Mübariz Əhmədoğlu: "iran Cənubi Qafqazda Ermənistanı, Mərkəzi Asiyada isə Türkmənistanı Azərbaycanın əleyhinə qaldırır"

img

05-08-2009 [01:23]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) iyul ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Müstəqil İnformasiya Agentliyinini xəbərinə görə, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ötən ay dünyada baş verən mühüm siyasi hadisələrdən danışıb. Mübariz Əhmədoğlu ABŞ prezidenti Barak Obamanın Rusiya səfərini şərh edərkən bu hadisənin iki ölkənin münasibətlərində ciddi dəyişiklik yaratmadığını deyib. Onun sözlərinə görə, Strateji Hücum Silahları ilə bağlı müqavilə nəzərə alınmasa, səfərin hər hansı ciddi nəticəsinin olduğunu söyləmək mümkün deyil: "Rusiya dünya maliyyə böhranından daha çox əziyyət çəkməsinin günahını ABŞ-da görür. ABŞ özünün iqtisadi qanunlarına baxmağı müzakirə mövzusuna çevirəcəyini ehtiyatla bildirdi. Bu, ABŞ-Rusiya münasibətlərində yeni mövzu oldu". Mətbuat konfransında SİTM sədri İranda cərəyan edən hadisələrdən də danışıb. Politoloq deyib ki, İranda daxili-siyasi gərginlik davam etsə də, bu ölkə Cənubi Qafqazda və Mərkəzi Asiyada cərəyan edən hadisələrə müdaxilə etməkdən çəkinmir: "İran son vaxtlar xeyli fəallaşıb. Üç həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışdığı bir vaxtda İran Ermənistanı dəstəkləməklə sülh prosesini əngəlləməyə çalışır. Mərkəzi Asiyada gərginliyin davam etməsinə görə də məsuliyyəti İran daşıyır. İran Xəzər dənizindəki "Kəpəz" yatağına iddia edən Türkmənistanı, sadə dildə desək, qızışdırmaqla bu ölkəni Azərbaycanla konfliktə sürükləyir". Sonra Mübariz Əhmədoğlu Cənubi Qafqaz regionunda baş verən ictimai-siyasi prosesləri təhlil edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Ermənistanın daxili və xarici siyasətində çox ciddi faktora çevrilib: "Hazırda Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün bir nömrəli məsələdir. Ermənistanın münaqişənin tənzimlənməsində imitasiya imkanlarının məhdudlaşması, müttəfiq hesab etdiyi dövlətlərin onun mövqeyindən uzaqlaşması, dünya maliyyə böhranı bu məsələdə Ermənistan üçün kifayət qədər əngəllər yaradır. Ölkədə daxili sabitlik pozulub. Ermənilər mövcud vəziyyətin yaranmasına görə "günahkar axtarışı"na çıxıblar". SİTM sədri iyul ayında Azərbaycanın gündəmini tutmuş önəmli hadisələrdən də danışıb. Politoloq bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatların yaratdığı gərginlikdən sonrakı pozitiv sabitləşmə dövrünü yaşayır: "Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etdi. Son zamanlar Rusiya ilə Azərbaycanın münasibətlərinin istiləşməsinə münasibət bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etdi ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması Ankaranı narahat etmir. Onun fikrincə, Türkiyə ilə Azərbaycanın münasibətləri daha köklüdür, Azərbaycanın üçüncü dövlətlə olan əməkdaşlığı bu münasibətlərə alternativ ola bilməz". Mübariz Əhmədoğlu Gürcüstandan danışarkən rəsmi Tbilisi ilə Moskva arasındakı münasibətlərin gərgin olaraq qaldığını vurğulayıb: "Rusiya prezidenti D.Medvedyev gözlənilmədən Cənubi Osetiyaya səfər etdi. Onun bu səfərini Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ankarada "Nabukko" qaz kəməri ilə bağlı sazişin imzalanma mərasimində iştirakına cavab kimi dəyərləndirdilər. Mixail Saakaşvili Medvedyevin Tsixinvaliya səfərini "biabırçı və əxlaqsız addım" adlandırdı. Rusiya prezidenti Dmitri Medvedyev isə Gürcüstanla Rusiya arasındakı münasibətlərin Saakaşvili hakimiyyətdən getdikdən sonra normallaşacağını bildirdi. Gürcüstan-ABŞ münasibətləərinin səviyyəsi də Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına imkan vermir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA