ADP iqtidarı Qarabağ məsələsində müxalifətin mövqeyi ilə razılazmağa və vahid mövqedən çıxız etməyə çağırıb

img

13-07-2009 [04:32]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən proseslər geniş müzakirə obyekti olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İH üzvləri ilk növbədə diqqəti dünya ictimai fikrini narahat edən və yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Çində yaşanan son hadisələrə yönəldib. Baş verən hadisələrin Çin dövlətinin totalitar mahiyyətindən irəli gəldiyini və bu tip ölkələrdə etnik problemlərin yalnız repressiv üsullarla qarşısının alınmasına cəhd edildiyini diqqətə çəkən toplantı iştirakçıları 40 milyondan artıq uyğur türklərinin etnik və dini ayrıseçkiliyə məruz qalmasından ciddi narahat olduğunu bildirib və beynəlxaq təşkilatları Çində törədilən vəhşiliklərə kəskin münasibət göstərməyə cağırıb. İH üzvləri həmçinin böyük insan qətlamı ilə nəticələnən bu olayların dünya ictimaiyətindən gizli saxlanılmasını yolverilməz hesab edib və bu qapalılığın əsas səbəbinin adı çəkilən ölkədə demokratiyanın əsas şərti sayılan söz və mətbuat azadlığının total basqıda saxlanılmasından irəli gəldiyini bildirib. Toplantı iştirakçıları B.Obamanın Rusiya səfərini və bu səfər zamanı əldə edilən razılaşmaların dünya düzəninə, o cümlədən region hadisələrinə göstərə biləcəyi təsirin əhəmiyyətini qeyd etməklə bu görüşün nəticələrinin heç də MDB məkanında demokratik gəlişmələrdə gözləntilərə cavab vermədiyini bildirib. İH üzvləri həmsədr dövlətlərin tövsiyyəsi üzrə DQ münaqişəsinin tənzimlənməsində Madrid prinsiplərinin yenidən gündəmə gətirilməsini və bu prinsiplər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi kimi vacib şərtlərin prioritet olaraq qəbul edilməməsindən narahat olduğunu bildirib. Qeyd olunub ki, təklif olunan prinsiplər paketində işğala məruz qalan ölkənin deyil, işğalçı tərəfin mənafelərinin qorunmasına yönəlmiş bu prinsiplər münaqişənin həllinə yardım edən beynəlxalq hüququn prinsip və normalarına ziddir. Həmçinin o da diqqətə çatdırılıb ki, Helsinki Yekun Aktının tələblərindən irəli gələn güc tətbiq etməmək prinsipinin Madrid prinsiplərində yer alması beynəlxalq hüququn normalarına məhəl qoymayan işğalçı bir dövlətin işğalına son qoymaq üçün Azərbaycan dövlətinə məhdudiyyət yaratmamalı və beynəlxalq hüquqda təsbit edilən normalara uyğun olaraq işğal yolu ilə əldə edilən torpaqlar qanuni sayılmamalıdır. İdarə Heyətinin üzvləri son vaxtlar Dağlıq Qarabağ problemi ətrafında yaranan ciddi narahatlıqları və beynəlxalq təzyiqləri nəzərə alaraq Azərbaycan iqtidarını məsələnin həllində ölkə ictimaiyyətinin, o cümlədən siyasi müxalifətin mövqeyi ilə razılaşmağa və bu məsələdə fikir ayrılığına yer qoymayan vahid mövqedən çıxış etməyə çağırıb. İdarə Heyətində son vaxtlar Azərbaycan qazının xaricə satılması ilə bağlı da müzakirələr aparılıb. Müzakirələrdə Rusiya prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan qazının Rusiyaya satılması ilə bağlı imzalanan müqavilədə qazın min kubmetrinin 350 dollar göstərilməsinə baxmayaraq, sonradan bu qiymətin 120 dollar olması ilə bağlı Rusiya tərəfindən açıqlamalar verilməsinə iqtidar rəsmilərini aydınlıq gətirməsinin vacibliyi bildirilib. İdarə Heyəti ötən həftə Azərbaycanda Gənclər Hərəkatlarının aparıcı şəxslərindən olan ? Emin Milli və Adnan Hacızadənin saxta və qondarma ittihamla, heç bir ilkin araşdırma və istintaq aparmadan barələrində məhkəmə tərəfindən tələm-tələsik həbs-qətimkan tədbirinin seçilməsi faktını ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının, ölkədə Məhkəmə hakimiyyətinin mövcüd olmamasının təzahürü kimi qiymətləndirib və Azərbaycan hökumətini həbsdə olan gənclərin dərhal azadlığa buraxılması üçün lazımi tədbirlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA