ADP Rusiya ilə qaz sazizinin Azərbaycanın Avropayla üz-üzə qoymasından narahatdır

img

06-07-2009 [03:52]


Bu gün ADP İdarə Heyətinin (İH) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ötən həftə ölkədə və dünyada baş verən ən mühüm siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Rusiya prezidenti D.Medvedyevin və Polşa Respublikasının prezidenti L.Kaçinskinin Bakıya rəsmi səfərinə diqqət çəkən İH, bu səfərlərin ölkəmiz üçün əhəmiyyətli məqamı kimi Azərbaycanın bölgədə və dünyada mövqeyinin güclənməsini qeyd edib. Eyni zamanda Rusiya prezidentinin Bakıya səfəri zamanı imzalanan qaz müqaviləsinin iqtisadi maraqlarımıza cavab verməsinə baxmayaraq, bu müqavilə ilə Rusiyanın Avropaya enerji təzyiqlərinə dəstək verdiyinə görə Azərbaycanın strateji nöqteyi nəzərdən Avropa dövlətlərinin hədəfinə çevrilməsi ehtimalından narahatlıq ifadə olunub. Rusiya prezidentinin səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT qətnamələrinin həyata keçirilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi bəyanat isə razılıqla qarşılanıb. Həmçinin İH hesab edib ki, şimal qonşusuna enerji məsələsində bu cür dəstək verməsi müqabilində ən azı Rusiyanın Ermənistana Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində təziyqlər etməsi və Ermənistanın bu ölkə tərəfindən birtərəfli qaydada silahlanmasına son qoyulması tələb olunmalı idi. ADP İH-də Polşa prezidenti L.Kaçinskinin səfəri ölkəmizin strateji maraqlarına cavab verən müsbət hadisə kimi qiymətləndirilib və Azərbaycanla Polşa arasında siyasi və iqtisadi əlaqələrin daha da gücləndirilməsinin milli maraqlarımıza uyğun olduğu bildirilib. Tarif Şurasının ölkə daxilində qazın qiymətinin iki dəfədən çox artırılmasına dair qərarına münasibət bildirən İH bu qərarın zərurətdən irəli gəlmədiyini, xalqa, xüsusilə də əhalinin kasıb təbəqəsinə bu qərar nəticəsində ciddi zərbə dəyəcəyini diqqətə çatdırıb və hökumətin bu qərarını böhran nəticəsində büdcənin gəlir hissəsindəki çatışmamazlığı əhalinin aztəminatlı çoxluğunun boynuna qoyduğuna görə rəsmi səviyyədə soyğunçuluq kimi qiymətləndirib. İH iqtidarın diqqətinə çatdırır ki, bu qərardan sonra qaz Azərbaycan vətəndaşlarına, qonşu Gürcüstana satdığımız qazdan beş dollar baha qiymətə satılacaqdır. Bu isə ölkəmizin sərvətlərindən bizim deyil, qonşularımızın yararlandığını göstərir. ADP İH tarif şurasının bu qərarına ictimai reaksiyanın qeyri normal olmasından da təəccübləndiyini bildirib, amma buna baxmayaraq hökuməti tarif şurasının məlum qərarını dərhal ləğv etməyə çağırıb. İH-də son vaxtlar bəzi rayonlarda strateji məhsul olan taxıl zəmilərinin yanması ilə əlaqədar narahatlıq ifadə olunub, bu hadisələrin təxribat ola bilməsini nəzərə alaraq müvafiq qurumlar tərəfindən ciddi araşdırmaların aparılmasının zəruri olması qeyd edilib. İH-də bələdiyyə seçkilərinə hazırlığın mövcud vəziyyəti, partiyanın ?Qarabağ və Respublika Uğrunda Hərəkat?dakı fəaliyyəti və bir sıra digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA