Qüdrət Həsənquliyev:"Ordu rəhbərliyinin atdığı addımlar effektli deyil"

img

02-08-2009 [06:11]


[b]"Ona görə də orduda qətl hadisələrinin sayı çoxalır, əsgərlərin qidalanması ilə bağlı ciddi problemlər var. Nə qədər gizlətməyə çalışsalar da, hamı bilir ki, o səs-küylü zəhərlənmə olayı keyfiyyətsiz qida ilə bağlı idi" [/b] Hazırda ictimai-siyasi proseslərdə passivlik müşahidə olunsa da, qarşıdan aktivlik tələb edən bir dövr - bələdiyyə seçkiləri gəlir. Artıq bəzi partiyalar seçki hazırlıqlarına başlayıb. Ölkədə baş verənlərlə bağlı fikirlərini bizimlə bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də seçkilərə hazırlaşdıqlarını deyir: - Partiyamızın İdarə Heyətinin toplantısında bu məsələ ilə bağlı konkret tapşırıqlar qoyulub, seçki qərargahı yaradılıb. Çalışacağıq ki, 60 faizdən çox bələdiyyələrdə namizədlərlə çıxış edək. Seçki vaxtı dairələrin 50 faizdən çoxunda namizədlə iştirak etdikdə, efir vaxtı almaq imkanı olur. Ona görə də yerli təşkilatların qarşısında bu istiqamətdə tapşırıqlar qoyulub. Yəqin ki, sentyabrın əvvəllərində Ali Məclisin toplantısı çağırılacaq və ilkin görülən işlərə yekun vurulacaq. Oktyabr ayından isə seçki kampaniyasına başlayacağıq. Təbii ki, çətinliklər də var, yəni əvvəllər namizədliyini vermiş bələdiyyə üzvləri bu dəfə kənarda qalmaq istəyirlər. Ona görə ki, bələdiyyələrin statusu olduqca aşağıdır, hətta bir çox yerlərdə onlar icra orqanlarının əlavəsinə çevriliblər. Seçki dövründə də müəyyən vədlər verirsən, sonra heç birini yerinə yetirmək mümkün olmur. Ona görə də insanların bələdiyyələrə marağı azalıb. Ancaq biz çalışırıq tərəfdarlarımızı inandıraq ki, kənarda durmaqla bələdiyyələrin statusunu artırmaq mümkün deyil. Bundan ötrü bələdiyyə üzvü olub, mübarizə aparmaq lazımdır. [b]- Bu dəfəki seçkidə hansısa partiya ilə əməkdaşlıq etmək fikriniz varmı? [/b] - İstisna olunmur. Ən azından bir neçə partiya ilə əməkdaşlıq etmək ehtimalları var. Milli Demokratik Qüvvələr Birliyindəki iki və əlavə partiyalarla hər hansı bir əməkdaşlıq mümkündür. Seçki yaxınlaşdıqca bu istiqamətdə danışıqlar gedəcək. Hələlik partiya seçkiyə təkbaşına hazırlaşır. [b]- Başqa ölkələrdə partiyalar bələdiyyə seçkilərinə daha ciddi yanaşır və gələcəkdə hakimiyyətə gəlmələrinin bu seçkidən asılı olduğunu düşünürlər. Sizcə, bizdə niyə bələdiyyə seçkilərinə səthi yanaşırlar? [/b] - Qeyd etdiyim kimi, insanların bələdiyyələrə marağı yoxdur. İnsanların bir hissəsinin, ümumiyyətlə, seçkiyə inamı azalıb. Düşünürlər ki, seçki oybektiv keçməyəcək. İkincisi, bugünkü qanunvericiliklə bələdiyyələrin statusu olduqca aşağıdır. Faktiki olaraq, bələdiyyələrin səlahiyyəti yoxdur, maddi-texniki bazası zəifdir. Bələdiyyədə çalışan insanlara bəzən aylarla maaş vermirlər. İnsanlar isə bir növ arabanın beşinci təkəri funksiyasını yerinə yetirən bir quruma can atmırlar. [b]- Prezident seçkilərində MSK-da Sizə yer vermədilər. Bələdiyyə seçkilərində MSK-da Sizə yer veriləcəyini gözləyirsiniz? [/b] - Sözün doğrusu, ümidlərimi tamamiylə itirmişəm. Hesab edirəm ki, müxalifət nümayəndəsinin MSK katibi olmaması iqtidara tam sərf edir. MSK-nın indiki tərkibi ilə yetərsay var, seçkini də keçirirlər. Bu baxımdan da tamamiylə qanunsuz olaraq hakimiyyət müəyyənləşdirir ki, azlıqda qalan partiyaların biri MSK-nın formalaşmasında iştirak eləməyib, biz də o yeri ona ayırmışıq. Yəni bu, anormallıqdır. Məsələn, bu yerlər iqtidar tərəfindən azlıqda qalan partiyalar arasında bölüşdürülür, halbuki qanunda belə şey yoxdur, tamamiylə özbaşına bir fəaliyyətdir. Əslində Milli Məclis bu məsələyə baxmalıdır. Bizdə Milli Məclisin katibliyi müəyyənləşdirir ki, filan partiya bir namizədlə çıxsın, qalan üç partiya başqa namizəd irəli sürsün. Ona görə də deyirəm ki, MSK-nın formalaşdırılması ilə bağlı bu anormal vəziyyət dəyişdirilməlidir. [b]- Ümumiyyətlə, partiyanıza qarşı belə bir münasibət nədən irəli gəlir? [/b] - Bu barədə konkret bir şey deyə bilmərəm. Bir onu deyə bilərəm ki, partiyamız prinsipial məqamlarda mövqesizlikdən qaçıb. Görünür, belə mövqe nümayiş etdirməmiz kimlərisə qane etmir. [b]- Özünüz üçün müəyyənləşdirmisiniz ki, bunlar kimlərdir? [/b] - Əlbəttə. Söhbət iqtidarın siyasətini müəyyənləşdirən aşağı səviyyəli insanlardan gedir. Bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələdir, məclis rəhbərliyi də çox təəssüf ki, bizə münasibətdə bu mövqeyi sərgiləyir. [b]- Prezident seçkilərindən sonra İlham Əliyev müxalifətlə əməkdaşlığın inkişafı ilə bağlı vədlər verdi, bundan sonra ən azı Sizə qarşı münasibətin dəyişəcəyi gözlənilirdi... [/b] - Hazırda iqtidarın yürütdüyü siyasət odur ki, Azərbaycanda çoxpartiyalı sistem var, bizim borcumuz deyil ki, öz rəqiblərimizin güclənməsi istiqamətində addımlar ataq. Əlbəttə, bu, iqtidarın da borcu deyil. Amma iqtidarın borcudur ki, ölkədə demokratiyanın genişlənməsi üçün addımlar atsın. Bu istiqamətdə addımlar atmaq üçün çoxpartiyalı sistemi formalaşdırmaq lazımdır. Çoxpartiyalı sistem yoxdursa, ölkədə güclü mətbuat, QHT sektoru ola bilməz. Bizdə siyasi partiyalar zəif olduğu üçün cəmiyyətin digər sahələrində də zəiflik hökm sürür. Bunun üçün də hüquqi və siyasi islahatlar aparılmalıdır. [b]- Siz, adətən parlamentdəki digər müxalifət nümayəndələrindən fərqli olaraq, hökumətin fəaliyyətini tənqid edəndə konkret ad çəkirsiniz. Məsələn, müdafiə naziri Səfər Əbiyevin istefasını tələb edirsiniz. Bəlkə seçdiyiniz mövqe səbəbindən Sizə qarşı belə bir mövqe sərgilənir? [/b] - Sözsüz ki, elədir. Hazırkı müxalifətin özündə bir qrup insanlar daim ümumi formada danışırlar. Amma biz hesab ediriksə ki, ölkənin həyatında ən önəmli sahələr haradır, həmin sahəyə diqqət yetiririk. Məsələn, mənim üçün xoş deyil ki, Azərbaycan ictimaiyyəti Qarabağ məsələsi ilə bağlı danışıqların detalları barədə xarici KİV-lərdən məlumat alsın. İkinci məqam Qarabağ danışıqlarının bu qədlər uzanmasıdır. Hesab edirəm ki, artıq Azərbaycanın danışıqlardan imtina etməsinin zamanı çatıb. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdığını bəyan etdiyi təqdirdə Azərbaycan danışıqlar masasına qayıda bilər. Sonra ordu ilə bağlı narahatlıqlarımızı bildiririk. Yəni bu məsələlər birbaşa milli mənafelərimizlə bağlı olduğu üçün, mövqeyimizi açıq şəkildə bildiririk. Biz hesab edirik ki, Azərbaycan peşəkar ordu qurmalıdır. Orduya ayrılan vəsait minimum iki dəfə artırılmalıdır. Neft Fondundakı vəsaitlər istiqamətlənməlidir ki, ölkə iqtisadiyyatı hərbi rels üzərinə keçsin və biz torpaqlarımızı alaq. Yoxsa, gözləməməliyik ki, nə vaxtsa, Amerika, yaxud Rusiya Ermənistana deyəcək ki, torpaqları azad elə. Bəlkə heç bu sözü demədilər. Əlbəttə, Azərbaycan çalışmalıdır ki, əlverişli beynəlxalq şərait yaratsın. Müharibəyə başlayanda da bəyan etməlidir ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş ərazilərdə aparılacaq. Ərazilərimizi azad edəndən sonra Dağlıq Qarabağla bağlı danışıqlara başlaya bilərik. Əgər danışıqlar yenə nəticə verməsə, onda biz Dağlıq Qarabağın özündə hərbi əməliyyatlar aparacağıq. Danışıqların indiki mərhələsi bizim əleyhimizədir. "Madrid prinsipləri" Azərbaycanın milli maraqlarına ziddir. [b]- Ordu quruculuğu ilə bağlı kəskin tənqidləriniz oldu, hətta bu istefa tələbinə qədər davam etdi. Belə açıqlamalardan sonra Sizə təzyiqlər olurmu? [/b] - Bu məsələyə müxtəlif fikirlər bildirirlər. Bəziləri bizim mövqeyin həddindən artıq radikal olduğunu söyləyir. Amma böyük əksəriyyət bizi dəstəkləyir. Ona görə ki, cəmiyyətin böyük əksəriyyəti bilir ki, ordudakı vəziyyət ürəkaçan deyil. Hər gün qəzetlərdə orduda iyrənc cinayətlərin baş verməsi ilə bağlı məlumatlar verilir. Bu da orduda nizam-intizamın aşağı olduğunu göstərir. Bu gün bəzi zabitlərin öz tabeliyində olan insanlarla, əsgərlərlə davranışında çox ciddi problemlər var. Ordu rəhbərliyinin buna qarşı atdığı addımlar isə effektli deyil. Ona görə də orduda qətl hadisələrinin sayı çoxalır, əsgərlərin qidalanması ilə bağlı ciddi problemlər var. Nə qədər gizlətməyə çalışsalar da, hamı bilir ki, o səs-küylü zəhərlənmə olayı keyfiyyətsiz qida ilə bağlı idi. Deputat həmkarlarım məndən inciməsin, amma onlar hərbi hissələrə gedəndə əvvəlcədən hazırlıq işləri aparılır, yemək-içmək də yaxşı olur. Onlar isə gəlib deyirlər ki, hər şey yaxşıdır. [b]- Qüdrət bəy, son dövrlər müxalifət iddia edir ki, yeni repressiya dalğası başlayır, xüsusiylə də gənclərə qarşı. Siz necə, bunları repressiya sayırsınız, yoxsa adi bir hadisə? [/b] - Mən birmənalı olaraq, həmin gənclərin həqiqətən də xuliqanlıq hərəkəti edib, yoxsa etməyib,- demək fikirdən çox-çox uzağam. Bunu istintaq orqanları araşdırmalıdır, məlumat verməlidir. Amma məni üzən bir fakt oldu ki, "Azadlıq" radiosunda bir çarx yerləşdiriblər. Bu, həbs olunan gənclərin aşağı səviyyəli bir etirazını əks etdirən videogörüntüdür. Yəni bu gənclər oturub intellektual mübarizə aparmaq əvəzinə, bir eşşək bəzəyiblər və nalayiq formada guya mübarizə aparırlar. Əslində bu mübarizə forması deyil. Orda da qeyd olunur ki, gənclər guya həmin çarxa görə həbs olunublar. Mən şəxsən o fikirdəyəm ki, bu, tərbiyəsizlik nümunəsidir. Əgər bu gənclərin həbsində həqiqətən də o çarxın rolu olubsa, tərbiyəsizliyi etmiş iki gəncə görə, Azərbaycanı beynəlxalq təşkilatlarla üz-üzə qoymaq lazım deyil. Onsuz da Azərbaycanın beynəlxalq aləmdəki imici o qədər də yüksək sayılmır. [b]- Yəni bu hadisəni müxalifətin dediyi kimi reperesiya saymırsınız? [/b] - Mən hesab etmirəm ki, xüsusi bir repressiya maşını işə düşüb və doğrudan da hakimiyyət müxalifətçilik edən gəncləri hədəfə götürüb. Tərif kimi qəbul etməyin, sizin qəzetdə hökumətin əleyhinə kifayət qədər sərt yazılar dərc edilir, amma hər hansı əməkdaşınızın təqib olunduğunu görməmişəm. Əlbəttə, müəyyən təzyiqlər hər zaman olub. Demokratik cəmiyyətlərdə də mətbuata təzyiqlər olur. Amma hesab edirəm ki, Azərbaycanda xüsusi bir repressiya dalğası baş qaldırmayıb. Bu iki gəncin tutulmasını da həmin o repressiya dalğasının tərkib hissəsi saymıram. [b]- Amma Azərbaycanla Qərbin münasibətində yumşalma olanda hakimiyyətdəki bəzi qüvvələrin marağı olur ki, belə bir hadisə baş versin... [/b] - Mən bunu dəfələrlə vurğulamışam ki, prezidentin Qərb dairələri ilə, xüsusiylə də inkişaf etmiş böyük güclərlə münasibətinin yaxşı olmasını istəməyən qüvvələr var. Bu qüvvələr zaman-zaman çalışıblar ki, Azərbaycanla ABŞ-ın, yaxud Avropa Birliyinin münasibətlərində bir gərginlik yaşansın. Onlar hesab edirlər ki, belə gərginlik yaşananda prezidentin onlara daha çox ehtiyacı olur. Təəssüf ki, iqtidarın daxilində bu cür düşünən insanlar var. Ona görə də deyirəm ki, bir çox hallarda hökuməti qarşıdurmaya çəkirlər. Bu qarşıdurma isə Azərbaycana heç nə vermir. Bu gün Azərbaycanın Qarabağ problemi var və bu məsələni beynəlxalq təşkilatların əli ilə həll etmək istəyir. Belə olan təqdirdə beynəlxalq təşkilatların çağırışlarına saymaz yanaşma, biganə olmaq bizə problem yaradır. Bu gün İran istəyir ki, Azərbaycanın "Alov" yatağında neft istehsalı ilə məşğul olsun. Bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Bizə İranın qarşısında dayanmağa kim kömək edəcək? O baxımdan, hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarla çox incə işləməlidir. Yəni hansısa gənc, yaxud jurnalist həbs olunursa, beynəlxalq təşkilatlar da onların azadlığa buraxılması tələbi ilə çıxış edirsə, bunu qəbul qəbul etmək olar. Düşünürəm ki, həmin gəncələri ölkənin ali mənafelərinə görə azadlığa buraxmaq olar. Əgər hökumət çəkinirsə ki, bu pis presedent olacaq, sonra gənclər daha böyük tərbiyəsizlik edə bilər, o halda ortaya daha prinsipial mövqe qoymaq mümkündür. Hələlik isə beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil. [b]- Ancaq gənclərin həbsinə Qərb digər hadisələrdən daha çox reaksiya verir, hakimiyyət isə sanki qarşıdurmaya meyllidir...[/b] - Hər iki məsələyə təəssüf edirəm. Bəzən görürsən ki, hansısa xuliqanlıq hadisəsi baş verir. Bir əməliyyat müvəkkili digərinə zəng edib deyir ki, sənin ərazində xuliqanlıq edən şəxs mənim qohumumdur, ona cinayət işi açma. Yəni bu sahə müvvəkili səviyyəsində həll olunan bir xüluqanlıq hadisəsidir. Azərbaycan reallığında sahə müvəkkilinin xahişi nəzərə alınaraq, belə məsələlər həllini tapır. Amma o boyda beynəlxalq təşkilatlar xahiş edir ki, bu məsələyə yenidən baxın, həbs-qətimkan tədbirini dəyişin, buna baxılmır. Əlbəttə, bu, təəssüf doğuran haldır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA