19-07-2009 [06:16]
[b]"Azərbaycan cəmiyyətinin yaxın gələcəkdə hakimiyyəti zorakılıq prinsiplərindən əl çəkməyə məcbur etməyə gücü çatacaq"[/b]
Son bir neçə ildə Azərbaycan müxalifətinin zəfiləməsi göz önündədir. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, müxalifətin aktivliyi əsasən kütləvi etiraz aksiyalarının keçirilməsi ilə müşahidə olunur. Amma son bir neçə ildə ölkədə kütləvi tədbirlərin keçirilməsinə imkan verilmir. Elə Müsavat Partiyasının son aylar İctima Televiziyanın, İran və Çin səfirliklərinin binası qarşısına təyin etdikləri piketlərə də icazə verilmədi. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da söhbətə hakimiyyətin kütləvi aksiyaları qadağan etməsi ilə başladı:
- Təəssüf ki, Azərbaycanda bir çox fundamental hüquqlar kimi, sərbəst toplaşmaq azadlığı ləğv edilib. Hətta ümummilli məsələlərə aid, hakimiyyət üçün təhlükə yaratmayan mövzularda da kütləvi aksiyaların keçirilməsinə qadağalar qoyulur. Məsələn, İran səfirliyinin qarşısında keçirilən piketin məqsədi Cənubi Azərbaycan ərazisində yaşayan soydaşlarımıza qarşı olan təzyiqlərə, onların həbs edilməsinə, öldürülməsinə qarşı etiraz aksiyası idi. Amma hakimiyyət bu aksiyaya da icazə vermədi. Hətta mən mətbuat vasitəsi ilə müraciət edərək, bu aksiyanın ümummilli xarakter daşıdığını və Azərbaycanda olan daxili siyasi mübarizəyə aidiyyatı olmadığını bildirərək, xahiş etmişdim ki, aksiyanın keçirilməsinə mane olmasınlar. Ancaq şahid oldunuz ki, bu aksiyaya da icazə vermədilər. Eyni zamanda əvvəllər hətta Azərbaycanın bir çox şəhər və rayonların mərkəzi meydanlarında, o cümlədən Bakıda mərkəzdən bir qədər kənarda kütləvi aksiyalara icazə verildiyi halda, indi hətta Ukrayna meydanında da icazə verilmir. Bu da Azərbaycan hakimiyyətinin həm Konstitusiya və qanunlara, həm də beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə hörmətsiz yanaşmasının təzahürüdür.
[b]- Sizcə, hakimiyyət kütləvi aksiyalara niyə bu dərəcədə qadağalar qoyur? [/b]
- Azərbaycan hakimiyyəti kütləvi aksiyaların keçirilməsinə ona görə icazə vermir ki, bu aksiyalar kütləvi xarakter ala bilər və orada iştirak edən insanların sayı günü-gündən artar. Təbii ki, bu da onların hakimiyyətinə təhlükə törədə bilər.
[b]- Arif bəy, hakimiyyət öz marağı üçün aksiyalara qadağa qoyub. Bəs, müxalifət öz marağı üçün niyə bu meydanları ələ ala bilmir? [/b]
- Biz buna çalışırıq. Dəfələrlə, hətta hakimiyyətin güc strukturları ilə toqquşmalara gedərək, bu tipli aksiyalar keçirmişik. Hər dəfə insanları polislə üz-üzə qoymaq, onların təzyiq və təqiblərə məruz qalmasına, xəsarət almasına, həbsinə səbəb olan kütləvi aksiyalar haqqında qərar qəbul etmək də çətindir. Bunu da cəmiyyət nəzərə almalıdır. Düşünürəm ki, siyasi şəraitin daha uğurlu olduğu məqamda kütləvi aksiyalar bərpa olunacaq.
[b]- Daha uğurlu məqam deyəndə nəyi nəzərdə tutursunuz? [/b]
- Azərbaycan cəmiyyətinin gələcəyinə ən nikbin yanaşmanın əsas səbəblərindən biri ondan ibarətdir ki, bizim cəmiyyətdə kifayət qədər aydın təsəvvürlər mövcuddur. Yəni mən, Azərbaycan cəmiyyəti haqqında bədbin düşüncəyə malik deyiləm. Hesab edirəm ki, vətəndaşların əksəriyyəti əslində ölkədə mövcud olan rejimin fəaliyyətindən narızıdır. Zamanı yetişəndə bunun uğrunda mübarizə aparacaq. Mən uğurlu siyasi şərait dedikdə Azərbaycan hökumətinin cəmiyyət üzərində zorakılıq mexanizmlərinin zəifləyəcəyi dövrü nəzərdə tuturam.
[b]- Bəs, bu hakimiyyətin həmin idarəçilik mexanizmindən əl çəkəcəyi gün olacaqmı? [/b]
- Hakimiyyət heç vaxt bu zorakılıq mexanizmindən əl çəkməyəcək. Ancaq Azərbaycan cəmiyyətinin yaxın gələcəkdə hakimiyyəti zorakılıq prinsiplərindən əl çəkməyə məcbur etməyə gücü çatacaq.
[b]- Belə fikirlər də səslənir ki, yalnız insanların iqtisadi maraqlarına toxunanda etirazını bildirir. Ancaq 2007-ci ilin əvvəlində enerji daşıyıcılarının, sonra bu günlərdə qazın qiyməti qalxdı, Azərbaycan cəmiyyətinin etirazını görmədik. Yəni Sizin nikbin proqnozlarınız... [/b]
- (Tələsik) İnsanların maraqlarına hər gün, hər an toxunulur. Xalqa məxsus olan sərvətlər mənimsəniləndə, yanacağın qiyməti həddən artıq yüksək olduğundan fermer təsərüfatı ilə məşğul olmaq mümkün olmayanda, satış qiymətləri dünya bazarındakı qiymətlərə yaxın, hətta bəzi Qərb ölkələrindən yüksək olduğu məqamda əmək haqları dünya səviyyəsindən 10 dəfələrlə az olanda insanların maraqlarına toxunulur. Bundan əlavə, insanlara şəxsiyyət vəsiqəsi veriləndə, yol polisi saxlayanda, notariuslarda, pasport masa idarələrində rüşvət alanda, məmurlar onalara yuxarıdan aşağı baxanda maraqlarına toxunulur. Yəni Azərbaycanda insanların maraqları hər an ayaqlar altına atılır. Ancaq təəssüf ki, Azərbaycanda bu gün yaranmış siyasi şərait insanların bu haqsızlıqlara qarşı mübarizəsinə uyğun deyil. Təəssüflə qeyd etməliyəm ki, insanlar hələlik onlara qarşı edilən bu haqsızlıqlara boyun əyirlər. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı bu vəziyyətdən narazıdır, ölkədə başqa bir cəmiyyətin qurulmasının vacib olduğunu dərk edir və cəsarəti çatanda həmin cəmiyyətin qurulmasına nail olacaq.
[b]- Həmin vaxta qədər bu müxalifət siyasi meydanda qalacaqmı? [/b]
- Əslində bu məsələ vacib deyil. Bilmək istəyirsinizsə, müxalifətin öndəgedən liderlərindən biri olmağıma baxmayaraq, mən bizdən daha ciddi, cəmiyyəti öz arxasınca aparmaq qabiliyyətinə malik olan müxalifətin ortalığa çıxmasını arzu edirəm. Mən deyərdim ki, məmnuniyyətlə onların arxasınca getməyə hazıram.
[b]- Arif bəy, Dağlıq Qarabağ məsələsi ilə bağlı şərtlər açıqlanandan sonra müxalifət etiraz səsini ucaltdı. Milli Müqavimət Hərəkatının yaradılması təklifi səsləndi. Siz bu barədə nə düşünürsünüz? [/b]
- Hər halda Azərbaycan cəmiyyətindəki nihilizmə baxmayaraq, düşünürəm ki, əgər Qarabağ məsələsi ilə bağlı mənafeyimizə uyğun olmayan, konkret demək istəyirəm, "Madrid prinsipləri"ni əks etdirən qərarların real icrasına başlanacaqsa, Azərbaycanda böyük hərəkat başlanacaq. Bu hərəkatı başlayacaq təşkilatın adı Müsavat da, Xalq Cəbhəsi də, Müqavimət Hərəkatı da, yaxud tələbə hərəkatı da ola bilər. Ancaq belə bir hərəkatın başlanmasına heç bir şübhəm yoxdur. Azərbaycan xalqı torpaqlarının işğal edilməsi, hüquqi cəhətdən Ermənistana verilməsi ilə, erməni xalqının Azərbaycan ərazisində 20-ci əsrdə bir dövlət, 21-ci ərsdə başqa bir dövlətin yaratması ilə barışmayacaq və buna qarşı mübarizə aparacaq.
[b]- Belə bir Müqavimət Hərəkatının yaranmasının Qarabağ məsələsinin həlli istiqamətində hansı təsiri ola bilər? [/b]
- Xalıqmızın iradəsi ortalıqda olmalıdır. İqtidarda, müxalifətdə təmsil olunmasından, siyasətlə məşğul olmasından asılı olmayaraq, xalqımız Qarabağ məsələsində yekdil mövqe nümayiş etdirərək, torpaqlarımızın ermənilərə verilməsi ilə razılaşmamalıdır və buna qarşı mübarizə aparmalıdır. Mən düşünürəm ki, xalq bu mübarizəni aparacaq.
[b]- Bir məsələni də nəzərə almaq lazımdır ki, bu təklilər böyük güclər tərəfindən irəli sürülüb... [/b]
- Ən böyük güc haqdır, ədalətdir. Həm tarixi baxımdan, həm BMT, həm də digər beynəlxalq qurumlar tərəfindən tanınması baxımından, istər Dağlıq Qarabağ, istərsə də aran Qarabağ Azərbaycan xalıqa məxsusdur, bizim ərazilərimizdir. Yenə də deyirəm, ən böyük güc haqdır, ədalətdir və biz də ədalətin tərəfində olmalıyıq. Beynəlxalq güclərin mövqeyi cəmiyyətin gücü ilə həmişə hesablaşır. ABŞ prezidenti Obamanın sonuncu bəyanatını xatırlayırsınızsa, o, erməni xalqının son illər ərzində onların bəşəriyyət tərəfindən tanınmasına layiq olduğunu təsdiq etdi. Əslində mən bu fikirlə qətiyyən razı deyiləm. Ermənilərin hansı ictimai mövqedə olmasından asılı olmayaraq, torpaqlar uğrunda mübarizə aparması Barak Obamada yanlış təəssüratın yaranmasına səbəb olub. Düşünürəm ki, Azərbaycan xalqı da bəşəriyyətdə torpaqlarının ermənilərə verilməsi ilə barışmayan bir xalq imicini yaratmaqla, beynəlxalq güclərin güzəştə getməsinə nail ola bilər.
[b]- Müqavimət Hərəkatından söz düşmüşkən, Fazil Mustafa bildirib ki, Xalq Cəbhəsinin, Müqavimət Hərəkatının yenidən bərpası əhəmiyyətsizdir. Razısınızmı? [/b]
- Milli Müqavimət Hərəkatı da, Xalq Cəbhəsi də vaxtiylə mərhum prezident, xalq hərəkatının lideri Əbülfəz Elçibəy tərəfindən yaradılmışdı. Biz həm Xalq Cəbhəsinin, həm Milli Müqavimət Hərəkatanın yaradılmasında iştirak etmişik. Fazil bəy də, tam məsuliyyətimlə deyirəm ki, cəmiyyət tərəfindən yox, Əbülfəz Elçibəy tərəfindən yaradılmış bir siyasətçidir. Yəni Elçibəy adlı siyasətçi olmasaydı, Fazil Mustafa adlı siyasətçi olmayacaqdı. Siyasi məkana bu adlı adamı gətirən və bəzi məqamlarda hətta ədalətsiz olaraq, sırayan siyasi lider Əbülfəz Elçibəy olub. Ona görə də Fazil bəyin bu mövzular haqqında rahat və məsuliyyətsiz danışmağa haqqı yoxdur.
[b]- Bələdiyyə seçkilərinə hazırlıqla bağlı vəziyyət nə yerdədir? [/b]
- Hazırda namizədlərin müəyyənləşdirilməsi prosesi gedir və biz bələdiyyə seçkilərinə ölkədə qlobal siyasi dəyişikliklərin başlanğıcı kimi baxırıq. Ona görə də bu prosesə ciddi hazırlaşırıq. Hesab etmirəm ki, bələdiyyə seçkilərində ciddi siyasi dəyişikliklər baş verəcək. Ancaq deyə bilərəm ki, böyük siyasi dəyişikliklərin əsası bələdiyyə seçkilərində qoyulacaq.
[b]- Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar seçkiyə birgə gedir. Namizədlərin uzlaşdırılması məsələsində hər hansı problem olmayacaq ki? [/b]
- Hələlik namizədlərin müəyyənləşməsi prosesi başa çatmayıb. Nəzərə alsaq ki, bələdiyyə seçkiləri çoxmandatlı dairələrdə keçiriləcək, düşünürəm ki, əsasən namizədlərlə bağlı problemlər yaranmayacaq.
[b]- Deyirsiniz ki, bələdiyyə seçkiləri böyük siyasi proseslərin başlanğıcı ola bilər... [/b]
- Biz yaxın zamanlarda ölkədə siyasi yüksəlişin olacağını düşünürük. Bu istiqamətdə də fəaliyyət göstəririk. Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı həyata keçirdiyimiz tədbirlər də bu böyük siyasi yüksəlişin bazasını təşkil edəcək.
[b]- Amma opponentlərinizdən olan Fəzail Ağamalı bildirmişdi ki, müxalifət indi də, 20-30 il sonra da hakimiyyətə alternativ ola bilməz... [/b]
- Heç bir ciddi siyasətçi 20-30 il sonra baş verəcək hadisələri proqnozlaşdıra bilməz. Mən xatırlayıram ki, bizim hakimiyyətin devrilməsinə və özünün istefa verməsinə bir neçə həftə qalmış Azərbaycanda böyük siyasi təsir imkanlarına malik olan və dövlət hakimiyyətinin böyük bir qismini əlində saxlamış Pənah Hüseyn "15 il sonra da bizim hökuməti heç kəs yıxa bilməz",- deyərək, bəyanatlar verirdi. Fəzail Ağamalı isə 20-30 il sonraya proqnoz verir. 30 il sonra, ümumiyyətlə, insanların necə düşünəcəyi məlum deyil. Ona görə də indidən belə proqnozlar vermək məsuliyyətsizlikdir.
[b]Zaur ƏHMƏD[/b]