12-07-2009 [04:27]
[b]İqbal Ağazadə: "Azərbaycanda ictimai-siyasi, psixoloji vəziyyət nə qədər ağır olsa da, biz mübarizə aparırıq" [/b]
Son günlər Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar intensivləşib. Prezidentlərin görüşü, Rusiya və ABŞ-ın yüksək səlahiyyətli şəxslərinin bu məsələ ətrafında müzakirələr aparması və münaqişədə vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin nikbin bəyanatlar verməsi yaxın müddətdə hansısa razılaşmanın əldə olunacağını düşünməyə əsas verir. Bu günlərdə "Xalq diplomatiyası" çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir sıra millət vəkillərindən ibarət nümayəndə heyətinin Dağlıq Qarabağa, oradan da Ermənistana səfəri hansısa qəti addımların atılacağı ehtimalını yaradır. Müsahibimiz Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə də söhbtə bu mövzudan başladıq.
- Sülh danışıqları və Azərbaycanın konflikti sülh yolu ilə həll edəcəyi fonunda bu səfərlər təbii qarşılana bilər. Amma bəzi fərqli şərtlər ortada olmasa. Fərqli şərtlər odur ki, bizim nümayəndə heyətinin bu səfərlərinin arxasında növbəti mərhələdə Dağlıq Qarabağın de-fakto tanınması prinsipləri və danışıqlar prosesində onlarla müəyyən məsələləri razılaşdırmaq üçün ictimai fikiri hazırlamaq məqsədi dayanır. Bu, çox lazımsız və Azərbaycanın maraqlarına xidmət göstərməyən məsələdir.
[b]- Yəni qondarma Dağlıq Qarabağ Respublikası tərəf kimi münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinə cəlb edilə bilər? [/b]
- Bəli, tərəf kimi danışıqlar prosesinə qatılır. Bu səfərlərin də mahiyyətində bu məsələ dayanır. Mən hesab edirəm ki, bunu vasitəçi olan tərəflər də Azərbaycandan tələb edirlər. Növbəti mərhələlərdə ictimai fikiri yumuşaldaraq, onları da prosesə qatmaq niyyətindədirlər. Təbii ki, bu da bizim üçün olduqca zərərlidir və Azərbaycanın mövqeyi ilə səsləşmir. Çünki BMT-nin prinsipləri çərçivəsində də, ATƏT-in Minsk Qrupu çərçivəsində də konflikt yanaşmanın özü bu tipli prinsiplərdən imtinanı tələb edir. Sözsüz ki, belə bir şəraitdə Azərbaycan Qarabağı itirə bilər. Mənə elə gəlir ki, Azərbaycan tərəfi bu təhlükəni hiss etməli və təzyiqlər qarşısında geri çəkilməməlidir.
[b]- Sizcə, Azərbaycan hakimiyyəti buna gedərmi? [/b]
- Hakimiyyətin razılıq verib-verməyəcəyindən asılı olmayaraq, bu gün vasitəçilərin və münaqişə tərəfi olan Ermənistanın mövqeyi budur. Azərbaycan hakimiyyəti buna nə dərəcədə davam gətirəcək, dözə biləcək, bunu demək çox çətindir. Təbii ki, Azərbaycan hakimiyyəti də istəməz ki, problemə baxış bu cür olsun. Çünki bu, ən azı öz hakimiyyəti üçün ciddi problem yarada bilər. Məsələ ondadır ki, xalqın bu tipli məsələlərə son reaksiyanını nə olacağını heç iqtidar özü də bilmir. Ona görə də iqtidar da istəyər ki, bu olmasın. Amma tərəflər, vasitəçilər var, onların Azərbaycana təzyiqləri ola və bu mənada Azərbaycan iqtidarı həmin təzyiqlərin qarşısından geri çəkilə bilər.
[b]- İqbal bəy, əvvəlcə 5 rayonun sonra isə 2 rayonun azad edilməsini, yəni 5+2 formulunu necə qiymətləndirirsiniz? [/b]
- Əslində burada iki rayon məsələsi deyil. Münaqişənin prinsip olaraq, indiyə qədər qoyulduğu çərçivədə, yəni mərhələli və ya paket həlli məsələsi çox təəssüf ki, Dağlıq Qarabağın statusunun da əvəlcədən müəyyənləşməsi kimi konkret şərtlər ortaya qoyulub. Bu, 2007-ci ilin Madrid prinsiplərindən sonra gündəmə gəlib. Bu gün beş rayonun azad olunması, mahiyyət etibarı ilə bura sülhməramlı qüvvələrin yerləşdirilməsi, bundan sonra Dağlıq Qarabağın aralıq statusunun müəyyən olunması, sonra daha bir rayonun qaytarılması və bir rayonun koridor kimi istifadəsi və s. kimi məsələlər Azərbaycanın ziyanınadır.
1994-cü ildə Serbiya-Kosova hadisələrini xatırlayanlar yəqin ki, unutmayıblar. Kosovada da sülhməramlı qüvvələr bu şəkildə yerləşdirilmişdi. Gecənin birində qəflətən Kosovanın müstəqilliyi elan olundu və Serbiya artıq heç nə edə bilmədi. Kim təminat verir ki, sabah həmin mərhələ Azərbaycan üçün yaşanmayacaq. Hesab edirəm ki, bu tipli məsələlər Azərbaycan üçün tam aydın olmalıdır. Hamı bilməlidir ki, söhbət nədən gedir. Biz problemin həllinə mütləq baxışmız və bizim üçün bəlli olan proqram çərçivəsində hərəkət etməliyik. Sabah hansısa aralıq statusu müəyyən olunandan, ora sülhməramlı qüvvələr girəndən sonra praktiki olaraq bizim nəsə etməyə imkanımız qalmır. Buna görə də 5+2 prinsipi ilə torpaqların azad olunması nəzərdə tutulur və bunun sonrakı mərhələsini, yəni sonunu düşünmək lazımdır.
[b]- Belə bir proses Dağlıq Qarabağın statusunun ermənilərin istəyinə uyğun müəyyənləşdirilməsinə gətirib çıxara bilərmi?[/b]
- Son proseslər birmənalı olaraq, ona aparır. Bilirsiniz, ədalətli yanaşma olmayanda bu şəkilədə problemlər ortaya çıxır.
2008-ci ilin avqust ayında Gürcüstan hadisələri xatirinizdədirsə, münaqişə nəticəsində Rusiya qoşunları Poti də daxil olmaqla, Osetiyanın ərazisindən də çox geniş ərazini işğal etdi. Beynəlxal ictimaiyyət, Avropa Birliyi, vasitəçi olan tərəflər münaqişədənkənar bütün regionların dərhal boşaldılması və Rusiynın bu ərazidən geri çəkilməsi haqqında mövqe bildirdilər, danışıqlar apardılar, israrlı oldular. İndi sual olunur, Poti ilə Ağdamın nə fərqi var? Poti də münaqişədən kənardadır, Ağdam da, Füzuli də, Cəbrayıl, Qubadlı, Zəngilan, Klbəcər də münaqişədən kənardadır. Nədən Azərbaycan üçün status şərti qoyulur? Əvvəlcə bizim münaqişədən kənar bölgələrimiz qaytarılsın, sonra münaqişə olan yerlə bağlı istənilən məsələni yenidən müzakirə edə bilərik. Çox təəssüf ki, nəticə etibarı ilə beynəlxalq aləm də, o cümlədən vasitəçi olan tərəflər də bu məsələdə Azərbaycanın mövqelərinin qorunmasına yönəlik addım atmırlar. Ədalətsiz yanaşaraq, bizdən kompromis istəyirlər. Hansı kompromisi istədikləri isə çox təəssüf ki, bizə bəlli deyil.
[b]- Yuxarıda da qeyd etdiniz ki, danışıqların mövzusu aydın olmalıdır. Belə çıxır ki, əslində müzakirələrin mahiyyəti bilinmir? [/b]
- Çox təəssüf ki, yox. Millət vəkilləri, partiya sədrləri olaraq, nə baş verdiyi bizə aydın deyil. Hansı danışıqların getməsi barədə Azərbaycan ictimaiyyəti məlumatsızdır. ATƏT-in Minsk Qrupu danışıqların konfidensiallığı haqqında tərəflər üzərinə öhdəlik qoyub, amma konfidensiallılıq ictimai müzakirəyə nəzərən ola bilər. Daha siyasi partiyaları və ictimai rəyi yönəldən şəxslərdən də informasiyanın gizlədilməsi nəticəsində mahiyyət etbarı ilə ölkədə qaşıdurma, hətta vətəndaş müharibəsi başlaya bilər. Heç kim Azərbaycan cəmiyyətinin hakimiyyətin Qarabağ məsələsində ata biləcəyi addımdan sonra göstərəcəyi reaksiyanı hesablaya bilməz. Yəni arxayınlıqla hansısa qərar verilməməlidir. Burada Azərbaycan cəmiyyətinin müəyyən kəsiminin, yəni bir milyon qaçqının, yüz min müharibə veteranının, 12 mindən yuxarı Qarabağ əlilinin, 30 mindən çox şəhidin və vətənpərvər kəsimin mövqeyi var. Bu mövqeyin hansı şəkildə olacağından heç kim sığortalanmayıb və ona görə də hakimiyyət bunu nəzərə almalıdır.
[b]- Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun həm sədrləri bildirdilər ki, artıq prezidntlərin növbəti görüşü üçün razılıq əldə olunub. Bu görüşdən nə gözləyirsiniz? [/b]
- Açığı, mən Qarabağ məsələsində ciddi bir şey gözləmirəm. Hesab edirəm ki, bəyanatlardan başqa bir şey əldə olunmayacaq.
[b]- Danışıqlar aparılır, proses gedir, Azərbaycan müxalifətinin Qarabağla bağlı mövqeyi isə bəyanatlardan o tərəfə keçmir. Sizcə, bu yetərlidirmi? [/b]
- Biz müxalifət olaraq, məsələnin daha ciddi şəkil alacağını ehtimal etmirik və proqnozlaşdırmırıq. Buna görə də mövqeyimiz bu şəkildədir. Əgər ortada problemin yaranacığı ilə bağlı həm informasiyamız, həm proqnozlarımız olsa, biz də ona uyğun adekvat addım atacağıq.
[b]- Artıq bələdiyyə seçkiləri yaxınlaşır. Müxalifət bu seçkidə iştirak edəcəyini bildirib, amma ölkədə aktiv siyasi hərəkət yoxdur. Bunu nə ilə əlaqələndirirsiniz? [/b]
- Bilirsiniz ki, Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərində birgə iştirakla bağlı mövqe ifadə edib. Partiyaların daxilində buna yönəlik fəaliyyət gedir. Avqustun sonu, sentyabrın əvvəlində artıq bu aktivliyi təmin edəcək gücə malik olduğumuzu nümayiş etdirəcəyik. Yəni Qarabağ və Respublika Uğrunda Hərəkatdakı altı partiya formatı davam etdiriləcək.
[b]- Mən ölkədəki ümumi siyasi ab-havanın zəif olması, insanlarda seçki prsesinə marağın az olmasının səbibini soruşuram...[/b]
- Biz ictimai rəyi hazırlaya bilirik, ictimai rəyi dəyişməyi, onu proseslərin üzərində fokslaşdırmağı bacarırıq. Bunun üçün müxalifətə elə də böyük zaman lazım deyil.
[b]- Bu günə kimi ictimai rəyi formalaşdıra bilməmişdiniz? [/b]
- Bu günə kimi formalaşdırdığımız ictimai rəy üçün əsaslı proses olmalıdır. Seçki özü bir prosesdir, proses başlayanda aktivliyi təmin edəcəyik. İndiki mərhələdə aktivləşdirməməyimizin səbəbi də siyasi partiya, həm də cəmiyyətin özü ilə bağldır. Seçki konkret situasiyadır, o situasiyaya uyğun da seçicini hazırlayacağıq.
[b]- Bundan əvvəlki prezident, parlament seçkilərində və referendumda seçiciləri hazırlamışdınız?[/b]
- Bundan əvvəlki seçkilərdə ictimai rəy qismən təmin olunmuşdu. Referendumun özündə də bizim yanaşmamız boykot taktikası idi. Hesab edirəm ki, bizim boykot taktikamız uğurlu alındı.
[b]- Amma etiraz etdiyiniz nəticələr qəbul olundu, mübarizəniz nəticəsiz qaldı... [/b]
- Bu, məsələnin başqa tərəfidir. Yəni bu, hakimiyyətin seçkiyə, seçkili orqanlara və bütövlükdə demokratiyaya, demokratik proseslərə münasibətindən doğan addımdır. Hesab edəirəm ki, bu, fərqli şəkildə müzakirə olunmalıdır. Bunu bizim addımların doğurduğu nəticə ilə eyniləşdirmək olmaz.
[b]- Yaxşı, hakimiyyət yenə də eyni mövqedə qalırsa, Sizin cəmiyyəti aktivləşdirməyiniz nəyi dəyişəcək?[/b]
- Demokratiya bir prosesdir, hadisə deyil. Azərbaycanda ictimai-siyasi, psixoloji vəziyyət nə qədər ağır olsa da, biz mübarizə aparırıq. Aparılan proses nəhayət gözlənilən yerə çatacaq və Azərbaycanda demokratik cəmiyyət qurulacaq.
[b]- Neçə ildir ki, eyni sözləri deyirsiniz. Cəmiyyət bu sözləri nə vaxta kimi eşidəcək?[/b]
- Demokratiya qalib gələnə qədər.
[b]- Konkret proqnozunuz varmı?[/b]
- Təbii ki. Azərbaycan dünyadan təcrid olnmuş səviyyədə yaşamır. Regionlarda, Cənubi Qafqazda, Avropada və bütün dünyada baş verən hadisələr fonunda Azərbaycana da bəzən güzəştlər edilir, bəzən nələrinsə üzərindən keçilir. Hesab edirik ki, elə bir dönəm gəlib ki, demokratik cəmiyyət quruculuğu beynəlxalq təşkilatların və regionda marağı olan dövlətlərin də prioritetinə çevrilib. Bu da müəyyən zaman kəsiyində Azərbaycanın demokratikləşəcəyini deməyə əsas verir.
[b]Zaur ƏHMƏD [/b]