ehtiyyatlanır. Artıq hökumət tərəfindən rusiyameyilli bəyanatlar səslənir. Nəzərinizə çatdırım ki, bütün bu məsələlər Azərbaycan üçün çox təhlükəlidir. Artıq proseslər yekunlaşır və çox yaxşı bilirik ki, sonluq Azərbaycanın ziyanına işləyəcək. Hökumətin balanslaşdırılmış xarici siyasət adı altında apardığı təhlükəsizlik siyasəti çox problemlər yarada bilər. Azərbaycan MDB dövlətləri arasında yeganə dövlətdir ki, hansı təhlükəsizlik siyasətində mövcud olması məlum deyil. Hökumət Türkiyə iqtidarına yox, bütövlükdə türk xalqına, türk bayrağına, türk atriburtlarına qarşı əndazəni aşmış müəyyən hərəkətlərə yol verir ki, bu da Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər?. Tədbirin digər iştirakçısı, millət vəkili Pənah Hüseynin sözlərinə görə, Türkiyədə Azərbaycan bayrağının təhqir olunması təxribat idi: ?Sərkisyan futbola baxmağa gələndə hamı yaxşı bilirdi ki, Azərbaycan bayraqlarının stadiona aparılmasına hansısa maneçilik olacaq. Ona görə də Azərbaycan hökuməti bu təxribatlara uymamalıydı. Türkiyədə bayraq və şəhid məsələsi ən həsas məsələdir. Nə olur-olsun Türkiyə bayraqları yerindən asılmalıdır. Aprelə qədər Azərbaycanın- Dağlıq Qarabığn başında böyük təhlükə olacaq. Biz Türkiyədən imtina etsək, bütün təsir imkanlarımız sıradan çıxa bilər?. Azadlıq Partiyasının sədri Əhməd Oruc da Ermənistan-Türkiyə sərhədlərinin açılmasının regionda vəziyyətin dəyişməsinə səbəb olacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə Türkiyəni qınamamalıyıq: ?Qarabağı biz almalıyıq, nə Türkiyə, nə də qeyri-Türkiyə almamaldır. Açıq etiraf edək ki, Türkiyə əvvəlki Türkiyə deyil. İndiki hökumət Kiprdən geri çəkilir, ordunun hökumətə təsir gücünü aşağı salır, kürdlərə ölkədə şərait yaradır və Azərbaycanın əleyhinə siyasət aparır?. Millət vəkili Nəsib Nəsibli isə bildirib ki, Azərbaycan-Türkiyə arasında soyuq münasibətlərin yaranmasında bir çox qüvvələrin marağı var: ?Əgər biz Türkiyəni özümüzə strateji müttəfiq hesab ediriksə, onda etiraz etməməliyik. Azərbaycan cəmiyyətində belə bir psixologiya formalaşıb ki, Türkiyə bizi satdı. Türkiyə dəfələrlə bildirib ki, Qarabağ məsələsində biz sizin 17 il köləniz olmuşuq. Ona görə də Dağlıq Qarabağ Azərbaycanın öz milli məsələsidir?. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə müzakirələr aparılan zaman Dağlıq Qarabağ məsələsindən qabaq bir neçə problemlərə toxunmaq lazım olduğunu vurğulayıb: ?Nədənsə biz həmişə Qarabağdan danışırıq. Axı, Azərbaycanın problemi təkcə Qarabağla yekunlaşmır. Bundan qabaq Zəngəzur, Göyçə və İrəvanın işğalına nəzər yetirməliyik. Bütün problemlərin həlli dövlət səviyyəsində aparılmalıdır. Problemin kökü də bundadır. İqtidar Qarabağı verib hakimiyyətdə qalmaq istəyir. Düşünürəm ki, Azərbaycanda istər Dağlıq Qarabağ, istərsə də İrəvan, Zəngəzur və Göyçə mahalının işğaldan azad edilməsinə rəğmən milli müqavimət hərəkatı yaradılmalıdır. Biz də partiya olaraq bu hərəkata dəstək verməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA