18-10-2009 [03:44]
[b]Sərdar Cəlaloğlu: "Münasibətlər elə korlanıb ki, bu münasibətlər çərçivəsində seçkiyə birgə getməyin də heç bir perspektivi qalmayıb" [/b]
Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar arasındakı gərginlik pik nöqtəsinə çatdı. Müsavat Ümidlə, Ümid isə Müsavat Partiyası ilə bir yerdə ola bilməyəcəklərini bəyan etdilər. Bu arada hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn bələdiyyə seçkilərinə təkbaşına getmək qərarını verdi. Həm hərəkatda baş verənlər, həm də ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
[b]- Sərdar bəy, öncə ondan başlayaq ki, ADP-nin seçkiyə təkbaşına getmək zərurəti nədən yanardı? [/b]
- Bilirsiniz ki, bizim bir qərarımız var idi. Bu qərara əsasən biz bələdiyyə seçkilərinə hərəkata daxil olan siyasi partiyalarla birlikdə getməli idik. Amma son vaxtlar Müsavatın Ümid Partiyasına qarşı şərt qoyması nəticəsində hərəkatda böhranlı vəziyyət yaranıb. Demək olar ki, bu problemi həll edə bilmirik. Artıq seçki ilə bağlı qərar vermək lazımdır. Bir də məlumat aldıq ki, Müsavat Partiyası artıq rayonlarda müstəqil şəkildə iş aparır, özü öz siyahısı ilə seçkiyə getmək istəyir. Bu vəziyyəti nəzərə alaraq, biz də öz müstəqil qərarımızı verdik.
[b]- Qarabağ və Respublika Uğrunda Hərəkatın rəhbərlərinin son qərarını gözləmək olmazdımı? [/b]
- Mən qərar verməmişdən əvvəl zəng elədim, yoldaşlarla əlaqə saxladım. Qarabağ və Respublika Uğrunda Hərəkatın taleyi "Azadlıq" blokunun qeyri-müəyyən mövqeyi ilə bağlı oldu. Mən əlaqə saxladım ki, "Azadlıq" blokunun mövqeyi nə zaman müəyyənləşəcək, məlum oldu ki, blokun yaxın zamanda məsələylə bağlı mövqeyini müəyyənləşdirmək fikri yoxdur. Bu isə onu göstərir ki, ola bilsin, "Azadlıq" bloku öz mövqeyini müəyyənləşdirməsin. Bunları öyrənəndən sonra biz bu qərarı verdik. Həm də açığını deyim ki, orada münasibətlər elə korlanıb ki, bu münasibətlər çərçivəsində seçkiyə birgə getməyin də heç bir perspektivi qalmayıb. Yəni Müsavat elə şəkildə şərt qoydu ki, yaranmış münasibətlər kifayət qədər zədələndi.
[b]- "Azadlıq" blokunun yaranmış vəziyyətlə bağlı mövqe bildirməməsinin hər hansı bir səbəbi ola bilərmi? [/b]
- Biz bir partiyayıq, hər hansı bir məsələni də bir yerdə müzakirə edirik. "Azadlıq" blokunda isə üç partiya var. Orada əvvəlcə hər bir partiya özü müzakirə edir. Sonra o partiyalar yığışırlar, ümumi qərarlarını verirlər.
[b]- Qarabağ və Respublika Uğrunda Hərəkatın taleyi bundan sonra necə olacaq? [/b]
- Qarabağ və Respublika Uğrunda Hərəkatın taleyi Müsavat Partiyasından asılıdır. Əgər Müsavatın mövqeyində müəyyən bir yumşalma olsa, seçkilərdə blok kimi iştirak mümkün olmasa da, bundan sonra heç olmasa, seçkidə siyasi blok kimi iştirak edə bilər. Yaxud da güc mərkəzi kimi qalar. Yox, əgər Müsavat öz qərarında israr etsə, Qarabağ və Respublika Uğrunda Hərəkata xitam vermək lazım gələcək. Çünki əgər təsisçilər bir-biri ilə razılaşmırsa, onda hərəkata da ehtiyac qalmayacaq.
[b]- Konkret deyə bilərsinizmi, hərəkatın bu vəziyyətə gəlib çıxmasının baiskarı kimdir? [/b]
- Mən bu məsələyə aydınlıq gətirmək istəmirəm. Hər bir adamın özünün ağlı da, şüuru da var. Baş verən hadisələrin qəzetlərdə xronologiyası gedib və baiskarın kim olmasını hamı yaxşı bilir.
Mən başqa bir məsələni demək istəyirəm. Fikir verirsinizsə, Azərbaycan artıq bizim istəyimizdən asılı olub-olmayaraq, təklənib. Bizim yeganə dostumuz, strateji müttəfiqimiz olan Türkiyə də ermənilərlə dostluq edir. Hətta bu dostluq azmış kimi, bizim bayrağımızı da onların dili ilə desək, çöpə atırlar. Belə bir vəziyyətdə nəinki müxalifətin, hətta iqtidarla müxalifətin birləşməsi, Azərbaycan xalqının yumruq kimi bir olması hava və su kimi vacibdir, burada qrup maraqlarını nəzərə almaq isə gülüncdür. Çox təəssüf ki, bizim siyasətçilərimiz hətta bu cür önəmli məqamlarda belə həmrəyliyi saxlamaq, milləti birləşdirici adımlar atmaq əvəzinə, parçalanmaya səbəb olan mövqe tuturlar.
[b]- Bəs bu nə ilə bağlıdır? [/b]
- Bu da bizdə siyasi mədəniyyətin, demokratik şüurun aşağı olmasının və xalqımızda milli həmrəylik ruhunun çox aşağı olmasının əlamətidir. Baxın, Türkiyədə, Ermənistanda sərhədlərin açılması ilə bağlı nələr baş verir. Azərbaycanın başında qara buludların sıxlaşdığı vaxt cəmiyyətimiz heç bir reaksiya vermir. Bu, çox təhlükəli sindromdur. Yalnız can verən orqanizm təhlükəyə reaksiya vermir. Bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti canvermə vəziyyətindədir. Müxalifət də kömək etmək, xalqı aktivləşdirmək, milli və dövlət maraqlarına daha həssas yanaşmağa çağırmaq əvəzinə, öz içərisində kiçik məqsədlər güdən intriqa ilə birliyi pozur.
[b]- Elə həmin müxalifətin bir nümayəndəsi də Sizsiniz... [/b]
- Mən birləşmək istiqamətində əlimdən gələni edirəm, amma hər şey məndən asılı deyil axı. Hərəkatda altı nəfər var, onlardan yalnız birinin istəyi ilə nə həll oluna bilər?
[b]- Ən azından "parçalanmanın səbəbkarı filankəsdir",- deyə bilərsiniz... [/b]
- O zaman məsələləri daha da korlayarıq. Yəni bu birliyin saxlanması şansı qalıb. Konkret olaraq, kimisə baiskar göstərmək, yaxud kimisə ittiham eləmək həm mənim tərəf tutmağım kimi görünər, həm də bütövlükdə hərəkatın geridönməz proseslərə sürülməsinə səbəb ola bilər.
[b]- Məsələ ondadır ki, parçalanmanın ərəfəsindəsiz və heç bir iş də görmürsünüz... [/b]
[b]- (Tələsik)[/b] Hər halda biz ağlımızın çərçivəsində nə etməli olduğumuzu bilirik. İndi siz bizə məsləhət verirsiniz ki, bunu eləyin, onu eləyin. Onda gərək siz gəlib siyasətlə məşğul olasınız, mən də gedib jurnalistika ilə məşğul olum. Ona görə də hesab edirəm ki, siz dediyiniz kimi, hər şeyin üstünə getmək də düzgün olmaz.
[b]- Sərdar bəy, birliyin saxlanması üçün şansın qaldığını bildirirsiniz. Həmin şans nədən ibarətdir? [/b]
- Yəni Müsavat Partiyası yenidən qərarına baxa, şərtlərini daha yumşaq qoya bilər. Hər şey Müsavatın mövqeyindən asılıdır.
[b]- Axı, Müsavatın da şərtlərində müəyyən haqlı məqamlar var... [/b]
- Ona qalsa, İqbal bəyin də şərtlərində həqiqətlər var. Həqiqətlərin ikisi də eyni gücdədir. Müsavat Ümid Partiyasının, Ümid Partiyası da Müsavatın dediyini eləmirsə, onda bu, hərəkatın dağılmasına səbəb olmamalıdır, hər kəs öz şərtini geri çəkməlidir. Əgər bu, ümumi maraqlara xidmət edən şərtdirsə, bu şərti irəli sürüb bir şeyə nail olmursansa, əksinə, vacib olan birliyi parçalayırsa, deməli, bu, heç ümumi maraqlara xidmət edən şərt deyil.
[b]- Bu fikirlərinizi İsa Qəmbərlə İqbal Ağazadənin də nəzərinə çatdırmısınızmı? [/b]
- Bəli, mən iclasda çox kəskin və açıq şəkildə demişəm ki, indiki qarşıdurma heç bir ictimai marağa xidmət eləmir.
[b]- Amma Müsavat Partiyası qəti şəkildə Ümidlə bir yerdə ola bilməyəcəyini bəyan edib... [/b]
- Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir, amma hər iki ölkənin rəhbəri görüşür, bir yerdə olmağı mümkün hesab edirlər, lazım gələndə oturub yeyib-içirlər də. İndi Ümidlə Müsavatın arasında hansı bir intriqa var ki, Müsavat bu cür mövqe ilə çıxış edir. Qoy, bunu açıq desinlər də nəyə görə belə edirlər. Bəlkə biz başa düşmürük, bilmirik, doğrudan da Ümid Partiyasının hansısa günahı var. Axı belə deyil. İndi istənilən bəyanatı vermək olar, amma tarix var. Bu millət sabah bunun səbəbini soruşacaq, müxalifət bir yerə yığışa bilməyəndə, böyük bir məğlubiyyət olanda bunun məsuliyyətini kimsə daşımalıdır. Məgər biz öz iradəmizi ictimai maraqlardan üstün tutmalıyıq? Mən bunu istəmirəm, filankəs filan şeyi eləsin, belə olmaz axı!
[b]- Bir müddət öncə bildirilirdi ki, kim narazılıq yaratsa, hərkatdan çıxarılacaq. Narazılıq yaradanların hərəkatdan getməsi mümkündürmü? [/b]
- Onlar gedəndən sonra ortada bir "Azadlıq" bloku, bir də ADP qalacaq. Biz müxalifətin daha ciddi birliyini yaratmaq məqsədiylə bu ideyanın ətrafına toplaşmışdıq. İndi bu gün təzədən əvvələ qayıdacağıqsa, ADP-"Azadlıq" bloku formatını yaradacağıqsa, irəliyə yox, geriyə addım atmış olacağıq. Ona görə də mən, nə Müsavatın, nə də Ümid Partiyasının Hərəkatdan kənarlaşmasını istəmirəm. Çünki indiki "altılıq" müxalifətin ən real birliyidir. Bu birliyi dağıdanlar tarix qarşısında da, millət qarşısında da cavab verməlidirlər.
[b]- Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkat hakimiyyətə qarşı münasibəti bəlli olmayan ADP ilə Ümid Partiyasından təmizlənsə DUİ onlarla əməkdaşlıq edər..[/b].
[i]- (Sözümüzü kəsərək) [/i]Əvvəla Əhməd Orucun özünün təmizlənməyə ehtiyacı var. Çünki o, ruhi vəziyyəti qarışıq adamdır. Qəzetlərdə ən axmaq fikirlər işlətməsini də böyük siyasətçilik hesab edir. O, əvvəlcə gedib özünü təmizləsin, sonra gəlib hansısa təşkilatın təmizlənməsindən danışar. Amma ADP heç kəslə nə zəruri müttəfiq olmaq istəyir, nə də kiminləsə alternativ. Buyursunlar, yol açıqdır, o Müsavat, o DUİ, o da "Azadlıq" bloku. Kimlə istəyirlər, müttəfiqlik eləsinlər. Onlar yaxşı bilirlər ki, biz onlarla müttəfiqlik etmərik. Ona görə də qabaqdangəlmişlik edirlər.
[b]- Sizin bu cür fikirləriniz müxalifətin birliyinə mane olumurmu? [/b]
- Əgər Əhməd Orucu müxalifət hesab edirsinizsə, onda xahiş edirəm məni siyasətçi hesab etməyin. Onun siyasətçi olmağı nədə ifadə olunur? Nə qədər radikal fikirlər səsləndirsə də, bunun ictimai rəyə təsiri yoxdur. Onsuz da hamının onun ruhi müalicəsi haqqında məlumatı var. Belələri Azərbaycanda ruhi xəstəxanalarda çoxdur. Özünü Napaleon, Kral Lir, Stalin hesab edənlər var.
Bizim DUİ-yə daxil olan siyasi partiyalarla əməkdaşlıq etmək fikrimiz yoxdur. Əhməd Orucun fikirləri isə lap o məsələyə oxşayır ki, filankəs filankəsdən boşansın, ona ərə gedəcəyəm. Buyursun, kimlə bir yerdə olurlarsa, olsunlar.
[b] - Artıq qərarınız var, seçkiyə təkbaşına gedirsiniz. Bunun mənfi və müsbət cəhtləri nədər ibarət olacaq? [/b]
- Mənfi cəhəti o olacaq ki, vahid kampaniya apara bilməyəcəyik. Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edib, elektron informasiya vasitələrindən yararlana bilməyəcəyik, üzvlərimizin hüquqlarını vahid şəkildə qorumağı bacarmayacağıq və s. Yəni bunun çoxlu mənfi tərəfləri var. Amma birlik şəklində getməyin də elə problemləri var ki, məsələn, Seçki Məclləsinə görə elə işlər, elə xərclər var ki, bələdiyyə sekilərinə getməyə belə dəyməz. Elə 20 min manat lazım gələcək ki, hansısa sənədləri notarial qaydada təsdiq edək, yığıb toplayaq və yaxud nümayəndlərimizdən nə qədər sənədlər tələb olunur, bunların hamısı vəsait tələb edir. Yəni elə bir şey yaradıblar ki, prezident seçkiləri bu qədər mürəkkəb keçmir. Biz də qərara gəldik ki, partiya üzvlərimiz şəxsi təşəbbüs qaydasında seçkilərə getsinlər.
[b]- Müsavat zona müşavirələri keçirdi, partiyanın ikinci, üçüncü şxsləri yerlərdə görüşlər təşkil etdilər. ADP bu istiqamətdə hansı addımları atmağı planlaşdırır? [/b]
- Təbii ki, hər şey prosesin gedişatından asılı olacaq. Məsələn, hansısa rayonda bələdiyyəyə namizədlərimiz çox olacaqsa, orda iş görmək olar. Amma tutaq ki, hansısa kəndə bir nəfər namizəd olacaqsa, orada böyük bir kampaniyaya ehtiyac yoxdur.
[b]- Müxalifətin parçalanmış şəkildə getdiyi seçkinin ümumi nəticələrindən nə gözləyirsiniz?[/b]
- Öncə onu deyim ki, hazırda cəmiyyətdə seçkilərə həddindən artıq inamsızlıq var. Hətta adamlar namizəd olmaq belə istəmirlər. Belə bir vəziyyətdə seçkidən də heç nə gözləmirəm.
[b]- Belə bir vəziyyətin yaranması müxalifətin seçkiyə birgə getməməsindən qaynaqlanmırmı? [/b]
- Təbii ki, bu amilin təsiri böyükdür. Çünki bizim qərarımız var idi ki, seçkidə bir blok şəklində iştirak edək, amma görünən odur ki, bu niyyət baş tutmur. Ona görə də birlik tərəfdarı olanlar ruh düşkünlüyünə düçar olurlar.
[b]- Hakimiyyət bu situasiyadan qazanclı çıxa biləcəkmi? [/b]
- Məncə, bundan heç ksə qazanmayacaq. Çünki artıq Azərbaycanda həm dövlət, həm qeyri-dövlət strukturları iflasa uğrayıb. Azərbaycan dövlətinin əsası hədən artıq sarsılıb. Aparılan siyasət nəticəsində xalqın müqavimət əzmi sıfıra enib. Belə bir vəziyyətin nə iqtidara, nə müxalifətə xeyri yoxdur. Xalq siyasətdə bir silahdır. Əgər bu silah paslanıbsa, atəş açmaq qabiliyyəti yoxdursa, istəyirsən, sən iqtidar ol, ya mən olum, bunun heç bir şeyə aidiyyatı yoxdur. Bu, bütövlükdə dövlətçilik üçün çox təhlükəli simptomdur. Mən elə bilirəm ki, indiki vəziyyət Azərbaycan dövlətçiliyinin gələcəyini şübhə altına qoyan vəziyyətdir. Əgər təcili olaraq, dövlət səviyyəsində xalqın təlimatlandırılması, siyasi aktivliyin yüksəldilməsi, mübarizə əhval-ruhiyyəsinin gücləndirilməsi istiqamətində səylər göstərilməsə, nəticə faciəvi olacaq. Roma imperiyası da belə dağıldı. Romanın gücü, qüdrəti, sərvəti elə həddə gəldi ki, incəsənət, yersiz əyləncələr, əyyaşlıq imperiyanı dağıtdı. Azərbaycan Roma imperiyasının bir şəhəri boydadır, yeni proseslər indi Azərbaycanda gedir. Təbii ki, bu dövlət dağılacaq. Sadəcə olaraq, məlum deyil, bu gün, ya sabah dağıla bilər. Ona görə də hakimiyyət və müxalifət xalqı bu vəziyyətdən çıxarmalıdır. Bu gün Azərbaycan xalqı siyasi can verir. Xalqı bu vəziyyətdə saxlamaq olmaz.