"Azərbaycanda müxalifətin birliyi dedikdə Müsavatla AXCP-nin birliyi nəzərdə tutulur"

img

11-10-2009 [07:52]


Bələdiyyə seçkilərinə start verilsə də, müxalifətin aparıcı qüvvələrinin bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar hələ də seçkidə birgə iştirakla bağlı qərar verə bilməyib. Üstəlik, hərəkat daxilində Müsavat Partiyası ilə Ümid Partiyası arasındakı fikir ayrılığı davam edir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə söhbətə öncə seçki kampaniyasının gedişatı ilə başladıq. - Bilirsiniz ki, seçkilərin azad və ədalətli hesab edilməsi üçün ilk növbədə ölkədə demokratik seçki mühiti olmalıdır. Təəssüf ki, belə bir şərait yoxdur. Çünki hakimiyyət dairələri hər yerdə müxalifət qüvvələrini basqı altında saxlayıb. Televiziya kanallarının və mətbuatın xeyli hissəsinin üzərində hakimiyyətin nəzarəti qalmaqdadır, sərbəst toplaşmaq hüququ təmin olunmayıb, siyasi partiyaların rəqabət şəraitində fəaliyyətinə imkan verilmir. Belə bir şəraitdə normal seçki kampaniyasının aparılması çətin olacaq. Bizim rayonlarda keçirdiyimiz ilk tədbirlər də göstərdi ki, hakimiyyət demokratik seçki keçirmək, seçki kampaniyası dövründə ölkədə heç olmasa, müvəqqəti demokratik ab-hava yaratmaq niyyətində deyil. [b]- Əgər demokratik seçki keçirilməyəcəni bilirsinizsə, onda seçkiyə qatılmağınızın nə mənası? [/b] - Təbii, bu tipli fikirlər müxalifət düşərgəsində səslənir. Şəxsən mən həmişə seçkilərdə iştirakın tərəfdarı olmuşam. Çünki əgər hər hansı bir siyasi kampaniya boykot olunursa, o kampaniyanın dayandırılması istiqamətində, demokratik kampaniyanın keçirilməsinə nail olmaq uğrunda mübarizə aparmaq lazımdır. Boykot yolu seçib seçkidə iştirak etməmək isə bir çox hallarda özünü boykota gətirib çıxarır. Nəticə etibarı ilə hakimiyyət dairələri bu vəziyyətdən daha çox yararlanır. Ona görə də seçki kampaniyasının verdiyi minimum imkanlarla prosesdə iştirak edib, demokratik dəyərlərin təbliğinə çalışmalıyıq ki, gələcək ciddi siyasi kampaniyalara hazırlaşmaq mövqeyimiz daha üstün olsun. [b]- Sizin zona müşavirələri başlayan gün bölgələrdə yerli icra strukturlarının maneəsi ilə qarşılaşdınız. Bunu nə ilə əlaqələndirirsiniz? [/b] - Hakimiyyət dairələrinin müxalifətin nüfuzunun olmaması, hakimiyyətin isə ciddi nüfuzunun olması barədə bəyanatlarına baxmayaraq, bütövlükdə ölkədə olan vəziyyəti bizdən daha yaxşı bilir. İqtidar insanların böyük əksəriyyətinin onlardan ciddi şəkildə narazı olduqlarından xəbərdardır. Onlar respublikanın tanınmış, xalq arasında nüfuzu olan siyasətçilərin regionlarda görüşlər keçirməsini, bu görüşlərin böyük tədbirlərə çevrilməsinin mümkün olduğunu bilirlər. Bu cür tədbirlərin bütövlükdə ölkədə vəziyyətin dəyişməsi üçün qığılcım rolu oynayacağından ehtiyatlandıqları üçün profilaktik tədbirlər kimi bu görüşlərin tam nəzarətdə saxlanmasına çalışırlar. [b]- Ölkədə demokratik seçki mühitinin olmadığını, hakimiyyətin bu vəziyyəti daha da pisləşdirdiyini deyirsiniz. Bu arada müxalifətin vəziyyəti necədir? [/b] - Hər bir siyasi qüvvənin gücü, təsir imkanları onun arxasında dayanan insanların sayı, keyfiyyəti ilə müəyyənləşir. Əslində Azərbaycan əhalisinin böyük əksəriyyəti protest ehtiyatıdır. Heç şübhəsiz ki, onlar müxalifətin uğur qazanması arzusundadırlar. Bu da müxalifətin gücünün ekvivalentidir. Ancaq hakimiyyət müxalifətin fəaliyyət dairəsini maksimum dərəcədə məhdudlaşdırır. Administrativ resursdan, dövlət aparatından istifadə olunaraq, müxalifətin fəaliyyət göstərməsinə, görüşlər, tədbirlər keçirməsinə imkan verilmir, müxalifətin tədbirlərinə qatılan şəxslər təzyiq və təqiblərə məruz qalır. Özünüz də şahid oldunuz ki, hakimiyyət dairələri bizim öz partiya üzvlərimizlə görüşümüzə adekvat olmayan reaksiya verdi. Yəni bu yolla görüntü yaratmağa çalışırlar ki, ölkədə müxalifətin nüfuzu yoxdur. Əslində indiki şəraitdə, basqı altında, bəzi partiyalar bütün respublika ərazisində öz strukturlarını qoruyub saxlamağa nail olubsa, bu, müxalifətin qətiyyəti, fədakarlağı hesabına mümkün olub. Ona görə də müxalifətin zəif olması fikri ilə razı deyiləm. [b]- Müxalifətin basqı altında olduğu bir vaxtda aparıcı partiyaların cəmləşdiyi Qarabağ və Respublika Uğrunda Hərəkatda da çəkişmələr var. Sizcə, bu, müxalifəti daha da zəiflətmirmi? [/b] - Mənə elə gəlir ki, müxalifətin gücünün azalmasına səbəb partiyalar arasında gedən müzakirələr deyil. Müxalifət partiyalarının bəzilərinin müxalifət amalına, demokratik prinsiplərə əməl etməməsi və cəmiyyətin, eyni zamanda demokratik düşərgənin mənafelərini tapdalaması, bir çox hallarda hakimiyyətlə sövdələşmələrə və separat danışıqlara getməsi ilə əlaqədardır. Əgər belə hallar mövcuddursa, təbii ki, biz buna göz yuma bilmərik, belə bir niyyətimiz də yoxdur. [b]- Ümid Partiyasını nəzərdə tutursunuz? [/b] - Mən, ümumiyyətlə, bu məsələlər haqqında öz fikirlərimi səsləndirirəm. Özünü müxalifət adlandıran qüvvələrin bir araya gəlməsi naminə prinsiplərdən imtina edilməsinin təklif olunması yanlışdır. Müsavat Partiyası olaraq, biz daim prinsiplərə sadiq qalmışıq və hesab edirik, məhz bunun nəticəsidir ki, Müsavata bu qədər basqılar var. Amma bu qədər basqılara baxmayaraq, Müsavat Partiyası yenə də Azərbaycanın ən nüfuzlu siyasi təşkilatı kimi fəaliyyət göstərməkdə davam edir. [b]- Məsələ ondadır ki, bu gün hərəkat daxilində şərtlə danışan tərəflərdən biri Müsavatdır və bu şərtlə danışmaq da birliyi parçalamaq kimi qiymətləndirilir... [/b] - Biz hansısa partiyaların və özünü partiya adlandıran qrupların süni birliyini yox, cəmiyyətin birliyini önəmli hesab edirik. Azərbaycan cəmiyyəti bizim bu məsələləri nəyə görə qaldırdığımızı çox yaxşı bilir. [b]- Arif bəy, sözlərinizdən belə çıxır ki, Qarabağ və Respublika Uğrunda Hərəkatı süni birlik kimi qəbul edirsiniz, sanki Müsavat bundan sonra hərəkatda fəaliyyət göstərmək istəmir... [/b] - Qarabağ və Respublika Uğrunda Hərəkatın əsas təşkilatlarından biri Müsavat Partiyasıdır. Biz bu qurumun qorunub saxlanmasında maraqlıyıq. Xüsusiylə Müsavatla Xalq Cəbhəsi Partiyasının və ya "Azadlıq" blokunun bundan sonra da birgə fəaliyyətində, müttəfiqliyində maraqlıyıq. Açığı, istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq birlik tərəfindən Azərbaycanda müxalifətin birliyi dedikdə Müsavatla AXCP-nin birliyi nəzərdə tutulur. Ona görə də müxtəlif qrupların, çoxsaylı təşkilatların bir arada olması və ya ayrı-ayrı qruplarda fəaliyyət göstərməsi əslində yalnız statistika məsələsidir. Keyfiyyət baxımından müxalifətin birliyi dedikdə qeyd etdiyim qüvvələrin birliyi nəzərdə tutulur. Bu qüvvələrin də birliyinə nail olmaq üçün əlimizdən gələni edəcəyik. [b]- ALP, ADP, VİP, Ümid... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Biz bu partiyaların birgə fəaliyyət göstərməsində maraqlı olduğumuzu dəfələrlə qeyd etmişik. [b]- Ancaq onları əsas qüvvə saymırsınız..[/b]. - Mən, Azərbaycan cəmiyyətinin və beynəlxalq birliyin qəbul etdiyi siyasi qüvvələrin adlarını çəkdim. Azərbaycan cəmiyyətində əsas aparıcı hansı siyasi qüvvələrin olduğu məlumdur. Heç şübhəsiz ki, Azərbaycanın siyasəti barədə yazan və mənim hörmət etdiyim jurnalistlərdən biri kimi siz də Azərbaycanda hansı qüvvələrin real, hansıların isə hakimiyyət tərəfindən süni surətdə şişirdilməsinə cəhd göstərilən, yaxud virtual qüvvələr olduğunu bilirsiniz. [b]- Ümid Partiyası ilə Müsavat arasındakı qarşılıqlı söz atışmasına münasibət bildirən Lalə Şövkət bütün bunların yersiz olduğunu deyib. Bu barədə nə deyə bilərsiniz? [/b] - Mən, Lalə xanımın bu fikirlərini təəssüflə qarşıladım, çünki biz hər hansı söz atışması ilə məşğul deyilik. Biz, konkret olaraq, ortalığa prisipial məsələ qoymuşuq və bu məsələnin mahiyyətini kifayət qədər açıqlamışıq. Söhbət ilk növbədə seçki komissiyalarının paritet əsaslarla formalaşmasının vacibliyindən gedir. Biz bunu nəzərə alaraq, Müsavata təklif olunmuş minlərlə komissiyada olan yerlərdən imtina etmişik. Bizim bu imtinamız o qədər də asan başa gəlməyib. Bu, bir çox adamların siyasi fəallığının artması, təşkilat ətrafında qalması, nəhayət, onların əmək haqqı alması demək idi. Hesab edirik ki, əgər Azərbaycanda normal demokratik cəmiyyət qurmaq istəyiriksə, ilk növbədə azad və ədalətli seçkilər keçirilməlidir. Bunun üçünsə seçki komissiyaları iqtidarla müxalifət arasında paritet əsaslarla yaradılmalıdır. Ümid Partiyasının Müsavata ayrılmış yerləri doldurması əslində müxalifətin bu taktikasına ciddi bir zərbə oldu. 2008-ci il preziden seçkilərində, 2009-da keçirilən referendumda Ümid Partiyasının ayrı-ayrı nümayəndələri istisna olmaqla, komissiyalarda olan üzvlərinin böyük əksəriyyətinin faktiki olaraq, hakimiyyət nümayəndələri ilə işbirliyində olması bir daha bizim təklifimizin haqlı olduğunu göstərir. Ona görə də Lalə xanımın bu məsələləri partiyalarası söz atışması kimi dəyərləndirməsinə yalnız təəssüf edirəm. [b]- Əgər dediyiniz kimi, Ümid Partiyası hakimiyyətlə bu və ya digər formada iş birliyindədirsə, onda niyə şərti bir başa qoymursunuz ki, onlarla ümumiyyətlə, əməkdaşlıq edə bilməzsiniz? [/b] - Biz, Ümid Partiyasına sonuncu imkanı da verdik ki, real müxalifət olduğunu təsdiq etsin. Ancaq onlar bu şansdan istifadə etmək və vəziyyəti düzəltmək, demokratik qüvvələrin fəaliyyət göstərməsindənsə, əks mövqeyi tutdu və Müsavata qarşı əsassız iddialar sürmək qərarına gəldi. Hesab edirəm ki, Ümid Partiyası bu mövqeyi tutmaqla, Müsavata qarşı əsassız iradlar irəli sürməklə, artıq öz seçimini edib. [b]- Hansı seçimi? [/b] - Yəni bizimlə birgə olmaq istəmədiyini bir daha göstərib. Bizimlə birgə olmaq istəyirsə, ümumi müxalifətin mənafeyinə xidmət edən qərarlar verməlidir. Amma Ümid Partiyası bu addımları atmaqdan imtina etdi, deməli, bizimlə birlikdə olmaq istəmir. [b]- Arif bəy, Müsavatla AXCP əməkdaşlığının daha vacib olduğunu vurğuladınız. Son günlər mətbuatda da AXCP-Müsavat birliyinin yaranması barədə məlumatlar verilir. Doğrudur, hələlik nə İsa Qəmbər, nə də Əli Kərimli bu məsələyə şərh verməyib. Sizin fikriniz necədir? [/b] - Tam məsuliyyətimlə deyirəm ki, Müsavatla Xalq Cəbhəsi Pariyası arasında birləşmə ilə bağlı hansısa fikirlərin getməsi tamamiylə uydurmadır. Kimsə bilərəkdən mətbuata belə bir informasiya sızdırıb. Ancaq biz AXCP, yaxud bütövlükdə "Azadlıq" bloku ilə əməkdaşlıqda maraqlıyıq və bundan sonra da bizim tərəfimizdən bu əməkdaşlığın baş tutmasına hər hansı problem yaradılmayacaq. [b]- Başqa bir məsələ. Artıq seçki kampaniyası başlayıb, yəqin ki, kütləvi tədbirlər də keçiriləcək. Bu istiqamətdə hansı addımlar planlaşdırılır? [/b] - Heç şübhəsiz ki, seçki kampaniyası dövrünün verdiyi imkanlardan istifadə edərək, kütləvi etiraz aksiyalarının keçirilməsi istiqamətində müəyyən addımlar atmaq niyyətindəyik. [b]- Bəs, kütləviliyi necə, təmin edə biləcəksinizmi? [/b] - Bilirsiniz ki, Azərbaycanda əslində sərbəst toplaşmaq hüququ tamamiylə ləğv edilib. Yəni müxalifətin bir sıra müraciətlərinə hakimiyyət dairələri "yox" cavabı verməklə, ölkədə sərbəst toplaşmaq hüququnun olmadığını təsdiq edib. Hətta piketlərin keçirilməsinə də imkan verilmir. Ancaq hakimiyyət qanunlara, Konstitusiyaya hörmətlə yanaşaraq, qərarlar qəbul edəcəksə, aksiyaların kütləviliyini təmin etməkdə problemimiz olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA