"Ayaz Mütəllibovun vətənə qayıdızını istəyəmənlər izıqdan qorxan yarasalardır"

img

06-09-2009 [05:56]


[b]Araz Əlizadə: "Ona qarşı qaldırılan cinayət işinin heç bir hüquqi əsası, dəlil, sübutu yoxdur" [/b] 18 mart referendumuna çıxarılan Konstitusiya dəyişiklikləri arasında əksəriyyət tərəfindən müsbət qiymətləndirilən maddələrdən biri də "Eks-prezidentlərin statusu haqqında" Qanun idi. Artıq referendumun qəbulundan müəyyən müddət keçsə də, hələlik bu qanun Milli Məclisdə müzakirəyə çıxarılaraq, qəbul olunmayıb. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə də sözügedən qanunun qəbulunun gecikmə səbəblərini bilmədiyini deyir: - Düzü, əgər mən bilsəydim ki, Azərbaycanda nəyə görə bütün məsələlər uzadılır, özüm bunlara əncam qılardım. Çox təəssüf ki, bu gün Azərbaycanda təkcə eks-prezidentlərin statusu məsələsi deyil, bütün məsələlər uzadılır. Burada çox qəribə bir şey var. Referendumu keçirdilər və prezident sərəncam verdi ki, tez bir zamanda referendumda qəbul olunan dəyişikliklər və s. qanunla doldurulsun. Məsələn, Milli Məclisin yaz sessiyasında "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişikliklər edildi. Mənə elə gəlir ki, o, referendumda qəbul olunan Konstitusiya dəyişikliklərinin ən əsası deyildi. Amma mən, Milli Məclisin işinə qarışa bilmərəm. Milli Məclisi xalq seçib, ordakıların hamısı xalqın inanılmış övladlarıdır. Onlar özləri yaxşı bilirlər ki, nə əvvəl olmalıdır, nə sonra. [b]- Araz bəy, bu fikirləriniz dırnaqarası deyirsiniz, yoxsa... [/b] - Əlbəttə, bəs necə deyirəm? Hamı bilir ki, deputatlar necə seçilib. Təbii ki, xalq məni qoyub, Baba Tağıyevə səs verib. Bu, hamı üçün aydındır. [b]- Deputat Fazil Qəzənfəroğlu da eks-prezidentlərin statusu ilə bağlı açıqlama verərkən deyib ki, qanun qəbul olunarkən bunun Ayaz Mütəllibovla, Əbülfəz Elçibəyə də şamil olunması vacibdir... [/b] - Allah eləsin ki, belə olsun. Amma bir də deyirəm ki, nəyə görə bu məsələni uzadırlar, bilmirəm. [b]- Hakimiyyət nümayəndələri isə bildirirlər ki, eks-prezidentlərin statusu ilə bağlı qanun qəbul olunsa da, bu, partiyadaşınız Ayaz Mütəllibova şamil edilməyəcək, çünki onun üzərində cinayət işi var. Bu barədə nə deyə bilərsiniz? [/b] - Cinayət işini kim qaldırıb? Cinayət işini işdən çıxarılmış prokuror qaldırıb. Cinayətkar prokurorun qaldırdığı cinayət işini həyata keçirməzlər. [b]- Məsələ odur ki, Mütəllibovun üzərində həmin cinayət işi qalır... [/b] - Mütəllibova qarşı qaldırılan cinayət işinin heç bir hüquqi əsası, dəlil, sübutu yoxdur. 1996-cı ildə bu iş sübut olundu, Azərbaycan prokurorluğu cinayət işini Rusiyaya göndərdi. Azərbaycan, Rusiya mütəxəssisləri sənədləri bir yerdə araşdırdılar və gördülər ki, ekstradisiya üçün heç bir əsas yoxdur. Bu isə o deməkdir ki, Mütəllibovun hərəkətlərində heç bir cinayət əməli olmayıb. [b]- Onda bu cinayət işinə xitam verilməsi üçün niyə hansısa cəhdlər göstərmirsiniz? [/b] - Bəzi insanlar istəyirlər ki, Roma papasından çox katolik olsunlar. Ona görə də belə bir cəhdlər yoxdur. [b]- Araz bəy, referenduma Sizin də dəstək verməyinizə əsas səbəblərdən biri elə eks-prezidentlərin statusu ilə bağlı qanunun orada əks olunması idi... [/b] - Orda bir neçə maddə var idi ki, məni tam qane edirdi. Ona görə də dəstəkləmişdik. Bəli, onların əsaslarından biri də bu idi. [b]- Yəni bu gün reallaşmırsa... [/b] - [i](Sözümüzü kəsərək)[/i] Narahat olmayın, yəqin ki, reallaşar. Sadəcə, geci-tezi var. Referendumun üstündən nə keçib ki, heç üç il keçməyib. Üç il keçibmi? [b]- Xeyr, heç bir il də keçməyib... [/b] - Hə, görürsən. Atalar misalı var, vəd olunanı üç il gözləyərlər. Üç keçsin, görək nə olur. [b]- Mütəllibovun ölkəyə qayıdışının təmin olunmasını gör neçə ildir gözləyirsiniz? [/b] - O məsələ də inşallah düzələr. Bilirsiniz, məsələ ondadır ki, Ayaz Mütəllibovun qayıdışını gözləyənlər də çoxdur, istəməyənlər də. [b]- Gözləyənlər məlumdur, istəməyənlər kimlərdir? [/b] - Ayaz Mütəllibovun vətənə qayıdışını istəyəmənlər işıqdan qorxan yarasalardır. [b]- Eks-prezidentlərin statusu ilə bağlı məsələnin tezləşdirilməsi üçün prezidentə müraciət etmək fikriniz varmı? [/b] - Konstitusiyada qəbul olunmuş müddəa üçün harasa müraciət etmək ən azından başdan xarablıq olardı. [b]- Ən azından prosesi sürətləndirmək üçün... [/b] -[i] (Tələsik)[/i] Bağışlayın, sizə bir söz deyim. Əgər bir otağa 9 nəfər bir aylıq hamilə qadını yığsaq, uşaq bir ay içində doğulmayacaq. Çünki hər şeyin öz vaxtı var. Eks-prezidentlərin statusu ilə bağlı məsələnin də öz vaxtı var. Düzdür, tez olsa, daha yaxşıdır, amma zamanı gələndə o da reallaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA