Yaqub Abbasov:"ACP yaranandan 6 ay sonra Akif Şahbazov istefa vermək istəyirdi"

img

28-06-2009 [05:38]


Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun istefa verməsi sözügedən partiya ətrafında yaranan narazılığa son qoymadı. Belə ki, sədrin səlahiyyətlərini icra edən Vaqif Mahmudov sədr müavinləri - Yaqub Abbasov və Fərəməz Cavadovu da vəzifələrindən uzaqlaşdırıb və öz komandasını formalaşdıracağını bildirib. Bu və ya digər məsələlərlə bağlı müsahibə varən Y.Abbasov öncə bu məsələyə aydınlıq gətirdi: - Mən başa düşmürəm ki, bu məsələni niyə belə şişirdirlər. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Akif Şahbazovun istefası ilə müavinlər də, sədr aparatı da buraxılmış hesab olunur. [b]- Yaqub bəy, sədr Akif Şahbazovun istefasını necə qəbul etdiniz? [/b] - ACP 2007-ci ildə ilk qurultayını keçirərək yarandı. Mən deyərdim ki, o zaman bu partiyanın yaranması rezonans doğurdu. Partiyanın lideri Rəsul Quliyevin təqdimatı ilə Ali Məclis tərəfindən Akif Şahbazov sədr seçildi. Bilirsiniz ki, Akif Şahbazov uzun müddət təsərrüfatla məşğul olub, sonra siyasi fəaliyyəti ilə gündəmə gəlib, millət vəkili olub. Fəaliyyəti dövründə təqiblərə, təzyiqlərə məruz qalıb. Biz partiyanı yaradarkən qarşımıza bir sıra məqsədlər qoymuşduq. Həmin məqsədlər Azərbaycandakı siyasi partiyalar arasındakı münasibətlərin normallaşması, ACP-nin qeydiyyata alınması, Rəsul Quliyevin ölkəyə qayıdışının təmin olunması və digər məsələlər idi. Təəssüf ki, bu məqsədlərimizi həyata keçirə bilmədik. Bəzi məqamlarda müxalifətdə olan həmkarlarımız bizə qarşı etikadan kənar ittihamlar səsləndirdi, tənqid də etdilər. İndi də gördük ki, nə bizim partiyaya, nə Rəsul Quliyevə münasibət dəyişmədi. Bu baxımdan, Akif Şahbazov istefa verib. Mən bunu normal qəbul edirəm. Hər kəsin öz fikri var, Akif müəllim də bu qərarı verib, ona hörmətlə yanaşmaq lazımdır. [b]- Rəsul Quliyevin Akif Şahbazovun istefasına münasibəti necə olub? Çünki Akif Şahbazov mətbuata açıqlamasında bildirmişdi ki, Rəsul Quliyev desin, mən də sədrlikdən gedim... [/b] - Təbii ki, partiyada nə baş verirsə, Rəsul Quliyevlə razılaşdırılır. Onun razılığı olmadan hər hansı bir addım atmaq mümkün deyil və təbii ki, bütün bunlar nizamnamə çərçivəsində həll olunur. Akif Şahbazov əvvəllər də bir neçə dəfə partiya sədrliyindən getmək istəyi barədə Rəsul Quliyevə məruzə edib. Həqiqətən də Rəsul müəllim onun sədrlikdən getməsini istəmirdi. Amma partiyanın maliyyə imkanlarının zəifliyi, qərargahımızın olmaması, Akif Şahbazov da bu məsələləri həll edə bilmədiyinə görə, getmək istəyirdi. Rəsul müəllimin özü də bilirdi ki, Akif Şahbazov gedəcək. Yəqin ki, artıq Rəsul Quliyev onun sədrlikdən getməsinə razılıq verib. [b]- Sizcə, sədr vəzifəsinə kim gətirilə bilər? [/b] - Mən İdarə Heyətinin həmin iclasında iştirak etməmişəm. Ona görə də son iclasda nə baş verdiyini dəqiq bilmirəm. Düşünürəm ki, kiminsə namizədliyi irəli sürüləcək və kimsə sədr olacaq. Nizamnaməyə görə, partiya sədri istefa verdikdə onun səlahiyyətləri müavinlərindən birinə həvalə olunur. Hazırda sədrin səlahiyyətlərini Ali Məclisin sədri Vaqif Mahmudov icra edir. [b]- Bunun özü nizamnamə pozuntusu deyilmi? Yəni Nizamnaməyə görə, sədrin səlahiyyətləri müavinlərə həvalə olunmalıdır... [/b] - Əgər müavinlər imtina etsə, İdarə Heyəti üzvlərinin birinə bu səlahiyyətlər həvalə oluna bilər. Vaqif Mahmudov da İdarə Heyətinin üzvüdür. Yəni burada hansısa problem yoxdur. [b]- Bəs, Siz sədrliyə iddialısınızmı? [/b] - Düşünürəm ki, sədrin səlahiyyətlərinin Vaqif Mahmudova həvalə olunması partiya lideri ilə razılaşdırılıb. Çünki ola bilməz ki, bu məsələ liderlə məsləhətləşdirilməsin. Mənim düşüncəmə görə, Açıq Cəmiyyət Partiyasına sədr olmaq istəyən şəxs üç suala cavab verməli, üç şərti yerinə yetirmək iqtidarında olmalıdır. Bu şərtlərə cavab verən şəxs sədr ola bilər. [b]- Onlar hansı şərtlərdir? [/b] - Birincisi, qərargah məsələsini həll etməlidir, ikincisi, partiyanın maliyyələşməsini təmin etməlidir, üçüncüsü, partiyanın qəti qərarlar verməsində sərbəst olmalıdır. [b]- Belə çıxır ki, Siz ACP-yə sədr yox, sponsor axtarırsınız?..[/b] - Mən yox, partiya üzvləri belə istəyir. Ümumiyyətlə, hər hansı bir şəxs namizədliyini irəli sürəndə özü düşünməlidir ki, o, bu məsələləri həll etmək gücündədirmi, ya yox. Mənim özümə gəlincə, heç vaxt vəzifə hərisi olmamışam. Həmişə Rəsul Quliyevin siyasi kursunu dəstəkləmişəm. Heç kim yaxına gəlmədiyi zaman mən onun təbliğatını aparmışam. Onun ilk mətbu orqanını mən yaratmışam. Yəni mənim sədr olmaq kimi bir dərdim yoxdur. Apardığım mübarizə zamanı da vəzifəyə can atmamışam. Hesab edirəm ki, kim sədrliyə layiqdirsə, onu dostları müdafiə edib, həmin posta gətirməlidir. Hər halda hər şeyi zaman göstərəcək. Rəsul Quliyev deyib ki, sədrliyə namizədi yoxdur. Yəni o, heç bir namizəd üzərində dayanmır. Ola bilər ki, Rəsul müəllim Nizamnaməni xatırlamır, amma sədrliyə namizəd lider tərəfindən razılaşdırılmalıdır. [b]- Son dövrlər Zəminə Dünyamalıyeva ACP rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirirdi. Sonda isə Akif Şahbazov istefa verdi. Bəziləri bunu Sizin geri çəkilməyiniz kimi qiymətləndirir, razısınızmı? [/b] - Mən bilmirəm kim nə deyir. Əslində mənim üçün maraqlı da deyil. Hər kəs apardığı mübarizə ilə özünü təsdiqləyir. Sağlam tənqidi qəbul etmək olur, amma tənqidin də çərçivəsi olmalıdır. Azərbaycan xalqı kimin necə mübarizə apardığını yaxşı bilir. Bizim üçün əsas meyar ictimaiyyətin verdiyi qiymətdir. Hamı bilir ki, mən öz prinsiplərimə sadiq olmuşam, əqidəmdən dönməmişəm. Balzakın bir sözü var: "İnsan gərək öz əqidəsini elan kimi divardan asmasın". Yəni bu gün burda, sabah orda, o biri gün başqa yerdə olmaq siyasət deyil. Mən heç Kommunist Partiyasının da üzvü olmamışam, apardığım mübarizədə bir siyasi xətti tutmuşam. Ona görə də nə mənə qarşı, nə də Akif Şahbazova qarşı səslənən ittihamlarla razı deyiləm. Hətta ACP yaranandan 6 ay sonra Akif Şahbazov istefa vermək istəyirdi. Yəni səslənən fikirlərin heç bir əsası yoxdur. Guya istefa verməsəydi, nə olacaqdı? Yaxud istefa verdi, nə dəyişdi? [b]- Yəni Zəminə xanımın "ACP-ni bu vəziyyətə qoyan Akif Şahbazov, Yaqub Abbasov və rəhbərlikdə olan digər şəxslərdir",- fikiri ilə razısınızmı? [/b] - Ola bilər ki, bəzilərinin Nizamnamədən xəbəri yoxdur. Amma mən Nizamnaməni çox gözəl bilirəm, çünki onu mən yazmışam. Bəlkə də bəzi adamlar latın qrafikasını bilmədiyi üçün onu oxumayıblar. [b]- Zəminə Dünyamalıyevanı nəzərdə tutursunuz? [/b] - Ad üstündə dayanmıram. Xahiş edirəm, bu məsələlərin üzərinə çox getməyin. Söhbət məndən gedirsə, heç kim məni bu şəkildə ittiham edə bilməz. Çünki ACP-nin siyasi kursunu Rəsul Quliyev müəyyənləşdirir, aydınlaşdırır, qərarlaşdırır və partiyanın icra strukturları həyata keçirir. Mən bir müavin kimi partiya sədrinin və liderinin müəyyənləşdirdiyi kursu həyata keçirmişəm. [b]- Yəni ACP-nin zəif və güclü olmasını da Rəsul Quliyev müəyyənləşdirir? [/b] - Əlbəttə. ACP-də hər bir qərar Rəsul Quliyevin tapşırığı ilə verilir. Onun razılığı olmadan, hər hansı qərar vermək, addım atmaq qeyri-mümkündür. Biz özümüzdən hər hansı bir siyasi kursu həyata keçirmək gücündə deyilik. [b]- Sərdar Cəlaloğlu Rəsul Quliyevin əvvəlki nüfuzunun olmadığını bildirib. Partiyadakı gərginliyi də bununla əlaqələndirib. Bu barədə nə deyirsiniz?[/b] - Bu fikirlər olduqca qüsurludur. 10 il bundan qabaq siyasi mübarizə üsulları, vəziyyət də fərqli idi. ADP-nin də formalaşmasında Rəsul Quliyevin xüsusi rolu olub. Amma indi həmin ADP əvvəlki gücünü göstərə bilərmi? Bu mənada Sərdar Cəlaloğlu əvvəlcə öz partiyasına baxsın, sonra başqasına qiymət verər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA