Mirmahmud Mirəlioğlu:"Bu hakimiyyət Azərbaycan cəmiyyətini, seçicisini heçə sayır"

img

30-08-2009 [06:02]


[b]"Azərbaycan cəmiyyətində müxalifət həm var, həm də yoxdur. Müxalifətin efiri yox, prosesə təsir imkanları məhduddur, qarşısına hər yerdə sədd çəkilib. Bu da Azərbaycan hakimiyyətinin yürütdüyü qeyri-demokratik siyasətin nəticəsidir"[/b] Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən Madrid prinsiplərinə etiraz əlaməti olaraq mitinq keçirməyi qararlaşdırıb. Bu tədbirin daha əhatəli olması üçün yaradılan İşçi Qrupu bir sıra müxalifət partiyaları ilə məsləhətləşmələr də aparır. DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müsahibəsində hər kəsi bu ideya ətrafında birləşməyə çağırdı: - Mitinq məsələsi ilə İşçi Qrupu məşğuldur. Partiyalarla görüşlər keçirilir. Yəqin ki, yaxın vaxtlarda görüşlər başa çatacaq. Görüşlərin nəticəsi olaraq, kütləvi aksiyaların, hər hansı kütləvi tədbirin, piketin, yaxud mitinqin keçirilməsi istiqamətində konkret qərarlar veriləcək. Ondan sonra isə aksiyanın kokret günü, formatı müəyyənləşəcək. [b]- Son dövrlər müxalifət hər hansı kütləvi aksiya niyyətini ortaya qoyanda hakimiyyət "yox" cavabı verir. Bəs, Qarabağla bağlı aksiyaya hakimiyyətdən hansı cavabı gözləyirsiniz? [/b] - Təbii ki, iki cavab ola bilər. Mənim fikrimcə, bu məsələdə hakimiyyətin mövqeyi aksiyada iştirak etmək istəyənlərin mövqeyinə görə müəyyənləşəcək. Bütün hallarda hakimiyyət "yox" cavabı verəcək. Amma vəziyyət başqa cür də ola bilər. Sizin həmkarlarınızdan biri xüsusi maraqla soruşurdu ki, mitinqlə bağlı müzakirələr apardığınız partiyalar içərisində Yeni Azərbaycan Partiyası da varmı? Yəni Madrid prinsipləri ilə bağlı tədbirin keçirilməsi hakimiyyətin özünün də xeyrinədir. Əslində bu tədbirin keçirilməsi bütün Azərbaycanın xeyrinədir. Hakimiyyət də maraqlı olmalıdır ki, bu istiqamətdə addımlar atılsın. Ancaq biz, daha çox "yox" cavabını gözləyirik. [b]- Bəs, hakimiyyətdən "yox" cavabı alacağınız təqdirdə hansı addımı atacaqsınız? Yəni icazəsiz kütləvi aksiyalar keçirilə bilərmi? [/b] - Yəqin ki, adekvat addım olacaq. Cavabdan asılı olaraq, lazım olan addımları atacağıq. Əgər siyasi şəraitə hakim olacağıqsa, lazım olan şəraiti yaradacağıqsa, müəyyən addımlar olacaq. Yox, əgər başqa cür olacaqsa, yenə də şəraitə uyğun tədbirlər görüləcək. [b]- Mirmahmud bəy, DUİ-nin mitinq keçirmək niyyəti ortaya qoyulandan sonra Müsavat Partiyasının səlahiyyətlisi Arif Hacılı bildirmişdi ki, Qarabağla bağlı mitinq keçiriləcəksə, o, çox möhtəşəm olmalıdır, zəif mitinq keçirməkdənsə, keçirilməsə yaxşıdır. Necə düşünürsünüz, izdihamlı mitinqi keçirə biləcəksinizmi? [/b] - Kimin nə deməsindən asılı olmayaraq, əgər Qarabağla bağlı tədbir keçirilirsə, bu, böyük tədbir olmalıdır. Özü də bu, təkcə DUİ-nin tədbiri deyil. Qarabağ Forumunda İşçi Qrupu yaradılıb və həmin qrupun yaradılmasında onlarla partiyanın nümayəndələri olub. Onların qərarı əsasında belə bir niyyətə düşülüb və ümumi razılığa gəlinib. Bu razılığa görə də məsləhətləşmələr və görüşlər keçirilir. Ona görə də burada söhbət DUİ-dən getmir, Azərbaycan cəmiyyətinin müqavimətindən, məsələyə münasibətindən gedir. Bu mənada sualınızda səsləndirdiyiniz tezislər çox önəmlidir. Bu tezislərin müəllifinin təmsil olunduğu partiya ilə, həm də digər partiyalarla danışıqlar aparılır. [b]- Artıq bir sıra görüşlər olub. Sonuncu dəfə İşçi Qrupunun nümayəndəsi İsa Qəmbərlə görüşüb. İlkin təmaslardan nə hiss edilir, partiyalar Sizə dəstək verirmi? [/b] - Bu, bizə dəstək deyil, ümummilli məsələyə münasibətdir. Madrid prinsipləri Azərbaycanın əleyhinədir. Hətta dolayısı yolla ölkənin başçısı da bu məsələni duyur. Amma bu prinsiplər müzakirə üçün qəbul olunub. Hətta görürsünüz ki, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu məsələdə səslərini ucalda bilirlər. Prinsiplərin birini tərifləyirlərsə, digərinin əleyhinə olurlar. Yəni ortada olan narazılıq təkcə bir qurumun, mitinqdə iştirak ednlərin mövqeyi deyil, Azərbaycanın mövqeyi olmalıdır. Ona görə də hesab edirik ki, indiyə qədər olan görüşlərin nəticələrinin necə olmasından asılı olmayaraq, bu istiqamətdə görüşlərimizi davam etdirməliyik və qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirməliyik. [b]- Partiyalar arasında Qarabağla bağlı aparılan mitinq məsləhətləşmələri başqa müstəviyə də keçə bilərmi? Yəni seçkidə birgə iştirak, hansısa blokun yaradılması kimi məsələlər müzakirə edilirmi? [/b] - Ümumi məsləhətləşmələrdə hər şeydən danışmaq mümkündür. Mən görüşlərdə iştirak etməmişəm, amma bütün danışıqlar barədə informasiyam var. Hazırda konkret bir məsələ var, o da Qarabağ məsələsidir. [b]- Əvəllər müxalifətin ümumi birliyinin yaradılmasının vacibliyi ilə bağlı bəyanatlar verirdiniz. İndi necə, müxalifətin ümumi birliyi vacib deyilmi? [/b] - Elədir, bizim bu istiqamətdə təşəbbüslərimiz hər zaman olub, indi də davam edir. Bu məsələ də təkcə müxalifətin birliyindən söhbət getmir, bütövlükdə ümumi bir mərkəzin yaranmasından gedir. Hər kəs də müxtəlif fikirlər irəli sürür. Düşünürəm ki, həmin fikirlərin və tezislərin aktuallığı itməyib. [b]- Müsavat Partiyası ilə məsləhətləşmələrin aparıldığı məlumdur, başqa hansı partiyalarla məsləhətləşmə nəzərdə tutulub? [/b] - Müsavat Partiyası ilə görüşlər olub. Bundan sonra da sözügedən məsələylə bağlı görüşlər olacaq. Demək olar ki, bu məsələ ilə bağlı hər kəslə məsləhətləşmə və söhbətləşmə aparılacaq. [b]- Hətta hakimiyyət və müxalifətdə Sizinlə eyni mövqedə olmayan partiyalarla da... [/b] - Müxalifətdə olanlarla istisnasız məsləhətləşmələr aparılıb və aparılacaq. Hakim partiyanın mövqeyi isə bizim fikirlərimizə şərh verəndə ortada olacaq. Əgər onların da mövqeyi müsbət olarsa, buna yalnız sevinmək lazımdır. [b]- DUİ-nin payız planları nədən ibarətdir? [/b] - Gündəlikdə duran əsas məsələ ölkənin ictimai-siyasi həyatında yer alan Qarabağ məsələsi və bələdiyyə seçkiləridir. DUİ-nin də planları əsasən bu iki məsələ ilə bağlıdır və lazım olan mümkün addımlar atılır. [b]- Bələdiyyə seçkiləri ilə bağlı hazırlıqlarınız hansı səviyyədədir? [/b] - Seçkilərə hazırlığımız qanunvericiliyin imkan verdiyi səviyyədədir. Bilirisiniz ki, artıq sentyabrın sonuna doğru bu istiqamətdə addımlar atılacaq. Hələlik vacib addımları atırıq. Namizədlərin müəyyənləşməsi, onların kampaniyaları və digər xeyli məsələlər var. Bir də ki, qanunda dəyişiklik var, bələdiyyələrin sayının azaldılması, keçmiş kənd sovetlərinin birləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. Ona uyğun olan işlər görülməkdədir. [b]- Ölkədə seçkiyə inamsızlıq var. Seçkiyə az müddət qalsa da, ölkədə aktivliyin olmaması da bunu göstərir. Siz bu barədə nə deyə bilərsiniz? [/b] - Bu gün ölkədə yaranan passivlik, seçkilərə inamsızlıq aparılan siyasətin nəticəsidir. 93-cü ildən bəri bir dəfə də olsun azad, ədalətli seçkinin keçirilməməsi insanlarda inamsızlığa səbəb olub. Həm də son dövrlər aparılan siyasətin nəticəsidir ki, cəmiyyətdə seçkilərə, xüsusiylə də bələdiyyə seçkilərinə, yerli öüzünüidarənin formalaşmasına münasibət belədir. [b]- Bəs, bu siyasətə etiraz... [/b] [i]- (Tələsik)[/i] Bu siyasətə etiraz hər zaman var. Müxalifətin fəaliyyətinin əsası elə bu etirazdır. Məsələ ondadır ki, bu etirazın nəticəsi yoxdur. [b]- Müxalifət belə vəziyyətin yaranmasına görə hakimiyyəti, hakimiyyət isə müxalifəti suçlayır... [/b] - Məsələyə obyektiv yanaşılanda, burada müxalifət, hakimiyyət, yaxud hansısa qüvvə günahkardır demək doğru deyil. İstənilən siyasət həmin siyasətə münasibətdən ibarətdir. Azərbaycan cəmiyyətində müxalifət həm var, həm də yoxdur. Müxalifətin efiri yox, prosesə təsir imkanları məhduddur, qarşısına hər yerdə sədd çəkilib. Bu da Azərbaycan hakimiyyətinin yürütdüyü qeyri-demokratik siyasətin nəticəsidir. Azərbaycan hakimiyyəti ən mühüm problemini erməni ilə - ən böyük düşməni ilə müzakirə edə bilir, amma öz vətəndaşı ilə bir dəfə də olsun müzakirə eləmir. Bu hakimiyyət Azərbaycan cəmiyyətini, seçicisini heçə sayır. Qarşılıqlı olaraq, Azərbaycan seçicisi də, Azərbaycan insanı da bütövlükdə hakimiyyət saymır. Yəni hakimiyyət ona lazım olanda, sosial məsələlərində, işi düşəndə, hərbi çağırış olanda yada düşür. Bu da ölkəni bürüyən korrupsiya, rüşvətlə əlaqədardır. Bir sözlə, Azərbaycan cəmiyyəti biganə cəmiyyətdir. Həmişə deyirlər ki, bizim ən ümdə problemimiz Qarabağ məsələsidir. Mən isə fərqli demişəm. Bu gün Azərbaycanda bir nömrəli problem vətəndaş problemidir. Azərbaycanda vətəndaş münasibətinin, ictimai qınağın qıtlığı var. Bütün bunların nəticəsində Azərbaycan cəmiyyəti, müxalifəti, iqtidarı, problemləri əhəmiyyətsiz bir şeyə çevrilib. Bir-birinə qarşı əhəmiyyətsiz yanaşmaları belə bir vəziyyət yaradıb. Bu cəmiyyətin ruhuyla oynanılıb. Ancaq bu cəmiyyət günlərin bir günü ayağa qalxıb, ruhunu bərpa edəcək və problemləri, onu yaradanları süpürüb kənara atacaq. [b]- Yəni cəmiyyətin ayağa qalxacağını gözləyirsiniz? [/b] - Bu təbiidir. Bunu kimsə gözləyər, gözləməz, kimsə proqnozlaşdırar, sabah Zaur bəylə Mirmahmudun müsahibəsinə münasibət bildirən insanlar deyə bilər ki, bütün bunlar boş-boş şeylərdir. Amma bu, təbiətin, Tanrının bir qanunudur. Sözsüz ki, bu passvilik davam edə bilməz, cəmiyyətin də bu qədər biganə qalması mümkün deyil. [b]- Son dövrlər məscidlərin sökülməsi ciddi narazılığa səbəb olub. Bir dindar şəxs, seyid nəslinin nümayəndəsi kimi Sizin fikirlərinizi öyrənmək istərdik... [/b] - Öncə Azərbaycanda bütün oruc tutanların Ramazan aylarını təbrik edirəm. Hesab edirəm ki, bu ay doğrudan da Tanrının onlara lütfüdür. Bu ay edilən ibadətlər, xüsusiylə millət adına, ümmət adına edilən ibadətlərin qəbul olunmasını da Allahdan diləyirəm. Ən ağrılısı odur ki, bu gün bizdə dinsiz bir cəmiyyət var. Söhbət dini vəzifələrini yerinə yetirən adamlardan getmir, söhbət külli halında cəmiyyətdən gedir. Azərbaycanda məscidlərin tikilməsində də hay-küy oldu. Məscidlər tikilir, açılışlarında da dövlət məmurları iştirak edirlər. Sonra da təntənəli şəkildə onun sökülməsi başlayır. Bəziləri heç vəzifələrini də bilmirlər. Azərbaycanda problemlərin biri də dövlətçilik psixologiyasının olmamasıdır. Hər kəs elə bilir ki, vəzifədə olanda qanunları qorumalıdır, sonrakı dövrdə isə onun vecinə deyil ki, hansı qanun pozulur. Onu da bildirmək istəyirəm ki, Azərbaycanda məscidlərin sayı artdıqca dindarların sayı azalır. Məscidlərin sökülməsinə gəlincə, artıq bu məsələ kampaniya xarakterlidir. Amma bu, Allah evidirsə, bunu sökmək doğru deyil. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA