Əhəd Abıyev:"Bəzən hansısa məmur siyasi oyunbazlıq edir"

img

26-07-2009 [06:02]


[b] "Bu gün ölkədə qarışıqlıq salan da, sabitliyi pozan da, şərəfsiz işlərlə məşğul olan da elə Sərdar Cəlaloğludur"[/b] Deputat Əhəd Abıyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi müsahibə siyasi düşərgədə ajiotaja səbəb olub. Müxalifətin ünvanına sərt ittihamlar səsləndirməsi qarşı tərəfin Ə.Abıyevə hücuma keçməsi ilə nəticələnib. Hətta ADP sədri Sərdar Cəlaloğlu Ə.Abıyevin müsahibəsinə münasibət bildirərkən "Yeni Müsavat" qəzetinə deyib ki, hakimiyyətlə əməkdaşlıq etmək hakimiyyətə işləməkdən daha şərəflidir. Müsahibə verən YAP-çı deputat Ə.Abıyev isə opponentlərinin ünvanına daha sərt danışıb: - İqtidara, dövlətçiliyə, müstəqil Azərbaycana xidmət eləmək şərəfli işdir. Şəxsən mən bununla fəxr edirəm. Bu gün iqtidarın gördüyü müsbət işlər göz qabağındadır. Azərbaycandakı inkişaf, sabitlik, əminamanlıq mövcud hakimiyyətin siyasətinin nəticəsidir. İndi Səttardı, Sərdaroğludu, kimdir, bilmirəm... O, bir dəfə nümayəndəsini mənim yanıma göndərmişdi ki, guya Cənub bölgəsində problemlər var, mən də o barədə açıqlama verim. Mən isə dedim ki, ölkənin hüquq-mühafizə orqanları var, icra başçısı ilə bağlı şikayət varsa, ora, ya da Prezident Administrasiyasına müraciət etmək olar. Sərdar Cəlaloğlu kimdir, yaxud onun qəzeti nədir ki, onlara şikayət edirlər? Sonra da mənə dedilər ki, deputatsan, susursan. İndi bəzi qəzetlərdə çıxışlar edirlər, hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirirlər, mən də onların fikirlərinə cavab olaraq, demişəm. Yəni deyiblər ki, qarşıdan gələn bələdiyyə seçkiləri saxtalaşdırılacaq, mən də cavab vermişəm ki, seçki ədalətli, şəffaf keçiriləcək. [b]- Sərdar Cəlaloğlu həm deyir ki, Siz xalqın səsi ilə yox, hakimiyyətin saxtakarlığı ilə deputat seçilmisiniz... [/b] - Yalançıya lənət! Gəlsin, video-çəkilişlər durur, sənədlər var. Azərbaycanda üç nəfər yüksək səsçoxluğu ilə deputat seçilibsə, onlardan biri mənəm. Masallı rayonunda əhali ayğa qalxıb, elə bir seçki keçirib ki, qonşu İrana nümunə olub. [b]- Arif Hacılı isə bildirib ki, Əhəd Abıyevin ittihamları Müsavat Partiyasına aid ola bilməz. Elədirmi? [/b] - Mən partiyaları ayırmamışam. Mən deyirəm ki, bu gün bəzi insanlar müxalifətin adı ilə oyunbazlıq edirlər. Burada kimlərisə istisna etməmişəm. [b]- Onların arasında müsavatçılar da var? [/b] - Özləri hamısını yaxşı bilir. Bu cür əməllərin sahibi olan insanlar başa düşürlər ki, kim hansı yuvanın quşudur. Mənim dediklərim də həmin şəxslərə ünvanlanıb. Sərdar Cəlaloğlu bəzi qəzetlərdə əsassız, qərəzli məqalələr dərc etdirirdi, utanmırdı? Bilmirdi ki, bir gün ortaya belə fikirlər çıxacaq və o sözlər də bilavasitə ona aid olacaq? Bu gün ölkədə qarışıqlıq salan da, sabitliyi pozan da, şərəfsiz işlərlə məşğul olan da elə Sərdar Cəlaloğludur. Onun silsilə yazılarına bax, nəticə çıxart. Mən də iqtidar nümayəndəsi, Yeni Azərbaycan Partiyasının üzvü kimi, həmin o qərəzli yazılara qarşı sözümü demişəm. Mən demirəm ki, müstəqil fikrini söyləmə. Hər kəsin öz rəyi, fikri var. Bəzi adamlar var idi ki, çaşmışdılar, indi onlar da düz yola qayıdırlar. İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, qonşu dövlətlərdən fərqli olaraq, bizdə demokratik seçki keçirilir, sabitlik bərqərar olub. Elə müxalifətin özü də prezident seçkisində İlham Əliyevə səs verdi və təsdiqlədilər ki, seçki obyektiv keçirilib. Bir məsələni də nəzərinizə çatdırım ki, Sərdar kimiləri nə qədər oyunbazlıq edəcəklərsə, cavablarını alacaqlar. [b]- Ancaq qarşı tərəf belə işləri daha çox Sizə aid edir... [/b] - Onların dediklərinin yalan olduğunu hamı yaxşı bilir. Bu günə kimi mənim mənfi yönlü hər hansı işim olmayıb, polis orqanlarına cinayət xarakterli işlərlə bağlı çağırılmamışam. Məşğuliyyətim də Milli Məclisdə deputat kimi fəaliyyətimdən ibarət olub. Kommersiya işim də yoxdur, kimlərinsə də təsiri altında deyiləm. Mən reallığı deyirəm. İndi müxalifət qəzetləri nə yazır, nə deyir, bilmirəm, amma onu deyə bilərəm ki, müxalifətin müəyyən hissəsi qərəzlidir, muzdludur, kimlərinsə sifarişi ilə çıxış edir. [b]- Deməli, hakimiyyətdən kimlərinsə sifarişini yerinə yetirir? [/b] - Onu Sərdar Cəlaloğlu yaxşı bilir. İşi planlı quran, müəyyən adamlarla əlaqə yaradan müxalifətdir. Bəlkə də problemi olan sadə adam özü dövlət orqanına müraciət etsə, problemi həll olunar. Amma Sərdar kimiləri belə problemlərdən yararlanıb oyunbazlıq edir, hətta həmin şikayətçini də pis vəziyyətdə qoyurlar. Odur ki, ərizələrə, şikayətlərə Sərdarın qəzeti baxmamalıdır. Bunun üçün müvafiq dövlət qurumları var. [b]- Görünür, dövlət qurumlarında şikayətlərə baxılmır... [/b] - Mən demirəm ki, problem yoxdur. Təbii ki, məmurların hamısı ətəyində namaz qalınası adam deyil. Görürsən ki, qruplaşmalar var, kimlərəsə vəzifə veriblər... [b]- Yəni Siz də razısınız ki, hakimiyyət daxilində qruplaşmalar var? [/b] - Mənim fikrimi düzgün başa düş. Bəzilərini incik salan, hökumətə başaşağılığı gətirən insanlar var. [b]- Həmin şəxslər kimlərdir? [/b] - Onların kim olması başqa mövzunun söhbətidir. Kimlərdirsə, cəzalarına çatıblar. Eləsi olur ki, ona qarşı humanistlik edirlər. Deyirlər ki, get, başını aşağı sal, işinlə məşğul ol. Bəzən hansısa məmur siyasi oyunbazlıq edir. Belə olduqda tutub qulağından qoyurlar içəri. [b]- Yenə "içəri qoyulası" məmurlar varmı? [/b] - Bəli. Belə bir şey gözlənilir. [b]- Ad çəkə bilərsinizmi?[/b] - Bu, dövlət səviyyəsində olan məsələdir. Yəqin ki, özünüz hər şeyin şahidi olacaqsınız. [b]- Sözlərinizdən belə çıxır ki, növbəti məmur həbsləri gözlənilir... [/b] - Yox. Məni düzgün başa düş. Ola bilər ki, kimsə tutduğu vəzifədən kənarlaşdırılsın. Amma bu, o demək deyil ki, hamını tutasan. Adam var ki, deyir qələt eləmişəm, bu günahların sahibi olmuşam, mənim ərizəmi qəbul elə, gedim. Hə, onda tuturlar qulağından, atırlar çölə. [b]- Son dövrlər Heydər Babayevlə yanaşı, Əlixan Məlikovu da vəzifəsindən kənarlaşdırdılar. Onlar da Siz dediyiniz kateqoriyaya aiddir? [/b] - Bilirsən, reallıq, həqiqət nədir? Əgər onların cinayət əməli fakt üzrə təsdiqlənibsə, yəni məhkəmənin qərarı varsa, biz onlara cinayətkar deyə bilərik. Amma onların haqqında məhkəmə hökmü yoxdur. Yaxşı işləmədikləri, əsassız itihamlara rəvac verdikləri, narazılığa səbəb olduqları üçün vəzifədən kənarlaşdırılıblar. Əgər hansısa məmur narazılıq yaradacaqsa, onun da aqibəti belə olacaq. Ən yaxşı halda vəzifədən kənarlaşdırılacaq. Yox, əgər əməllərində cinayət tərkibi olacaqsa, həbs ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA