Müsavatın bələdiyyələrlə bağlı zona müzavirəsinə yerli icra strukturları maneçilik törədib

img

08-10-2009 [05:41]


Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Məclis üzvləri, Millət vəkili İkram İsrafil və Mustafa Hacılı bələdiyyələrlə bağlı zona müşavirəsində iştirak etmək üçün Bərdə rayonuna səfər ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası rəhbərliyinin təmsilçilərinin Bərdəyə gəlməsindən xəbər tutan rayon rəhbərliyi ?qabaqlayıcı? tədbirlərə əl atıblar. Belə ki, Bərdə rayon polis rəisinin göstərişi ilə polislər görüş keçirilməsi ehtimal olunan bütün çayxanaları bağlayıblar. Müsavat Partiyası Bərdə rayon təşkilatının sədri Müsafir Cəmilli nəhayət ki, görüş üçün kiçik də olsa bir yer tapmağa nail olub. Görüş qurtarana yaxın İcra Hakimiyyətinin nümayəndələri və onların qohumları, YAP-ın yerli rayon təşkilatının rəhbərliyi və mülki geyimli polislər görüş iştirakçılarına hücum ediblər. Hücum dəstəsinə YAP-ın yerli təşkilatının sədr müavini, kommunal təsərrüfat idarəsinin, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müdiri Şamil Behbudov, rayon icra hakimiyyəti başçısının xalası oğlu, rayonun təzə bazarının sahibi, eyni zamanda Bərdə şəhər bələdiyyəsinin sədr müavini Nemət Həsənov başçılıq ediblər. Həmin dəstənin tərkibində İH-nin şöbə müdiri Bəhram Nərimanov və həmin şöbənin işçisi, rayonun baş aqronomu Əhmədov Əhməd də olublar. Dəstəyə icra aparatının hələlik adlarını dəqiqləşdirə bilmədiyimiz digər əməkdaşları və bazarda işləyənlər cəlb ediliblər. Bütövlükdə əməliyyata YAP-ın Bərdə təşkilatının sədri Emin Cəlilov rəhbərlik edib və bir kənarda dayanaraq prosesi əvvəldən axıradək izləyib. Müsavat Partiyası Bərdə RT-ından verilən məlumata görə başıpozuq dəstə onlardan tədbirin dayandırılmasını və Bakıdan gəlmiş qonaqların təcili olaraq rayonun ərazisini tərk etməyi tələb edib. Onlara tələblərinin qanunsuz olduğunu bildirəndə, qoçu dəstəsi tədbir iştirakçılarına qarşı zor tətbiq edib. Bütün bunlar mülki geyimli polis işçilərinin gözü qarşısında baş verib. Hücum RİH tərəfindən hazırlandığından, başıpozuq dəstənin üzvləri heç nədən çəkinməyiblər. Onlar Arif Hacılıya, İkram İsrafilə, Müsafir Cəmilliyə və digər partiya üzvlərinə qarşı güc tətbiq ediblər. İkram İsrafil baş verənlərlə bağlı rayon icra hakimiyyətinə gedib bu özbaşınalığa son qoyulmasını tələb etmək istəyib. Lakin İH-nin qapılarını bağlayaraq, ?icra başçısı yerində yoxdur? bəhanəsiylə onu binaya buraxmayıblar. Bundan sonra Arif Hacılı və İkram İsrafil Yevlax şəhərinə gedib yerli müsavatçılarla nəzərdə tutulmuş görüşü keçirmək istəyiblər. Lakin Yevlax şəhərinin girişində yol polisinə aid 6 maşın onların qabağını kəsib. Bildiriblər ki, onlar Yevlax şəhərinə daxil ola bilməzlər. Millət vəkili İkram İsrafilin onlara israrla öz statusunu xatırlatmasının heç bir xeyri olmayıb. Onlara bildiriblər ki, bizə tapşırıq verilib ki, sizi şəhərə buraxmayaq. Bacarırsınızsa, özünüz yol tapın, şəhərə daxil olun. Daha sonra Müsavat Partiyası rəhbərliyinin təmsilçiləri nəzərdə tutulmuş növbəti görüş üçün Zaqatalaya yollanıblar. Müsavatçıları Yevlaxa buraxmayan yol polisi maşınlarından biri (10 -787 nömrəli) Arif Hacılının mindiyi maşını Şəkiyə qədər təqib edib. Bələdiyyə seçkilərinə rəsmi start verilməsindən 24 saat keçməmiş təşkil olunan bu təxribat hadisəsi göstərir ki, Müsavatın seçki fəaliyyətindən qorxan hakimiyyət yenə də əvvəlki seçkilərin ssenarisini təkrarlamaq, total təqib və təzyiqlərlə müxalifəti seçkilərdən kənarlaşdırmaq və elə indidən özlərinə rəqabətsiz seçki şəraiti təmin etmək istəyir. Müsavat Partiyası baş vermiş bu hadisəyə qəti etirazını bildirir, təxribatın bütün iştirakçılarının və təşkilatçılarının cəzalandırılmasını və gələcəkdə bu tip hadisələrin qarşısının alınmasını tələb edir. Müsavat Partiyası bir daha bəyan edir ki, hakimiyyətin bütün təxribatlarına baxmayaraq bələdiyyə seçkilərində iştirak edəcək və cəmiyyətin fəallaşması üçün Konstitusiya çərçivəsində bütün imkanlardan istifadə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA