Bakıda mer seçkisinin keçirilməsi təklifi müxalifətlə iqtidarı üz-üzə qoyub

img

11-09-2009 [02:32]


Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərini icra edən Yan Mikallefin Bakı şəhərinə merin seçki yolu ilə müəyyənləşməsi tələbi ilə çıxış etməsi Azərbaycan müxalifəti ilə iqtidarını üz-üzə qoyub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan Yan Mikallefin təklifini müsbət qarşıladığını bildirib: ?Düşünürəm ki, Bakı meri xalq tərəfindən seçilməlidir. Əgər bu gün hakimiyyət demokratik olsaydı, bəlkə bu məsələ o qədər önəm kəsb etməzdi. Tutaq ki, Bakı böyük şəhər Məclisi olsaydı, mer bu məclis qarşısında hesabat versəydi, bu, o qədər də vacib olmazdı. Amma bu gün Azərbaycanda avtoritar rejim mövcuddur və ona görə də Azərbaycan əhalisinin yarısından çoxunun yaşadığı Bakının meri seçki yolu ilə müəyyənləşməlidir?. ALP yetkilisi onu da vurğulayıb ki, hakimiyyət Bakıda mer seçkisi keçirməkdə maraqlı deyil. Onun sözlərinə görə, hakimiyyət bu seçkilərdə uduzacağını bildiyi üçün belə bir cəhddə bulunmur: ?Çünki Bakı meri seçkilər vasitəsi ilə müəyyənləşsə, sakinlər arasnda böyük maraq yarana bilər və sözsüz ki, iqtidar nümayəndəsi seçilməz. İqtidar nümayəndəsinin seçilməməsi isə növbəti parlament və prezident seçkilərinin uduzulması deməkdir. Ona görə də hakimiyyət bunu bütün vasitələrlə əngəlləyir?. Bakı meri postuna müxalifətdən kimlərin namizəd olmasına gəlincə, Əvəz bəy deyib ki, özü Bakı qeydiyyatında olmadığına görə namizəd ola bilməz. ALP lideri Lalə Şövkətin namizəd olmasına gəldikdə isə ?Bakı meri Lalə xanımın miqyası deyil, çox kiçikdir. Mənə elə gəlir ki, prezidentliyə namizədlər mer seçkisinə qatılmazlar. Bunu hər bir partiya öz daxilində müəyyənləşdirə bilər?,- söyləyib. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, Bakı meri nə vaxtsa seçki yolu ilə müəyyənləşəcək: ?Konqress sədri bunu desə də, deməsə də Azərbaycanda nə vaxtsa buna keçiləcək. Amma indiki mərhələdə yerli icra orqanları rəhbərlərinin təyin edilməsi daha məqbul sayılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yerlərdə bələdiyyələrin hakimiyyəti var?. Müxalifətin də bu istiqamətdə tələblərinə gəlincə, YAP-çı deputat deyib ki, həmişə müxalifətin təklif vermək hüququna hörmətlə yanaşılır. Amma onu əsaslandırmaq, şəraiti nəzərə almaq isə incə məsələdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA