02-08-2009 [06:20]
[b]"Rəfael Allahverdiyev də, Hacıbala Abutalıbov da "91-lər"dən idi. Heç biri deyə bilməz ki, öz aparatlarında silahdaşlarına iş təklif edib"[/b]
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun "91-lər" Hərəkatının üzvləri ilə bağlı səsləndirdiyi fikirlər narazılıq yaradıb. Xatırladaq ki, S.Novruzov "91-lər"in bəzilərinin etimadı doğrultmadıqları üçün hakimiyyət strukturlarından kənarda qaldıqlarını bildirmişdi. "91-lər" Hərəkatının üzvü Ariz Abduləliyev isə S.Novruzovun səsləndirdiyi fikirlərlə razılaşmır:
- Nəhayət ki, YAP-ın ali funksionerlərindən biri olan Siyavuş Novruzov "91-lər" mövzusuna reaksiya verdi. Çoxdandır ki, bu barədə mətbuatda qeyri-obyektiv, həqiqətə uyğun olmayan yazılar dərc edilir, fikirlər səslənirdi. Şəxsən bunlar məni narahat edirdi. Ara-sıra mən də həqiqətəuyğun olmayan söhbətlərə münasibətimi bildirmişəm.
[b]- Nəyi nəzərdə tutursunuz? [/b]
- Məsələn, belə bir fikirlər səslənirdi ki, guya "91-lər" YAP-a qarşı birlik yaradırlar, qruplaşırlar, Prezident Administarsiyasının hansısa işçisinə qarşı kampaniya aparırlar, Siyasi Şuraya, YAP rəhbərliyinə zidd siyasət yeridirlər. Amma bu fikirlər həqiqətə uyğun deyil.
Digər tərəfdən, Siyavuş Novruzovun "91-lər" mövzusuna toxunması nə qədər məqbul sayılsa da, onun fikirlərində təəssüfedici məqamlar var. Təəssüf edirəm ki, Siyavuş Novruzovun fikirlərində həqiqətə uyğun olmayan məqamlar çoxdur. Məsələ bundadır ki, o, hər dəfə bu mövzuya toxunanda deyir ki, "91-lər"ə böyük etimad göstərilib.
[b]- Burada narahatedici məqam nədir ki? [/b]
- Biz Siyavuş Novruzovla siyasi həmfikir olmuşuq, eyni ideoloji cəbhədə dayanmışıq. Yaxşı olardı ki, o, bu mövzudan danışanda Heydər Əliyevin, İlham Əliyevi "91-lər" haqqında söylədiyi fikirlərə istinad eləsin. Məncə, bu, cəmiyyət üçün daha maraqlı olar.
Siyavuş Novruzov deyir ki, "91-lər" bir imza atıblar, sonra da elə düşünürlər ki, ən böyük dağları onlara verməlidirlər. Mən təəssüflənirəm ki, millət vəkili, YAP-ın təmsilçisi "91-lər" haqqıda belə bir fikir söyləyir. Mən, ən azından Siyavuş Novruzov qədər bu insanlara, onların xarakterlərinə, ziyalılıqlarına bələdəm. Ancaq "91-lər"dən bir nəfər də olsun, belə bir fikir işlədəni, yaxud əməli ilə qarşısındaki insana bu istəyi hiss elətdirəni tanımıram. "Yəni imza atmışam, bundan sonra ən böyük dağlar mənim olmalıdır",-deyimini nəzərdə tuturam.
Təəssüf edirəm ki, Siyavuş müəllim bir tərəfdən deyir ki, "91-lər" partiyanın yaradıcılarıdır, o biri tərəfdən də belə söz deməklə, həm partiyanın keçmişinə daş atır, həm də cəmiyyətdə partiyanın dayaqlarına ironiya yaradır. Şəxsən mən, bunu ondan gözləməzdim. Millət vəkili gərək, danışıqlarında, xüsusiylə də öz partiyalarının dünəni, bu günü ilə bağlı danışanda diqqətli olsun.
[b]- Siyavuş Novruzov deyir ki, "91-lər" idarəetmə sistemlərində, nazirliklərdə fəaliyyət göstərirlər... [/b]
- Mən nazirlikdə, komitələrdə çalışan "91-lər"i tanımıram. Yaxşı olardı, Siyavuş Novruzov nümunə göstərəydi ki, hansısa nazirlikdə heç olmasa, ən aşağı kateqoriyada məmur işləyən "91-lər" üzvü kimdir. Yoxdur belə bir şey. Nazirliklərdə, Prezident Administrasiyasında, Bakı Şəhər İcra Hakimiyyəti sturukturlarında, rayonların icra hakimiyyətlərində "91-lər"dən heç kim işləmir. Yalnız birində hardasa bölmə müdiri işləyir, onu da bu yaxınlarda qoyublar.
Əli Əhmədov prezident tərəfindən YAP-ın icra katibi vəzifəsinə təyin edilib, qurutlayda da üzvlərin səsverməsi ilə bu təyinat təsdiqləndi. Siyavuş Novruzov mənə desin görüm, YAP yaranandan Əli Əhmədov istisna olmaqla, "91-lər"in hansı birinə partiyanın mərkəzi aparatında etimad göstərilib. Bu vaxta qədər hansı "91-lər" üzvünün problemi həll olunub ki, Siyavuş Novruzov belə danışır?
Rəfael Allahverdiyev də, Hacıbala Abutalıbov da "91-lər"dən idi. Heç biri deyə bilməz ki, öz aparatlarında silahdaşlarına iş təklif edib. Aparatda 700 məmur var, heç olmasa, onlardan biri "91-lər"dən kimsə ola bilərdi. Amma olmayıb. Müavinlərinin hamısı vaxtilə radikal müxalifət partiyalarının üzvləri olublar. Amma Allahverdiyev "91-lər"dən birinə vəzifə təklif eləmədi. Abutalıbov da həmin yolla getdi. Mən deyirəm ki, əgər Heydər Əliyev onlara etimad göstəribsə, onlar da öz partiyadaşlarınıza etimad göstərməliydilər. Bəlkə Siyavuş Novruzov "91-lər"dən kiməsə iş verib? Olmayıb. İndi isə deyir ki, parlamentdə "91-lər"in 20-dən artıq nümayəndəsi var. Parlamentdə mən, "91-lər"dən Zeynəb Xanlarovanı, Cəlal Əliyevi, Əli Əhmədovu, bir də Murtuz Ələsgərovu tanıyıram. Hanı parlamentdə 20-dən artıq "91-lər" üzvü? Bütün bunlar məndə təəssüf doğurur.
[b]- YAP yetkilisi həm də iddia edir ki, "91-lər" onlara edilən etimadı doğrultmayıblar. Bu fikirlə razısınızmı? [/b]
- Danışanda gərək ortaya fakt qoyasan. Siyavuş Novruzov mənə desin görüm, kimə etimad göstərilib, o da doğrultmayıb? Sirus Təbrizli üç parlament seçkisində deputat oldu, iki dəfə nazir vəzifəsinə təyin edildi. Bir insan nə qədər ali orqanlarda işləyər? Əgər onu nəzərdə tutursa, mən bu fikri Sirus Təbrizli üçün məqbul hesab etmirəm.
Digər tərəfdən, Siyavuş Novruza xatırlatmaq istəyirəm ki, vaxt var idi, o, radikal müxalifət qəzetlərində çalışan jurnalistləri YAP-dakı mətbuat konfranslarına buraxmırdı. Ona görə ki, onlar YAP-a, hakimiyyətə qarşı sərt yazılarla çıxış edirdi. Amma indi onların əksəriyyəti hakimiyyətdə çox yaxşı vəzifələrdə çalışırlar. Mən isə 10 ilə yaxın "Səs" qəzetində çalışmışam, siyasət şöbəsinə rəhbərlik etmişəm. Mənim tutduğum ideologiyaya qarşı yazan həmin o müxalifət yazarlarının hakimiyyət tərəfindən verilən mənzili var, məmurların aldığı bahalı "Ceep" avtomobilləri, torpaqları, evləri var. Hamısını da YAP-ın və hakimiyyətin dəstəyi ilə əldə ediblər. Siyavuş Novruzov "91-lərə" nə verib ki, deyir özlərindən küssünlər, etimadı doğrultmayıblar?! Təşəkkür edirəm ki, məni 2005-ci ilin parlament seçkilərində YAP-ın rəsmi siyahısına daxil etdilər. Bu, mənə qarşı doğrudan da böyük etimad idi. Seçki dövründə hakimiyyətin siyasətini təbliğ etmişəm, dəstəkləmişəm. YAP-ın namizədlərinin bəyanatı oldu ki, seçki demokratik keçib, mən də həmin bəyanata imza atmışam. Mən hansı etimadı doğrultmamışam? Mənim namizəd olduğum dairədən Qüdrət Həsənquliyev deputat seçildi, seçilsin, ona səs verdilər. Sözüm ondadır ki, Siyavuş Novruzovun dediyi kimi deyil. "91-lər" hansı prosesdə iştirak edibsə, etimadı doğruldub və YAP-ın siyasətini daim dəstəkləyib.