06-09-2009 [05:52]
[b]Asim Mollazadə: "Danışıqlar prosesi erməniləri daha da arxayın edir və işğalçı siyasətinə dəstəyə çevrilir" [/b]
Türkiyə-Ermənistan münasibətləri yenidən gündəmə gəlib. Rəsmi Ankara Ermənistanla sərhədlərin açılmasını və Azərbaycanın maraqlarının təmin olunmasını nəzərdə tutan heç bir müddəanın olmadığı protokolla bağlı razılığa gəlib. Hətta Türkiyə rəsmiləri yaxın dövr ərzində bu istiqamətdə real addımların atılacağını bəyan edir. Bu isə Azərbaycanın ictimai-siyasi dairələrində narazılıqla qarşılanır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də qəzetimizə müsahibəsində narazılığını ifadə edib:
- Biz, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının əleyhinə deyilik. Söhbət ondan gedir ki, bu istiqamətdə işlər mütləq görülməli, regionda ümumi sabitliyə xidmət edən və düşmənçiliyi aradan qaldıran addımlar atılmalıdır. Sadəcə, burada bizi narahat edən bir amil var. Yəni danışıqlar prosesində Türkiyə-Ermənistan münasibətləri ilə bağlı erməni açılımı Azərbaycan-Ermənistan danışıqlarına mənfi çalar gətirməməlidir. Azərbaycanın əlində bir vasitə var ki, zordan istifadə etməyərək, Ermənistanın böyük bir iqtisadi sistemdən izolyasiyasını yaradıb, onları məcbur etsin ki, işğal olunmuş əraziləri boşaltsın. Sərhədlər açılaraq, Türkiyə ilə Ermənistan arasında iqtisadi münasibətlərin qurulması isə Azərbaycanın maraqlarına ziddir. Danışıqlar prosesi erməniləri daha da arxayın edir və işğalçı siyasətinə dəstəyə çevrilir. Azərbaycanın daimi müttəfiqi olan Türkiyənin, bizim danışıqlar bitməmiş, işğal olunmuş ərazilər azad edilməmiş, sərhədləri açması isə Azərbaycanın mənafelərinə xələl gətirir. Bilirsiniz ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi. Amma həm Türkiyə, həm Azərbaycan cəmiyyətində narazılıqlar oldu və Ərdoğan Azərbaycan parlamentində vəd verdi ki, ərazilər azad olunmadan qapılar açılmayacaq.
[b]- Asim bəy, artıq qapıların açılması reallaşmaq üzrədir... [/b]
- Bu, təəssüf doğurur. Azərbaycanı sevən Türkiyədəki qardaşlarımız da bundan üzülür. Türkiyə cəmiyyətinin əksəriyyəti bu prosesdən narahatlığını ifadə edir.
[b]- Türkiyənin xarici işlər nazirinin çıxışlarından hiss olunur ki, bu məsələ Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb... [/b]
- Düşünmürəm ki, belə bir məsələ olsun. Yəni Azərbaycan-Türkiyə münasibətləri heç vaxt hökumətlərarası münasibət üzərində olmayıb. Bizi birləşdirən dəyərlər var. Mənə elə gəlir ki, Azərbaycanın mənafeyinə zidd olan, Azərbaycan xalqını incidən addımlar atılmamalıdır. Türkiyədə xalq da bunu deyəcək.
Biz istərdik ki, Türkiyə-Ermənistan münasibətlərinin sıcaqlaşması prosesinin tərkibində Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması tələbi də yer tapsın. Bu tələb prosesin təkib hissəsi olmadan və torpaqlar azad edilmədən sərhədlərin açılması bizim mənafeyimizə ziddir. Bu səbəbdən də Azərbaycanın heç bir siyasətçisi buna öz razılığını ifadə edə bilməz.
[b]- Sözlərinizdən belə çıxır ki, Azərbaycan cəmiyyəti və hakimiyyəti kənarda dayanmalı, Türkiyə isə bizim əvəzimizdən Qarabağ problemini həll etməlidir? [/b]
- Xeyr. Buna ehtiyac da yoxdur. Azərbaycan öz mənafeyini özü qoruyur. Sadəcə, dostdan, qardaşdan olan dəstək, prosesi daha da sürətlə həyata keçirməyə kömək edir.
[b]- Bir müddət əvvəl sərhədlərin açılması məsələsi gündəmə gələndə açıq şəkildə olmasa da, Azərbaycan hakimiyyətinin təpkisi ortada oldu. Hazırda isə hakimiyyət tərəfindən əvvəlki təpki yoxdur... [/b]
- O zaman da hökumət tərəfindən rəsmi fikir ifadə olunmamışdı. O fikirlə razı deyiləm ki, hazırda o vaxtkından fərqli bir mövqe sərgilənir. O vaxt da hakimiyyət bu məsələyə təmkinlə yanaşmışdı və fikirlər əsasən ictimaiyyət tərəfindən ifadə olunmuşdu.
[b]- Sərhədlərin açılmasının Qarabağ probleminin həllinə müsbət təsiri ola bilərmi? [/b]
- Mən, burada Ermənistanın müəyyən bir oyun oynadığını müşahidə edirəm. Onların istəyi ondan ibarətdir ki, guya Türkiyə də Azərbaycandan üz döndərdi, yalnız qaldı. Bəzən psixoloji təsir üsullarından da istifadə edirlər.
Bu proses Ermənistanın haqsız olduğu beynəlxalq aləmdə gündəmdə olan məsələdir. Ermənistan qonşu dövlətin ərazilərini işğal edib və bütün beynəlxalq hüquq normalarını pozub. Ona görə də biz, bu məsələni qabardırıq ki, artıq beynəlxalq hüquq normaları təmin olunmalıdır. Bizim 7 rayonumuz qeyd-şərtsiz azad edilməli, məcburi köçkünlər öz yurdlarına dönməlidir və bu prosesə paralel olaraq, münasibətlərin yaxşılaşması istiqamətində addımlar atmaq olar. Yəni mərhələlər düzgün müəyyənləşdirilməlidir, ilk növbədə isə Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalıdır.
[b]- Ancaq qeyd etdiyiniz məsələlər Türkiyənin artıq parafladığı protokolda yer almayıb... [/b]
- Bəli, çox təəssüf ki, bu məsələlər orada yoxdur. Bizi narahat edən məsələ də budur.
[b]- Necə düşünürsünüz, bu sazişdə Türkiyə "Ermənistan həm "soyqırım", həm də Dağlıq Qarabağa respublika statusu verilməsi iddiasından əl çəkməlidir",- tələbini qoya bilməzdimi? [/b]
- Ən azı Ermənistan-Türkiyə münasibətlərinin inkişafında Azərbaycanın işğal olunmuş əraziləri mütləq nəzərə alınmalıdır. Bu, birinci mərhələdə olmalıydı, sonrakı mərhələdə isə başqa məsələlərin olması vacibdir.
[b]- Davutoğlu isə deyir ki, bu saziş Azərbaycanın da maraqlarına uyğun olacaq və Bakıdan maşına oturub, Laçından keçməklə, Qarsa gedəcəyik...[/b]
- Çox gözəl, biz bunun tərəfdarıyıq. Sadəcə olaraq, bu yola aparan birinci addım Azərbaycanın işğal olunmuş rayonlarının azad olunmasından keçməlidir.
[b]- Əgər bu yoxdursa... [/b]
- [i](Tələsik)[/i] Onda sözsüz ki, bu, Azərbaycanı narahat edəcək və bizim mənafeyimizə xələl gətirəcək.
[b]- Azərbaycan müxalifəti də baş verənlərlə bağlı etirazını bildirir. ADP sədri Sərdar Cəlaloğlu deyir ki, Türkiyənin sərhədləri açmaq istəməsi Azərbaycanın Xarici İşlər Nazirliyinin yarıtmaz siyasətinin nəticəsidir. Bu fikirlərlə razısınızmı? [/b]
- Xeyr, bu fikirlə razı deyiləm. Mənə elə gəlir ki, Azərbaycanın xarici siyasətində son illər düzgün iş aparılıb. Bu işlər Azərbaycanın apardığı siyəsətlə deyil, Türkiyənin daxili siyasi məsələləri ilə bağlıdır. Bildiyiniz kimi, bir neçə açılım paketləri ortaya qoyulub. Mən istəməzdim ki, bu kimi daxildə olan amillər Azərbaycanın xarici siyasətinin səhvi kimi qəbul olunsun. Bu məsələlərin Türkiyə problemlərinə aidiyyatı var, nəinki Azərbaycanın xarici siyasətinə.
[b]- Asim bəy, bir müddət öncə Ermənistanda səfərdə oldunuz. Orada olarkən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı nələri hiss etdiniz? [/b]
- Mən, erməni nümayəndə heyəti ilə müzakirələrdə bir şeyi anladım ki, Ermənistan da bu müharibədən çox itirib. Ermənistan iqtisadiyyatının böhran içində olması göz qabağındadır. Ölkənin sosial-iqtisadi problemləri siyasətdə ciddi dəyişikliklərə vadar edir. Onlara kömək edənlər silah, top, tankdan başqa heç nə verə bilmir. Ermənistan öz siyasətində köklü dəyişikliklər edəndən, qonşuları ilə normal münasibətlər qurandan sonra erməni xalqının rifahı da dəyişə bilər. Mən də bu istiqamətdə erməni cəmiyyətində ciddi fikir dəyişikliyini müşahidə etdim.
[b]- Ölkədaxili siyasətlə bağlı bir-iki sualımız var. Bələdiyyə seçkiləri yaxınlaşır, rəhbəri olduğunuz partiya bu istiqamətdə hansı işləri görür? [/b]
- Bələdiyyə seçkilərinə hazırlaşırıq və namizədlərimiz müəyyənləşir. Seçki prosesində iştirak edəcək partiya üzvləri üçün Bakı da və bölgələrdə treninqlər, seminarlar, konfranslar keçiririk. Fikrimiz belədir ki, demokratik cəmiyyətin təməli bələdiyyə, yerili özünüidarəetmədən başlanır. Bu baxımdan, hər bir vətəndaş bbələdiyyələrin fəaliyyətində iştirak etməlidir. Onun üçün də bələdiyyə sisteminə və seçkilərinə böyük önəm verdiyimizə görə, bu seçkilərə ciddi hazırlaşırıq.
[b]- Bu seçkilərlə bağlı gözləntilərininz nədən ibarətdir? Bəzi müxalifət nümayəndələri seçkinin yenə də saxtalaşdırılacağını, ölkədə demokratik seçki mühitinin olmadığını bildirir. Siz bu barədə nə düşünürsünüz? [/b]
- İşləmək lazımdır. İstənilən mühitdən asılı olmayaraq, siyasi partiyaların əsas borcu seçkidə iştirak etmək, seçkini öz fikirlərini çatdırmaq üçün əsas vasitə kimi qəbul etməlidir. Yəni ən ağır şəraitdə belə, seçkidə iştirak etməklə, uğur qazanmaq mümkündür.
[b]- Ölkədə demokratik seçki mühitinin olmaması ilə razısınızmı? [/b]
- Biz onunla razıyıq ki, ölkədə seçki keçirilir və siyasi partiyalar seçkilərdə iştirak edib, uğur qazanmağa çalışmalıdır.
[b]- Bu arada müxalifətin perspektivini necə görürsünüz? [/b]
- Heç bir şərh vermək istəmirəm. Biz çalışırıq ki, Azərbaycan müxalifəti ilə bağlı fikir ifadə etməyək ki, bu fikirlər hansısa formada onlara qarşı istifadə olunsun. Ona görə də onlarla bağlı heç bir fikir bildirmək istəmirəm.
[b]- Ancaq həmin müxalifət Siz də daxil olmaqla, parlament müxalifətini müxalifət kimi qəbul etmir... [/b]
- Azərbaycanda siyasi mədəniyyətin inkişafına böyük zərurət var. Hətta onların bu fikirlərini də şərh etmək istəmirəm. Hamı öz siyasi fəaliyyəti üçün məsuliyyət daşıyır.
[b]Zaur ƏHMƏD[/b]