Rəbiyyət Aslanova: ?Beynəlxalq təzkilatlar Azərbaycanın inamını doğrultmur?

img

24-07-2009 [05:16]


?Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın, Azərbaycan dövlətinin, cəmiyyətinin, dövlət rəhbərliyinin, şəxsən ölkə başçısının mövqeyi həmişə olduğu kimi, dəyişməz və aydındır. Bu, birmənalıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Onun fikrincə, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır: ?Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bir qarış da olsun torpaq güzəştə gedilməməlidir və gedilməyəcək. Eyni zamanda, hansı prinsip olur-olsun, hansı prinsip ortaya atılır-atılsın, Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraq və mənafeləri nəzərə alınmalı, təmin olunmalıdır. Bununla yanaşı, ATƏT PA-nın Vilnüs sessiyası çərçivəsində Qoran Lenmarkerin təşəbbüsü ilə reallaşdırılan görüşə və görüş zamanı həmin şəxs tərəfindən dilə gətirilən məlum fikirlərə gəlincə, belə bir mövqenin üzərində qalaraq bir daha bəyan etmək istəyirəm ki, görəsən, ?qızıl imkan?, ?qızıl pəncərə? dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur? Görəsən, bunun hansı tərəfi ?qızıldır? ki, biz də bəribaşdan bilək, görək, nəyə, hansı addıma gedəcəyik, hansı addıma getməyəcəyik? Bununla belə, ATƏT rəsmiləri səviyyəsində açıq-aşkar şəkildə bizlərə heç nə vəd edilmədiyi bildirilirsə, deməli, belə çıxır ki, onlar bizi heç zaman Avropa Birliyinə qəbul etmək niyyətində deyillər. Bir tərəfdən deyirlər ki, biz böyük bir evin-Avropanın-Avroatlantik məkanın sakinləriyik, amma digər tərəfdən, bu evin sakinlərinə eyni münasibət sərgilənmir və yaxud məlum mövqe ortaya qoyulur. Heç cür başa düşmək olmur, bir evin içərisində əmin-amanlığı, rahatlığı, təhlükəsizliyi təmin etmək üçün konkret bir iş görülmədiyi, addım atılmadığı halda, ?bu evin qapıları sizin üzünüzə bağlı deyil? deyilir. Elə istər ATƏT tərəfindən, istərsə digər Avropa qurumları tərəfindən indiyənə qədər heç bir iş görülməməsi səbəbindədir ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ də həll olunmamış qalır. Bundan başqa, tez-tez vurğulanır ki, ona görə ATƏT-ə üzv qəbul olunmuşuq ki, böyük bir təhlükəsizlik məkanı yaransın və yaradılsın. Amma burada bir məqam unudulur ki, biz digər təşkilatlar ? o cümlədən ATƏT qarşısında öhdəliklər götürdüyümüz kimi, onlar da bizim qarşımızda öhdəliklər götürüblər? Millət vəkili onu da vurğulayıb ki, qarşılıqlı öhdəliklər götürülmədən, konkret nəyəsə nail olmaq mümkün deyil: ?Bizim onlar qarşısında öhdəliklərimiz olduğu kimi, onların da bizim qarşımızda öhdəlikləri var və bu, heç zaman yaddan çıxarılmamalıdır. Əgər bir məkanın üzvüyüksə, o zaman konkret desinlər, görək, burada ATƏT-in, onun Parlament Assambleyasının rolu nədən ibarətdir? Bu gün ATƏT-ə yeni-yeni üzv ölkələr qəbul olunur, belə demək mümkünsə, onun sərhədləri genişlənməyə doğru gedir. Hətta bu gün ATƏT-də Əfqanıstandan belə nümayəndələr təmsil olunurlar, ora gəlib-gedirlər. Demək istəyirəm ki, belə olan halda, uzun müddətdən bəri davam edən bir konflikti ? konkret olaraq Qarabağ münaqişəsini həll etmədən növbəti konfliktli ölkəni, yaxud ölkələri bura ? bu məkana qəbul etmək, görəsən, nəyə lazımdır? ATƏT artıq haradasa özünü sübut etməlidir ki, hansısa bir konflikti, konfliktli məsələni həll edib, başa çatdırıb. Ancaq özünüz də gördüyünüz kimi, bu yöndə hansısa bir nümunə yoxdur. Yenə də qeyd edirəm, ATƏT hansısa bir konflikti həll etmədən digər konfliktli dövlətləri, bölgələri özünə cəlb etməklə, əksinə bundan qazanmır, itirir. Daha doğrusu, ona olan inamı, ümidi azaldır, itirir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Qarabağ məsələsində ərazi bütövlüyünün təmin olunması prinsipindən bir addım olsun belə geri çəkilməyəcək. Əslində, bizim bu məsələdə ən böyük güzəştimiz o olub ki, uzun müddət istər ATƏT-ə, istərsə də digər qurumlara inanmışıq, bu münaqişənin həllində onların hansısa addım atacağını səbrlə gözləmişik. Lakin təəssüflər olsun, bizim həmin qurumlara olan inamımız, ümidimiz hələ ki, özünü doğrultmayıb. Artıq, necə deyərlər, konkret fəaliyyət, konkret addım atmaq zamanıdır. Nəhayət, istər ATƏT, istər Minsk qrupu, istərsə də digər qurumlar, vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həll olunması ilə bağlı öz birmənalı kəskin mövqelərini ortaya qoymalı, təcavüzkarı yerində oturtmalıdırlar. Qalan məsələlər, o cümlədən Avropa Birliyi məsələsi artıq bundan sonra gəlir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA