ADP hakimiyyəti vətəndaz cəmiyyətinin qorunmasıyla bağlı öhdəliklərə əməl etməyə çağırıb

img

29-06-2009 [03:35]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keşirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ordu günü ilə əlaqədar Azərbaycan silahlı qüvvələrinin birgə keçirdikləri təlim zamanı hərbçilərimizin yüksək peşəkarlıq göstərməsini və ordumuzun malik olduğu hərbi texnikanın nümayiş etdirilməsini təqdir edib, bununla yanaşı hərbi sahədə bir sıra neqativ hallarının hələ də davam etməsindən də narahatlığını bildirib. İsrail prezidenti Ş.Peresin ölkəmizə səfərinə diqqət çəkən İdarə Heyəti, bu səfərin iki ölkə arasındakı münasibətlər baxımından faydalı olduğunu bildirib. Lakin İsrail dövlətinin müsəlman fələstinlilərə qarşı yürütdüyü dini ayrıseçkilik siyasəti və bu məsələdə zorakı üsullardan istifadə hallarının son vaxtlar daha da artmasının müsəlman ölkələri ilə münasibətlərdə ciddi əngəl olmasının səfər çərçivəsində Ş.Peresin diqqətinə çatdırılmasını da vacib hesab edib. Toplantı iştirakçıları daha sonra diqqəti qonşu İran dövlətində prezident seşkilərindən sonra yaranmış və hələ də davam edən ictimai narazılıqlara və baş verən seçki saxtakarlığına qarşı etiraz aksiyasına qoşulan ölkə vətəndaşlarına rejim tərəfindən tətbiq edilən təzyiq və repressiyalara yönəlib. İdarə Heyəti bu ölkədə şəffaf, ədalətli seçkilər və demokratiya uğrunda mübarizəyə qalxan insanlara qarşı hökumət qüvvələrinin tətbiq etdiyi sərt sanksiyalardan və bu ölkədə baş verən hadisələrin dünya ictimaiyyətindən gizli saxlanmasından narahat olduğunu, və demokratiyanın qarantı rolunda çıxış edən bir sıra dövlətlərin, beynəlxalq təşkilatların, xüsusilə ABŞ administrasiyasının İranda demokratiyaya birmənalı dəstək verməməsindən əndişələndiyini bildirib. İdarə Heyəti üzvləri Azərbaycanla strateji müttəfiqlik çərçivəsində fəaliyyət göstərən və beynəlxalq iqtisadi layihələrdə yaxın partnyor kimi iştirak edən Gürcüstanın prezidenti M.Saakaşvilinin Ermənistana səfəri zamanı qondarma genosidə həsr olunmuş abidənin qarşısına əklil qoymasını və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dilə gətirməməsini iki ölkə arasındaki qarşılıqlı münasibətlərə yaraşmayan hərəkət kimi dəyərləndirib və hakimiyyəti Gürcüstandan Azərbaycanla olan diplomatik, iqtisadi və siyasi əlaqələrində səmimi və sədaqətli olmasını tələb etməyə çağırıb. Topalantı iştirakçıları QHT-lər haqqında qanuna əlavə və dəyişiklər edilməsi ilə bağlı məsələnin ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların haqlı narazılığına baxmayaraq hələ də Milli Məclisin gündəliyində saxlanmasından narahat olduğunu bir daha diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini bir daha vətəndaş cəmiyyətinin qorunması istiqamətində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb. Toplantı iştirakçıları eyni zamanda Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lərin öz missiyasını layiqincə yerinə yetirməməsini və onlara ayrılan qrantların cəmiyyətin demokratikləşməsinə və vətəndaşlarla dövlət arasında tarazlaşdırıcı mövqe tutmasına deyil, yalnız şəxsi maraqlara xidmət etməsini diqqətə çatdırıb. İdarə Heyəti son vaxtlar Şimali Qafqazda baş verən terror hadisələrində soydaşlarımızın adının hallandırılmasından narahat olduğunu bildirib. İdarə Heyəti üzvləri belə mövqeni müstəqil Azərbaycan dövlətinə psixoloji siyasi təzyiq kimi dəyərləndirib və hərtərəfli yoxlanılmamış faktları mülahizələrlə əsaslandırılmasını iki qonşu dövlət arasında münasibətlərə xələl gətirəcəyindən qarşı tərəfi bu cür bəyanatlardan çəkinməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA