Taekvondoçularımız Kopenhagendə medal uğrunda mübarizə aparacaq

img

16-10-2009 [01:49]


Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Taekvondo üzrə dünya çempionatının ikinci günü arxada qalıb. İki qadın və bir kişi taekvondoçumuzun mübarizə apardığı yarışın ikinci gününü həmyerlilərimiz medalsız başa vurub. Ən yaxşı nəticə isə 57 kq çəkili zəriflərlə yarışan Sen Mi Linin aktivinə yazılıb. Təmsilçimiz ilk döyüşdə çilili Mariya Yarı mübarizədən kənarlaşdırıb. Linin növbəti qurbanı Liberiyanı təmsil edən Andrea Paoli olub. Sen Mi Li 1/8 final mərhələsini də məharətlə adlayıb. Bu dəfə malili Oumura Traora rəqibimiz qarşısında aciz qalıb. Lakin bu, təmsilçimizin yarışda qazandığı son uğur olub. 1/4 finalda italiyalı Veronika Kalabreze idmançımızı məğlub edib. Ağırlığı 49 kq olan qadın taekvandoçuların mübarizəsində Aygün Abdullayevə isə dünya çempionatında cəmi bir döyüş keçirməyə müvəffəq olub. Belə ki, ilk görüşdə Myanmadan olan idmançı Soe Soe ilə üz-üzə gələn Aygün rəqibinə layiqincə müqavimət göstərə bilməyib və mübarizəni erkən dayandırıb. İkinci yarış günü ölkəmizin idman şərəfini qoruyan yeganə kişi taekvondoçumuz Elnur Amanov da mübarizəni ilkin mərhələdə dayandırıb. 58 kq çəki dərəcəsində Elnurun yolunu çernoqoriyalı Nikol Rayçeviç kəsib. Bu gün isə daha üç azərbaycanlı mübarizəyə qoşulacaq. Yarışa ikinci mərhələdən qoşulacaq İlkin Şahbazov 68 kq çəki dərəcəsində Koreyalı İn Kyu Li və serbiyalı Mişol Bundalo cütünün qalibi ilə qarşılaşacaq. 63 kq-lı taekvondoçularla mübarizə aparan Fariz Əliyevin rəqibi Çili təmsilçisi Valdo Pena olacaq. Üçüncü yarış günü ölkəmizin idman şərəfini qoruyan yeganə xanım idmançımız Arzu Bağırova isə ilk olaraq Efiopiyadan olan Helen Minissi yarışdan kənarlaşdırmağa çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA