Prezident ilham Əliyev Yerevanda qələbə qazanan cüdoçularla görüzüb

img

15-09-2009 [10:59]


Prezident İlham Əliyev bu gün Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edib. Prezident İlham Əliyev böyük qələbə münasibətilə idmançılarımızı təbrik edərək bildirib ki, bu qələbə bütün Azərbaycan xalqını sevindirib. Dövlət başçısı görüşdə qeyd edib ki, Azərbaycanda çox güclü nəsil yetişir, gənc idmançılar ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər: "Bu onu göstərir ki, gənclər vətənpərvərlik ruhunda yetişirlər və idmançılarımızın beşinin də Vətənə medalla qayıtması böyük uğurdur. Bu qələbənin idman tariximizdə böyük yeri vardır. Çünki bu yarış Yerevanda keçirilib. Beş dəfə bayrağımız qalxıb, bir dəfə himnimiz səsləndirilib. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak edir və Vətənə üzüağ qayıdıblar". Daha sonra dövlət başçısı onu da qeyd edib ki, bu uğur Azərbaycan gəncliyinin və xalqımızın qələbəsidir. Görüşdə cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə, Yerevanda gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatının qalibi Elmar Qasımov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər. Görüşün sonunda Prezident İlham Əliyev idmançıları bir daha qələbə münasibətilə təbrik edərək, onlara yeni uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA