09-08-2009 [05:34]
[b]"Azərbaycanda dövlətin idarə olunmasına Rusiyanın çox ciddi basqısı var. Hətta bəzi kadrların yerləşdirilməsində də Rusiyanın təsiri mövcuddur" [/b]
Bələdiyyə seçkilərinin keçiriləcəyi gün yaxınlaşsa da, ölkədə siyasi aktivlik bərpa edilməyib, amma Azərbaycan müxalifəti belə bir şəraitdə hərəkətsiz qalmağı üstün tutur. Üstəlik, müxalifət partiyaları bir-birinin ardınca məzuniyyətə çıxır. Bu günlərdə məzuniyyətə çıxan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə ölkədəki vəziyyətlə bağlı söhbətimizə "Hansı işləri gördünüz ki, yorulub məzuniyyətə çıxdınız",- sualı ilə başladıq.
- Məzuniyyət anlayışının yorulmağa heç bir dəxli yoxdur. Azərbaycan Konstitusiyasında da nəzərdə tutulub ki, insanlar həftədə bir dəfə, ildə isə bir ay iş prosesindən ayrılmalıdırlar. Əgər siz işi fiziki iş kimi nəzərdə tutursunuzsa, yanılırsınız. Şəxsən mən iki kitab yazmışam. Təsəvvür edin, 400 səhifəlik kitabı 4-5 dəfə redaktə eləməli olmuşam. İndi görün, neçə səhifə oxumaq məcburiyyətində qalmışam. Mən elə düşünmürm ki, bizim istirahət eləməyə ehtiyacımız yoxdur. Biz partiyanın İdarə Heyətini bir qurum kimi yay tətilinə buraxmışıq, amma özümüz hər gün işdəyik.
[b]- Kitab yazmaqdan danışırsınız, bəs siyasi fəaliyyət... [/b]
- Mənim yazdığım elə siyasi kitabdır. Gəldiyim qənaət budur ki, Azərbaycanda siyasi passivliyin əsas səbəblərindən biri siyasi maariflənmənin aşağı səviyyədə olmasıdır. Biz görürük ki, əhalidə siyasətə maraq azdır, çox şeyi başa düşmür. Bunun da səbəbi odur ki, Azərbaycanda siyasi ədəbiyyat yoxdur. Məsələn, Sov.KP-nin fəaliyyətini götürsək, görərik ki, təkcə Leninin 57 cilddən ibarət əsərləri var. Sovet İttifaqı vaxtı minlərlə ideoloji institutlar var idi ki, ancaq ideoloji iş aparırdılar. Baxmayaraq ki, hakimiyyət əllərindəydi, rəqabət yox idi, onları heç kim tənqid eləmirdi. Bütün bunlara baxmayaraq, Kommunist Partiyası yüz minlərlə kitab, broşüralar buraxırdı. Demokratiya da çox ciddi siyasi ədəbiyyat, maariflənmə tələb edir. Azərbaycanda bir-iki xarici müəlliflərin əsərlərindən başqa yerli xüsusiyyətə, Azərbaycanda baş verən hadisələrin təhlilinə dair heç bir elmi əsər yoxdur.
[b]- Necə düşünürsünüz, Azərbaycan cəmiyyəti siyasi cəhətdən maariflənmək istəyirmi? [/b]
- Cəmiyyətdə siyasi ideyaları yaymaq çox önəmlidir. Kommunist Partiyasının bütün nailiyyətləri öz ideyalarını kütlələr arasında yayması ilə bağlıdır.
O ki qaldı xalqın istəyib, istəməməsinə, gərək əvvəlcə bir şey edək, sonra bilərik, xalq bunu istəyir, yoxsa yox. Ortalıqda siyasi maarifləndirmə ilə bağlı ədəbiyyat, lazım olan digər materiallar yoxdursa, biz hardan bilərik ki, xalq bunu istəyir, ya istəmir?
[b]- Sərdar bəy, əvvəlcə insanları meydanlara çıxarır, mübarizəyə səsləyirsiniz, sonra isə maarifləndirməyə çalışırsınız... [/b]
- İnsanları küçələrə çağırdığımız mitinqlər də daha çox maarifləndirmə məqsədi güdürdü. Biz həmin mitinqlərdə xalqa günün aktual problemlərini, iqtidarın yeritdiyi siyasətin mahiyyətini açıqlayırdıq. Mitinqlərdə daha geniş izafi işlər aparmaq mümkün olmadığına görə, hesab etdik ki, çox ciddi siyasi maarifləndirmə işi ilə məşğul olmalıyıq. Nəzərə alsaq ki, indi kütləvi aksiyaların da qarşısı alınıb və biz xalqa söz demək imkanlarını itirmişik, belə bir vəziyyətdə siyasi ədəbiyyatın yaradılması ilə məşğul olmalıyıq.
[b]- Sizə elə gəlmir ki, artıq cəmiyyətdə də, müxalifət düşərgəsində də hamı siyasi fəaliyyətlə vəziyyəti dəyişməkdən əlini üzüb? [/b]
- Mənə elə gəlmir. Sadəcə olaraq, Azərbaycanda siyasi vəziyyətə təsir edən hadisə hələlik yoxdur. İranda 79-cu ildən sakitlik elan olunmuşdu, bu günə qədər orada tərpəniş yox idi. Amma son seçkilərdə çox böyük hay-küy yarandı. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda da proseslər aktivləşəcək. Bu, sosial qanunauyğunluqdur və nə qədər sakitlik olsa da, bu, fırtınadan əvvəlki sakitliyi xatırladır. Yəni qarşıdakı dövrlərdə böyük siyasi aktivlik müşahidə olunacaq. Mən belə düşünmürəm ki, hər şey birdəfəlik qurtarıb. Sadəcə, müvəqqəti olaraq, sakitlik yaranıb.
[b]- Qardaşınız Qurban Məmmədov da müxalifətin fəaliyyətindən nəsə gözləmədiyini deyərək, siyasətdən getdiyini bildirib... [/b]
- Kim siyasətdən gedib, kim siyasətə gəlməsi məni o qədər maraqlandırmır.
[b]- Hər halda söhbət qardaşınızdan gedir... [/b]
- Nə olar ki, qardaşım olanda? Qardaşımın fəaliyyəti mənim iradəmdən asılı deyil, yaxud onu bütün hərəkətlərinə mən cavabdeh deyiləm. Yəni onun qərarını şərh edə bilmərəm.
[b]- Bəs, Qurban Məmmədovun siyasətdən getməsi ADP-nin nüfuzuna hər hansı təsir edibmi?[/b]
- Qətiyyən, heç bir təsir eləmir. Ümumiyyətlə, onun uzun müddətdir ki, partiya ilə əlaqəsi yoxdur. İndi də siyasətdən gedir. Partiyadan isə çoxdan getmişdi. Ona görə də onun gedişinin ADP-yə elə də ciddi təsiri yoxdur.
[b]- Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı hazırlıqlarınız nə yerdədir? [/b]
- Biz çalışacağıq ki, bələdiyyə seçkilərində yerlərin yarıdan çoxuna namizəd irəli sürək. Hələlik qərarımız bu qədərdir.
Bilirsiniz ki, prezidentin son sərəncamı ilə bələdiyyələrin birləşdirilməsi məsələsi də var. Bu məsələ hələ öz həllini tamamiylə tapmayıb. Yəni qeyri-müəyyənlik hökumətdən qaynaqlanır. Hökumət bələdiyyələrin sayını müəyyənləşdirmədiyi üçün biz bilmirik ki, nə qədər və hardan namizəd verməliyik. Bir də ki, bu seçkidə yerlər çoxdur, ona görə elə də rəqabət olmayacaq.
[b]- Özünüz də namizəd olacaqsınız? [/b]
- Əgər Bakı şəhər Bələdiyyəsi yaradılarsa, partiyanın birinci, yaxud ikinci şəxsi öz namizədliyini verməlidir. Amma hələlik rayon bələdiyyələrinə namizədliyimi verməyi düşünmürəm.
[b]- Bir neçə gün öncə keçirilən Qarabağla bağlı tədbir söz atışmaları ilə müşahidə olundu... [/b]
- [i](Tələsik)[/i] Sözün doğrusu, Qarabağ məsələsinin bu cür konfranslarda, özü də belə çoxlu insanın iştirakı ilə müzakirə edib, hansısa rasional qərar qəbul etmək mümkün deyil.
[b]- Onda niyə iştirak edirdiniz? [/b]
- Mən, belə tədbirlərdə iştirak etmirəm. Mətbuatda da bu səbəbdən hücumlara məruz qalıram. Sadəcə, Sabir bəy şəxsən mənə xahiş eləmişdi, mən də onun xahişini yerə salmayıb getdim. Doğrusu, çıxış üçün də müraciət etməmişdim. Sabir bəyin mənə söz verməsi gözlənilməz oldu.
Bizim Dağlıq Qarabağla bağlı konsepsiyamız var, konsepsiyanı da dövlət başçısına göndərmişik. Əgər hökumət Qarabağ məsələsi ilə bağlı hər hansı köməyə ehtiyac duyarsa, biz əlimizdən gələni etməyə hazırıq. Eyni zamanda çalışmalıyıq ki, rəsmi hakimiyyət orqanlarına Dağlıq Qarabağ probleminin həllində mane olmayaq.
[b]- Sizi ən çox narahat edən deputat Qüdrət Həsənquliyevin parlamentdənkənar müxalifətin müharibə ilə bağlı bəyanat verməli olduğunu deməsi idi... [/b]
- Bu, çox maraqlı bir məqamdır. Əvvəla müharibəni başlamaq, onu dayandırmaq hüquqları parlamentə aiddir. Qüdrət bəy də parlamentin üzvüdür, amma bir dəfə də olsun, parlamentin müharibə ilə bağlı bəyanat verməsi barədə məsələ qaldırmayıb. Nəyə görə, məhz parlamentə düşməyən siyasi partiyalar müharibə bəyanatı verməlidir? Bunun özü çox mətləblərdən xəbər verir. Mən bununla bağlı iradımı bildirdim. Onun sözlərinə görə, biz ona görə müharibə tərəfdarı kimi çıxış etmirik ki, Avropa Şurası bizi dəstəkləməyəcək. Bu gün Qərb bütünlükdə Azərbaycanda demokratiya məsələsində maraqlı olmadığına görə, demokratik müxalifəti də dəstəkləmir. Bizim də onların xüsusi dəstəyinə ehtiyacımız yoxdur. Xaricdən bir nəfər nümayəndə gəlib bir dəfə bizimlə görüşəndə, dörd dəfə də hökumət nümayəndələri ilə görüşür. Mən də bu iradlara reaksiya verdim ki, haqsızsan.
[b]- Deputat Vahid Əhmədov isə Qarabağ probleminin həllini Azərbaycan müxalifətinin zəifləməsi ilə əlaqələndirir... [/b]
- Azərbaycan müxalifətini kim zəiflədib? Parlamentdə bir-birinin ardınca demokratiyanı məhdudlaşdıran qanunlar qəbul olunub. Onların qəbul olunmasına Vahid müəllim də böyük məmnuniyyətlə səs verib. Həmin qərar və qanunların nəticəsində də Azərbaycan bu günə düşüb. Yəni süni şəkildə müxalifət zəiflədilib.
İkincisi, mənə elə gəlir ki, müxalifətin sözündən yüz dəfə çox parlamentin sözüdür. Yəni parlament Qarbağla bağlı qərar versə, daha çox xeyri olar, nəin ki, küçə müxalifətinin verdiyi hansısa bəyanat.
O ki qaldı doğrudan da bizim zəifləməyimizin Qarabağ probleminin həllinə mane olmasına, onda Vahid müəllim hökumətin qabağında məsələ qaldırmalıdır ki, müxalifətin gücləndirilməsi üçün dövlət siyasəti həyata keçirilsin. Onu eləmir, amma müxalifəti tənqid edir.
Qarabağla bağlı keçirilən tədbirə yığışanların çıxışlarına diqqət yetirsəniz, görərsiniz ki, Qarabağ problemi bir tərəfə qalıb, bütün çıxışlar Azərbaycan müxalifətinin tənqidinə həsr olunur. Bu da təbii ki, həmin tədbirin mahiyyətindən xəbər verir. Yəni bu tədbir Qarabağ probleminin həlli ilə bağlı rasional qərarların verilməsi yox, sadəcə, gündəm tədbiri kimi keçirilib, imkan daxilində də müxalifəti bir daha ittiham eləməyə yönəlib.
Bir vaxtlar biz siyasi aktivlik edəndə deyirdilər ki, müxalifət aktivlik edir, imkan vermir hökumət Qarabağ problemini həll eləsin. Bəs görəsən, müxalifət nə etməlidir ki, Qarabağ problemi həll olunsun? Yəni Vahid Əhmədov da, Qüdrət Həsənquliyev də təmsil olunduqlar parlamentdə lazım olan sözü demirlər, amma yerli-yersiz müxalifəti günahlandırırlar.
[b]- Vahid Əhmədovun digər bəyanatı ordu ilə bağlı oldu. Deputat dedi ki, hakimiyyət daxilində bəzi qruplaşmalar Səfər Əbiyevi nazir postundan uzaqlaşdırıb, həmin vəzifəyə kürd əsilli şəxsi təyin etdirmək istəyirlər...[/b]
- Əvvəla onu deyim ki, Azərbaycan hakimiyyətinin kadr siyasəti bərbad vəziyyətdədir. Mən bu fikirdəyəm ki, Azərbaycanda yüksək rütbəli məmurların uzun müddət vəzifədə qalması Azarbaycan dövlətçiliyinin ən ciddi qüsurlarından biridir. Qardaş Türkiyədə Türk Silahlı Qüvvələrinin komandanı iki ildən bir dəyişilir. Səfər Əbiyev isə 20 ildir ki, ordunun başında oturub, sanki ordu onun özəl təsərrüfatıdır. Ordu quruculuğu ilə bağlı heç bir tədbir görülməməsinə baxmayaraq, öz işindədir.
Bir də ki, mən adamların milliyyətinə görə qiymətləndirilməsinin qəti əleyhinəyəm. Vaxtiylə Türkiyənin yunanlar üzrindəki qələbəsində iştirak edən Alyatrosun özü mənşəcə yunan olub. O cümlədən Azərbaycanda kürdlərin də, ləzgilərin də, talışların da müdafiə naziri olmaq hüququ var. Söhbət vəzifədəki şəxsin hansı millətin nümayəndəsi olmasından getmir, həmin adamın tutduğu vəzifədəki fəaliyyətinin necə olmasından gedir. Siz bilirsinizmi ki, Səfər Əbiyev hansı millətin nümayəndəsidir?
[b]- Dəqiq bir söz deyə bilmərəm... [/b]
- Mən də bilmirəm, heç bilmək də istəmirəm. Sadəcə, onun fəaliyyəti ilə bağlı demək istəyirəm ki, Səfər Əbiyevin ordu qurculuğunda nailiyyət əldə etməməsinə baxmayaraq, bu günə qədər nazir qalmasının özü dövlətçilikdə qüsurlu siyasətdən xəbər verir. Təkcə o deyil, başqa məmurların da hakimiyyətdə qalması iki şeyi sübut edir; birincisi, dövlət strukturlarının zəifliyini, yəni bir başqası gəlsə, artıq o struktur işləməyəcək. İkincisi, kadr çatışmazlığını.
Yəni bunların 10-15 adamları var, bunlardan başqa dövləti idarə etməyə kadrları yoxdur. Yaxşı, onda orduda varislik prinsipi necə həyata keçirilir? Cavanlar general, müdafiə naziri olmaq istəyir, onlar necə olsunlar? Elə adam var ki, akademiyanı bitirib, orduda xidmət edib, pensiyaya çıxıb, amma Səfər Əbiyev hələ də müdafiə naziridir.
Kürd məsələsinə gəlincə, yenə də deyirəm, mən insanların milliyətinə görə fəaliyyətinin dəyərləndirilməsinin qəti əleyhinəyəm. Azərbaycan kürdün də, ləzginin də, talışın da vətənidir. Bu vətənə xidmət edən hər kəs bu vətənin oğludur. Qoy, o kürd gəlsin, bəlkə Səfər Əbiyevdən daha yaxşı nazir olacaq? Son vaxtlar problemləri ört-basdır etmək üçün bu kimi məsələləri gündəmə gətirirlər. Azərbaycandakı problemin kökü dövlətçiliyin klassik dövlətçilik ənənəsinin üzərində qurulmamasıdır. Mənim şəxsi qənaətim budur ki, Azərbaycanda klassik mənada dövlət yoxdur. Normal dövlət olsa, Səfər Əbiyev kimi bir adam, yaxud başqa birisi 15-20 il nazir vəzifəsində qalmaz.
[b]- Bəs, o fikirlə razısınızmı ki, yüksək məmur korpusunun formalaşmasını hakimiyyətdəki qruplaşmlar müəyyənləşdirir? [/b]
- Mənə elə gəlir ki, Azərbaycanda dövlətin idarə olunmasına Rusiyanın çox ciddi basqısı var. Hətta bəzi kadrların yerləşdirilməsində də Rusiyanın təsiri mövcuddur. Bəli, Azərbaycanda müstəqil siyasi xətt aparılmır. Tutaq ki, kadrların yerlşdirilməsi dövlət başçısına həvalə olunub, amma mən düşünmürəm ki, bütün təyinatlar onun iradəsi ilə həll olunur. Bu gün parlamentin səlahiyyəti yoxdur, deməli, alınıb, kiməsə verilib. Kimlərdir onlar? Onda belə qənaətə gəlirsən ki, bu gün Azərbaycanda dövləti idarə edən qeyri-rəsmi güclər var ki, faktiki olaraq görünmürlər, amma ölkədəki prosesləri idarə edirlər. Bu, istəyirsən, mafiya olsun, masson olsun, amma fakt odur ki, böyük işlər Azərbaycanın rəsmi qurumları tərəfindən həyata keçirilmir.
[b]Zaur ƏHMƏD[/b]