26-07-2009 [05:58]
[b]"Siyasi qütblərarası konfrantasiyalardan, nifrətlərdən, qisasçılıq hissindən, nəhayət rasional düşüncəyə gəlməli və milli maraqlarımızla bağlı məsələləri müzakirə etməliyik" [/b]
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis sədri Zəlimxan Məmmədli həm də "Borçalı" Cəmiyyətinin rəhbəri olduqdan sonra ölkədaxili siyasi proseslərdən bir qədər kənar düşüb. Xüsusiylə də müxalifətin bir araya gəlməsi üçün vaxtilə hətta partiya rəhbərliyinə qarşı çıxan Z.Məmmədlinin son dövrlərdəki siyasi fəaliyyəti hiss olunmur. Müsahibə verən Zəlimxan bəy isə siyasi proseslərdən kənar düşmədiyini bildirir və hazırda fəaliyyət göstərdiyi "Borçalı" Cəmiyyəti ilə bağlı işlərin də Azərbaycan siyasətinin bir hissəsi olduğunu deyir:
- Mənim hazırkı fəaliyyətimin əsas hissəsi "Borçalı" Cəmiyyətinin işi ilə bağlıdır. Bunu cəmiyyətə çəkinmədən bəyan da eləmişəm. Hesab edirəm ki, bu, firqələrin fövqündə olan bir modeldir və bizim də ideyamıza, siyasi kursumuza uyğundur. Hər zaman millət, dövlət məsələsində bir yerdə olacağıq,-demişik. Mənə elə gəlir ki, bu, Cənubi Qafqaza yeni nəfəs gətirəcək bir proyektdir. Bu baxımdan enerjimin 90 faizini bura sərf eləməkdən məmnunam. O ki qaldı daxili siyasətə, dövri mətbuatda zaman-zaman fikirlərimi bildirirəm və təbii ki, bütün hallarda obyektiv olmağa, həqiqəti söyləməyə üstünlük verirəm. Ona görə ki, iblisə qalib gələcək böyük bir meyar var - o da həqiqətdir.
[b]- Zəlimxan bəy, KXCP-nin ikinci şəxsisiniz, həm partiya çərçivəsində, həm də ümumi götürdükdə siyasi proseslərdən kənarda qalmağınızı necə qiymətləndirirsiniz? [/b]
- Mən düşünmürəm ki, ölkədaxili siyasətdən kənardayam. Hesab edirəm ki, Borçalı ölkədaxili siyasətin çox mühüm və ağır bir mərkəzidir. Borçalı - Azərbaycan siyasətini zaman-zaman silkələyən məsələ olub. Azərbaycan-Gürcüstan arasındakı gərginlik mənbəyinin əsas episentri həmin regiondur. İnteqrasiya məsələsində də bu faktor mühüm rol oynayır. Hər iki dövlətin arasındakı münasibətlərin qurulmasında da Borçalı aparıcı xətlərdən birini təşkil edir. O baxımdan düşünürəm ki, bu, böyük siyasi proyketdir. Yəni demoqogiyalar, aşağılamalar, "qara piar"lar, dedi-qodular mənə elə gəlir ki, bizə yaraşmır. Daha çox yaradıcı işlə məşğul olmaq, ziyalılarımızın, alimlərimizin, ağsaqqallarımızın tövsiyyəsini qəbul edərək, bu işə qol qoymaq hesab edirəm ki, milli və dövlət maraqlarımıza uyğun olan ən ciddi, səmərəli bir fəaliyyətdir.
[b]- Son dövrlər daha çox "Borçalı" Cəmiyyətinin işlərilə məşğul olmanız KXCP-də narazılıq yaratmır ki? [/b]
- Xeyr. Mən hər zaman bəyan eləmişəm ki, işləmək istəyirəm. Yəni insana Allah-Təala şüuru ona görə verib ki, çalışsın. Bizim hərəkətlərimiz də instiktiv deyil, şüurludur. Bu baxımdan partiyanın içərisində də, ümumiyyətlə, siyasi fəaliyyətdə də, mən, hər zaman işləməyin tərəfdarı olmuşam. Yeni zamana uyğun siyasi sistemin, siyasi münasibətlərin qurulması, əski bir ətalətdən çıxıb, daha rasional bir modelə önəm vermişəm. Bu gün də fəaliyyət harda varsa, orda olacam. Yəni harda milli, dövlət maraqlarımız, demokratiyanın tələbatı varsa, imkanım çatan qədər fəaliyyət göstərəcəyəm. Ona görə də dediyiniz məsələlərdə qəti gərginlik yoxdur. İndiki zamanda prioritet, dövlətimizin, millətimizin marağına cavab verəcək bir layihənin gerçəkləşməsinə məni məsul ediblər. Bu məsuliyyəti şüurlu şəkildə qəbul etmişəm. Bu məsuliyyətin ağırlığına baxmayaraq, bu yükün altında əyilmək istəmirəm və inşallah, əyilməyəcəm. Allah niyyətimizin saflığını görüb, bir enerji də verir.
Borçalı siyasətində daxili çəkişmələr yoxdur. Özü də bu, sırf borçalıların işi deyil. Bu, Azərbaycanı və Türk dünyasını düşündürən bir proyektdir. Ona görə də bütün firqələri, bütün insanlarımızı bu layihədə iştiraka dəvət edirik.
[b]- KXCP-nin də daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) milli maraqlarımız baxımından çox ciddi məsələ olan Qarabağ Forumunu keçirir... [/b]
- [i](Tələsik)[/i] Allah işlərini avand eləsin, əfəndim!
[b]- Amma Sizi nədənsə bu forumlarda görmürük...[/b]
- Bu barədə hansısa şərh vermək fikrində deyiləm. Görünən dağa bələdçilik eləmək mənim işim deyil. Hər şey görünür. Niyyətlər də çox aydın görünür, yəni ruhu görən insanlar hər şeyi çox gözəl anlayırlar. Bütün hallarda "niyyətin hara, mənzilin ora",- deyilib və niyyətlərdə də nələr nəzərdə tutulubsa, uğurlar arzulayıram. Orada aparıcı insanlar, böyük siyasi xadimlər var və onlara da uğurlar diləyirəm.
[b]- Üstörtülü danışdınız, yəni niyyətləri xoşdurmu? [/b]
- Mənə elə gəlir ki, fikrimi çox aydın ifadə elədim.
[b]- Bəs, son dövrlər səs-küyə səbəb olan "Madrid prinsipləri" haqqında Siz nə dünüşürsünüz? [/b]
- Təbii ki, bu, artıq ümummilli məsələdir. Biz "Madrid prinsipləri" ilə bağlı mövqeyimizi bildirmişik. Buna kəskin mövqe bildirənlərdən biri də mən olmuşam. Millətlərin öz müqəddəratını təyin etmək hüququnun arxasında gizlənən məqamların açıqlamasını verməyə çalışmışıq.
Qarabağda hansısa dövlətin yaranması qeyri-mümkündür. Son zamanlar mənim çox ciddi şəkildə müşahidə elədiyim odur ki, konkret olaraq, dövlət başçısının açıqlamalarında hər hansı formada Azərbaycanın ərazisi ilə bağlı güzəşt olmayacağı haqqında bəyanatlar verilir. Bu, çox müsbətdir və aydındır. Bu deyimlərin arxasınca artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir məyusluğu da var. "Deyəsən, deyəsən",- bəyanatlar verirlər. Bax, bu "deyəsənləri" yaradan artıq Azərbaycan cəmiyyətinin iradəsidir. Yəni hansı zamanda yaşamağımızdan asılı olmayaraq, millət və dövlət maraqlarımızı qurban vermək qeyri-mümkündür. Məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu da bizim hər zaman dediyimiz mədəni muxtariyyətdir. Eyni zamanda sərhəddi geniş olan muxtariyyət barədə də düşünmək olar. Artıq görürsünüzsə, "Madrid prinsipləri"nin yeni modelləri üzərində düşünürlər. Yeni model nədən ibarətdir- Azərbaycanın milli maraqlarını zorlamaq olmaz.
[b]- Bəs, belə olan təqdirdə müxalifətin narahatlığı nə ilə bağlıdır? [/b]
- Mən müxalifətdə Azərbaycan xalqının çox dəyərli insanlarının olduğu qənaətindəyəm. Hər zaman da demişəm ki, Xalq Cəbhəsi sıralarında, ardıcıl olan bir xətdə gəldiyim üçün çox qürurluyam. Cəbhəçilərlə dost olmağımdan da çox məmnunam. Təbii olaraq, bu insanlar milli və dövlət maraqlarını düşünürlər. Ayrı-ayrı qruplar ola bilər, eqoizm güclü ola bilər, burada şəxsi maraq önə keçə bilər, spekulyasiyalar da mümkündür, amma bütövlükdə, mahiyyət etibarı ilə cəmiyyətdə qalxınmanın fəlsəfəsində millətimizə, dövlətimizə, heysiyyatımıza toxunan anları duymaq dayanır. Bu baxımdan həmin narahatlıqları səmimi qəbul edirəm. Ola bilər ki, firqələşmə getsin, təəssüflər olsun ki, son 20 ildə Azərbaycanda firqələşmə daha erkən vaxtda getdi. İstiqlalımız, ərazi bütövlüyümüz təmin olunana qədər firqələşməyə tələsməmək gərək idi. Bu gün bütün qüvvələr əsas hədəfi bir yerə yönəltməyi və bir hərəkət etməyi bacarmalıdır. Azərbaycanın inkişafının fəlsəfəsi bundan keçir. Hər zaman siyasi spektrdə də istədiyim format bundan ibarət olub, həmişə də bu xəttin daşıyıcılarından biri olmuşam. İndiki zamanda Dağlıq Qarabağ məsələsinin Azərbaycanın maraqlarına qarşı həll olunmasına dirənişdə rəsmi mövqe ilə müxalifətin mövqeyi uzlaşıb. Son zamanlar bizim üstün cəhətlərimizdən biri bu olub. Mənə elə gəlir ki, bu, dialoqa keçəcək. Elə məsələlər var ki, biz orada vahid konsepsiya üzərində düşünməli olacağıq.
[b]- Siz də hərəkatdan siyasətə gəlmisiniz. Qarabağ Forumunda da, digər toplantılarda da Milli Müqavimət Hərəkatının yaradılması təklifi səslənib. Bu barədə nə düşünürsünüz? [/b]
- Bu yol var. Böyüklər, nəhənglər bu yolları bizim üçün qoyublar. Bizim Türk dünyası tarixində ideoloji sistemlər qurulub. Həmin o nəhəng adamlarımız Azərbaycan, dövlətçilik, türkçülük sözünü siyasiləşdiriblər, gündəmə gətiriblər. O yollardan biri də millətin müqavimətini təşkil etməkdir. Hesab edirəm ki, millətin müqavimətini təşkil etməyin vaxtı çatıb. Bu, daxili siyasi çəkişməyə yox, Azərbaycanın - dövlətimizin və millətimizin üzərinə gələn zərbələri dəf etməyə hesablanmalıdır.
Xalq Cəbhəsi ideyası da var. Mənə elə gəlir ki, Xalq Cəbhəsi siyasi yükü ağır olan bir modeldir. Amma Milli Müqavimət Hərəkatı milli maraqlara toxunan hədəfləri dəf eləməyə hesablanan bir hərəkatdır. Belə bir şey daxili siyasi çəkişmələrə hesablanmamalıdır, niyyət aydın olmalıdır ki, milli maraqlarımızın qorunması üçün biz varıq və biz olan yerdə milli maraqlarımızın üzərinə gəlmək olmaz.
[b]- Ancaq keçmiş partiyadaşınız Fazil Mustafa bu modellərin indki mərhələdə əhəmiyyət verməyəcəyini düşünür... [/b]
- [i](Sözümüzü kəsərək)[/i] Bu, artıq özəl fikirlərdir, onu şərh eləmirlər. Bütün halarda deyilən fikirlərə sayğı mədəniyyətini özümüzə aşılamalıyıq.
[b]- Hər halda eyni yolu keçmisiniz... [/b]
- Allah hamının işini avan eləsin. Hərənin öz niyyəti var. Niyyəti ruhlar çatdırır. Dinimizdə və millətimizin əxlaqında qeybət günahdır. Nəyə görə? Çünki ruhlar vasitəsiylə qeybət ünvana çatdırılır və insanlar bir-biri ilə küsürlər. Bu baxımdan deyirəm ki, hərənin öz niyyəti var. Bu insanın içərisində olan bir şeydir, kimsə onu görür, kimsə görə bilmir. Bütün hallarda Allah niyyəti saf olanların yolunu açıq eləsin.
[b]- Zəlimxan bəy, qarşıdan gələn bələdiyyə seçkiləri barədə nə düşünürsünüz? [/b]
- Bütün hallarda prisipial məqam budur, Azərbaycanın inkişaf modellərindən biri iqtisadi resurslarımızdır, bizim yaradıcı ziyalılarımız, intellektual resurslarımız çox güclüdür. Bunu təmərküzləşdirib, rasional bir gücə çevirməyin yolu demokratiyadan keçir. Hamı da dərk etməlidir ki, demokratiyadan başqa qanunun aliliyini təmin etmək üçün model yoxdur. Ona görə də bütün hallarda seçkimiz demokratik olmalıdır.
[b]- Bəs, bu gün Azərbaycanda həmin demokratik prinsipləri görürsünüzmü? [/b]
- Hər halda müəyyən cəhdlər var, amma eyni zamanda kifayət qədər boşluqlar da mövcuddur.
[b]- Bu boşluqların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? [/b]
- Siyasi sistemlər arası dözümlülük və dialoq bu boşluğu daha sürətli dolduran bir modeldir. Konfrantasiyalardan Azərbaycan da, demokratiya da itirib. Mövcud olan qüvvələr resurslarımızın təmərküzləşməsi modelləri üzərində düşünməlidir. Bu da dialoqdan keçən bir şeydir. Mənə elə gəlir ki, siyasi qütblərarası konfrantasiyalardan, nifrətlərdən, qisasçılıq hissindən, nəhayət rasional düşüncəyə gəlməli və milli maraqlarımızla bağlı məsələləri müzakirə etməliyik.
[b]- Hakimiyyətlə müxalifətin dialoqunu nəzərdə tutursunuz? [/b]
- Təbii. Bəzi hallarda bizlərə dialoqu üçüncü qüvvə təklif edir ki, bu da mənə hər zaman utanc gətirir.
[b]Zaur ƏHMƏD[/b]