ADP iH pensiya yaz hədlərinin artırılmasını qəti zəkildə pisləyib

img

19-10-2009 [05:25]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Regionda hadisələrin gedişatına ciddi təsir göstərən və siyasi təlatümlərə səbəb olan Türkiyə ilə Ermənistan arasında imzalanmış son protokollara bir daha diqqət çəkən toplantı iştirakçıları baş verən hadisələr fonunda Türkiyə və Azərbaycan arasında yaranmış gərginlikdən son dərəcə narahat olduqlarını bildiriblər. İdarə Heyəti üzvləri Bursada Türkiyə və Ermənistan yığmaları arasında keçirilən futbol oyunu zamanı Azərbaycan bayraqlarının içəri daşınmasına qoyulan qadağalardan sonra anoloji olaraq Azərbaycan iqtidarının da 1918-ci ildə torpaqlarımızın bolşevik-daşnaq işğalından xilas olması yolunda şəhid olan türk əsgərlərinin məzarlığı üzərində ucaldılmış türk bayraqlarının aradan götürməsini həddləri aşan cavab reaksiyası kimi dəyərləndirib və bu neqativ hərəkətin heç də tarixən bir-birinə dini və mənəvi tellərlə bağlı olan iki qardaş ölkə arasındakı münasibətlərə uyğun olmadığını diqqətə çatdırıb. İdarə Heyəti üzvləri böyük siyasi güclərin təpkisi ilə peallaşan Türkiyə Ermənistan razılaşmasının xalqımız üçün yarana biləcək fəsadlarından məharətlə yayınmağın yolunu heç də Türkiyə ilə siyasi-iqtisadi sahələrdə düşünülməmiş süni gərginliklər yaratmaqda yox, əksinə qardaş Respublika ilə daha dərin ilişkilərə və qarşılıqlı hərbi, iqtisadi və siyasi təhlükəsizlik tədbirlərinə üstünlük verməkdə olduğunu xüsusi qeyd edib. ADP İdarə Heyəti hesab edir ki, Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin təcili olaraq ən yüksək səviyyədə görüşünün keçirilməsinə və qarşılıqlı problemlərin müzakirə və həll edilməsinə çox ciddi ehtiyac yaranıb və Azərbaycan tərəfi bu görüşün təşkil olunması üçün dərhal diplomatik təşəbbüslərə başlamalıdır. İdarə Heyəti üzvlərinin xüsusi narahatçılıqla müzakirəyə daxil etdiyi digər məsələ Azərbaycan iqtidarının 18 oktyabr müstəqillik bayramına sərgilədiyi münasibət olub. Bütün xalqların böyük bayram əhval-ruhiyyəsi və təntənə ilə qeyd etdiyi milli müstəqillik gününün Azərbaycanda dövlət səviyyəsində qeyd edilməməsini və bu bayramın millətimizin coşqunluğu ilə müşahidə olunmamasını milli və dövlətçilik şüurunun zəif olması ilə əlaqələndirən toplantı iştirakçıları xalqımızı və bütün ictimai-siyasi güçləri müstəqilliyimizin də daxil olduğu tarixi nailiyyətlərimizi göz bəbəyi kimi qorumağa çağırıb. İdarə Heyəti üzvləri xeyli zamandır ki, siyasi pərakəndəlik acısını yaşayan müxalif siyasi kəsimin səbr və çətinliklərlə ərsəyə gətirdiyi və mövcudluğu ərzində narazı elektoratın rejimlə mübarizədə istinad etdiyi əsas güc mərkəzi olan Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində yaranmış böhranla əlaqədar bir daha narahat olduğunu bildirib və bu qurumun rəhbərlərini siyasi təmkin və iradə nümayiş etdirərək, on minlərlə insanın ümid etdiyi siyasi dəyişilmələrdə yeganə mütəşəkkil qüvvə ola biləcək bu hərəkatı qorumaq üçün ciddi səylər göstərməyə çağırıb. İdarə Heyətində Milli Məclisdə müzakirəyə çıxarılan sosial müdafiə haqqında qanuna əlavə və dəyişikliklər haqqında qanun layihəsi də müzakirə mövzusu olub. ADP İH pensiya yaş hədlərinin artırılmasını qəti şəkildə pisləyib və parlamentin müzakirəsinə çıxarılan bu qanun layihəsinin sosial müdafiəyə ehtiyacı olan əhalinin dövlət himayəsindən məhrumetməyə cəhd kimi qiymətləndirib. İdarə Heyəti bələdiyyələrə seçkilərlə bağlı məsələni də müzakirə edib və bu qurumun qərarına uyğun olaraq partiya üzvlərinin seçki komissiyalarına müraciətləri ilə əlaqədar vəziyyətlə tanış olub. Məlum olub ki, Bakının əksər bələdiyyələrinə, Salyan, Mingəçevir, Şirvan, Lənkəran və digər bələdiyyələrə üzv olmaq istəyən partiya üzvləri müvafiq sənədləri Dairə Seçki Komissiyalarına təqdim ediblər və bu proses davam etməkdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA