Türkiyə-Ermənistan protokolları artıq Böyük Millət Məclisinə təqdim olunub

img

21-10-2009 [02:50]


Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına dair bu il oktyabrın 10-da Sürixdə imzalanan protokolun təsdiqlənməsinə dair qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisi Başqanlığına təqdim edilib. "CNN Türk"ün məlumatına görə, bu gün günortadan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu protokolla bağlı Böyük Millət Məclisində deputatlara məlumat verəcək. Ə.Davutoğlunun hökumət adından edəcəyi danışmanın ardından, parlamentdəki qruplar da mövzuyla əlaqədar fikirlərini ifadə edəcək. Sonra qanun layihəsi TBMM Başqanlığı tərəfindən Xarici işlər komissiyasına veriləcək. Layihə komissiyada qəbul edilsə, ratifikasiya üçün TBMM-in ümumi iclasına çıxarılacaq. Protokollar parlamentdə təsdiq edilərsə, Ermənistan ilə Türkiyə arasındakı sərhədlər 2 ay ərzində açılmalıdır. Bu səbəbdən sənədlərin imzalanması Azərbaycanda, eləcə də, Türkiyənin daxilində, xüsusilə müxalifət dairələrində böyük narazılıqla qarşılanıb. Türkiyənin müxalifət liderləri ? Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı dünən bir daha hökuməti Ermənistan məsələsi ilə bağlı kəskin tənqid ediblər. Həmin partiyalar protokollar parlamentin gündəliyinə çıxarılarsa, sənədlərin ratifikasiya edilməməsinə çalışacaqlar. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycanı narahat olmamağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA