Eldar Namazov müxalifətçi zinelini soyunur

img

09-08-2009 [06:01]


[b]ANİF prezidenti 2010-cu ildə keçiriləcək parlament seçkilərinə hazırlaşdığı üçün hakimiyyətdəki qruplaşmalarla anlaşmaq istəyir [/b] Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov son dövrlər müxalifət mövqeyindən çəkilib. Onun son açıqlamaları əsasən beynəlxalq siyasətlə bağlı olur. Müxalifətdaxili vəziyyət və hakimiyyətin yürütdüyü siyasətlə bağlı isə danışmaq istəmir. Bir neçə gün öncə o, Avrointeqrasiya Milli Komitəsinin sədri seçilməklə sanki müxalif mövqeyindən bir qədər də uzaqlaşıb. Qarşıdan gələn bələdiyyə seçkilərində iştirakdan da imtina etməsi E.Namazovun başqa planlarının olduğunu düşünməyə əsas verir. "Reytinq"ə məlumat verən şəxsin sözlərinə görə, E.Namazovun gələcəyə hesablanmış bir sıra planları var. Belə ki, ANİF prezidenti indidən 2010-cu il parlament seçkilərinə hazırlaşır. Mənbə onun hakimiyyətdəki müəyyən dairələrlə anlaşdığını da ehtimal edir: "Xatırlayırsınızsa, Eldar Namazov 2008-ci ilin əvvəllərində prezident seçkilərində iştirak edəcəyini bildirmişdi. Hətta o, bunun üçün ciddi hazırlıq işlərinin gördüyünü, xüsusən də Qərbi Azərbaycandan olan insanları ətrafına toplayacağını, hakimiyyət düşərgəsindən isə kimlərinsə dəstəyini alacağını deyirdi. Ancaq seçkilərə az bir müddət qalmış əsas müxalifət partiyaları prezident seçkilərini boykot etdi. Belə bir məqamda isə E.Namazov müxalifətin hədəfinə tuş gəlməmək üçün onlarla vahid mövqedən çıxış etmək məcburiyyətində qaldı. Amma onun müxalifətlə əməkdaşlığı uzun sürmədi. 18 mart referendumuna etiraz olaraq yaradılan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında ilk vaxtlar təmsil olunsa da, sonradan bu ittifaqdan da kənarlaşdı. Əslində Eldar müəllimin hakimiyyətdəki bəzi dairələrlə ilk anlaşması o zaman baş tutmuşdu". Qeyd edək ki, E.Namazovun son dövrlər tutduğu loyal mövqe, hakimiyyətin əleyhinə danışmaqdan çəkinməsi də deyilənlərin əsaslı olduğunu göstərir. Elə bu günlərdə Müsavat başqanı İsa Qəmbərin Xalq Cəbhəsinin yaradılması və müxalifətin bir araya gəlməsi ilə bağlı təklifinə münasibətdə də ANİF prezidenti fərqli mövqe nümayiş etdirdi. Bildirdi ki, müxalifətin bir araya gəlməsi mümkün deyil, bunu əngəlləyən ciddi səbəblər var. Hər halda görünən odur ki, E.Namazov son dövrlər müxalifətin apardığı siyasi kursdan kənardadır və hakimiyyətlə bağlı hər hansı mənfi fikir söyləmir. Elə təkcə bu fakt onun hakimiyyətlə anlaşmaya getməsi barədə olan ehtimalların daha ciddiliyindən xəbər verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA