islamçı demokratlar ölkədəki vəziyyətdən narahatdırlar

img

12-08-2009 [03:43]


Bu gün Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Ali Şurasının toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi durum müzakirə olunub. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr zamanı durumun qənatbəxş olmadığı vurğulanıb. Qeyd olunub ki, son dövrlər xarici siyasətdə, xüsusilə də Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda aktivlik, intensivlik olsa da, daxildə vəziyyət ürəkaçan sayıla bilməz. Toplantıda çıxış edənlər bildiriblər ki, seçki prosesinin mühüm proseslərindən biri olan bələdiyyə seçkilərinin yaxınlaşmasına baxmayaraq ölkədə seçki əhval ruhiyyəsi hiss olunmur. Bu məqam müəyyən müxalifət düşərgəsinin passivliyi kimi göstərilsə də, çıxışçılar əsas problemin iqtidardan qaynaqlandığını dilə gətiriblər. Onlar bildiriblər ki, iqtidarın apardığı siyasət bələdiyyə kimi mühüm bir seçkiyə marağı zəiflədib. Digər tərəfdən müxalifətin bu prosesdə aktiv iştirakına bu və ya digər vasitələrlə məhdudiyyətlər qoyulub. Sosial iqtisadi durumun müzakirəsi zamanı isə bildirilib ki, iqtisadi böhran Azərbaycanın müxtəlif sferalarına təsir göstərsə də hökumət əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmayıb. Bundan başqa bəzi müəssisələrin fəaliyyətini dayandırması və işsizliyin artması da diqqətdə saxlanılmayıb. Elə müəssisələr var ki, artıq neçə aydır fəaliyyətini dayındırsa da hökumət xarici ölkələrdə olduğu kimi onlara dəstək göstərmədi. Toplantıda ərzaq məhsullarının baha olması, üstəlik qiymətlərin enməməsi də xüsusi olaraq vurğulanıb. Çıxışçılar bildiriblər ki, bu hal hökumətin kənd təsərrüfatı sahəsinə biganəliyinin nəticəsidir. Belə ki, fermerlərə, kəndlilərə ya subsidiya verilmir, ya da vaxtında verilmədiyindən bu təbəqə istər-istəməz xərcini ödəmək üçün qiymətləri qaldırırlar. İslamçı demokratlar taxıl biçini ilə məşğul olan şəxslər üçün müəyyənləşdirilən subsidiyaların gecikdirildiyini də bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA