Qurban Məmmədov siyasətdən gedir

img

26-07-2009 [07:57]


[b]Onun fikrincə, ADP-nin 30-40 ildən sonra hakimiyyətə gəlmək şansı olacaq [/b] Bir vaxtlar siyasi proseslərdə aktiv iştirak edən ADP sədrinin keçmiş müavini Qurban Məmmədov xeyli müddətdir mətbuatda və siyasi proseslərdə görünmür. Hər zaman qalmaqallı fikirləri, müsahibələri ilə diqqət mərkəzində olmağı bacaran Q.Məmmədov nədənsə artıq bu məsələlərdə maraqlı görünmür. Onun siyasi düşərgəni tərk etməsi ilə bağlı fikirlər də mövcuddur. Bunu keçmiş müavin özü də təsdiqləyir. Q.Məmmədov ölkədə aktiv siyasi fəaliyyət göstərmək üçün imkan olmadığından yalnız vəkillik fəaliyyəti ilə məşğul olmaq qərarı verib. ADP-nin konstruktiv mövqeyə keçməsi və bundan sonrakı siyasi situasiyaya gəldikdə, vəkil bildirib ki, hakimiyyətlə müxalifətin dialoqu vacibdir. Onun sözlərinə görə, sadəcə bir sıra məmurlar bunun baş tutmasına imkan vermirlər: "Hörmətli prezident İlham Əliyevin ətrafında olan bəzi məmurlar bu işə mane olmaq üçün daha ciddi fəaliyyət göstərirlər. Onlar prezidentin xalqla, müxalifətlə təmasından çəkinirlər. Mən qəti olaraq bu fikirdəyəm. Amma hesab edirəm ki, bütün problemlərdən çıxış yolu yalnız siyasi dialoqdadır. Hakimiyyət də, müxalifət də ümumi problemləri həll etmək üçün bir masa ətrafında əyləşib müzakirə aparmalı, ortaq nöqtələri tapmalıdırlar. Bu məsələdə təkcə müxalifət deyil, hakimiyyət də maraqlı olmalıdır. Amma hakimiyyətin bununla bağlı ciddi bir marağını görmürük. Halbuki, bu taktika dünyanın bütün sivil dövlətlərində var". ADP-nin siyasi və hakimiyyətə gəlmək perspektivini də dəyərləndirən Q.Məmmədov bunun yaxın 20 ildə gözlənilmədiyini qeyd edib: "Yaxın perspektivdə - 15-20 ildə hakimiyyətə gəlmək şansı olmasa da, 30-40 ildən sonra ADP-nin hakimiyyətə gəlmək şansı mütləq yaranacaq. O, həmçinin bizim sağlığımızdan və aparacağımız siyasi işin düzgünlüyündən asılı olacaq". Qarşıdan gələn bələdiyyə seçkilərinə də toxunan Q.Məmmədov bu seçkilərdən heç bir müsbət nəticə gözləmədiyini vurğulayıb: "Azərbaycanda seçki deyilən bir proses olmur. Bu vəziyyəti ölkədə bütün siyasi qüvvələr dərk edir. Belə vəziyyətlə bütün siyasi partiyalar da, millət də, mən də barışmışam. Hesab edirəm ki, keçiriləcək bələdiyyə seçkiləri də dünyanın gözündən pərdə asmaq məqsədi daşıyır. Bu gündən artıq bilinir ki, bələdiyyələrə kimlər seçiləcək. Amma partiyaların işi gedən siyasi proseslərdə iştirak etməkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA